"Şeirim də öz gəlişimdir..."

 

Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair-publisist Yusif Nəğməkarın mənə bağışladığı "Sevgi məbədi", "Mən Vətənə oxşayıram" şeir kitabları masamın üstündədir. Akademik Nizami Cəfərovun Xalq şairi Nəriman Həsənzadəyə həsr etdiyi məqalədə işlətdiyi bir ifadə yadıma düşdü: "Şairlik də diplomatiyadır". Və öz-özümə düşündüm, görəsən, Yusif Nəğməkar necə diplomatdır?!

Elə diplomatiya deyəndə söz anlaşılır. Söz barədə söz adamları çox deyib. Yusif Nəğməkar üçün hikmət daşımayan söz ölüdür:

Sözün hikmətdir gülü,

Hikməti yox söz ölü.

Şairin 20-dən artıq kitabı işıq üzü görüb. 1984-cü ildə "Gənclik" nəşriyyatında "Sazın işığı" adlı ilk şeirlər kitabı çap olunub. 2 il ondan sonra 1986-cı ildə "Yazıçı" nəşriyyatı tərəfindən çap olunan "Bilsəydim ayrılıqdır" adlı şeirlər kitabı oxucularına təqdim edilib. Sonrakı illərdə "Alın yazım", "Qələm səsi", "Bəsirət gözəli", "Nizami demiş", "Mələklər yuxusu", Milli qəhrəmanımız Çingiz Mustafayevə həsr olunmuş "Çingiz çini", "Altmışıncı yuxu", "Qurbannamə", "Haqqın qurbanı", "Vəslin edamı", elat həyatının təsviri verilmiş "Zal ağacı" və sair yuxusuz şair gecələrinin barı-bəhrəsi oldu.

Yusif Nəğməkar Azərbaycan şeirinə öz gəlişi ilə gələn şairdir:

Qəlbimin etiraf səsi -

Şeirim də öz gəlişimdir...

Həyatın müxtəlif tərəfləri olduğu kimi şairlər də həyatı müxtəlif tərəflərdən görə, duya, tərənnüm edə bilirlər. Yusif Nəğməkar yaradıcılığında məni özünə cəlb edən ilk təəssürat onun milliliklə bağlı yazıları oldu. Bütün imperiyaların ilk həmləsi milli şüurun üzərinə yönəlir. Və elə hər şey milli dillər üzərinə olan hücumla başlayır. Dilin müdafiəsini kimlərin həyata keçirməli olduğunu şərh edən Ulu öndər Heydər Əliyev vaxtında bu barədə demişdi: "Bu gün müstəqil bir dövlət kimi ən fəxr etdiyimiz bir də odur ki, bizim gözəl Azərbaycan dilimiz var. Azərbaycan dilinin formalaşmasında, inkişaf etməsində, bugünkü səviyyəyə çatmasında yazıçılarımızın, şairlərimizin, ədəbiyyatşünasların, dilçi alimlərin xidməti var".

Bəzən insanların xarakteri onların yerinə yetirdiyi missiya ilə açılır. Yusif Nəğməkarın Dövlət Televiziyasında çalışdığı illərdə "Bizim ellər yerindəmi" silsilə verilişlər aparıcısı olması özlüyündə çox şey deyir. Məhz bu verilişlərdə onun diaspor fəaliyyəti göstərən şair olması qənaətinə gəlirik. Ümumbəşəri dəyərlərin yolu milli təəssübkeşlikdən keçir. Yusif Nəğməkar milli təəssübkeş, türkçü şairdir.

Türkçülük qayəsi Yusif Nəğməkar poeziyasında təsadüfdürmü?! Yox! At belində, dəvə ovsarı əlində olan türk balasının yetkin yaşdakı bu şeirləri nə təəccüb doğurur, nə də heyrət. Arandan üzü dağlara köç edən, Laçının Mıxtökən yoxuşu ilə Kəlbəcərə - Sarıyerə çatıb yurt quran, tərəkəmə elinin ağır, sərt, torpağa bağlı həyatını dadan türk balasının türklüyü tərənnüm edən, şərqilərə çevrilən şeirlər yazmasında təəccüb yox!

Bu millilik onun yaradıcılığının müxtəlif guşələrindən boylanır, şairin yazılarında böyük mətləblərdən xəbər verir! Qlobalizasiya, inteqrasiya terminlərinin həyatımıza soxulduğu cağımızda boşanmalar kimi sosial problemlər şeir dili ilə çözülür, tutarlı cavab verilir:

Yurdun bir gülünü solduran oğlan

Bir qarış torpağın qoruya bilməz.

Şair gələcək yazılarını da bu məmləkətə mərd oğullar doğan güllərə - Azərbaycan qadınlarına həsr edəcəyini dilə gətirir:

Gül nəğmələr yazam gərək,

Gülün tale kitabına...

