"Biz
"zövqsüzdür" deyib heç bir
tamaşaçını incidə bilmərik"
BƏSTƏKAR
GÖVHƏR HƏSƏNZADƏ: "İNSANLARDA
ALİCƏNABLIĞI, ZADƏGANLIĞI,
ƏSİLZADƏLİYİ ÇOX SEVİRƏM"
Bu yaxınlarda tanınmış bəstəkar
Gövhər Həsənzadənin 55 yaşı tamam oldu.
Yaddaqalan və sevilən
mahnılar müəllifi ilə bir ay öncə
görüşməyi planlaşdırsaq da,
görüşümüz bu günlərdə baş tutdu.
Azərbaycan Respublikasının
Əməkdar artisti,
bəstəkar Gövhər Həsənzadə ilə söhbəti
təqdim edirik.
- Gövhər
xanım, fəaliyyətiniz nə yerdədir, hansı layihələr
üzərində çalışırsınız?
- Əsasən
yaradıcılıq işlərimlə məşğulam. Məsuliyyət
daşıdığım vəzifələrlə
bağlı yaradıcılığıma lazımi vaxt
ayıra bilmirdim. Bayram fasilələrində fürsətdən
istifadə edib yarım qalan səsyazma və musiqilərimlə
bağlı layihələrin başa
çatdırılması ilə məşğul olmaq istəyirəm.
Bəstəkarlıq dinləyicilər qarşısında məsuliyyət
daşıdığım əsas fəaliyyətimdir. Bu
yaxınlarda Avropada rəsmi işgüzar səfərdə
idik. Brüssel, Lüksemburq, Amsterdam səfərimiz
İstanbulda sona çatdı. Fürsətdən istifadə
edib İradə İbrahimova ilə ərsəyə gətirdiyimiz
yeni mahnımızı bir daha gözdən keçirdik.
Əslən Cənubi azərbaycanlı olan, Los-Ancelesdə fəaliyyət
göstərən ifaçı Gül xanım Meri ilə
sözləri və musiqisi mənim olan iki mahnı üzərində
çalışırıq, son mərhələdəyik,
aprel ayında dinləyicilərə təqdim etməyi
düşünürük. Bundan əlavə, sözləri
Baba Vəziroğluya, musiqisi mənə aid olan bir vətənpərvərlik
layihəmiz var. "Biz şəhid övladlarıyıq"
adlanan musiqi əsərinin üzərində biz artıq bir
ildən çoxdur çalışırıq. Layihənin
ifaçıları Azərbaycanın şəhid
övladlarından ibarət "Zəfər" xoru ilə
Türkiyə şəhid övladlarından ibarət xorun
üzvləridir. Düşünürəm ki, bu layihə də
may ayında işıq üzü görəcək.
- Bu günlər ad
gününüz idi, qeyd etdinizmi?
- Mən doğum
günümü heç vaxt qeyd etmirəm. Bilmirəm
kompleksdir, ya yox, doğum günüm olanda dəqiqələri
sayıram ki, həmin gün tez bitsin. Nə vaxtsa kiməsə
bir köməyim dəyəndə, elə olur ki, həmin
insanlar özlərini borclu hiss edirlər və istəyirlər
doğum günümdə bu borcu mənəvi, ya da maddi olaraq
ödəsinlər. Elə insanlar var, ürəyindən
keçəni etməyə imkanları olmur. Ona görə də
bu günü xüsusi olaraq keçirmirəm, həmin
gün mənim üçün çox
sıxıntılı keçir. Amma onu da qeyd edim ki, bu il
dostlarımdan hər il olduğundan daha çox diqqət və
qayğı gördüm. Mənim üçün gözlənilməz
sürprizlər oldu.
- Efirlərdə az
görünürsünüz, bunun bir səbəbi varmı?
- Mənə elə gəlir ki, efirlərdə
çox oluram. Bəstəkarlar, layihə müəllifləri
səhnəarxası işlərin icraçısı
olduqları üçün o qədər də
tamaşaçılara maraqlı deyillər. Sosial və ya mədəniyyətə
aid olmayan verilişlərdə olmuram. Sənətimə
uyğun verilişlərə dəvətlər tez-tez
alıram və iştirak edirəm. Düşünürəm
ki, bir bəstəkar üçün bu qədər yetərlidir.
- Sizin
üçün ən uğurlu layihəniz hansı olub?
