İndi ruhun müəllimdir
bizə... - Ənvər Rza - 85
Yaşanılmış
illər təkcə xatirələr deyil, həm də
ömrün mahiyyətini müəyyənləşdirir. Necə
yaşadım, kimlərin işığını
gördüm, kimlərin xeyir-duasıyla illərimi
ömür edə bildim kimi sualların da cavabı o illərdədir.
İllərimi ömürləşdirən xeyirxahlar olub; təhsilimə
həssas yanaşanları da, oxumaq istəyimə mənəvi
dəstək olanları da, öyrəndiklərimi məhdudiyyətlərdən
xilas edənləri də, istəyimin
işığını görənləri də, bu və
ya digər məqamda tərəddüdlərimi
beş-üç kəlmə ilə sovuşduran-ları da həmişə
xoş xatirələrlə xatırlayıram. Hərdən
kövrəlirəm də...
Azərbaycan Pedaqoji
Xarici Dillər İnstitutunun (indiki Azərbaycan Dillər
Unversiteti) ingilis dili fakültəsinin İngilis-Azərbaycan
dilləri şöbəsində təhsil alırdım.
Hüseyn Bayramov, Abbas Hacıyev, Səyadulla Babayev, Abbas Rəhimov,
Minirə Qarayeva, Allahverdi Tağızadə, Alim Yusifzadə,
Qulamhüseyn Əliyev, İsbəndiyar Cabbarzadə, Əli Xəlilov,
Ənvər Rza, İslam Zeynalov, Arif Hüseynov, Fatma
Abdullayeva, Fəhrad Əliyev, Cəfər Cəfərov,
Qılıncxan Bayramov kimi pedaqoqlardan dərs alırdım,
öyrənirdim, püxtələşirdim. Bir dəfə gənc
ingilis yazıçısının bir hekayəsini tərcümə
etmişdim. Orijinalı da, tərcüməni də Ənvər
müəllimə vermişdim, ciddi fikrini bildirməyi
xahiş etmişdim. O gecə uzun gecə olmuşdu, səhərin
açılmasını səbirsizliklə gözləmişdim.
Dərs başlamışdı. Tənəffüsdə
Ənvər müəllimin gəlişini görəndə
ürəyim titrəmişdi, "Hələ çox öyrənməlisən,
Bayram" deyəcəyini gözləmişdim. Belə
olmamışdı. Əlini çiynimə qoymuşdu,
gülüm-sünmüşdü, "İngilis dilinin
leksikasına yaxşı bələd olubsan, belə də
davam elə. Sən yaxşı tərcüməçi
olacaqsan, marağın olsa, lüğətçiliklə də
məşğul ola bilərsən..." demişdi. O təsadüfi
(təsadüfmü?) ömrümün "Arximed nöqtəsi"
bilmişdim...
Beşinci kursda
Ənvər müəllim bizim həm kuratorumuz, həm də
tərcümə müəllimimiz idi. Onda daha tez-tez
görüşürdük, həm də
yaradıcılıq söhbətlərimiz olurdu. Bu söhbətləri
təkcə mənə oxunan elmi, elmi-bədii mühazirə
bilirdim. Fədakar alim kimi sevirdim Ənvər müəllimi,
istedadlı tərcüməçi, mərd insan,
böyük azərbaycançılıq hissləri ilə
yaşayan ziyalı kimi sevirdim. Ənvər müəllimi
bütün tələbələr belə sevirdi. "Hər
sadə, mürəkkəb cümləsinin mübtədası"
Azərbaycan olan, Kəlbəcər olan Ənvər müəllim
həm də səlis nitqinə görə sevilirdi, məntiqli
mühazirəsinə, düşündürücü
şeirlərinə, heyrət (heyranlıq) yaradan tərcümələrinə
görə sevilirdi...
1939-cu il martın 3-də
Kəlbəcərin Aşağı Ayrım kəndində
anadan olan Ənvər Rza istedadlı şairdi. Şairlər
şeirlərində əbədiyyən yaşayır,
şeirləri oxuyanın düşüncələrinin
nizamına dönür. Həyat həqiqətləri var
Ənvər Rzanın şeirlərində. Bu şeirlər təbiəti
də sevdirir, təbiəti sevənləri də.
Ənvər Rzanın
şeirləri təbiətin söz təsviridir. Sözlə
təsvir edilən lövhələri (görüntüləri)
oxucu doğmalıqla yaddaşına köçürür.
