Ədəbi köşk: Nə var, nə yox?

 

Keçmiş AYO-çu: "Ən demokrat Anardı!"

Martın 14-də Xalq yazıçısı, 60-cı illər ədəbi nəslinin görkəmli nümayəndəsi Anarın 86 yaşı tamam oldu. Sosial şəbəkələrdə silsilə təbrik paylaşımları arasında bəziləri xüsusən yadda qaldı. Məsələn, Xalq şairi Sabir Rüstəmxanlının təbrikini oxuyub düşünürsən; biz də bu yaşa çata biləcəyikmi? Özümüzdən 8 yaş kiçik qələm dostumuz hər kəsə açıq platformada bizi təbrik edəcəkmi? Görəsən, bunun bir iksiri varmı? Məncə, var. Özü də İntiqam Qasımzadədədir. Əminəm, İntiqam müəllim həmin iksiri "Azərbaycan" jurnalının redaksiyasında yox, başqa ağlagəlməz yerdə gizlədib.

Bir zamanlar Azad Yazarlar Ocağının ən fəal, enerjili, çılğın üzvlərindən olan istedadlı qələm adamı Murad Köhnəqalanın sonradan Azərbaycan Yazıçılar Birliyinə üzv olmağı və bulanan suları durultmağı çoxunuza məlumdur. Anar müəllimə ünvanlanan təbriklər arasında onun da ürək sözləri yer alıb: "Bir vaxtlar Anarın AYB-dəki uzun müddətli sədrliyinə ən çox etiraz edənlərdən olmuşam. Ancaq onun uzun sürən rəhbərliyi haqda tənqidi yazılar yazsam da, Azərbaycan ədəbiyatına qoyduğu qızıl kərpicləri heç vaxt danmamışam. Anarın əsərlərini oxuyub bəyənənlərdən, sevənlərdənəm... Zaman keçdikcə və ətrafımdakı cılız yazıçı-şair-mairləri tanıdıqca məhz Anarın bu rəsmi idarədə uzunmüddətli rəhbər olduğuna sevinməyə başladım. Anara etiraz edənləri xəyalımda bir-bir AYB-ə sədr qoyub düşürür, bu təyinatların nə qədər eybəcərliklərə və fəlakətlərə yol aça biləcəyini təsəvvür etdikcə öz fikrimdə möhkəmləndim: Ən demokratı Anardı! Ən humanisti Anardı! Azərbaycanın bu nəhəng yazıçısını doğum günü münasibətilə təbrik edir, təbiətdən ona möhkəm can sağlığı, uzun ömür arzulayıram! Çox yaşayın, Anar müəllim!"

***

Ədəbiyyatımızda on iki vərəqlik yer

Ötən həftə alovlanan polemika gənc şair Rəvan Cavidin müdaxiləsi ilə öz arealını genişləndirdi. Seymur Baycan, Zamin Hacı, Mirmehdi Ağaoğlu üçbucağının yeni tərəfi törədi. Dördüncü bucağı törəmə bucaq adlandırsaq, gərək Rəvan Cavidə də törəmə şair deyək. Amma yox, olmaz... Dostum başını çoxdan başlara qoşub, artıq o törəmə deyil, ana "liniya"nın hissəsinə çevrilib.

Xatırlatma üçün qeyd edim ki, S.Baycan M.Ağaoğlunun Xocalıdan qələmə aldığı reportajının dil-üslub xüsusiyyətlərini tənqid etmiş, Z.Hacı ilə Ş.Ağayarı da Mirmehdinin gözünə qatmışdı. Sonrası belə oldu ki, Z.Hacı S.Baycanı "Füzuli ermənisi" adlandırdı, M.Ağaoğlu isə onu nəsli kəsilmiş mamontlarla müqayisə etdi. İndi də Rəvan dostum S.Baycan haqqında "Erməni budaq cümləsi" adlı bir yazı yazıb. Yazıda deyilir: "Seymur Baycan sonuncu "yeni" yazısında Mirmehdi Ağaoğlunun Xocalıdan reportajının timsalında guya müasir Azərbaycan ədəbiyyatının dil qüsurlarını, Anadolu türkcəsinin dilimizə vurduğu ziyanları yazıb. Əvvəlcə onu qeyd etmək mütləqdir ki, M.Ağaoğlunun məlum reportajı Seymur Baycanın ədəbiyyatımızda on iki vərəqli dəftər qədər yer tutan yaradıcılığından böyükdür. Həqiqətən, Seymurun orijinal mətni yox səviyyəsindədir..."

