ÖMÜR BOYDA CÜMLƏ  

 

O, 80 illik bir ömür yaşadı və sonacan da böyük elm yolunun başlanğıcından ona doğma olan mövzulardan ayrılmadı. 70-indən sonra daha yazmırdı. Ona görə yox ki, yaza bilmirdi. Yaşın müəyyən həddinə yetişəndən sonra səsi yerində olsa da, daha səhnəyə çıxıb oxumağını davam etdirməyi özünə rəva görməyən, yaddaşlarda ən yaxşı vaxtlarında olduğu kimi qalmağı üstün tutan, bütün fiziki imkanları əvvəlkindən fərqlənməsə də, idmandan üzüsulu ayrılmağı lazım bilmiş məşhurlar kimi, Turxan Gənceyi də fəal elmdən ayrılmışdı - yeni araşdırmalar apararaq təzə məqalələrini dərc etdirmirdi. Biliyi də, təcrübəsi də, qiymətləndirmə müdrikliyi də keçmiş vaxtlarındakından daha mükəmməl idi.

Ancaq bəzi yaşlı alimlərin, o sıradan elə öz müəllimi Vladimir Minorskinin (1877-1966) ixtiyar çağlarında yazdığı əsərlərində buraxdığı xətalar onu çəkingən, bəlkə də qədərindən daha ziyadə ehtiyatlı etmişdi. Əlbəttə, səhvi hər adam edə bilər, bəlkə cavan tədqiqatçıda yanlışlar lap çox olur. Amma Turxan bəy istəmirdi ki, kimsə onu hansısa mövzunu araşdırarkən hansısa məqamda sonacan getmədiyinə, hansısa büdrəmələrinə görə qınayaraq bunu yaşlanması ilə əlaqələndirsin. Lakin özü yazmasa da, yazanlara əvvəlkindən də ikiqat, üçqat artıq həvəs və səxavətlə kömək göstərirdi, tövsiyələrini verirdi, doğru istiqamətə yönəldirdi.

Turxan ustadın elm yolunun 1980-ci illərin sonlarına qədərki mənzərəsi tam şəkildə bəllidir. 1987-ci ildə Bakıda nəşr edilən "Sovetskaya tyurkoloqiya" jurnalında Sankt-Peterburqda yaşayıb-işləyən tanınmış türkoloq və altayşünas professor Aleksandr Şerbakın (1926-2008) "Əski özbək və fars-tacik ədəbiyyatının öyrənilməsinə dair (Turxan Gənceyinin əsərlərinin icmalı)" adlı məqaləsi yer alıb və heç şübhə etmirəm ki, bu yazı üzərində işlərkən müəllif Turxan bəylə birbaşa əlaqədəymiş. Çünki özü bilgiləndirməsəydi, müxtəlif ölkələrdə və müxtəlif dillərdə 40 il ərzində nəşr edilmiş irili-xırdalı məqalələrinin heç birini diqqətdən qıraqda qoymadan, hətta Turxan bəyin hələ çapda olan məqalələrini də xatırlayaraq bu müfəssəllikdə və dəqiqlikdə bir təhlili hazırlamaq mümkün olmazdı.

Müxtəsər deyilərsə, Turxan Gənceyinin elmdə ömrünü həsr etdiyi bircə istiqamət vardı: türk dili və ədəbiyyatı. Amma buradakı "türk" kəlməsinin özünün də neçə-neçə şaxəsi vardı - Azərbaycan, osmanlı, özbək, uyğur, qədim türk və farsdilli türk (buradakı "türk"ün içində də yenə bir neçə türk xalqı keçir) ədəbiyyatı. O orta əsrlər idi ki, "universal alim" anlayışını riyaziyyatdan şeirşünaslığa, təbabətdən nücumadək çeşidli elm sahələri ilə məşğul olub hər birinə aid risalələr yazanlara aid edərdilər. Son 100 ildəsə dünyada Turxan Gənceyi kimi belə heyrət doğuran əlvanlıqda yaradıcılıq spektrinə malik alimlər barmaqla sayılacaq qədər seyrək oldu. "Oldu"nu da ona görə yazıram ki, indi də olmasına güman azdır.

Həmin məqaləsində Aleksandr Şerbak Turxan Gənceyinin adının əvvəlinə adətən bu qəbil məşhur alimləri tanıdarkən işlədilən "böyük", "görkəmli", "əvəzsiz" və digər bənzətmələrdən heç birini artırmır. Sadəcə, onun əsərlərini sadalayır, bunların qısa təsvirini verir, həmin məqalələrdəki kəşf və yenilikləri yenə sakitcə işarələyib ötür. Çünki yaxşı anlayır ki, oxuyan hal əhlidirsə, əsl el adamıdırsa, artıq sözə lüzum yoxdur, elə araşdırmalar sırasını görüncə anlayacaq ki, söhbət nəhəngdən gedir.