Bu baxımdan şair Ənvər Rzanın
yaradıcılığının bir hissəsinə təbiətin
"antologiyası" da deyə bilərik. Hər şeirdə
sevgi var. Bu sevgi bəşəri sevgidir. Kəlbəcərə
yüzlərlə şeir yazılıb. Hamısı da
gözəl şeirdir. Ənvər Rzanın "Kəlbəcərə
gedən yollar" şeiri heç birinə bənzəmir,
bu şeir Kəlbəcərə sevginin üvertürasıdır
sanki; Ənvər Rzanın poetik duyumuna görə, Kəlbəcərə
sevginin başlanğıcı Kəlbəcərə aparan
yollardan başlayır. Bu yollara sarılan yolçu bilir ki,
ecazkarlığa uğur üstədir. Yolları gözlərinə
köçürən yolçular da deyir ki:
Min bulaqdan içib
gedir,
Qayaları biçib
gedir.
Ürəyimdən
keçib gedir
Kəlbəcərə
gedən yollar.
Bu yolçular
şairin ruh qardaşlarıdır; bu şeiri sevmədən,
ruhuna can ortağı etmədən Kəlbəcəri necə
sevə bilərsən? Sağda - sıldırım qaya
(dağ), solda sıldırım qaya (dağ), yollar
uzandıqca uzanıb gedir. Gözlərini qayaların sinəsində
nəfəs gözləyən kahanın birindən çəkməmiş
başqa bir kaha görünür. Ayaq saxlasa, çayın
şırıltısını şərqi biləcək.
Sonra addım atmağı bacarmayacaq - gözəlliklərdən
könüllü ayrılmaq çətindir axı. Şairin
poetik təfəkkürünə ehtiramla yanaşanlar
inanır ki, bu yollar dünyanın yozumsuz möcüzələrindəndir...
Girib buz altına -
iş otağına
Yaza nəğmə
yazır bəstəkar çaylar.
("Vətənin
mehrindən-məhəbbətindən")
deyən Ənvər
Rza ağrılı bir gerçəkliyi də şeirləşdirib.
Bu şeiri tərəddüdsüz Böyük vətəndaş,
vətəndaş-şair Ənvər Rzanın dünyaya
sığmayan el sevgisinə şair təəssüfü
bilirəm; gördüyündən könlü qübarlanan
şairin "Kəndimlə söhbət" şeiri ürəyinin
döyüntüləri kimi oxunur:
Anbarın,
xırmanın gözümə dəymir,
Kövşənsiz,
küləşsiz, samansız kəndim!
Ənvər Rzanın
sevgisi də böyükdür, həsrəti də, səmimiyyəti
də. Sevgisi də şeirdir, həsrəti də, səmimiyyəti
də (sevgisi səmimi olmayanın səmimi insan olması
mümkünsüzdür). Hamı doğulduğu kəndin pərvanəsidir.
Hərəyə öz kəndi gözəldir, hərə
öz kəndini ömrünün səccadəsi bilir.
Şair olaraq Ənvər Rza da "çiyninə
qaldırıb dünyaya tanıtmaq istədiyi" ("Yazda
məkən salıb...") Kəlbəcərin
Aşağı Ayrım (Aşağı Binə) kəndini
belə sevirdi, indi ruhu bu kəndin göylərindədir. Bu
sevgi həm də "Kəndimiz" şeirində ifadə
olunub. Şeirdə sevgi də var, həsrət də. Duyanlara
o həsrət də sevgidir - şair belə təqdim edir:
Ulduzlar - çiynində
alışan nişan,
Əsgər kəməridir
qıvrılan çay da.
Böyüksən,
demirəm ümmansan, ümman,
Böyüksən
çəkdiyim həsrətin boyda...
Ənvər Rza
folkloru (xalqın danışıq tərzini, leksikoloji tərkibini)
yaxşı bilirdi. Ona görə oxuyanlar bu şeirləri
könlünə köçürürdü. Məmməd
Aslan yazır: "Özü bayatıdan, qoşmadan dikəlib
şair olmuşdu. Ənvərin poetik dilinin hərarətini,
şirinliyini təfərrüatı ilə anlamaq,
sözün arxasında göstərdiyini görə bilmək
üçün gərək onun vaqif olduğu canlı xalq
dilinə bələd olasan. Ənvər Rzanın müasir
şeir şəkillərindən hansında qələmə
alınmış əsərinə nəzər salsanız,
hamısında xalq yaradıcılığından rəng,
çalar görərsiniz".
"Ala xurcun"u
("Dəlidağ lövhələri"),
"yaşmağ"ı ("Mənə kəndimizdə
qonaq deməyin"), "baldırğanlı bulaqları,
qantəpəri, gülxətmini" unuda bilməyən,
onları şeirinin üzərriyinə döndərən
şair oxucusunu "yumaq kimi çözələnən
sürünün tozuna baxmağa çağırır",
onları inandırır ki, "dağların şəlalə
sazını görənlər elə biləcək ki, Dədə
Şəmşir qayalaşıb". Həm poetikası,
şeiriyyəti ilə gözəldir, həm də yerdən-göydən
bac alan sevgi var bu misralarda...
