Kim daha çox
xoşbəxt olar?!
Esse
Şairlərin,
yazıçıların öz sevgililərinə məktublarını
oxuduqca özüm üçün yəqin etdim ki, sənətçi
bir dövrdən sonra artıq xoşbəxtliyini, sevincini tərif
edə bilmir. Və onu boğan hüznlə əlləşərkən
həyatının bütün müstəvilərinə
dağılan kədəri daha yaxşı ifadə edir.
İçimizdəki
narahatlığı mətnə daha asan çeviririk, nəinki
xoşbəxtliyi. Xoşbəxtliyi paylaşmaqda isə sanki
paxılıq. Bəlkə də mətnlərdə xoşbəxtliyin
nazik üfüq xətti kimi görünməsinə səbəb
də budur. Onu təqdim etmək bizə yaddır.
Mətnlərdə
(ya da dostlarınıza danışdığınız
sıradan bir əhvalatda) Qərb təfəkkürü ilə
düşünmək və şərqli olmaq
arasındakı seçiminiz sizin xoşbəxtliyi necə və
nə qədər ifadə etmək
bacarığınızı göstərir. Bu, xislətdir.
İnsan xisləti təkliyi və qəhərlənməyi
sevir. Buna onu məcbur ediblər. Birinci dəfə cənnətdən
qovmaqla, ikinci, üçüncü... milyonuncu dəfə
öldürməklə, öldürtməklə. Ona görə
də o, xoşbəxtliyi tapanda qorxur. Xoşbəxt olmaqdansa,
ümid etməyi seçir. Çünki ümid sonsuz
gözləmədir. Darıxmaq və nəyəsə (bəlkə
elə xoşbəxtliyə) çatmaq cəhdidir. Mübarizə
etmək feilindən yoğrulan insan üçün - bizim
üçün bundan gözəl nə ola bilər?!
Xoşbəxtliyin qərbli
və şərqli sifətlərindən
danışırdıq. Amma bu, bir o qədər də önəmli
məsələ deyil. Ona görə yox ki, hər iki
düşüncə sistemi üçün xoşbəxtlik
mücərrəd və xəyali mənasını konkretləşdirib.
Ona görə ki, biz hansı tərəfdə (hansı təxəyyüldə)
olmağımızdan asılı olmayaraq onu yaşamağa tələsirik.
Xoşbəxtliyə canlı orqanizm kimi baxa bilmirik. Onu əzizləmirik.
Onu yaşayıb bitirmək, ardınca tez bitdiyi
üçün təəssüflənmək istəyirik. Qərbli
bu məsələni zamana hərəkət kimi deyil,
faydalılıq əmsalı kimi baxmaqla həll edib. Onun
üçün fərqi yoxdu, xoşbəxtdi, ya yox. O, kədərini
də, sevincini də yaradıcılığa çevirməyə
hazırdır. Onun üçün sənət mövzusunda
toxunulmayacaq heç nə yoxdur. Belə olan halda o, nəyisə
gizləmək məcburiyyətində də qalmır. Şərqli
isə təbiət ananın qucağında bu həzzi
yaşayır və bir gün bədbəxtlik baş verərsə,
bunu son kimi dəyərləndirir. Şərq mədəniyyətində
(məsələn, yaponlarda) hətta bu ölüm
üçün alqoritm hazırlayanlar da tapılıb.
Xoşbəxtlik tərəfsizdir.
Sevgi və nifrət arasında seçim etmir. Bu seçim
onun üçün heç nə ifadə eləmədiyi
üçün özü rahatdır. Sadəcə bizi
gözləyir. Nifrət edən biri də xoşbəxt ola
bilir. Necə deyib Kyerkeqor: "Nifrət uğursuzluğa məhkum
olunmuş sevgidir".
Yəni nifrət
sevginin şəkildəyişməsidir, yanlış
seçimidir. Xoşbəxtlik sevgi sözü ilə
sinonimdir. Deməli, həm də nifrətlə.
Alber Kamü məşhur
"Hə ilə yox arasında" essesində xoşbəxtliyə
bu cür bir izah verir: "O, tamamilə bizimdir. Biz bəzən
ona əxlaqsızlığı da şamil edirik"
Görəsən, niyə
əxlaqsızlığı?
Burada xoşbəxtliyin
nə qədər xüsusi və nə qədər bizim
olduğunu göstərmək istəyib müəllif. Bizim
üçün o - xoşbəxtlik sadəcə
özümüzün duyduğumuz bir həzdir. Kamyu nihilizmə
də bu cür çarə tapmışdı. Bizim
olmayanların yoxluğuna, bizim olanların varlığına
sevinmək lazımdır. Düstur bu qədər sadə
imiş, sən demə.