...Turxan Gənceyinin böyük elm yolunun əvvəlində Şah İsmayıl Xətai (1487-1524) yüksəlirdi və rəğbətlərində, istəklərində sabitqədəm olan Turxan Gənceyinin qəlbində Xətai sevgisi və Səfəvilər dövrünü araşdırmağa coşqun həvəs onunla ömrünün axırınacan qaldı. Turxan Gənceyi həm Şah İsmayıl, həm də bütövlükdə Səfəvilər dövrünün bir çox qaranlıq səhifələrinə çıraq tutan bir-birindən faydalı silsilə araşdırmaların müəllifi idi və artıq qələmi kənara qoyduğu illərdə də bu mözulara meyl edənlərin ən yaxın məsləhətçisinə, yardımçısına çevrilmişdi, təzə Xətai sözü deyə biləcək hər istedadlı araşdırıcıya hər cür köməklik göstərməyə hazırdı. Xətaiyə xüsusi həssas münasibətinin bir rişəsi Turxan bəyin bu qüdrətli şair və sərkərdəni ilk sevgi kimi gəncliyindən qəlbində və düşüncəsində gəzdirməsindən irəli gəlirdisə, başqa səbəb də Şah İsmayılın keşməkeşli həyatı kimi, elə elmdəki taleyinin də macəralılığı, Sovet İttifaqında ayrı-ayrı dönəmlərdə bu sənətkara tuşlanmış umulmaz kəc münasibət barədə çox rəzalətlərdən xəbərdar olması idi.

Bugünün insanlarına qəribə, hətta inanılmaz görünə bilər ki, vaxt varmış, Azərbaycanda Şah İsmayıl Xətaiyə soyuq münasibət bəslənirmiş, sovet onillərində bu böyük şairimiz təzyiqlərə məruz qalanlardanmış, onun haqqında yazmağın, əsərlərini nəşr etdirməyin təxminən yasaq sayıldığı dövr də olubmuş, kommunist ideologiyasının təhrifçi yanaşmalarının nəticəsi olaraq Xətai dərsliklərə salınmırmış, haqqında dissertasiyalar yazılmasına, yazılmışların müdafiəsinə imkan yaradılmırmış.

Hələ 1923-cü ildə Salman Mümtaz (1884-1941) Xətai araşdırmalarını başlamış, "Dəhnamə"ni nəşr etmək istəyinə də düşmüşdüsə, 1940-cı illərin ortalarında Həmid Araslı (1902-1983) şah şairin "On məktub" məsnəvisini müxtəsər şəkildə olsa da, xalqa çatdırmışdısa və hətta 1946-cı ildə Azərbaycanın İran ilə Mədəni Əlaqə Cəmiyyəti yolu ilə ərəb əlifbasında, yəqin ki, elə Milli Hökumətin qurulduğu Güneydə yaymaqçün Xətainin şeirlər toplusu tarixçi alim Zülfəli İbrahimovun (1910-1972) "Böyük dövlət xadimi" adlı geniş müqəddiməsi ilə buraxılmışdısa da, 1940-cı illərin sonlarına doğru, 1950-ci illərin əvvəllərində vəziyyət qəfilcə dəyişmişdi. Şah İsmayıl, dövlət xadimi, sərkərdə kimi Mircəfər Bağırov (1896-1956) Mərkəzi Komitəsindən gələn mərdümazar ötürmə ilə, bəzi ədəbiyyatşünas və tarixçilərin sözəbaxan qələmiylə arzuolunmazlar zümrəsinə doğru itələnmiş, bu görkəmli şəxsiyyətdən xalaxətrin qalmasın bəhs edəndə də onun Xətailiyini önə çəkib şahlığını qabartmamağa çalışmışdılar. Axtarıb tapmışdılar ki, Karl Marks (1818-1883) Şah İsmayılı işğalçı sayıb və proletar məfkurəsinin bərqərar olduğu sovetlər ölkəsində belə şəxsi təqdir və təbliğ etməyin təqribən elə küfr olması qənaətinə gəlmişdilər. Karl Marksın sözlərini azərbaycancaya bir az da qabalaşdıraraq tərcümə etmiş, həmin fikri ifrat bolşevikcəsinə yozaraq şah şairimizi işğalçı kimi qaralamışdılar. Hətta bəzi elmi nəşrlərdə "Səfəvilər sülaləsinin yaradıcısı Şah İsmayıl işğalçı idi. O, hakimiyyətdə olduğu 14 il ərzində 14 əyaləti zəbt etmişdi" sözlərinin qırmızı-qırmızı dəqiq mənbəyini də nişan vermişdilər: Karl Marks və Fridrix Engelsin (1820-1895) əsərlərinin 21-ci cildinin 285-ci səhifəsi.

İndi təsəvvür edin ki, o "işğalçı", "zəbt" kəlmələrini "fateh", "fəth" sözləri ilə əvəzləyincə səsləniş, hətta mahiyyət necə dəyişir. Neyləməli ki, qələm-kağız nakəslər əlində idi və sovet əyyamlarında ideologiyanın qələmi Xətainin qılıncından daha iti kəsirdi. Ancaq hətta bir qədər sərt, yaxud yumşaq tərcümə edilməsindən asılı olmayaraq, istənilən halda dünya proletariatının "dahi rəhbərləri"nin Xətaiyə münasibəti mənfi idi və bu da bais olmuşdu ki, kommunizm öndərlərinin kəc baxdığı şəxsiyyəti öyrənib təbliğ etmək münasib sayılmasın. Sərkərdə, Şah Xətaiyə bəslənən əks münasibət şair Xətaiyə soquqluğun da artmasına gətirib çıxarmışdı.

