Qaliblərinə və iştirakçılarına yeni perspektivlər açan "Yüksəliş"

 

"Yüksəliş" müsabiqəsi ölkədə yeni nəsil idarəçilərin aşkara çıxarılması, perspektivli idarəçilərin dəstəklənməsi və təşviqi baxımından çox faydalı, eyni zamanda, şəffaf mexanizmə əsaslanan "sosial lift" layihəsi hesab edilir. Bu, istedadlı kadrların seçilməsi, inkişaf etdirilməsi üzrə müsabiqədir. Bu müsabiqə iştirakçılara kadr ehtiyatının inkişafı proqramında iştirak etmək, ölkənin gələcəyini quracaq şəxslərdən biri olmaq imkanını qazandırır. "Yüksəliş" peşəkar təlimlər üçün qrant qazanmaq, idarəetmə bacarıqlarınızı hərtərəfli inkişaf etdirmək, əvəzolunmaz əlaqələr qurmaq, vahid komandanın üzvü olmaq üçün qaçırılmayacaq fürsətdir. Onun ilkin seçim mərhələlərindən uğurla keçən yarımfinalçılara peşəkarlarla görüşmək, finalçılara şəxsi inkişaf planları əldə etmək, qaliblərə isə idarəçi rəhbərlərlə çalışmaq imkanı yaranır.

Gənclər və idman naziri Fərid Qayıbovun sözlərinə görə, "Yüksəliş" müsabiqəsinin əsas məqsədi potensiallı kadrların aşkarlanması, dəstəklənməsidir: "Müsabiqə bir neçə mərhələdən ibarətdir. Bu mərhələlər həm maraqlı, həm də həyəcanvericidir. Bütün bu amillər bizim iştirakçılara idarəetmə alətləri, yeni biliklər, yeni əlaqələr qazandırır. Bütün bunlar gözəl fürsətdir. "Yüksəliş" müsabiqəsi intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə yaradılıb. Bu baxımdan, idarəçi rəhbər şəxslərə, liderlərə xas xüsusiyyətlərin qiymətləndirilməsinə xüsusi diqqət yetirilir. Nəticəyə yönəlmə, kommunikasiya, işin icra edilməsi, komanda işi, sosial məsuliyyət, innovativ yanaşma kimi liderlik xüsusiyyətləri qiymətləndirilir. Eyni zamanda, ümumi dünyagörüşü, məntiq, riyazi təhlil, sürətli düşünmə, büdcənin idarə edilməsi, sosial intellekt, layihələrin idarə edilməsi kimi bilik və bacarıqlara da önəm verilir. Öncəliklə, gənclər təhsillərinə diqqətlə yanaşmalı və bununla yanaşı mütaliəyə və şəxsi inkişafa - dil biliklərinin artırılması, müxtəlif proqram və kurslar vasitəsi ilə əlavə biliklərin əldə olunması və s. xüsusi önəm verməlidirlər. Məqsədlərinə doğru əmin addımlarla irəliləməli və ruhdan düşməməlidirlər. Bununla yanaşı, onlar sevdikləri və faydalı olduqları sahədə çalışmalı, öz karyeralarını həmin sahədə qurmalıdırlar. İşin və karyeranın yalnız şəxsi təminat, fərdi yüksəliş üçün deyil, eyni zamanda, cəmiyyət və ölkəyə faydalı olmaq üçün qazanıldığını anlamalıdırlar. Müsabiqənin hər bir mərhələsi müxtəlif bilik və bacarıqların ölçülməsinə yönəlib. Hər bir mərhələdən sonra siz yüksək və aşağı nəticə göstərdiyiniz istiqamətləri görə bilirsiniz və özünüzü hansı istiqamətdə inkişaf etdirəcəyinizi öyrənirsiniz. Bu müsabiqə həm də yeni tanışlıqlar qazanmaq, öyrənmək və öyrətmək üçün çox yaxşı platformadır".

