Elektromobillərlə
bağlı yenilik
2024-cü İLDƏ
AZƏRBAYCANIN NƏQLİYYAT SEKTORUNDA
ELEKTRİKLƏŞDİRMƏ İLİ OLACAQ
Məlum olduğu
kimi, Azərbaycan Prezidenti "Elektrik mühərrikli nəqliyyat
vasitələrindən istifadənin təşviq edilməsi"
haqqında sərəncam imzalayıb. Sərəncamda elektrik
mühərrikli avtomobillərin ölkəyə idxalı,
onların elektrik məntəqələrinin təşkili və
gömrük rüsumları ilə bağlı müddəalar
yer alıb. Sərəncamda qeyd edilir ki, karbon
emissiyalarının azaldılmasında, enerji səmərəliliyinin
yüksəldilməsində və nəqliyyat sənayesində
innovasiyaların təşviqində elektrik mühərrikli nəqliyyat
vasitələrinin rolunu nəzərə alaraq,
dayanıqlı, ekoloji cəhətdən təmiz nəqliyyat
vasitələrindən istifadənin
stimullaşdırılması daha təmiz, dayanıqlı nəqliyyat
sisteminə keçidi sürətləndirmək
üçün xüsusi əhəmiyyət kəsb edir. Bu
baxımdan, elektrik nəqliyyat vasitələrindən istifadənin
genişləndirilməsini, zəruri infrastrukturun
inkişafını, habelə ümumi nəqliyyat sisteminə
inteqrasiyanı təmin edən normativ hüquqi bazanın
formalaşdırılması zəruridir.
2022-ci ildən
elektromobillər və onlar üçün 2-ci və 3-cü
səviyyə elektrik enerji doldurucularının idxalı və
satışı ƏDV-dən azad edilib. Ötən ildən
zavod buraxılış tarixindən 3 ilədək ötmüş
elektrik mühərrikli avtomobillərin idxalına
gömrük rüsumunun tətbiqi dayandırılıb.
Bu istiqamətdə həyata
keçirilən tədbirlərdən sonra ölkəyə
elektromobil idxalının əhəmiyyətli dərəcədə
artığı bildirilir. Yəni ötən il Azərbaycana
125 milyon 268 min ABŞ dolları dəyərində 3102 ədəd
yalnız elektrik mühərriklə hərəkətə gətirilən
nəqliyyat vasitələri idxal edilib ki, bu da 2022-ci illə
müqayisədə müvafiq olaraq 7,1 dəfə və 6,4 dəfə,
2021-ci illə müqayisədə isə 36,2 dəfə və
19,4 dəfə çoxdur.
Nəqliyyat məsələləri
üzrə ekspert Eldəniz Cəfərovun sözlərinə
əsasən, ölkədə ekoloji cəhətdən təmiz
nəqliyyat vasitələrinin istismarını
stimullaşdıran müəyyən addımlar atılıb.
Ölkədə idxal olunan yeni elektromobillər gömrükdə
də, vergidə də rüsumdan azad edilib. Sonrakı mərhələdə
ölkəyə idxal olunan enerjidoldurma məntəqəsinin
istifadə olunan avadanlıq və cihazları da idxal zamanı
rüsumlardan azad edilib. Bunlar hamısı sahibkarlara fürsət
yaradır ki, bu növ avtomobilləri ölkəmizə idxal
etsinlər. Eyni zamanda enerji doldurma məntəqələrinin
qurulması üçün fəal iş görsünlər.
Buna da qismən nail olunub: "Biz görürük ki, ilbəil
idxal olunan elektromobillərin sayı çoxalır. Ölkə
daxilində bu növ avtomobilləri alanların sayı
artır. Sadəcə, elektrik doldurma məntəqələrinin
sayında artım çox deyildi. Bu sərəncam
enerjidoldurma məntəqələrinin sayının
artırılması istiqamətində olan
yarımçıq qalmış məsələlərin həllinə
təkan verəcək. Bizdə elektrik enerjisi dövlətdədir,
sahibkarlar elektrik enerjisini dövlətdən alıb, vətəndaşlara
sata bilməlidir. Bunun üçün də orada müəyyən
güzəştlər olmalıdır ki, sahibkarlar
üçün bu, əlverişli olsun".
Ekspert bildirib ki,
2024-cü ildə nəqliyyat sektorunda elektrikləşdirmə
ili olacaq: "Ölkədə elektrik nəqliyyat vasitələrinin
infrastrukturunun inkişaf etdirilməsi və həmin o
infrastrukturun da ümumi nəqliyyat sahəsinə adaptasiya
olunması nəzərdə tutulur. Burada əsas məsələ
enerjidoldurma məntəqələridir ki, artıq onların
yeri müəyyən edilməlidir. Artıq bununla dövlət
qurumları məşğul olacaqlar. Həmçinin paytaxt
Bakıda xəttə iki ədəd elektrobus buraxılıb,
onların da sayının artırılması gözlənilir.