Bizə 1970-ci illərdə Azərbaycan Dövlət Universitetində (indi BDU) Azərbaycan taixindən dərs deyən Şamil Məmmədbəyli atəşin xətaiçi və səfəviçi idi, ilk mənbələrdən nağıl etdiyi bir-birindən maraqlı rəvayətlər və cazibəli təhkiyəsi ilə bizə də, bizdən əvvəlki və sonrakı tələbələrinə də Şah İsmayılı sevdirməyə müvəffəq olmuşdu. Heç vaxt səsini qaldırmayan, nadinc, tənbəl tələbələrə də ən ağır sözü özünəməxsus şirinliklə dediyi "Xoşbəxt!" sözü olan Şamil müəllim 1961-ci ildə "SSRİ tarixi kursunda Azərbaycan tarixi tədrisinin metodikası" mövzusunda dissertasiya müdafiə edərək pedaqoji elmlər namizədi alimlik dərəcəsi almışdı. Əslində isə bu hadisə 10 il əvvəl baş verməli və o, alimlik dərəcəsini tarix elmi üzrə almalı idi. Müdafiəsinə macal verilməmiş dissertasiyası Şah İsmayıl və Səfəvilər dövlətinə həsr edilibmiş. Bizdən əvvəlki dönəm tələbələrindən olan və həyatının son 50 ilini həmin dövrün araşdırılmasına həsr etmiş tarix elmləri doktoru Şahin Fərzəliyev (Fazil) danışır: "Şamil müəllim deyirdi ki, bütün əməklərim heyif oldu, Stalinin ölümünə bir il qalırdı, avtoreferatım da çıxmışdı, Şah İsmayıla görə müdafiəmi ləğv etdilər".

Orada - Mərkəzdə Stalin getməli olduğu yerə vasil olur, burada Bağırov və onun ardınca da ələkçinin bir sürü qılverənləri. Sovetin don tutmuş siyasi mühitinin qart şaxtası asta-asta başlanan isinmədən yumşalmağa üz qoyur.

Və 1950-ci illərin sonlarında dünya şəqrşünaslığında baş verən bir əlamətdar hadisə bizlərdə də Xətainin taleyində yeni üfüqlərin açılmasına gətirib çıxarır. 1959-cu ildə Napolidəki Şərqşünaslıq İnstitutu Şah İsmayıl Xətainin "Divan"ının elmi-tənqidi mətnini nəşr edir, həmin kitabın sorağı Sovet İttifaqına, Azərbaycana da yetişir və sükunət dağılır, Azərbaycanda xətaiçilik dirçəlməyə başlayır, bu əsər də əsas yolaçanlardan olur - 1960-cı illərin əvvəllərindən tədricən Xətai orta və ali məktəbə də qayıdır, həm şair, həm dövlət xadimi kimi haqqında yazılmağa da başlanılır, onun yaradıcılığı dissertasiya mövzularına çevrilir. Şah Xətaimizin - o böyük sərkərdə və şairin dünya şərqşünaslığında və Azərbaycan elmi-mədəni gerçəkliyində yeni ömrünün başlanmasının əsas qığılcımının kök aldığı bu əsəri isə İtaliyada yaşayan, Napoli Universitetində işləyən azərbaycanlı alim Turxan Gənceyi araya-ərsəyə gətirmişdi. O vaxtacan Sadəddin Nüzhət Ergünün (1901-1946) 1946-cı ildə İstanbulda buraxdığı "Şah İsmayıl Səfəvi. Həyatı və nəfəsləri" kitabı Xətai irsi ilə bağlı ən dolğun araşdırma sayılırdısa, Şah İsmayıl Xətai "Divan"ının Turxan bəyin hazırladığı və dünya türkologiyasında bir ilk olan elmi-tənqidi mətni indi təsəvvürləri büsbütün dəyişir. O zaman Azərbaycanda da ayrı-ayrı alimlərin Şah İsmayıl "Divan"ını hazırlamaq, nəşr etdirmək arzusu vardı. Ancaq sovet dönəmində bizim Azərbaycandan kənardakı əlyazma xəzinələrinə əlimiz çatmırdı. Turxan Gənceyi isə Avropanın göbəyində idi, arzuladığı, lazım bildiyi istənilən mənbəni əldə etmək imkanı daha rahat idi və bu gənc alim də zəhmətin ağırından çəkinməmişdi, "Divan"ın elmi-tənqidi mətnini tərtib etmək üçün Xətainin ortada olan əlyazmalarının dörd ən mükəmməlindən istifadə eləmişdi. Həmin əlyazmalardan ikisi Britaniya muzeyində, biri Vatikan kitabxanasında saxlanılır, digəri isə professor Vladimir Minorskinin arxivində idi. Görkəmli şərqşünas Minorski Turxan Gənceyinin ustadlarından idi və heç təsadüfi deyil ki, ustadına minnətdarlıq əlaməti olaraq Turxan Gənceyi bu kitabı elə Minorskiyə ithaf etmişdi. Yəni istedad, araşdırıcılıq məharəti, müxtəlif əlyazma xəzinələri və kitabxanalardakı nüsxələrin əlçatanlığı öz yerində, bu işdə bir tale məsələsi də var. Turxan müəllim Vladimir Minorskinin evinə gedib-gələn, müəlliminin xüsusi hüsn-rəğbət bəslədiyi gənc idi, ustadının şəxsi ktabxanasındakı bu əlyazmadan agah idi və bir başqası Xətai "Divan"ının elmi-tənqidi mətnini hazırlasaydı, onun bu mühüm nüsxədən istifadə imkanı olmayacaqdı.