Energetika naziri Pərviz Şahbazov Prezident İlham Əliyevin Sərəncamı ilə yaradılan və dəstəyi ilə həyata keçirilən "Yüksəliş" müsabiqəsinin ölkədə peşəkar kadr potensialının aşkara çıxarılması istiqamətində əhəmiyyətli təşəbbüs olduğunu qeyd edib. Nazir "Yüksəliş" müsabiqəsinin milli və dövlətçilik dəyərlərimizə, qanunlara hörmətlə yanaşan, üzərinə düşən vəzifəni vicdanla yerinə yetirən, bu meyarları əsas tutan perspektivli rəhbər şəxslərin müəyyən edilməsi istiqamətində ümidləri doğruldacağına əmin olduğunu vurğulayıb.

Bu günlərdə dördüncü "Yüksəliş" müsabiqəsinin qeydiyyat mərhələsinə start verilib. Müsabiqədə iştirak etmək istəyən namizədlər www.yukselish.az rəsmi internet səhifəsində "Şəxsi kabinet" yaratmaqla və qeydiyyat formasını doldurmaqla qeydiyyatdan keçə bilərlər.

Gənclər və idman nazirinin müavini, "Yüksəliş" müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyevin sözlərinə görə, qeydiyyat mart ayının sonunadək davam edəcək: "Müsabiqə qeydiyyat, onlayn, əyani, yarımfinal və final olmaqla 5 mərhələdən ibarətdir. Ötən illərdə baş tutan müsabiqələr üçün qeydiyyatdan keçmiş şəxslər isə "Şəxsi kabinet"lərinə daxil olaraq qeydiyyatlarını təsdiq edə bilərlər".

Fərhad Hacıyev əvvəlki müsabiqələrin statistikasını diqqətə çatdırıb: "İlk müsabiqədə qeydiyyat üçün 11 min 760 nəfər müraciət edib, onlardan 9 min 775 nəfər müsabiqəyə qəbul edilib. Müsabiqənin yekunlarına əsasən 27 qalib seçilib. İkinci "Yüksəliş" müsabiqəsinə qeydiyyatdan keçən 12 min 299 nəfər iştirakçıdan isə 22-si adını qaliblər siyahısına yazdırıb. Üçüncü müsabiqə üçün qeydiyyatdan keçən 13 min 474 namizəd arasından isə 22 nəfər qalib müəyyənləşib".

O bildirib ki, dördüncü "Yüksəliş" müsabiqəsində əvvəlki illərdən fərqli olaraq onlayn imtahan mərhələləri qismən azaldılıb. Müsabiqənin ilk mərhələsi onlayn formatda DİM-də həyata keçiriləcək: "Bu il baş tutacaq müsabiqədə 10 mindən artıq vətəndaşın iştirakı gözlənilir. Ümumi biliklərin yoxlanıldığı ilk mərhələ onlayn olsa da, digər mərhələlər əyani surətdə baş tutacaq. Final mərhələsində də ötən müsabiqələrdən fərqli olaraq yeni qiymətləndirmə metodologiyası tətbiq olunacaq".

Fərhad Hacıyevin dediyinə görə, "Yüksəliş" müsabiqəsində 21-51 yaş aralığında namizədlərin iştirakı nəzərdə tutulsa da, 31-41 yaş aralığında iştirakçılar daha çox yer alır: "Lakin 22 yaşında qalibimiz, 51 yaşında finalçımız olub. Qalib olmaq yaşa yox, potensiala bağlıdır".