- Bir çox müğənnilərimiz
ən tanınan mahnıları ilə
yardıcılığıma möhür vuraraq mənim
ismimi Azərbaycan peşəkar musiqi sənətinə
yazıblar. Bu gün Gövhər Həsənzadə
adının təqdimatı da məhz bu
ifaçıların mənim
yaradıcılığımı məndən yaxşı mənimsəyib
təqdim etmələri sayəsində yaranıb. Amma layihə
deyiriksə, mənim üçün ən uğurlu layihə
2008-ci ildə vətənimizi ilk dəfə dünyaya təqdim
etdiyimiz "Evrovision-2008" mahnı müsabiqəsi olub. Bu
etimadı mənə göstərən hər kəsə
ömrümün sonuna qədər minnətdaram. Onlar məni
bir tarixi imza sahibi etdilər və bu layihədə mənə
güvənməklə beynəlxalq bir status
qazandırdılar.
- Necə
düşünürsünüz, istedadlı musiqiçi
üçün təhsil nə qədər önəmlidir?
- Tək musiqidə
deyil, hər peşədə təhsil çox önəmlidir.
İstedad, bacarıq Allah tərəfindən verilir. Amma
heç bir almaz birdən-birə brilliant olmur, heç bir
qızıl çaydan çıxanda parıltılı zinət
əşyası olmur. Hər bir firti istedadın da təbii sərvət
kimi cilalanmağa ehtiyacı var. Musiqi də belədir. Klassik
janr, xalq musiqisi, estrada janrı, müxtəlif musiqi növləri
var. İnsanın içindəki istedadı hansı
tamaşaçıya, hansı auditoriyaya yönəltməsini
təyin etmək üçün mütləq təhsil və
məktəb lazımdır.
- Sizə elə gəlmirmi
ki, son vaxtlar musiqimiz daha çox bayağılaşıb.
İnsanların zövqləri korlanıb sanki.
- Zövqlər
müxtəlifdir. Nə təbliğ olunursa, onun dinləyicisi
mütləq üzə çıxacaq. Təbii ki,
insanların zövqü birdən-birə dəyişmir. Biz
"zövqsüzdür" deyib heç bir
tamaşaçını incidə bilmərik. Hər kəsin
öz sərbəst seçimi var. Biz sadəcə nəyi təbliğ
etdiyimizə diqqət yetirməliyik. Musiqidə mənim
narazı olduğum əsas məqam bizə aid olmayan yad nəfəsin,
ladların, və ritmlərin yer alması, ən əsası
da mədəniyyətimizə zidd mətnlərdir. Əgər mətnlər qeyri-etik,
mentalitetdən uzaqdırsa, mədəniyyətimizlə
uyğunlaşmırsa və cəmiyyətə mənfi təsir
göstərirsə, əlbəttə ki, onlar qətiyyən
efirə çıxmamalı və qətiyyən təbliğ
olunmamalıdır. Burada artıq zövqdən,
tamaşaçıdan söhbət getmir. Məni narahat edən
daha bir məqam efirlərdəki ədəb qaydalarını
kəskin pozan xarici görünütülər, efirə
yaraşmayan geyim və danışıq tərzidir.
İfaçının çılpaq, ifa tərzinə
heç cür uymayan geyimlərdə efirlərə
çıxarılması hər birimizə hörmətsizlikdir.
Peşəkarla oturub bir musiqini daha gözəl, daha ecazkar səslənməsini
tənzimləməklə onu səviyyəli, hər zövqə
uyğun, keyfiyyətli şəkildə təqdim etmək
olar.
- Qonaq olduğunuz
verilişlərdə nə vaxtsa bu iradları bildirmisinizmi?
- Özünüz də
bilirsiniz ki, mən o verilişlərdə yoxam. Bəlkə elə
verilişlər çox olduğundan mənim efirlərdəki
çıxışlarım nəzərdən qaçır
və hər kəs irad tutur ki, mən çoxdandır
görünmürəm. Verilişlərdə ictimai xadimlər,
alimlər, öz məsləyində təcrübəli şəxslər,
pedaqoqlar, psixoloqlar olmalıdır, onlar tövsiyələr, məsləhətlər
verə, yol göstərə bilərlər. Amma deyək ki,
bir sənətkarın sənətdəki uğurunu, yaxud da
uğursuzluğunu müzakirə etməyi bir kənara qoyub,
onun sosial problemlərini qabardırlar, bu isə
tamaşaçı üçün önəmsizdir.
- Müsahibələrinizin
birində sənətlə bağlı proqramların az
olduğunu bildirmisiniz. Sırf hansı proqramları nəzərdə
tutursunuz?
- Bəli,
düşünürəm ki, bizim sənətə aid peşəkar
verilişlərimiz çox azdır. Efirə çıxan
proqramlar da çox rəsmi olur, tamaşaçı oturub
terminləri, mütəxəssisləri dinləyəndə
yorulur. Verilişlər daha anlaşılan, rəngarəng,
pozitiv çalarlarla, peşəkarlıqla
hazırlanmalıdır. Mənim üçün ən yaralı məqam isə efirdə
yaş həddininin qorunmamasıdır. Bəzi verilişlər
olur, ailəlikcə maraqla baxırıq, gözləmədiyin
anda elə bir mövzu açırlar ki, davamına baxa bilmirsən.