Hamı şəhərdən
dağları arzulayır, dağlara can atır, ömrün
günlərini dağların həndəvərində
yaşamaq istəyir. Bu, dağlara, dağların timsalında
təbiətə vurğunluqdur. Ənvər Rzanın təbiətə,
bu baxımdan dağlara sevgisi kimsənin sevgisinə bənzəmir.
Bu sevginin böyüklüyü də gözəldir, səmimiliyi
də. Dağlara qonaq olmaq istəməyən şairin
yazdığı şeir təvəqqedir, ricadır,
iltimasdır. Kimdən? - dağlardan. Dağların qüdrətinə
inama görə deyir ki,
Könül, elə
duyduğunu saf-çürük,
Bu dağlardan ayrı
keçən ömür - yük.
Bir yer versin
balasına ömürlük,
İstəmirəm
qonaq olam dağlara!
"Şələyə
gücü çatmayan dünyaya"nın da, "ələyə
gücü çatmayan" nənənin də, "tələyə
gücü çatmayan" pələngin də halına
yanan şair qüdrətə tapınır:
işığın özünü də, kölgəsini də
bütün çarəsizliklərin çarəsi bilir.
Aydınlığıyla göründüyünə görə...
Qurbanidən
üzü bu yana bənövşəyə minlərlə
şeir yazılıb. Hamısında intizar, hamısında həsrət.
Bu intizarların, həsrətlərin heç biri digərinə
bənzəmir. Hər şair öz həsrətini, öz
intizarını yazsa da, bu həsrət, bu intizar ümumiləşir.
Ənvər Rzanın "Bənövşə"si də
belədir:
Düşüb bir məhəbbət
yükü çiynimə,
Nə boran, nə
şaxta gəlməz eynimə,
Zülmət gecələri
geyib əynimə,
Gözlərəm səni.
Bədii tərcümə
tariximizdə Ənvər Rzanın əvəzolunmaz və təkrarsız
tərcümələri tərcümə tariximizdə
ehtiramla xatırlanır, onlara həmişə müraciət
olunur. Ənvər Rza ingilis poeziyasının orijinaldan Azərbaycan
dilinə ilk tərcüməçisi kimi tanınıb. O,
qeyri-adi istedadı sayəsində V.Şekspirin, C.Bayronun,
P.Şellinin və digər söz nəhənglərinin əsərlərini
milli koloriti saxlamaqla orijinaldan Azərbaycan dilinə mükəmməl
səviyyədə böyük sənətkarlıqla tərcümə
edib. Onun digər tərcümələri kimi, V.Şekspirin
"66-cı sonet"i də klassik tərcümə kimi tərcüməçilik
nümunələrindəndir:
Yetər,
düzlük əsir düşdü paxıllığa,
əyriliyə...
Azərbaycan şairlərinin
şeirlərini ingilis dilinə çevirmiş Ənvər
Rzanın bu işləri də yüksək poetik dəyərə
malikdir. Bu tərcümələr təkcə Azərbaycan ədəbiyyatına
deyil, Azərbaycana xidmət kimi tarixləşib. Səməd
Vurğunun "Azərbaycan" şeirini",
"Va-qif" dramından parçalar, Nəsiminin, Bəxtiyar
Vahabzadənin və Nəbi Xəzrinin şeirlərini, "
Nəsimi" monoqrafiyasını və s. ingilis dilinə tərcümə
edib. Ədəbi tənqid bu tərcümələrin poetik dəyərini
etiraf edir. İstedadlı alimin Azərbaycanda peşəkar tərcüməçilərin
formalaşmasında xidmətləri minnətdarlıqla
xatırlanır; tərcüməçi Ənvər Rza
şair Ənvər Rzanın ruh qardaşıdır!..
1987-ci il iyunun 8-də
yaradıcılığının çiçəkləndiyi
bir dövrdə - 48 yaşında haqq dünyasına
qovuşan istedadlı şair Ənvər Rzanın dəyərli
yaradıcılığı indi də yüksək poetik dəyəri
ilə oxunaqlıdır. Unudulmaz müəllimimin, əbədiyaşar
ustadımın yaradıcılığı da, məsləhətləri
də, tövsiyələri də, dünyabaxışı da
tələbələrinin yaddaşındadır.
Yaşaya-yaşaya müəllimimizin əsərlərini də
yaşadırıq, gənclərlə bağlı
murazını-niyyətini də...
Bir vaxtlar özün
müəllimimiz idin, Ənvər Rza, indi ruhun müəllimdir
bizə...
Bayram MƏMMƏDOV
Ehtiyatda olan
polkovnik-leytenant, Əməkdar müəllim
525-ci qəzet .- 2024.-
16 mart, №50.- S.20.