Üçüncü "Yüksəliş" müsabiqəsinin qalibi, Təhsilin İnkişafı Fondu İdarə Heyətinin sədr müavini Xanım Daşdəmirova deyir ki, "Yüksəliş" müsabiqəsinin iştirakçılar üçün biliklərini sınaqdan keçirmək və öz potensialını daha yaxından görmək, özünü daha da təkmilləşdirmək baxımından bir imkandır: "Yüksəliş" müsabiqəsinin Prezidentin sərəncamı ilə həyata keçirilməsi mənim üçün bir stimuldur. Belə mötəbər müsabiqədə iştirak etmək və Zəfər tarixinin yaşandığı dövrdə qalib gəlmək mənim üçün qürurvericidir. Onu da deyim ki, Zəfər tarixinin verdiyi qürur hər bir vətəndaşın üzərinə düşən işi daha məsuliyyətlə yerinə yetirməyi və daim özünü təkmilləşdirməyi ehtiva edir. Mənim üçün də "Yüksəliş" biliklərimi sınaqdan keçirmək və öz potensialımı daha yaxından görmək, özümü daha da təkmilləşdirmək üçün bir imkan idi. Əldə etdiyim bilik və bacarıqların, o cümlədən, çalışdığım müxtəlif şirkətlərdəki təcrübələrimin "Yüksəliş"də necə sınaqdan keçəcəyini görmək mənim üçün maraqlı idi. Həmçinin "Yüksəliş"in Mentorluq proqramı diqqətimi cəlb edirdi. Daha öncə ikinci "Yüksəliş" müsabiqəsinə qoşulmuşdum, final mərhələsinə kimi gəlib çatmışdım. Finalçı olmaq üçün sadəcə 2 balım çatmırdı. Final mərhələsində qalib ola bilməsəm də, həvəsdən düşmədim. Daha əzmlə çalışaraq növbəti müsabiqədə qalib olmağı bacardım".

Xanım Daşdəmirova qeyd edib ki, müsabiqə ərzində onun üçün ən maraqlı mərhələ elə final olub: "Bu mərhələdə tapşırıqların daha çətin olması, komanda üzvləri ilə olan aktiv müzakirələr finala xüsusi maraq qatırdı. Həmçinin müsabiqə çərçivəsində emosional zəka, liderlik, qərarvermə bacarığının yoxlanılmasına istiqamətlənmiş mərhələ ən bəyəndiyim xüsusiyyətlər arasındadır. Layihələr sahəsindəki bilik və çoxillik təcrübə bu mərhələni uğurla keçməyim üçün mənə çox kömək oldu. Xüsusi çətinliyi ilə fərqlənən mərhələ olmadı. Hər bir mərhələ özünə görə maraqlı və spesifik idi. Nisbətən çətin riyazi mərhələ idi, o da vaxt baxımından bir az çətinlik yaradırdı. Lakin məktəb dövründən riyaziyyatdan, necə deyərlər, güclü olmağım köməyimə çatdı. Bu səbəbdən hər iki il yüksək nəticə ilə bu mərhələni tamamlaya bildim".

Xanım Daşdəmirova özünə güvənən hər kəsi dördüncü "Yüksəliş" müsabiqəsinə qoşulmağa səsləyib: "Təhsilin İnkişafı Fondu İdarə Heyətinin sədr müavini olaraq bu qurumda çalışmaqla təhsilin insan həyatının uğurlarının əsas açarı olduğuna bir daha əmin oldum. Bu baxımdan hər kəsə daim öz üzərində işləməyi, ömürboyu öyrənməyə sadiq qalmağı tövsiyə edirəm. Bununla yanaşı, zəhmətkeşlik, məqsədyönlülük, həvəsdən düşməmək, qətiyyətli olmaq, öz potensialını düzgün qiymətləndirmək və sevdiyin işlə məşğul olmaq, öz daxili səsini eşitmək, cəhd etmək və hər cəhdi bir təcrübə kimi qəbul etmək vacibdir. Bütün bu məqamlar yeni uğurlar qazanmağa təkan verir: "Müsabiqəyə qoşulmaq istəyənlərə demək istərdim ki, mütləq iştirak etsinlər. Çünki bu müsabiqə öz potensiallarını göstərmək üçün çox gözəl fürsətdir və insana inanılmaz təcrübə verir".

"Yüksəliş" müsabiqəsi əmək bazarında yüksəlmək istəyən hər bir peşəkar üçün irəliyə doğru böyük bir addımdır. Bu baxımdan müsabiqənin hər mərhələsi yeni imkanlar yaradacaq.

 

Sevinc QARAYEVA

525-ci qəzet .- 2024.- 19 mart, ¹51.- S.13.