Dəlinin yadına daş salmaq...
MƏN Kİ
BİLMƏZ İDİM NƏDİR MƏRC...
Mərc oyunlarına
aludəçilik vüsət alan ölkələr
arasında ön sıralarda olmasaq da, bütün
imkanını qumarda uduzan, maddi sıxıntısını
bir az da qəlizləşdirən, qeyri-müəyyənlikdən
mədət uman insanlara ətrafımızda tez-tez rast gəlirik.
Bəzən media orqanlarını mənfi başlıqlı
və məzmunlu xəbərləri tirajlamaqda, baş
vermiş xoşagəlməz hadisələri yayımlayaraq
insanların alt şüuruna təsir etməkdə
günahlandırırlar. Həmin xəbərlərdə əks
olunan hadisələri şərtləndirən amillər barədə
isə aparılan müzakirə bir-iki günlük ictimai
qınaqla məhdudlaşır, həyəcan təbilinin səsi
eşidilən kimi yoxa çıxır.
Fikir vermisinizsə,
kütləvi informasiya vasitələrində
işıqlandırılan oğurluq, qəsdən adam
öldürmə kimi cinayət hallarının səbəblərini
təhlil edərkən bəzi cinayətkarların mərc
oyunlarından asılılığı və törətdiyi
hadisənin başlıca səbəbinin məhz
sözügedən amil olması faktı üzə
çıxır. Hətta bəzi intihar hadisələrinin
kökündə dayanan külli miqdarda borcun məhz qumardan
qaynaqlandığı məlum olur.
Mərc
oyunlarının spesifik alqoritmi var və kütləvi şəkildə
bu alqoritm özünün "uğurlu" nəticəsini
verir: əvvəlcə yatırılan məbləğ
qarşılığında onun bir neçə mislini əldə
etmək mümkün olur. Daha sonra ziqzaqvari
artıb-çoxalan xətlərlə büdcən dəyişir
və məhkum olduğun sonluqla qumar "karyeran" iflasa
uğrayır, uduzursan... Təkcə qumarda yox, ailə, cəmiyyət
və ən əsası, öz içində uduzursan,
öz-özünlə məğlubluğun sənin faciənə
çevrilir. Vəziyyətdən çıxmaq
üçün müəyyən məbləğ əldə
edib yenidən nəyəsə cəhd edirsən. Amma qumar
kitabını birdəfəlik bağlayana qədər bir dəfə
düşdüyün bataqlıq daim səni özünə
tərəf çəkir. Bax bu ardıcıllıq mərc
oyunlarının "usta" gedişidir...
Ətrafımızda
mərc oyunlarının aludəçisinə çevrilən
tanışlarımızla mübarizə
apardığımız, onları bu əməldən çəkindirməyə
çalışdığımız bir dövrdə daha
böyük problem meydana çıxıb. Mobil telefona
yüklədiyimiz müxtəlif tətbiqi proqramlara daxil olarkən,
müxtəlif əməliyyatları yerinə yetirərkən
anidən 10-30 saniyə aralığında reklam
çarxları nümayiş olunur. Son vaxtlar bu reklamların
böyük qismi mərc oyunları haqqındadır. Onlayn mərc
saytlarını, həmin saytların mobil tətbiqlərini təbliğ
edən belə reklamlar elə bir ssenari əsasında qurulur
ki, istər-istəməz səndə maraq yaranır və həmin
mobil tətbiqi yükləmək fikrinə düşürsən.
Elə olur ki, həmin reklamlar yayımlanmağa başlayan
kimi imtina edə bilirsən. Bəzən isə sənə
lazım olan əməliyyatın yerinə yetirilməsi
üçün o reklamı sona qədər izləməyə
məcbur olursan.
Əvvəlcə, mərc
oyunlarının insan psixologiyasındakı təsirləri
barədə danışaq. Klinik psixoloq, psixoterapevt
Rövşən Nəcəfovun "525-ci qəzet"ə
verdiyi açıqlamaya görə, mərc oyununun
asılılığa çevrilməyinin əsas səbəbi
odur ki, insanlar daha asan üsulla öz rahatlıqlarını təmin
etməyə çalışırlar və bu, mümkün
olmur: "İnsan psixikası daim rahatlıq və həzz
axtarışındadır. Bütün davranışlar və
istəklər məhz bu iki anlayış üzərində
formalaşır. İnsanlar çalışırlar ki,
qısa yolla maddiyyat əldə etsinlər və bu yolla öz
mənəvi rahatlıqlarını təmin etsinlər. Hər
şey bir-birinə zəncirvari bağlıdır. Bəzən
rahatlıq və həzzi təmin etmək üçün mərc
oyunlarını vasitə kimi qiymətləndirirlər və
bu da öz fəsadlarını büruzə verir. Bu gün hər
hansısa bir reklamın ssenarisi həmin rahatlıq və həzz
axtarışı nəzərə alınaraq
hazırlanır; rənglər seçilir, hekayələr
formalaşır. Bunun vasitəsilə insanların
düşüncəsinə necə təsir edəcəklərini
müəyyənləşdirirlər. Mərc oyunları
aslılıq yaradan problemlər sırasındadır,
insanların bir qismi bu səbəbdən artıq psixoloji
halın nizamsızlığını yaşayırlar.