Şah İsmayıl Xətainin Turxan Gənceyi nəşrinin "Divan"ına 254 qəzəl və qəsidə, daha üç məsnəvi, mürəbbe, müsəddəs və beləliklə, bütövlükdə 259 şeir daxil edilmişdi. Sonralar da həm Azərbaycanda, həm İranda, həm Türkiyədə Xətai "Divan"ı dönə-dönə nəşr edilib. Amma Turxan Gənceyinin hazırladığı elmi-tənqidi mətn bu gün də yüksək qiymətini saxlamaqdadır (Yeri gəlmişkən, o köhnəlməz kitab 2013-cü ildə tərcümə və transliterasiya edilərək Bakıda yenidən buraxıldı). İş ondadır ki, Şah İsmayılın irsinə zaman-zaman başqa şairlərin yaratdığı əsərlər də qatılıb. Həm də o şairlərin bir qismi elə Xətai təxəllüsü ilə, bir xeylisi isə şeirlərini Xətai üslubuna uyğunlaşdıraraq yazıb. Ona görə də həqiqətin harada olduğunu müəyyənləşdirmək son dərəcə çətindir. Lakin Turxan Gənceyi üçün yox. Turxan bəy həm yüksək səviyyəli peşəkar ədəbiyyatşünas idi, həm də incə duyumlu, bir çox türk dillərinə yaxından bələd olan dilçi. Ona görə də Xətainin bu elmi-tənqidi mətnini tərtib edərkən hər şeirə və hər mənzumədəki hər misraya elə vasvasılıqla yanaşmışdı ki, üstündən bunca vaxt keçəndən sonra, bu qədər yeni araşdırmalar ortadaykən həmin mətndəki parçalara bu gün də hər hansı irad tutmaq müşküldür və sabah daha mükəmməl mətni düzəltmək cəhdi edənlər də Xətainin bu nəşrindən əsla yan keçə bilməyəcəklər. Bu Turxan Gənceyi yadigarının qiyməti indi də verilir, gələcəkdə də veriləcək, amma həmin nəşrə ən yüksək dəyərləndirmələrdən biri elə kitabın təzə çıxdığı vaxtlarda ortaya gəlib və bu, XX əsrdə dünyada ən üstün türkoloq-mətnşünaslardan biri kimi tanınan, karaim əsilli polyak alimi akademik Ananiaş Zayonçkovskinin (1903-1970) meyar sayılası mötəbər sözüdür. A.Zayonçkovskini bütün başqa məziyyətlərindən əlavə, bizə yaxın edən bir cəhət də ondan ibarətdir ki, bu əvəzsiz alim XIV əsrdə yaşamış, Nizami Gəncəvinin "Xosrov və Şirin"ini təxminən 1341-1342-ci ildə ilk dəfə cağataycaya çevirmiş Qızıl Orda şairi Qütb Xarəzminin əsərini Paris nüsxəsi əsasında geniş müqəddimə, müvafiq sanballı araşdırma ilə 3 cilddə Varşavada (1958-1961) nəşr etdirmişdi və klassik mətnin nə demək olduğunu, belə mətn üzərində işin mürəkkəbliyini hər kəsdən daha yaxşı anlayan bu sərraf Turxan Gənceyinin hazırladığı Xətai "Divan"ıyla tanışlıqdan sonra həmin araşdırmanı elmdə böyük hadisə adlandırır, əlavə də edirdi ki, bu kitab Azərbaycanın dil tarixini öyrənmək üçün misilsiz abidədir.

Hələ tələbə ikən Turxan Gənceyi türkçü mahiyyətini və elmi amalını dəqiq nişan verən bir araşdırmaya başlamışdı - Əlişir Nəvainin (1441-1501) türkcənin farscadan üstünlüklərindən bəhs edən "Mühakimət ül-lüğəteyn" əsərini farscaya çevirmiş, şərhlər, qeydlər, geniş önsöz yazmış və 1948-ci ildə nəşr etdirmişdi.

Əvvələn, Turxan Gənceyi farscanı ana dili səviyyəsində bilməkdən əlavə farscaya türkcədən keçmiş sözlərin də cikinə-bikinə vaqif olduğundan bu dilə farsın özündən də artıq aşina idi, ikincisi də, o, farsdilli ədəbiyyatın tarixinə və gizlinclərinə də səriştə ilə bələd, bu yöndə sanballı işləri olan araşdırıcı idi, odur ki, həm bu səbəbə, həm də onun əsl elmi çöhrəsini sən deyən qabartmamaqçün İranda Turxan Gənceyini türkoloq deyil, elə iranşünas kimi təqdim etməyə daha mail olmuşlar. Özü isə söyləyirdi ki, "Mühakimət ül-lüğəteyn"i ilk növbədə farscaya ona görə çevirdim ki, biz onsuz da dilimizin üstünlüyünə əminik, bu inamımızın artması və bilgimizin dərinləşməsinə Nəvai bir az da kömək edir, amma əsl həqiqəti bilməli olub və adətən etiraf etməyənlər də həmin mətləbləri dəlilli-sübutlu şərhləri və izahlarıyla qoy Əlişir Nəvainin təqdimində öz dillərində oxuyub fikirləşsinlər kim kimdir.