Amma on iki vərəqlik yer o boyda ədəbiyyatımızda məgər azdı ki? Adam var, üç sətir yer tutmayıb. Məncə, Türkiyədə ölçü vahidlərini qarışdırmısan...

***

Şahbaz Xuduoğlu, siz bir müddətlik buraları tərk edin!

"Qanun" nəşriyyatının direktoru Şahbaz Xuduoğlu Londonda üç gün davam edən kitab sərgisində olub. Təəssüratının cüzi hissəsini feysbuk hesabında paylaşan naşir yazıb ki, özünü bu çevrədə suda balıq kimi hiss edib: "London Kitab Sərgisində bir məsələni özüm üçün tam aydınlaşdırdım. Burda insanlar yalnız həqiqətən narahat olduqları məsələ ilə bağlı danışırlar. Kitabla bağlı bəzi məsələlər var ki, Avropa kitab sektorunu həqiqətən ciddi narahat edir. İlk sırada gələn Süni intellekt və tərcüməçilik məsələsidir ki, hər yerdə, hər görüşdə ondan danışılır".

Süni intellekt tərcümə işinin sıradan çıxarmasına gətirib çıxaracaq. Bəlkə də uzun illər sonra ümumiyyətlə yazmağa ehtiyac qalmayacaq. Süni intellekt yazıçıları da yoxa çıxaracaq.

Şahbaz bəy səfərdən qayıdandan sonra paylaşımında qeyd edib ki, ölkə xaricində olanda Bakıdakı işlər axsamayıb, kollektiv çox yaxşı fəaliyyət göstərib, nəzərdə tutulandan daha çox kitab çap olunub: "Doğrusu, çox sevindim, hətta ağlıma gəldi ki, bəlkə, bir aylıq harasa gedim və çapını gözləyən çoxlu kitablar da işıq üzü görsün".

Bir aydan bir qayıtmaq şərti ilə, gedin, Şahbaz bəy, görək, nə edə bilirik.

 

***

 

Dünən yazılıb bu gün çap olunan hekayə

O günlərdə Ruzbeh Məmməd bir status paylaşdı: "Kəndin dəlisi" adlı hekayəni bitirmişəm. Başlayanda deyirdim öldürməyəcəm, axırda tərsliyim tutdu, sevdiyim obrazı öldürdüm. Heç belə kövrəlməmişdim".

Statusun sonuna gülüş işarələri də əlavə etmişdi. Bu statusun ötürdüyü impulsdan hiss olunur ki, hekayə Ruzbehin içindən keçməyib, o, nasir kimi yazdığı ilə təkliyə çəkilə bilməyib, hər şeyin fövqündə dayana bilməyib, birmüddətlik qınına çəkilməyi bacarmayıb, özü ilə, obrazları ilə söhbət etməyib, baş-başa qalmayıb, bu hekayə onun köksündəki təlatümdən doğmayıb. Əksinə olsaydı, ömründə elə status paylaşmazdı.

Statusu yazandan bir gün sonra hekayə "Kulis"də yayımlandı. Nə olub? Nə xəbərdi? Nə qaçhaqaçdı? Mətni dincə qoymayan yazıçı öz tələskənliyinə məğlub olur. Ruzbeh bu hekayəni neçə nəfərə oxutdu? Neçə dəfə redaktə elədi? Redaktə üçün kimə verdi?..

Hekayəni oxuyandan sonra təəssüfləndim. Dil xətaları o qədər çox idi ki, hekayənin bir yerində istədim, ümumiyyətlə oxumayım, yarıda saxlayım. Dramaturgiya, hadisələrin cərəyanı, keçidlər qəti alınmadığından dil xətalarını da gözardı eləmək mümkün olmadı.

Başqa bir məsələ: müzakirədə Sevinc Elsevər bu hekayəni bəyəndiyini yazıb. Ümumiyyətlə, elə adamlar var ki, hər şeyi bəyənir. Nə haqda soruşsan, deyir əladı. Nə oxutdursan, deyir, mükəmməldi. Sevinc Elsevərin son reaksiyaları da əsas verir ki, onu da "hər şeyi bəyənənlər" kateqoriyasına aid edək.