Çünki beyində dopaminin (insan bədənində təbii
yaranan kimyəvi maddə - red.) ifraz olunması prosesinə mənfi
təsir edir və insan getdikcə daha çox maddi güc sərf
edərək qumar oynamaqla asılılığını
gücləndirir. Həmin şəxslərdə
özünütənqid müşahidə edilmir və müəyyən
müddət sonra bu vəziyyətin patoloji halını
yaşayırlar. Beyin kordur, onun üçün önəmli
olan rahatlığı və həzzi təmin edəcək
davranış və hisslərdir. Əgər mərc oyunu
vasitəsilə hansısa bir şəxs beyinə rahatlıq
və həzz verə bilirsə, insan artıq daim olaraq buna can
atır".
R.Nəcəfov onu da
qeyd edib ki, mərc oyunları asılılığından
uzaqlaşmaqdan ötrü peşəkar müdaxilə
mütləqdir, bu vərdişin aradan qaldırılması
üçün müalicə olunmaq lazımdır:
"Peşəkar müdaxilə zamanı özünütənqid
formalaşmalıdır ki, həmin şəxs zamanla bu
asılılığını aradan qaldıra bilsin. Təəssüf
ki, mərc oyunları rəqəmsal dünyada vüsət
alıb. Buna qarşı fikir immunitetləri
formalaşmalıdır və psixoloji maarifləndirmə
aparılmalıdır. Valideynlər övladlarının
mütəmadi qumar oynamasını ört-basdır etməməli,
peşəkar dəstəkdən yararlanmağa can
atmalıdırlar. İnsanlar mərc oyunlarının aludəçisi
olan yaxınlarına dəstək olmaq istəyirlərsə,
ilk növbədə onları psixoloqa müraciətə təhrik
etməlidirlər".
Rövşən Nəcəfovun
qeyd etdiyi bir məqam məsələnin reklam istiqamətləri
barədə düşünməyə əsas verir. Həqiqətən,
böyük şirkətlər reklam məsələsinin
öhdəsindən ustalıqla gəlirlər və sosial
media markentinqinin incəliklərini öz inkişafları
naminə sahələrinə tətbiq edirlər. Zərərli
nəticələrə yol açan reklamlar isə vətəndaş
cəmiyyətində arzuolunmaz mənzərələr
yaradır. Odur ki, mərc oyunlarının təbliğ
olunması və bunun əsasında dayanan texniki tərəflər
barədə düşünmək gərəkdir.
Marketoloq Anar Rüstəmli
"525"ə açıqlamasında qeyd edib ki,
reklamların yerli qayda-qanuna uyğun olub-olmamasına nəzarət
olmadığından, bu tip reklamlarla tez-tez
qarşılaşırıq: "Bütün reklam provayderlərində
RMG (real money gambling, yəni real pulla qumar - red.) adlı
qanunvericilik mövcuddur. Yəni reklam provayderlərinin mərc
oyunları üçün nəzərdə tutulmuş
xüsusi qanunları var. Yalnız müəyyən ölkələrdə
xüsusi qaydalarla mərc oyunlarına dair reklamlar yayımlamaq
mümkündür. Reklam provayderlərinin mərc oyunları
ilə bağlı reklamların yayımlanmasına icazə
verdiyi ölkələr sırasında Azərbaycan mövcud
deyil. Bu reklamları idarə edən şəxslər və
ya qurumlar reklam provayderlərini manipulyasiya edərək Azərbaycanda
bu tip reklamları yayımlayırlar. Hətta demək olar ki,
üçüncü tərəf reklam provayderlərində
hər hansı bir reklamın yayımlanması
üçün ciddi bir qanun, nəzarət yoxdur. Yəni
reklamların bizim qaydalara uyğun olub-olmamasını ciddi
şəkildə yoxlamırlar, reklamların
yayımlanmasını tənzimləmirlər. Buna görə
də qumar reklamları rahat idarə olunur".