Bizdə uşaqlar üçün verilişlər var, amma
yeniyetmələr üçün verilişlər
görmürük. Bunu dəfələrlə demişəm,
yeniyetməlik dövrü üçün xarakterik
verilişlər yoxdur. Halbuki uşaqlıqdan gəncliyə
keçid dövrü ən həssas və həlledici
dövrdür. Yeniyetmələr üçün sənət
verilişləri onların özlərini sənətdə
tapmaları, nələri dinləyəcəklərini müəyyənləşdirmələri
baxımından çox vacibdir. Biz yeniyetmələrə daha çox vaxt ayırmalı,
onlara daha yaxın olmalı, onları dinləməliyik.
Çünki onlar məhz bu yaş dönəmində özlərini
kəşf edib öz gələcəklərini müəyyənləşdirirlər.
- Sou biznesdəki
mövcud vəziyyət sizi qane edirmi?
- Mən heç zaman
şou-biznesdə olmamışam və özümü ora aid
etməmişəm. Mən sənət adamıyam.
Şou-biznes isə adından bəllidir ki, səhnədən
təqdim olunan ticarət markasının təyinatlı idarə
olunmasından xəbər verir. Biznesə addım atan adam məni
partnyor seçsə, həmin şəxs iflasa uğrayar.
Çünki mən səhnədəki əsərin keyfiyyətini
düşünürəm, bilet daha çox satılar deyə
yox, kim o əsəri daha gözəl ifa edə bilər deyə
düşünürəm. Bunlar isə biznesdən çox
uzaq fikirlərdir. Ona görə də mən sənət səhnəsində
tamaşaçı ilə ünsiyyət qura bilən
proqramları daha çox dəstəkləyirəm. Məsələn,
səhnədə işıq effektlərinin təminatı mənim
üçün bu gün ən əlçatmaz məqamlardan
biridir. Müasir konsertin 50 faizini məhz işıq
quruluşu təmin edir. Texniki avadanlıqları idarə edən
şəxs də musiqiçi qədər
peşəkar olmalıdır. İncəsənəti hiss edən
texniki heyətlə işbirliyimiz olsa, bəlkə, biz
yaradıcı insanlar da, ancaq sənəti düşünən
sənət adamları da şou-biznesə qoşulub pul
qazanarıq, maddi durumumuz da daha yaxşı olar.
- Niyə Gövhər
Həsənzadə hər zaman eyni tərzdə geyinir?
- Tərz çox
önəmli məsələdir. Təəssüf ki, bu
gün bəzən işbilməz, şou sözünü
eşitsə də, məktəbini keçməyən
dırnaqarası prodüserlər hələ ötən əsrin
70-80-ci illərində valeh olduğumuz,
tanıdığımız bir çox sənətkarlarımıza
"tərzini dəyiş" deyib onları gülünc
görkəmə salırlar. Mən səhnəarxası insan
olduğuma görə, işlədiyim işə uyğun tərzimi
seçmişəm və iş ortamım üçün
necə rahatdırsa, əsasən elə geyinirəm. Saç
düzümüm həmişə səliqəli
olmalıdır. Həm də zamanım olmadığı
üçün salonlara gedə bilmirəm. İnsanlarda alicənablılığı,
zadəganlığı, əsilzadəliyi çox sevirəm
və bu keyfiyyətlərə böyük dəyər verirəm.
Daha çox klassik, kübar geyimləri sevirəm. Bir
çoxları deyir ki, bu, keçmişdə qalmaqdır. Bu
gün mən zinət əşyası taxanda da, fərqli
paltar geyinəndə də düşünürəm ki, nə
yaxşı artıq yaşa dolmuşam. Çünki
çox gənc yaşlarımda mən belə geyinəndə
deyirdilər ki, bu, yaşlı qadınların geyim tərzidir.
Elə gənc yaşlarımdan gimnaziya qızlarının
geyim tərzinə meyilli idim. İndi isə belə geyinəndə
hər kəs deyir ki, çox alicənab
görünürsünüz. Artıq yaşım tərzimi
doğruldur. Düşünürəm ki, mən heç kəsi
qıcıqlandırmıram və tərzim artıq qəbul
olunub. Düşünürəm ki, mən artıq dünyada
olmayanda musiqilərimi dinləyəndə adımı xatırlamasalar
da, həmişə "bu, abadokda olan bəstəkarın
musiqisidir" deyəcəklər.
Havar
ŞƏFİYEVA
525-ci qəzet .- 2024.-
16 mart, ¹50.- S.18.