***

Bakıda da əyalət şairi olmaq olur

Daim ədəbiyyatda əyalət-paytaxt çək-çeviri gedib, bu gün də davam edir. Müqayisələr aparılır, müxtəlif qənaətlər yaranır, "hökmlər" verilir. Həqiqi ədəbiyyatın rüşeymlərinə bələd olanlar üçün isə belə bir bölgü yoxdur.

Şair Elşən Əzim bu barədə yazır: "İndi paytaxtda və bölgədə yaşayan bəzi adamların şüur, təfəkkür, ədəbi zövq, intellekt səviyyəsinə görə qruplaşmalarına baxıram və aşağıdakı qənaətə gəlirəm: dövrümüz üçün sənətdə əyalət məsələsi coğrafi məsələ deyil, təfəkkür, şüur, zövq və intellekt məsələsidir. Yəni Bakının mərkəzində əyalət şairi də ola bilərsən, ölkənin ucqarında ciddi ədəbiyyat adamı da".

***

Təzə nə var?

Rafiq Tağının "Fərqanə" hekayələr kitabı "Alatoran" nəşriyyatında çapdan çıxıb. Ruhu şad olsun... Üzünü görmədiyi nəsil də R.Tağını sevgi ilə xatırlayır. Onun qardaşı İlqar Tağı əsl etibar, sadiqlik mücəssiməsidir. R.Tağı dünyasını dəyişən gündən qardaşının ədəbi irsinin təbliği ilə məşğuldur.

Kədərlidir, görəsən, bundan sonra da belə vəfa sahibləri olacaq?***

"Qarabağ"ın azarkeşləri arasında yazıçı-şairlər də çoxdur. "Bayer" - "Qarabağ" oyununun həyəcanını yaşayan yazıçılar qarşılaşmadan əvvəl vədlər vermişdilər. Mübariz Örən yazmışdı ki, "Qarabağ" bu gün udsa, bir hekayə məndən! Futbol hekayəsi!" Azad Qaradərəli də buna oxşar paylaşım etmişdi. Yazıçının pulu hardandır, "şot" yazsın? Uzaq başı hekayə söz verib mərc edə bilər.

"Qarabağ" uduzdu, amma Xəyyam Rəfilinin rəyi yerinə düşdü: "Sənətkar, bu məğlubiyyətdə daha çox hekayə materialı var, məncə".

"Qarabağ" hekayəyə layiq məğlub oldu...

***

Şair Ümid Nəccarinin şeirlər kitabı Britaniyada işıq üzü görüb. Uğurdur, davamlı olsun!

***

Qan Turalı yazır: "Ekrana yaxın əyləşin, "Gündəlik" başlayır. Sonra da "Diqqət mərkəzi"ndə olacam. Səhər saat 10-dan ziyalı fəaliyyətilə məşğulam. Qaranəfəs olmuşam. Heç Mirzə Cəlil bu qədər işləmirdi".

Yorma özünü, nə məcburdu axı?!

***

Son vaxtlar məzmunsuz televiziya proqramları daha çox tənqid atəşinə tutulur. Həmid Herisçi də məsələyə belə münasibət bildirib: "Azərbaycan TV-ləri Həmidsiz, İlhamiyyəsizdir. Xoşqədəmli, Zaurlu, Elgizlidir..."

***

Cavid Qədir "Telegram" kanalı yaradıb, adı da belədir: "Redaktorun gündəliyi".

Gündəliyində özünü limon kimi sıxıb yazıçı düzəldənlər barədə yazıb: "Bir məsələni nəzərə almaq mütləqdir ki, yazıçılıq diplomatiya deyil, sözdən əsər toxumaq iplikdən xalça toxumağa, yaxud diplomatiyanın "priyom"larını öyrənməyə bənzəməz. Doğrudur, istənilən sahədə savad böyük önəm kəsb edir. Amma istedad da lazımdır axı... Ədəbiyyatda mövzu sayı məhduddur. Cəmi otuz altı dramaturji situasiya var. Yəni bizdən əvvəl eninə uzadıb uzununa yazıblar, əksinə uzadıb eninə yazıblar. Orijinal bir əsər, yazı, mətn ortaya qoymaq igid istəyir".

Bədgüman olmağa dəyməz: "İgidlərin çoxdu sayı bu yerdə!"

 

Hazırladı: Nadir YALÇIN

525-ci qəzet .- 2024.- 16 mart, №50.- S.13.