A.Rüstəmli
bildirib ki, bu tip reklamların idarə olunmasına xüsusi nəzarət
yoxdur: "Mərc oyunları ilə bağlı reklamların
qarşısını almaq, təəssüf ki, real
görünmür. Çünki reklamlar vahid reklam hesabı
üzərindən idarə edilmir, yüzlərlə reklam
hesabından və yüzlərlə eyni mərkəzə
bağlı mobil tətbiqdən söhbət gedir. Bunu da
hansısa şikayətlər səbəbi ilə bağlamaq,
həmin reklamı və tətbiqi sildirmək heç bir
işə yaramır. Azərbaycanda mərc oyunlarının
reklamlarının idarəsinə, respublikamızın
qanunvericiliyinin həmin reklamlara tətbiq olunmasına nəzarət
edən hər hansı bir xüsusi qurum yoxdur. Bütün rəqəmsal
reklamların dövlət tərəfindən öz iqtisadi və
antiinhisar qaydalarımıza uyğun olaraq idarə olunması
üçün feysbuk, quql və digər reklam provayderlərinin
ölkəmizdə ofisi olmalıdır və Azərbaycanda
yayımlanan reklamlar üçün onlara yerli qaydaların tətbiq
olunması lazımdır".
A.Rüstəmli
problemin həlli kimi maarifləndirici tədbirlərin
görülməsini daha uyğun variant kimi qeyd edib:
"Problemin həlli üçün iki
çıxış yolu var. Birincisi, məsələnin
texniki həllidir. Bizim mərc oyunlarına dair yüklədiyimiz
tətbiqlərin hər birinin bağlı olduğu bir mərkəz
var. Həmin mərkəzin
giriş-çıxışını ölkə daxilində
bloklamaq mümkündür. Təbii ki, bun aidiyyəti qurumlar
müdaxilə edə bilər. Lakin bu, heç də əlverişli
üsul deyil. Bəzi istifadəçilər VPN-dən (məhdudiyyətləri
aradan qaldıraraq əlaqə yaratmağı təmin edən
vasitə) istifadə edərək yenidən həmin tətbiqlərə
daxil ola bilərlər.
İkinci
çıxış yolu isə, gənc nəslin bu sahədə
maariflənməsidir. Əgər mərc oyunlarının mənfi
tərəfləri lazımınca aşılansa, o
reklamların yayımlanması öz effektiv nəticəsindən
məhrum olacaq. Məncə, ən düzgün üsul
budur".
Hekayə ustası
Anton Pavloviç Çexovun "Mərc" hekayəsində
qoca bankirlə bir hüquqşünas mərcləşirlər.
Qoca bankir 2 milyon pul qoyur ki, hüquqşünas 15 il məhbusluğa
dözə bilməz. Hüquqşünas isə əksini
iddia edir. Bankir öz-özünə deyinir: "Bu mərc nəyə
lazım idi? Hüquqşünas həyatının on beş
ilini itirməkdə, mənim isə iki milyonumu çölə
atmağımda nə fayda?.. Mənim tərəfimdən bu
addım tox adamın şıltaqlığı idi,
hüquqşünas tərəfindən isə pula olan adi hərislik..."
Sonda həmin
hüquqşünasın pula həris olmadığı məlum
olur. Mərcə pul qoyan qoca bankir isə həyatını təlatümlə
keçirir, 2 milyonunu itirməsin deyə azadlığa
buraxılan kimi hüquqşünası öldürmək
fikrinə düşür və vicdan əzabı çəkir.
Mərc
oyunlarının yaratdığı fəsadlar məlumdur.
Amma bilməyəni də başa salmaq, el dili ilə desək,
dəlinin yadına daş salmaq bu fəsadın vüsət
almasına gətirib çıxarır və Çexovun
yaratdığı qoca bankir kimi insanların həyatını
qaraldır, ondan da daha pis nəticələrə gətirib
çıxarır. Mərc oyunu təhlükəlidirsə,
onu reklam etmək odun üzərinə benzin tökmək kimi
bir şeydir. Dövlət tərəfindən Azərbaycanda
istifadə olunan mobil tətbiqlərin nəzarətə
götürülməsi, reklam provayderlərinin tənzimlənməsi
ilə bağlı addımların atılması zəruridir.
Nadir Yalçın
525-ci qəzet .- 2024.-
16 mart, ¹50.- S.15.