Yayına
Özümə
söz verdim, özüm unutdum.
Öz sözüm
özümün xoşuma gəlmir.
Ağlıma gələnlər
başıma gəldi.
Nə gəlir,
düz gəlir, boşuna gəlmir.
Niyə
tanımadım özüm-özümü?
Niyə öz
üstümdən çəkdim gözümü?
Özümə
dediyim o son sözümü
Ağlımdan
çıxartmaq huşuma gəlmir.
Bu necə
ömürdü, həsrətə dözür,
Kədəri, qüssəsi
qəlbimi üzür.
Tale üz döndərib
uzaqda gəzir.
Önümdə
dayanmır, qarşıma gəlmir.
Əyri axtarırsan,
hərdən düz olur,
İnsan bir-biriylə
çox üz-göz olur.
Söz sözə
toxunur, söhbət söz olur.
Bax hələ də
ağlım başıma gəlmir.
lll
Hələ ümidimi
itirməmişəm.
Səni axtaracam xatirələrdə.
Hələ son
sözümü bitirməmişəm,
Səni axtaracam xatirələrdə.
Mənim xəyallarım
divanə idi,
Sən isə onlara
biganə idin.
Bax onda ən gözəl
zəmanə idi,
Səni axtaracam xatirələrdə.
Şəklinə
baxanda canımı yaxır,
Qəlbimdən
boylanır, gözümdən baxır.
Fikrimi
çaşdırır, ağlımdan çıxır.
Səni axtaracam xatirələrdə.
Arzular, istəklər
sahibsiz qalıb,
Kimsəsiz
böyüyüb, köməksiz qalıb.
Səndən ürəyimdə
bircə iz qalıb,
Səni axtaracam xatirələrdə.
Qalib
ŞƏFAHƏT
525-ci qəzet .- 2024.-
19 mart, №51.- S.15.