Yusif Nəğməkar poeziyası müdrik öyüdlərlə zəngindir. "Öyünmə gözəl..." şeirində gözəllərimizi lovğalığa, təkəbbürə yol verməməyə səsləyir:

Könül vermə bica yerə,

Lovğalığa, təkəbbürə...

Qəsdən rəvac verər şərə

Kim ki, nəfsinin quludur.

Yusif Nəğməkar oxucusunu düşüncələrə dalmağa vadar edən şairdir. O, xalqın milli ruhunu əks etdirən, elin-obanın dilində səslənən frazeologizmləri poetik bir dillə oxucusuna çatdırır. Elə misraları var ki, onları bəsirət gözü açıq, fəhmli oxucu duya və qiymətləndirə bilər:

Elə hönkürürəm səsim içimdə,

Bəsirət gözümdə selim görünmür.

Onun şeirlərində adət etdiyimiz təbiət təsvirləri, təbiət gözəlliyinin tərənnümü kimi ifadələrdən fərqli olaraq sərt türk-tərəkəmə həyatını dadan şairin həyat tərzi özünü göstərir:

Həsrət duman qalxır bu dağ sinəmdən

 

lll

 

Çıxmışam sinəmdə sinə dağıma,

Qəm dağ zirvəsində çən axtarıram.

"Dərd qurd tək yol tapdı örüşümüzə" poetik ifadəsini sərt tərəkəmə həyatını görmüş şair işlədə bilər. O boranlı-çovğunlu gecələrdə qurdla üzbəüz dayanan babalardan qalma bu söz, budeyimo həyatı dadmış Yusif Nəğməkar poeziyasında ola bilərdi və oldu da!

Düzənlər köksündə umu-küsülü

Təpələr tutuşdu, biz qovuşmadıq.

"Təbiət və insan ayrılmazdır" fəlsəfi fikrini poeziyaya gətirə bilmək, bu zaman oxucunu düşündürə bilmək hər şairə nəsib olmur. "Qəm atını" yəhərləyib minəsən, yola (üzəngiyə) qədəm basıb, yüyəni (payızı) ələ alıb şeir göndərəsən! Bu da Yusif Nəğməkar tablosu! Necə də Füzuli tablolarına oxşayır.

Payız-yüyən, yol-üzəngi,

Süvardır həsrətin rəngi...

Yəhərləyib qəm ahəngi

Çapar mehr göndərirəm

Sənə şeir göndərirəm.

Şairin, yazıçının şəxsi xarakteri onun yazılarındadır. Yusif Nəğməkar Allaha tapınan təvazökar şairdir:

Təbi mizan başqadır,

Yazı yazan başqadır.

Uca səslənən başqa -

Böyük Ozan başqadır!..

Digər bir poetik ifadə də "söz əkinçisi olub vərəq xırmanına məhsul daşıyan" və bu zaman yenə də "şeir yazmayan" təvazö timsallı şair görünür:

Mən bir söz əkinçisi,

Münbit yer sən, düzən sən.

Məhsulu səndən alıb

Bu vərəq xırmanına

Daşıyan mən, düzən sən.

Mən ki şeir yazmıram...

Yusif Nəğməkar Azərbaycan dilinin, nitq mədəniyyətimizin zənginləşməsində rolu olan şairdir. Xalqın milli ruhunun təcəssüm olunduğu frazeologizmlər və sinonimlərin şairin yaradıcılığında öz yeri var:

Buludlar gözündən axsa da sellər

Quşlar şeh dadacaq o su camından

"Yusif Nəğməkarın dili", "Yusif Nəğməkar poeziyasının dil-üslub xüsusiyyətləri" geniş tədqiqat mövzularıdır. Xalq deyimləri, zərb-məsəllər Yusif Nəğməkar şeirlərini bəzəyir, xalqın qan yaddaşının saxlanılması yolunda mühüm vasitəyə çevrilir: "Qış qapını kəsdirməmiş Soyuğunu közdən gördüm", "İçin xıltına baxmadım"...

Bunlar ayrıca bir tədqiqat mövzusu olsa da, qısaca bəzi elementləri məqaləmizdə təqdim etmək niyyətinə düşdük:

Daranıb, çəkilməyi yox,

Qıvrılıb, bükülməyi yox,

Çiyninə tökülməyi yox,

Nə tez qısa-lülə qaldı.

Yuxarıdakı bəndlərdə "daranmaq, çəkilmək", "qıvrılmaq, bükülmək" sinonim cərgəsi göz oxşayır. Bəzən də şairin özünəməxsus şəkildə yaratdığı sinonimlər yaddaqalan olur:

Ümid - xoş gün qazanası,..

Səhv addım - qəza zonası

Bir ömür nurdu ki sevgi

Atəşdi, qordu ki sevgi.

