Gülləndim, yollandım, telləndim
Cəmi altıca bahar, cəmi altı...
Atam,
qalan Novruzu anama tapşırıb getdi,
getdi, birdəfəlik getdi.
Anam
ondan sonra düz otuz dörd bahar aldı mənə,
saçıma taxdım,
üz-gözümə çəkdim,
əynimə geydim getdim bayrama...
Çöl bayrama,
yol bayrama,
dil bayrama çəkdi məni...
Gülləndim,
yollandım,
dilləndim.., tel-tel olub telləndim,
bir az da lovğalanıb yelləndim...
dedilər, nə şirin qızdı bu!..
Sonra
özüm bayram yaratmağı öyrəndim..,
evim üçün,
elim üçün,
balam üçün,
dünyamız üçün...
Artdı, çoxaldı bayramlar,
kainatın hər nöqtəsinə
bayram mesajları getdi,
bayramlaşdı planetlər,
bayrama döndü yer üzü...
Üzlər, gözlər sevindi,
sözlər bayram yazdı,
dillər bayram oxudu...
başdan-ayağa bayram qoxudu dünya,
bəxtəvər oldu insanlar...
Ən yaxşı yerdi xatirən
Dağılıb hər tərəfə,
Otaqla birdi xatirən.
Səni duyub düşünməyə,
Ən yaxşı yerdi xatirən.
Bir az nəmdi, bir az soyuq,
Qaya kimi oyuq-oyuq.
Keşikdəyəm ayıq-sayıq,
Sərhəddi, sirdi xatirən.
Bir yer varmı ki, getməyə,
Gedib ibadət etməyə.
Çöl sazaqdı, isinməyə,
İçimdə qordu xatirən.
Dinlə deyim kiməm, nəyəm,
Yerəm, yurdam, kökəm, soyam.
Sahibi itmiş ürəyəm,
Üstə möhürdü xatirən.
Sıfırdan aşağı
Sıfırdan başlamaq,
hər şeyi sıfırlamaq,
sonra nə varsa, bütöv almaqdır,
Sıfırdan başlamaq özün olmaqdır...
Sıfırlanmaq,
gözdən düşmək,
sıfra vurulub bölünmək,
sıfırdan yıxılmaqdır...
Sıfırlamaq,
silmək, yox etmək,
qalan nə varsa itirib batırmaqdır.
Sonra da
ardınca dərin bir köks ötürüb
rahat nəfəs almaqdır...
Sıfırdan aşağı
həddi də var həyatın, birdənəm,
gəl gedək,
gedək üzmək öyrənək!
Mən səni bir çiçək ətrinə
sevdim
Mən, səni gecənin qaranlığında,
Ruhumun yenilməz gücünə tapdım.
Tapdım, "buldum" - dedim, "ovundum -
dedim,
Tapdım, "şükürləndim, sevindim"
dedim.
Dedim, belə imiş sevgilər yəqin,
Bir yanı gecəymiş, bir yanı gündüz.
Neçə yol dolanır eşqin başına,
Bircə yol ayrılır eşqdən dümdüz.
Mən səni bir qəlbin xarabasında,
Mən səni bir mələk simada sevdim.
Bir çimdik duz kimi, bir içim su tək,
Bir udum hava tək tapdım da sevdim...
Bir sabah yelinin nəvazişində,
Mən səni bir çiçək ətrinə
sevdim.
Bir ana gözündə görüb tanıdım,
Ata öyüdündə sevdim də sevdim...
Mən niyə bilmədim, niyə bilmədim
Bir gün tapılanın itməyi varmış.
Bu boyda xoşbəxtlik bir ömrə sığmaz,
Ya şər qarışanda, ya bir dan üzü,
Gələnin yığışıb getməyi
varmış.
Mən niyə bilmədim, niyə bilmədim,
Ta məni çiçəklər xoşbəxt eləməz...
Getdi çiçəklərin tələbə
vaxtı,
Getdi çiçəklərin qələbə
vaxtı...
Şahnaz Şahin
525-ci qəzet .- 2024.-
19 mart, ¹51.- S.15.