Bahar şükranlığı

 

Esse

 

 

Hər il bu vaxt köhnə dünyamız təzə gəlin kimi xınalanır, bəzənir. Hər tərəf cənnəti xatırladır, əllərdə səmənilər, təzə tər çiçəklər könül açır, göz oxşayır. Təbiət özü də sanki ilham alır öz gözəlliyindən. Bənövşələr kol dibindən ürkək-ürkək boylanır, nərgizlər daha şövqlə ətrafı öz ətrinə bürüyür... Günəş şüasının təmasından yuxulu gözlərini nazla açan tumurcuqlar bəhs edirmiş kimi partlaşır, yaz günəşini salamlamağa can atır...

Hər fəslin öz gözəlliyi olsa da, bahar fəslini Tanrı sanki qüdrətinin, feyzinin ən üstün çağında yaradıb. Qəlibsiz, ölçüsüz icad edib. Müşklə, ənbərlə, rənglərin bütün çalarlarıyla bəzəyib. Elə parlaq, elə şaqraq yaradıb ki, göz önündə hikmət dolu bir mənzərə, bir rəsm sərgisi canlanır. İlahi bir sərgi!

Yumulugöz bənövşələr, iri alagöz nərgizlər, yanaqlarından qan daman, göyçək xallı lalələr...

Ağacların şişmiş tumurcuqları elə üsyankarlıqla partlaşıb-çırtlaşır ki, sanki hansısa canlının içəridə nəfəsi daralır, bu gözəlliyə baxmaq üçün dünyaya çıxmağa can atır.

Amma əfsus ki, bu gözəlliyin fərqində olmayanlar olanlardan çoxdur. Hansı fəsildə olduğuna önəm vermədən, yoxluğa, ölümə doğru tələsənlər var... Adəm övladından fərqli olaraq, Tanrının sadiq canlıları olan vəfalı qaranquşlar öz şükür cikkiltiləri ilə bahar müjdəsini gətirməkdədilər. Bahar fəsli Yaradanın sevə-sevə yaradıb bizlərə bəxş etdiyi sevib-sevilmək, murad, macəra, vüsal aylarıdır...

Bəlkə də bu səbəbdən göz dolusu gözəlliyin sezilməz bir qübarı olur. Ağlaya-ağlaya gəlib, tələsə-tələsə ölümə gedənlərin arasında laləyanaqlı, bənövşəgözlü, şəlaləsaçlı təbiət gözəli ilə bir vaxtda - baharla eyni çağlarda dünyaya göz açıb gələnlər də var, gedənlər də. Kimisi piyada, kimisi süvari. Kimi yeyin gedir, kimi asta. Kimisi sağlam gedir, kimisi xəstə. Kimi mışıl-mışıl süd qoxulu ana qoynunda gedər, kimi hüznlü doğmalar çiynində gedər...

Gedənlərin arasında öz işinin ustadı var, can alanı, cəlladı var. Kimi də kürəyində ağır qəm yükü aparar, belinin əyildiyini kimsələr duymaz, dilinin zikrini kimsələr anlamaz...

Bax, həmin qəm yükü çəkənlər də bu İlahi gözəlliyi görənlər, dilindən, zehnindən şükranlıq çəkilməyənlərdir. Bu gözəlliyə biganə olanlar isə, yaranışın yox, yaşayışın fərqində olanlardır.

Bu sətirləri yazdıqca qulağımda qədim bir mahnının həzin melodiyası səslənir və qeyri-ixtiyari bu misraları pıçıldayıram:

 

Sübh-səhər bağa girəndə,

Gülün qönçəsin dərəndə.

Zərif bir çələng hörəndə,

Şeh düşə dən-dən üstünə.

 

Xəyalında yarın üzün

Görüb, dolar qara gözün.

Xatirələr düzüm-düzüm,

Axışar birdən üstünə.

 

Toxunar hər söz qəlbinə,

Əzab verər öz qəlbinə.

Həsrət salar köz qəlbinə,

Dərd yağar göydən üstünə.

 

Və...

Bütün bunları mənə yazdıran mavigözlü, bir az yuxulu, bir az şəfəqli, bir az xəfif rayihəli, qız kimi həyalı, tül rübənd arxasından boylanan dan yeridir.

Nə gözəldi erkən sabahı salamlamaq.

Bütün dünyəvi ehtiyacları unudub, Yaradanın bu gözəlliyinə şükürlə baxmaq, baxan gözlərimizin ultra gözəlliyi sezməyimiz və aldığımız auranı ətrafdakılara ötürməyimizdən gözəl hiss varmı?!

Bütün bu gözəllikləri bizə bəxş edən Allahımıza şükürlər olsun!

 

Əfşan YUSİFQIZI

525-ci qəzet .- 2024.- 19 mart, №51.- S.12.