Yuxarıdakı "nurdu ki", "qordu ki" ifadələrində adətən bağlayıcı kimi qəbul edilən ki ifadəsi ədat yerində işlənərək şeirə xüsusi bir ekspressivlik qazandırıb. Uzaq uşaqlıq illərindən qulaqlarında sırğa etdiyi xalqın dilindəki deyimlər şairin yetkin yaşında qələmə aldığı misraların bəzəyinə çevrilib: "Fürsəti fövtə vermə" deyimi kimi:

Kövrək vağzalların çalınan fiti

Hicran qatarının açdı yolunu.

Hara yola saldıq onda fürsəti

Bağlayıb sevginin biz əl-qolunu?!

Yusif Nəğməkar maraqlı təşbehləri ilə də dilimizin zənginləşməsinə kömək edən şairlərdəndir:

Sevginin ayağı yer tutmayacaq,

Ürəyim üstündə yol yeriməsən.

Xalqın dilindəki "göz qəlbin aynasıdır" ifadəsi Yusif Nəğməkar poeziyasında özünəməxsus çalarlar qazanır:

Gözün içindəyəm, özgə nə güman?!

Ötüb "səbr elə"dən, keçibdir "döz"dən...

Sevgiyə açar olaraq, Yusif Nəğməkar öz poeziyasında sehrli dünya kimi başa düşülən "göz"dən istifadə edir. Şairə görə sevgi dünyasında qələbə yoxdur. Bu qələbənin yolu o sehrli dünyaya təslimiyyətdən keçir, sevginin qəlb üzərindəki qələbəsindən keçir. "Sevginin qalib bayrağı" şeirində ecazkar bir təvazökarlıq və səmimiyyətlə hələ sevgi şərbətini içmədiyini:

Necə anladaydım o gözlərə mən

Heç vaxt gözdən-gözə girmədiyimi?!

- deyərək, bu sevgi şərbətini dadmağa gecikdiyini dilə gətirir, təəssüflə dolu məsum bir sevgi tablosu yaradır:

Heyif, görməmişdim nahaq yerə mən

Orda indiyədək görmədiyimi!..

Yusif Nəğməkar poeziyasında məzmun və forma (ahəng) vəhdətdədir:

Bütün altuna baxmadım,

İçin xıltına baxmadım,

Üstün altına baxmadım,

Hər üzünü üzdən gördüm...

Yusif Nəğməkar poeziyamızda varislik ənənələrini yaşadan şairdir. Onun poeziyasından Dədə Ələsgərin "Həm aşiqəm, həm dərvişəm, həm dəli" misralarına uyğun gələn bir eşq dəlisi boylanır:

Yaxşı ki, yamanlar bizi ayırdı,

Yaxşı ki, hicrinlə hər an görüşdüm!..

"Olmayanda" rədifli şeiri Mövlana Cəlaləddin Ruminin "ölümdən sonra yaşam başlar" müddəasına uyğundur.

Yuxu kimi

mən olanda olmamışam,

olmayanda olacağam.

Başqa bir məqamda bu "eşq dəlisi" sevgisi yolunda sədaqət mücəssəməsi olan şairə çevrilir:

Mənimçün dünyada başqa çiçək yox...

Qeyri gözəllərin gözəlliyi kəm...

Mənimçün ayrı haqq, ayrı gerçək yox,

Səndən özgəsini sevə bilmərəm.

Yusif Nəğməkar ədəbiyyatımızdakı varislik ənənələrini qorumaqla yanaşı, yeni poetik deyimlər yaradan şairdir:

İnad köhləninə minmisən daha,

Əlindən üzülür əlim, ay gözəl.

Və yaxud

Səni yad gözlərdən qorumaq azmış,

Get ki, həsrətinə keşikçi qalım...

Təzadlar, ziddiyyətlər yaradan şairdir Yusif Nəğməkar:

Sevgim ürəyimin azadlığıdır,

Məni azadlığım əsir eləyib...

Y.Nəğməkar şeirlərində dialektik qanunlar, dünyanın ziddiyyətlərdən kənarda qalmaması fəlsəfi fikirlər həmişə öndədir. Şair dünyanı birtərəfli qəbul etmir:

Dünya da gözəl kimidir -

Vəfalıdır, vəfasızdır.

Bax, elə bu misralarda da dünyanı şərdən, ziddiyyətlərdən kənar bir gözəl görmək istəyən şairlərdən fərqli düşünərək, dünyanı bir filosof-şair kimi öz ziddiyyətləri ilə birgə qəbul edir.

Bu yazını Yusif Nəğməkar yaradıcılığına bir ötəri baxış hesab edirəm. Poeziyasının gələcəkdə monoqrafik tədqiqatlarda işıqlandırılacağına inanaraq,Y.Nəğməkara azad olmuş yurdumuzda lirik-fəlsəfi əsərlər yazmaq, o uludağlarımızdakı tərəkəmə-türk həyatından təzə-tər poeziya nümunələri yaratmaq yolunda uğurlar diləyirəm.

 

Nağdəli KEŞTƏKLİ

ATU-nun dosenti, Nəsimi adına Dilçilik İnstitutunun dissertantı

525-ci qəzet .- 2024.- 19 mart, №51.- S.14.