Yəni Turxan bəyin bu araşdırması mahiyyətcə ikiqat millətpərvərliyin nişanəsidir. Bu əsər onun türkolojiyə hansı məramla gəldiyinin və daxilindəki alim qırımının bəyannaməsi idi. Sonra onillərcə ömrünü elə Nəvainin məşğul olduğu işə sərf etdi. Araşdırdıqları türk dilinin saflığını, üstünlüyünü, gücünü daşıyan qocalmaz söz abidələri idi. Üstünə vaxtın ərpi çökmüş bu yadigarları yeni zamanın işığında məhəbbətlə öyrənirdi, onları bütün parlaqlığı ilə bu gün də görünsün və dilimizə xidmətlərini davam etdirsin deyə səbirlə araşdırır, hamınınkılaşdırırdı.

 Turxan ustad bunu da özü mənə söyləyib ki, Nəvai risaləsinə həmin müraciətindən düz 50 il sonra yazdığı iki məqalə - "Farscada moğol sözləri" və "İsfahandakı Səfəvi sarayında türk dili" əslində illərcə içərisində dolaşmışdı, sanki öz yazılma növbələrini digər araşdırmalara vermişdi, daşdan süzülən su kimi ahəstə-ahəstə durulmuşdu, cilalanmışdı, pardaqlanmışdı, o səbəbdən də kağıza köçürülmələri belə uzun çəkdi. Turxan bəy bunu demişdi və sonra da ani dalğınlaşaraq artıq mənzil başına çatan yol haqda hekayətə yekun vururmuş kimi dəqiqləşdirmişdi: "1948-ci ildə elədiyim o tərcümə, buraxdığım o kitab və bu məqalələrlə cümlə tamamlandı".

Turxan Gənceyi "Cümlə tamamlandı" söyləyirdi və bu cümlə 50 illik gərgin araşdırmalarda yaşanmış bütöv ömür demək idi. Həmin 50 illik yol boyunca - o ilk əsərlə bu qoşa məqalə arasındakı məsafədəsə Turxan Gənceyi dilimizə, sözümüzə, ədəbiyyatımıza, tariximizə, mədəniyyətimizə parlaq xidmətin ifadəsi olan bir-birindən vacib neçə əsər yaratdı. Turxan Gənceyinin təvazö, bir az da xəsisliklə dilə gətirdiyi "cümlə tamamlandı" ifadəsi böyük bir alimin vətənə, millətə xidmətdə keçən ömrünün özəyini təşkil edən yarım əsrlik yolun qiyməti idi.

...Vətən yalnız üzərində ömür sürdüyümüz torpaq deyil. Vətən həm də və bəlkə də daha öncə içərimizdə yaşayan ərazidir. Şəxsiyyətlər də olur ki, ömürlərinin, zəkalarının, bəhrəvermələrinin elə kamil mərtəbəsinə yetişirlər ki, özləri dönüb vətənləşirlər. Məcazi, rəmzi mənada yox, gerçəkdən onlar elə ağırlıq və doğmalıq qazanırlar ki, belə müstəsna şəxsiyyətlərə yurda sığınan kimi qısıla, torpaqdan, dağdan, ağacdan olan kimi onlardan da hərarət, güc ala bilirsən. Böyük alim Turxan Gənceyi həm almaniyalı idi, həm italiyalı, həm ingiltərəli idi, həm iranlı, həm türkiyəli. O ölkələrin hər birində illərcə yaşamışdı və o ölkələrin hər biri Turxan Gənceyi üçün elə vətən kimi idi. Ancaq əsas vətən daim onun içərisində idi. O, azərbaycanlı idi. Böyük azərbaycanlı idi və Azərbaycan onun bütün varlığını doldurmuşdu.

"Vətən"də gərgin fəaliyyətlərini başlayaraq dünya boyu səpələnmiş qiymətli soydaşlarımızı Azərbaycana daha artıq bağlamaq, onların bir çoxunu ilk dəfə ata yurda gətirmək səmtində usanmadan çalışdığı illəri xatırlayan görkəmli yazıçımız Elçin (1943) etitaf edir ki, o vaxt tanış olduğum, ünsiyyət qurduğum xaricdəki həmvətənlərimiz arasında məşhur alimlər də az deyildi, şöhrətli simalar da, qaynar millətsevərlər də yetərincəydi. Ancaq Turxan Gənceyini kiminləsə müqayisə etmək çətin idi. Alimliyində də misilsiz idi, şəxsiyyət kimi də çox sanballı idi, millətpərvərliyini də sözdə deyil, həyatı boyu gördüyü çox dəyərli işlərlə sübuta yetirmişdi. Elçin müəllim bunu da yada salır ki, Turxan bəyi 1988-ci ildə Mirzə Fətəli yubileyinə mən dəvət etmişdim və həmin səfəri əsnasında onu İlyas Əfəndiyevlə də tanış etmişdim: "Atamın evində görüşmüşdülər, xudmani məclisdə Turxan bəylə saatlarla dərdləşmişdilər, professor atamın da ürəyinə yatmışdı, sonralar da Turxan Gənceyi ilə söhbətlərini məmnunluqla xatırlayırdı".