İl ərzində 150 elektrobusun gətiriləcəyi
gözlənilir. Yəni ictimai nəqliyyatda da bu ildən
elektrikləşmə olacaq".
Onun dediyinə görə,
nəqliyyat vasitələrinin qiymətinin enməsi isə
birbaşa idxalda edilən güzəştlərdən
asılıdır: "Məsələn, elektromobillərin
qiymətləri istehsaldan yüksək olur. Məhz buna görə
də dövlət ölkəyə idxal olunan yeni elektromobilləri
rüsumdan azad etdi ki, vətəndaş üçün əlçatan
qiymətlər olsun. Gələcəkdə buna ehtiyac
yaranarsa, elektromobillərin qiymətinin enməsi
üçün dövlət müəyyən addımlar ata
bilər, güzəştlər tətbiq edə bilər. Mən
şəxsən təklif edirəm ki, elektromobillər
üçün kasko və icbari sığortalar digər
avtomobillərlə müqayisədə ən azı 50 faiz
ucuz olsun. Eləcə də parklanma yerləri də
elektromobillər üçün ucuz olsun. Yaxud da ən
azı bir elektrik doldurma məntəqəsinin və
avadanlığının həmin yanacaqdoldurma məntəqəsində
quraşdırılması məcburi olsun. Belə olsa,
infrastruktur problemi də həll oluna bilər. O zaman vətəndaşlar
elektromobil almaqda tərəddüd etməzlər.
Çünki biləcəklər ki, ölkəmizdə hər
yerdə yanacaqdoldurma məntəqəsində bu avadanlıq
var".
İqtisadçı-ekspert
Natiq Cəfərli deyib ki, Azərbaycana hibrid avtomobillərin gətirilməsi
ilə bağlı ən böyük problem gömrük
rüsumu ilə bağlı idi: "Hibrid avtomobillərin bir
çox ölkələrdə artmasının səbəbi
həmin ölkələrdə gömrük rüsumunun ləğvi,
əlavə dəyər vergisinin (ƏDV) olmaması kimi
stimullaşdırıcı addımların
atılmasıdır. Məsələn, elə qonşu
Gürcüstanda artıq hər 10 avtomobildən 4-ü ya
hibrid, ya da elektriklə işləyən avtomobildir ki, bu da son
10 ildə orada olan təşviq siyasətinin nəticəsidir.
Gürcüstanda hibrid avtomobillərinə gömrük
rüsumu yoxdur. Hibrid avtomobillərin Azərbaycana gətirilməsində
ən böyük maneə gömrük rüsumları idi. Bu
barədə Gömrük Komitəsinin rəsmilərindən
birinin çox qəribə açıqlaması da
olmuşdur ki, "Biz gömrük rüsumunu aşağı
salsaq bu suiistifadə hallarına səbəb olacaq. Ölkəyə
çoxlu sayda hibrid avtomobilləri gətiriləcək".
Artıq bu maneə aradan qaldırıldı. Bu addım ona
görə atıldı ki, ölkəyə hibrid avtomobili gətirilsin,
ölkənin avtoparkı yenilənsin".
N.Cəfərli
bildirib ki, ölkədə mövcud avtomobillər həm
ekoloji, həm də təhlükəsizliklə bağlı
çox ciddi problemdir: "Azərbaycanda avtomobil parkı həddindən
artıq köhnədir. Yəni 2000-ci ildən
aşağı illərə aid olan avtomobillərin sayı
ümumi avtomobil parkında 60-faizdən yuxarıdı. Bu, həm
ekoloji, həm də təhlükəsizliklə bağlı
çox ciddi problemdir. Avtomobilin ili nə qədər köhnədirsə,
həmin avtomobil bir o qədər təhlükəlidir. Azərbaycanda
avtomobil qəzalarında ölüm hallarının çox
olması köhnə avtomobillərlə bağlıdır.
Siz əgər il ərzində ölümlə nəticələnən
qəzaların araşdırmasını aparsanız görəcəksiniz
ki, həmin avtomobillərin əksəriyyəti ya Rusiya
istehsalı, ya da buraxılış ili 2000-ci ildən
aşağıdır. Həmin avtomobillərdə təhlükəsizlik
sistemi çox az təmin olunub. Rusiya istehsalı avtomobillərdə
isə ümumiyyətlə təhlükəsizlik
baxımından heç nə yoxdur. Ona görə də bu,
birinci növbədə insanın həyatının
qorunması məsələsidir. İkinci təbii ki, ekoloji məsələdir.
Bakı ekoloji cəhətdən kifayət qədər
çirklənmiş şəhərdir. Bakıda hibrid
avtomobillərin çox olması şəhərə ekoloji
baxımdan müsbət təsir göstərəcək".
İqtisadçı-ekspertin
sözlərinə görə, daha çox hibrid avtomobillərin
ölkəyə gətirilməsi iqtisadiyyatda da az-çox
canlanmaya səbəb olacaq: "Çünki, hibrid avtomobillərin
ehtiyat hissələrinin Azərbaycana gətirilməsi
geniş yayılacaq, onun təmiri ilə bağlı yeni
iş yerləri açılacaq, hibrid avtomobilləri təmir
etməyi bacaran mütəxəssislər yetişəcək".