Ədəbiyyat
öncə tərbiyələndirmək, sonra xoşbəxt
etmək, sonra da göstərmək üçün
özünü kitablara məhkum elədi. Hadisələrin özünün
necəliyi deyil, onların müəllif tərəfindən nə
cür danışılması daha önəmli oldu. Bu
gün axı ədəbiyyat suallara cavab tapmır, o, suallar
verir. Xoşbəxtlik bu suallar siyahısının ilk sətirlərindədir.
Biz necə xoşbəxt ola bilərik?!
Yazıçı, təhkiyəçi
həmişə alternativ olanı düşünür. Kədərlidirsə,
xoşbəxt olmaq haqqında düşünəcək.
Xoşbəxtdirsə, kədərli bir sükut axtaracaq (və
buna ehtiyacı olduğunu da qeyd edəcək, amma xoşbəxtlik
üçün bu ifadəni çox az işlədir). Deməli,
bizim xoşbəxtlik haqqında səhifələri doldura bilməməyimizin
bir səbəbi də kədərimizi, əzabımızı
tanımamağımızdır. Ya da bütün hisslər
bizim uydurduğumuz bir illüziyadır. Bizim
düşündüyümüz an mövcud olur. Biz görmək
istəyəndə görünür, sonra yoxa
çıxır.
Həyatımızın
bu qədər sürətli, bu qədər monoton, bu qədər
rəngsiz olduğu bir zamanda nəyə görə balıq
tutarkən zamanın sakitliyindən, kitab oxuyarkən yeni
insanlar və yeni talelər kəşf etməyin
marağından, retro mahnıların nostalgiyasından, filmlərin
həzzindən, parklardakı uşaqların gülüşlərindən,
dənizin mürgülü sahili oyatmaq istəyindən
özümüzə xoşbəxtlik düzəltməyək?
Buna ehtiyacımız var. Gülümsəmək
üçün milyonlarla səbəbin olduğu dünyada hər
kəsin qaşqabaqlı gəzməyi bir az qəribədir.
Avtobus dayanacaqlarında, metrolarda, kassanın
qarşısında uzanan növbədə, səkidə
atdığınız hər addımda
dodaqlarınızın azca yanağınıza tərəf
sürüşməsi adamları nə qədər sevindirə,
pozitivə kökləyə bilər.
Bəs ədəbiyyat?
O, təkcə zövq formalaşdırmır axı. Həm də
şüurun fərdi xarakterini kütləviləşdirməyə
xidmət edir. Yazıçının fərdi üslubu
kütlənin düşüncə tərzinə
çevrilir. Ona görə də o - yazıçı ən
kədərli hadisəni belə ümidli (heç olmasa
ümidli) təqdim etməyi bacarmalıdır. Məşhur
yazıçı Orhan Pamukun sevilən bir romanındakı
kimi. "Məsumiyyət muzeyi" əsərində
Füsun obrazının acı sonluğu oxucuya elə bir tərzdə
təqdim olunub ki, sanki o səhnəyə qədər
oxuduqlarımız elə bunun üçün imiş. Və
biz o ölümə kədərlənmirik. Çünki
ölümdən sonra böyük bir sevginin
varlığını özündə saxlayan əşyaların
sərgiləndiyi muzeylə bizi tanış edir
yazıçı. Ya da Kazuo İşiquronun "Məni
heç vaxt tərk etmə" dramında dostların taleləri
bizi üzmür. Yazıçı onların daha ağır
keçmişini bizə danışıb çünki. Bu
kimi onlarla roman adı çəkmək olar. Bu romanlarda sevgi və
xoşbəxtliyi axtarmaq da olar. Amma əllərimizin içindəki xoşbəxtliyə öncə o qədər
doğmalaşmalıyıq ki, digərlərini də dost kimi
bağrımıza basa bilək. Kiminsə xoşbəxtliyi
bizi özümüzə acındırmamalıdır.Ya da
kiminsə kədəri ilə təsəlli
tapmamalıyıq.
Nə qədər
qayğılardan, ağrılardan yazmaq asan olursa, xoşbəxtlikdən
də eləcə rahat və ümidli bəhs etmək gərəkdi.
Yağış yağırsa, çətir açmadan şəhərin
payına düşən damcılardan ovcunuza yığıb
damcılardakı əksinizə gülümsəyib baxın.
Siz bu yağışın ən yaxşı hekayəçisi
ola bilərsiniz. Bütün ağrılarımızı sentimental
deyil, ümid rəngində yaradıcılığa
çevirib yarışaq bəlkə?! Kim daha yaxşı
xoşbəxtliyin şəklini çəkər, ya da hekayəsini
qurar, ya da mahnısını oxuyar?! Kim daha çox xoşbəxt
ola bilər?!
Rəvan CAVİD
525-ci qəzet .- 2024.-
16 mart, №50.- S.21.