 ...Turxan Gənceyini Səfəvi imperiyası dönəmində cəzb edən bir özəllik də oçağkı nəhəng xəritəmiz idi. Turxan ustadın içərisindəki VƏTƏN ərazicə də Səfəvilər dönəmindəki torpaq genişliyimizə uyğun biçimdə daha əngindi. Lakin daha artıq - onun təfəkküründə və könlündə həm tarixən bizim olan torpaqlar qovuşurdu, həm də çağdaş dünya, dünyanın dörd bucağına səpələnmiş azərbaycanlılar yovuqlaşıb birləşirdi.

Turxan Gənceyi qəlbində qurduğu bütöv və böyük Azərbaycanın gözəl sabahlarda aydın bir gerçəyə çevrilməsi naminə ömrü boyu çalışdı, millətini və yurdunu layiq olduğu möhtəşəmlikdə göstərəcək əsərlər doğurdu, tarixin qapalı səhifələrində bu həqiqətləri isbat edən dəlilləri aşkarlayaraq müasirlərə təqdim etdi, amma eyni zamanda azərbaycanlıları bir-birinə yaxınlaşdırmaq, əməlləri xalqa faydalı ola biləcəyinə ümid bəslədiyi, istedad işığı duyduğu soydaşlarının heç olmazsa özünün imkanı çatan çevrədə əl-ələ, ürək-ürəyə olması üçün hər kiçicik fürsətdən belə yararlanaraq işini gördü.

Bakıda keçirilən Mirzə Fətəli Axundzadə yubileyi başqaları üçün sadəcə böyük ədibin növbəti yuvarlaq ildönümü idisə, bu mərasimin Turxan bəydən ötrü mənası daha dərin idi. Tək ona görə yox ki, onillərlə həsrətlisi olduğu Vətəndəydi, yalnız o səbəbə görə də yox ki, Mirzə Fətəli ilə ruhca ortaq idi, müəyyən mənada elə onun yolunun davamçılarındandı. Bu təntənəli ildönümü günlərində onu ən çox riqqətə gətirən o idi ki, sağlığında olduğu kimi, indi də birləşdiricilik, bütövləşdiricilik vəzifəsini icra edən dahi klassikin bu məclisində Azərbaycan ziyalılığının ən seçmə simalarının əksəri qovuşub, onlarla birbaşa ünsiyyət imkanı yaranıb, heç də tez-tez əlinə düşməyən bir girəvə yaranıb və düşündüklərini onların hamısı ilə mehriban bir ortamda bölüşə bilir. Abbas Zamanova (1911-1993) yolladığı məktublarından birində yazmışdı ki, "Siz bizim üçün Azərbaycana və millətimizin ruhuna açılmış bir pəncərəsiniz". Mirzə Fətəli (1812-1878) isə milləti üçün dünyaya pəncərə açan insanlardan idi və Turxan Gənceyi də həmin yolun yolçusu idi.

Və 1988-ci ilin 29 oktyabrı idi, Mirzə Fətəliyə həsr edilmiş təntənəli iclas gedirdi, Turxan Gənceyi kürsüdə idi və ikicə dəqiqəyə sığan salamlama nitqində öz içərisindəki əməl düsturu ilə mütənasib gələn və Mirzə Fətəlidə gördüyü əsas üstünlüyü ifadə edən, ölməz mütəfəkkirin Azərbaycan insanının ruhi birliyini yaratmaq işinə verdiyi töhfədən bəhs edirdi: "Əziz dostlar! Bakıya - bu nurlu sahilə bir daha gəlmək, inanınız, qəlbimi xoşbəxtlik və sevinc hissləri ilə doldurur. Mirzə Fətəli simpoziumunda iştirak edən alimlər Axundovun müxtəlif cəbhələrini - mütəfəkkir, ədib, şair və nasir olaraq öz tədqiqləri ilə izah etdilər, anlatdılar. Kökü Şimaldan olan bir cənublu qardaşınız, orta əsrlər dil-ədəbiyyat tarixçisi kimi mən burada çox qısa şəkildə, tək bir cümlə ilə, yeganə bir nöqtə üzərində duracağam. Axundov səmərəli həyatı və böyük, müəzzəm irsi ilə vahid Azərbaycanın mənəvi birliyini bizə həmişə xatırladan bir dahidir. Onun mənəvi hüzurunda dərin təvazö və böyük hörmətlə əyilirəm".

Vəd etdiyi kimi, bircə cümlə deyir, amma həmin tək cümlədə yenə alim və insan olaraq öz həyat və fəaliyyət amalını çatdıra bilir - vahid Azərbaycan və mənən bütöv xalq.