N.Cəfərli bir
çox ölkələrdə hibrid avtomobillərə
marağın artması üçün təşviq siyasəti
aparıldığına diqqət çəkdi:
"Dünyanın ekoloji vəziyyətinin ağır
olduğunu nəzərə alaraq bir çox ölkələrdə
təşviq siyasəti aparılır ki, hibrid və elektrik
avtomobillərin sayı getdikcə artsın. Hətta Avropa
Birliyi ölkələrinin bəziləri 2025-ci ildə, bəziləri
isə 2030-cu ildə benzin və dizellə işləyən
avtomobillərə ümumiyyətlə qadağa qoyacaq. Yəni
bunun fəlsəfəsi tək qiymətlə deyil, yeni
texnologiyalarla, ekoloji məsələlərlə
ölçülür. Ona görə də bir çox
dünya ölkələri tərəfindən hibrid avtomobilləri
sahiblərinə subsidiya verilir. Onlara vergi güzəştləri,
ciddi şəkildə gömrük güzəştləri
olunur. Stimullaşdırma proqramı həyata keçirilir ki,
vətəndaşlar getdikcə daha çox hibrid və ya
elektrik avtomobillərinə keçid etsinlər".
Nəqliyyat eksperti
Aslan Əsədovun sözlərinə əsasən, ölkədəki
avtomobillərin təxminən 80 faizi yaşı 10-dan
yuxarı olan avtomobillərdir: "Elektromobillər və
elektriklə işləyən avtomobillər yaşı 10 ildən
az olan müasir avtomobillərdir. Onların özlərinin qiymətinin
ucuzlaşması, ehtiyat hissələrinin gətirilməsi
bunlar hamısı birmənalı olaraq proseslərə təsir
edən amillərdir. Sual oluna bilər ki, vətəndaşlar
indiyə qədər niyə maraqlı deyildi? Çünki
müəyyən gömrük rüsumlarının baha
olması, dövlətin dəstəyinin olmaması elektriklə
işləyən avtomobillərin sayının artmasına
çətinlik yaradırdı".
Nəqliyyat eksperti
Yasin Mustafayev vurğulayıb ki, hazırda dünya ölkələri
elektrikli avtomobillərə keçid edir. Burada vacib məsələ
zəhərli qazların ekologiyaya verdiyi zərərin
qarşısını almaqdır. İkincisi də sərfəlidir,
istismarı çox yaxşıdır. Bu baxımdan elektrikli
avtomobilə keçmək dövlətlərin siyasətinə
çevrilib. Prezidentin verdiyi sərəncam da bunu təşviq
edir. Hazırda ölkədə elektromobillərin ölkəyə
idxalında çox ciddi güzəştlər tətbiq
olunur. ƏDV-dən, gömrük rüsumundan azaddır. Eyni
zamanda sığortada, texniki baxışlarda müəyyən
güzəştlər var. Sərəncamda hüquqi
bazanın yaradılması tapşırılır. Bəzi
ölkələrdə elektromobillərin nişanı fərqli
rəngdədir. Bu da onlara müəyyən
üstünlüklər verir. Xarici təcrübəni araşdırıb
biz də tətbiq edə bilərik. Misal üçün,
parkinq sahələrində 50-100 faizədək güzəştlər
tətbiq oluna bilər. Həmçinin məhdudiyyət olan
müxtəlif ərazilərə elektromobillərin girişinə
icazə verilə bilər və sair. Bu istiqamətdə
dünya təcrübəni də nəzərə alaraq
qanunvericilikdə müəyyən dəyişikliklərin
edilməsi nəzərdə tutulur. O ki qaldı qiymətlərin
endirilməsinə, qiymətləri formalaşdıran amillər
var. İlk olaraq tələb və təklifdir, tələb
çoxalıb, tələbat artıb. Eləcə də təklif
də çoxdur. Əsasən də Çin markaları
ölkəyə çox gətirilir. Qiymətləri də
müxtəlifdir, 10 mindən 200 min dollara qədər. Bu
güzəştlər isə artıq bir ildir tətbiq edilir
və o vaxtdan bəri xeyli ucuzlaşma var. Ən azı
ƏDV-nin 18 faizini ödəmirlər, gömrük
rüsumunu ödəmirlər. Bu, qiymətə ciddi təsir
edib. Bundan sonra qiymətə təsir edəcək ciddi amil
yoxdur. Sadəcə, vətəndaşlara təşviq edilir
ki, bundan sonra kim avtomobil almaq istəyirsə, elektromobil
alsın. Qəbul ediləcək qərarlar
düşünmürəm ki, qiymətlərə ciddi təsir
göstərəcək".
Sevinc QARAYEVA
525-ci qəzet .- 2024.-
16 mart, №50.- S.14.