İşini bölmələrdə davam etdirən həmin beynəlxalq konfransda Turxan Gənceyinin də məruzəsi dinlənilmişdi və unudulmaz Yaşar Qarayevin rəhbərlik etdiyi həmin bölmədə çıxış edənlərdən biri də o zaman gənc, ancaq artıq parlamağa başlamış filosof Səlahəddin Xəlilov idi. Səlahəddin müəllim xatırlayır ki, məruzəsindəki bir fikir müzakirələrə qatılan alimlərin bir neçəsinin etirazı ilə qarşılanır, ancaq Turxan bəy qalxaraq öz nüfuzlu ağsaqqal və alim sözü ilə həmin höcətləşmənin ədalətli münsifi olaraq nöqtəsini qoyur. Səlahəddin Xəlilov söyləyibmiş ki, bir zamanlar kəskin satirik qələmlə xalqımızda, yurdumuzda mövcud olmuş geriliyi, cəhaləti, naqislikləri ifşa edən və əsas hədəfi kütlələri qəflət yuxusundan oyatmaqdan ibarət olan Mirzə Fətəli, Sabir (1862-1911), Mirzə Cəlil (1866-1932) kimi ədiblərin irsini tərcümə edərək dünyaya yaymaq, Vətəndən xaricdə təbliğ etmək istiqamətində ehtiyatlı davranmalıyıq; indi burada Axundzadənin komediyalarını xarici dillərə çevirib bunları dünyaya tanıtmaqdan söhbət gedir, amma bu qəbil yaradıcıların millət ağrıları ilə bağlı satirik əsərləri həmişə daha çox daxil üçün nəzərdə tutulub.

Turxan Gənceyi hiss edincə ki, bir para alimlər bu mülahizəni süngü ilə qarşılayır, cavan alimin fikrini tərsinə çevirərək guya onun Axundzadə irsinin dünyada yayılıb şöhrətlənməsinin ziddinə olması kimi qələmə verirlər, qalxır ayağa, deyir ki, siz həmkarımızın çox doğru olan fikrini nahaq qəribçiliyə salırsınız. Biz klassiklərimizin o əsərlərini aparıcı dünya dillərinə çevirərək yaymalıyıq ki, onlar xalqımıza, Azərbaycana başucalığı gətirir, ümumbəşəri əhəmiyyəti var, amma tarixin müəyyən dövründə milləti içəridən təmizləmək, müalicə edilmək məqsədilə yazılmış əsərləri bu gün aləmə car çəkib bizi istəyənləri və istəməyənləri özümüzə güldürməməliyik. Bu bölgü tamamilə doğrudur - əsərlər var ki, məhz daxil üçün qalması məsləhətdir, əsərlər də var ki, dünyaya çıxması faydalı olar.

Səlahəddin müəllim bunu da xatırlayır ki, Mirzə Fətəli konfransınadək görkəmli şairimiz Bəxtiyar Vahabzadə (1925-2009) ilə şəxsən tanış deyilmişlər. Aradakı çay fasilələrindən birində Turxan bəylə Bəxtiyar müəllim söhbət edirlərmiş, gendən gözü Səlahəddinə sataşınca Turxan ustad Bəxtiyar müəllimin qoluna girib ona sarı addımlayır, az öncə ilk dəfə görüb-eşitdiyi, amma işığını sezdiyi cavan alimi şairə təqdim edir, haqqında xoş sözlər söyləyir.

Zahirən bu, tam adi hal təəssüratı oyatsa da, Turxan bəyi yaxşı tanıdığımdan, bilirəm ki, o, həmin anda artıq onun üçün ənənəvi olan işini görürdü, Azərbaycanın işıqlılarının bir-birlərinə daha da yaxınlaşması istiqamətinə, çevrənin daha da genişlənməsindən ötrü çalışırdı.

Bunu yazıram, bir başqa an yadıma düşür. Yenə Böyük Britaniyada idim, Turxan bəylə görüşüb bir ziyafətə getməliydik, tapşırmışdı ki, bir qədər tez gəlim, həmin 1 saatadək vaxtda məni dərs dediyi London Universitetindəki müəllim yoldaşları, tələbələri ilə yaxından tanış edirdi. Onların hər biri haqqında mənə, mənim haqqımda onların hər birinə geniş danışırdı. Universitetdən çıxıb piyada görüş yerinə gedirdik, deyirdi ki, bu tələbələrin hərəsi gələcəyin tanınmış bir alimidir, onları tanımağın, onlarla indidən əlaqə saxlamağın vacibdir, çünki hər birinə elə mövzular verirəm, elə istiqamətləndirirəm ki, sabah bizim xəttimizi davam etdirsinlər. Bax elə Barbara Henriette Flemminq (1930-2020) neçə illər qabaq tələbələrimdən biri idi, indi görürsən ki, türkologiyada səsi ən bərk gələn tədqiqatçılardandır.

Haqlı idi Turxan bəy, həm də ikqat haqlı. Çünki həmişə Turxan bəyin yetirməsi olduğunu fəxrlə dilə gətirən alman şərqşünası Barbara Flemminq yalnız türkolojidə sanballı imzalardan biri kimi tanınmamışdı, həm də Azərbaycan araşdırmalarına daha artıq meyil edən tədqiqatçı kimi şöhrətlənmişdi. İllərcə yalnız Seyf-i Sarayinin (1321-1396) "Gülüstan" tərcüməsinin əlyazmasının lap axırındakı bircə qəzəli ilə tanıdığımız İzzəddin Həsənoğlunun (vəfatı təqribən- 1295-1988) ana dilində yeni şeirlərini tapıb üzə çıxarmaq da Barbara xanımın xidməti idi (artıq 2009-cu ildə azərbaycanlı araşdırıcı Seyfəddin Altaylı (1950) Həsənoğlunun Finlandiyadakı şəxsi bir kolleksiyada olmuş, ana dilində yazdığı, həcmi 12390 min beytə çatan "Kitab-i Sirət un-Nəbi" əsərinin 367 vərəqlik əlyazmasını taparaq 2023-cü ildə geniş müqədimə, şərhlər və lüğətlə Türkiyədə nəşr etdirdi).

Beləcə, Turxan bəy illərcə bilavasitə özünün yerinə yetirdiyi qiymətəsığmaz işlər ilə yanaşı, həm də avropalı azərbaycanşünasları yetişdirmiş, onları xalqımıza, sözümüzə sevgiylə kökləmiş, bu minvalla Qərb elmi içərisində fəxri səfirlərimizi vücuda gətirmişdi.

Ən uzaq məsafədən də yaxşını, ümumi millət işinə faydalı olanı görüb dəyərləndirmək də Turxan bəyin bir ayrı nəcibliyi idi.

Daim hadisələri və insanları ilə oturub-durduğu Səfəvilər dönəminə Turxan bəy elə axarında olduğu zaman kimi yanaşırdı. O çağlarla bağlı hər yeni tapıntı, uğurlu yanaşma onu qanadlandırıdı, hər təzə söz deyəni silahdaşı, doğması, mübarizə yoldaşı kimi qavrayırdı.

Onun nəzərində türkoloji sadəcə bir elm sahəsi yox, ona ruhən doğma olan insanları birləşdirən sevimli ərazi idi.

Yenə İngiltərədəki görüşlərimdən birində məndən soruşdu ki, Əlyzamalar İnstitutundan Möhsün Nağıyevi (indi Nağısoyludur və akademikdir, o vaxt hələ filologiya elmləri namizədi idi) tanıyırsanmı? Bəli, dedim. Qayıtdı ki, "Ədəbiyyat qəzeti"ndə onun Xətainin miniatürlü əlyazması haqqında məqaləsi çıxıb, bir mülahizəsi çox xoşuma gəldi, bu rəsmləri Kəmaləddin Behzadın (1455-1536) çəkdiyini ehtimal edir, əsaslandırmaları çox məntiqlidir, əski əlyazmalardakı hər miniatürə elə yalnız səhifələri bəzəyən şəkillər kimi baxmaq azdır, gərək bu cür iti nəzər yetirərək hər miniatürün hansı rəssamımızın üslubuna, dəstxətinə daha uyğun olduğunu müəyyənləşdirməyə də can atasan.

...Hər il martın 20-də istər Bakıda olum, istər Vətəndən kənarlarda mütləq Turxan Gənceyiyə zəng vururdum. Yalnız Novruz bayramını təbrik etməyə görə yox. Turxan ustad 1925-ci il mart ayının 20-də anadan olmuşdu - bayram axşamı. Ona görə də ailəsində həmin gün həmişə ikiqat bayrama çevrilirdi - həm yeni ili, Novruzu qarşılayırdılar, həm də Turxan bəyin doğum gününü bayram edirdilər. 2005-ci il mart ayının 20-si idi. Turxan bəy həmin gün ömrünün 80-ci Novruzunu qarşılayırdı. Kimin ağlına gələrdi ki, çox keçməyəcək, elə həmin ilin aprelində Turxan Gənceyini əbədilik itirəcəyik - təsəvvür etməzdim ki, belə tezlikcə onsuz qalacağıq, daha səsini eşitməyəcəyəm, daha yeni əsərlərini yazmayacaq.

Həyatın sərt üzü belədir, nə çarə, onsuz qalmaqla da, bir daha onun doğma səsini eşitməmək acısı ilə barışmağımız labüddür, amma daha yeni əsərlərini yazmayacağı düşüncəsi hər halda sonacan doğru sayıla bilməz. Turxan bəy ülgü hesab ediləsi, düstur bilinəsi, yeni araşdırmalara təkan verəsi elə bir miras yadigar qoyub ki, həmin irsin davamçıları, onun yolunu tutub gedənlər həmişə olacaq. Çox istəyirəm ki, onun seçmə yazılarını qovuşduraraq sanballı bir məqalələr toplusunu da buraxım.

Turxan bəyin yazdıqları köhnələn deyil. Yalnız bilavasitə yetirməsi olanları deyil, yeni nəsillərin qələm və düşüncə adamlarını da həmin əsərlər türkçü, azərbaycançı sağlam fikirlər ətrafında təzə axtarışlara səmtləndirəcək, Turxan ustadın cığır açdığı, yol işarələrini düzdüyü mətləblərə doğru yönəldəcək və artıq başqalarının onun irsindən su içərək doğurduğu əsərlərlə də yalnız Turxan ustadın elmdəki yolu, məramı deyil, elə gerçək ömrü də davam edəcək.

Vicdanla, ləyaqətlə yaşanmış təmiz bir insan - böyük alim ömrü üçün bu qazanc məgər azdır?!

11 mart 2024

 

Rafael HÜSEYNOV

Akademik

525-ci qəzet .- 2024.- 16 mart, ¹50.- S.16-17.