Azərbaycana könül gözü ilə bağlı elm-maarif xadimi

 Professor Ədhəmbəy Alimbekovun 70 yaşına

 

2013-cü ildə AMEA-nın müxbir üzvü, professor Nüşabə Araslı ilə birlikdə Özbəkistana - Əlişir Nəvai xatirəsinə həsr olunmuş beynəlxalq elmi konfransa dəvət edilmişdik. Bizi Özbəkistan Yazıçılar Birliyinin Beynəlxalq əlaqələr və bədii tərcümə şöbəsinin müdiri, professor Ədhəmbəy Alimbekov qarşıladı və Daşkənd yaxınlığındakı Dormon yaradıcılıq evinə gətirdi. Gözəl bir bağın içində şair və alimlər ocağının ruh havası, müxtəlif növ bərəkətli ağacları, gülü-çiçəyi, quşların bu gözəllikdən vəcdə gələn cəh-cəhi belə bizi valeh etmişdi. Nüşabə xanım "belə yerdə yaşayıb yazmamaq özü günah olar", - deyə təbiət qoynunda salınmış bağa heyrətini gizlətmədi. Klassik ənənəyə uyğun olaraq bağın dörd bir tərəfindən çay axırdı, bu da  bir ayrı heyranlıq idi.

Bu gözəl məkanda cəmi bir gün qaldıq və səhəri şəhərə - Daşkəndə elmi konfransa gəldik. Bütün səfərimiz boyu bizə sonsuz qonaqpərvərliklə xidmət göstərən bu şəxs səmimiyyəti, alicənablığı ilə də yadımızda, yaddaşımızda dərin iz qoydu.

Ədhəmbəy Alimbekov söhbəti zamanı Azərbaycanı dərin məhəbbətlə sevdiyini, onu tarixi, coğrafiyası ilə ruhuna bağlı bir türk yurdu olmasını dönə-dönə etiraf edirdi. Sonralar bir neçə dəfə Azərbaycana gəldi. Doğrudur, biz onun etdiklərinin yüzdə bir qarşılığını ödəyə bilməsək də, birlikdə iştirak etdiyimiz kitab təqdimatı və konfranslarda ehtiram sayğımızı bildirirdik.

Bu il o böyük elm-mərifət sahibi olan professorun 70 illik yubileyi günləridir. Qısa bir tanıtım xarakterli yazı ilə sizlərin də onu yaxından tanımanızı istədik.

Ədhəmbəy Alimbekov (Adhambek Alimbekov) 1954-cü il 11 aprel tarixində Özbəkistan Respublikasının Çimkənd vilayətinin Bugün rayonunun "Kommunizm" (indiki "Qoşdəyirman") kəndində anadan olub.

Ədhəmbəy Alimbekov 1971-ci ildə Həmzə adına 30 saylı orta məktəbi əla qiymətlərlə - Qızıl medalla bitirərək Daşkənd Dövlət Universitetinin filologiya fakültəsinə daxil olub. 1976-cı ildə Universiteti Fərqlənmə diplomu ilə müvəffəqiyyətlə bitirib, aspiranturada təhsilini davam etdirib. 1982-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsi alıb. Aspiranturanı bitirdikdən sonra Daşkənd Dövlət Universitetində (indiki Mirzə Uluğbəy adına Özbəkistan Milli Universiteti) tələbələrə özbək və dünya ədəbiyyatından dərs deyib. Bir çox məqalə və dərslik proqramlarının, monoqrafiyaların, ədəbi risalələrin müəllifi olan Ədhəmbəy Alimbekov 1996-cı ildə dosent, 2022-ci ildə professor elmi adına layiq görülüb.

Ədhəmbəy Alimbekov 1976-cı ildən ədəbi prosesdə fəal iştirak edir. Televiziya və radioda tez-tez ədəbiyyatdan, mədəni-mənəvi xarakterli verilişlər aparan alimlərdən biri olub. O, özbək ədəbiyyatının dünya ədəbiyyatı ilə müqayisəli tədqiqinə, ümumən ədəbi əlaqələrə dair onlarla elmi əsərin, müasir yazıçı və şairlərin yaradıcılığına bəhs edən ədəbi-tənqidi məqalələrin müəllifidir. Beynəlxalq miqyasda keçirilən elmi konfranslarda (məsələn: Türkiyədə (İzmir, Konya), Azərbaycanda, Moskvada, Qazaxıstanda, Tacikistanda) özbək ədəbiyyatının müasir inkişafı, Özbəkistanda dünya ədəbiyyatının öyrənilməsinə dair maraqlı məruzələrlə iştirak edib. Xüsusilə, Şərq ölkələrində Əlişir Nəvai yaradıcılığının tədqiqinə dair onlarla məqalələri alimlər tərəfindən bəyənilib.

Əlişir Nəvai, Maqsud Şeyxzadə, Qafur Qulam, Aybək, Mirtemir, İbrahim Yusupov, Məhəmməd Əli, Əzim Suyun, Mirpolat Mirzə, Məhəmməd Yusuf, Mahmud Tahir, Siracəddin Seyyid, Sədulla Həkim, Öktəm Mirzəyar, Turab Niyaz, Oktamoy, Gülçöhrə Şəhabiddin, Jorabek Cahan, Nərgiz Əsəd, Mənsur Cumayev və başqa sənətkarlar haqqında elmi məqalələr, kitablarına ön sözlər yazıb.

Onun "Ulduzun beş nöqtəsi" (2012, 2017, 2020), "Zərif poeziya" (2014), "Türk ədəbiyyatı" (2014), "Söz çəməni içrə nəva görən" (2022) elmi monoqrafiyaları, "Qardaş türk xalqları ədəbiyyatı" (Azərbaycan ədəbiyyatı) və Qardaş türk xalqları ədəbiyyatı (Qazax ədəbiyyatı) müntəxabatları (2020), "Türk ədəbiyyatı tarixi" (2005), "Türk ədəbiyyatı tarixi. Tənzimat dövrü" (2022) dərs vəsaiti və dərsliyi, "Eşq əsiri olan ruh" (1996), "Bilib deyilən söz" (2016), "Əbədiyyata yar könül" (2018), "Çingiz Aytmatov - könüldaşımız" (2018) risalələri elmi ictimaiyyətdə maraq doğurub və mütəxəssislərin diqqətini cəlb edib. Ümumilikdə, Ədhəmbəy Alimbekovun 300-dən çox elmi məqaləsi çap olunub, məqalələri Azərbaycan, türk, qazax, qaraqalpaq, ingilis, rus, ərəb, pəncab dillərində çap olunub.

Bədii yaradıcılıqla da ciddi məşğul olan Ədhəmbəy Alimbekovun 2017-ci ildə "Yarpaq hekayələri" toplusu işıq üzü görüb.

Özbək ədəbiyyatının xarici dillərə tərcüməsində fəal iştirak edir. Koreya dilində - "XX əsr özbək poeziya nümunələri" (2011), "XX əsr özbək hekayələri" (2014), "Zülfiyyə şeiriyyatı" (2015), ingilis dilində - "Qəlbim sizə həsrət" (2011) şeir antologiyası, Zülfiyyənin "Mən eşq idim" (2015), rus dilində - "Ruhumun çayı", "Ruh" (Sumqayıt, 1916) kimi özbək hekayə və şeir antologiyalarının tərtib edəni və tərcüməçisi olub.

Əlişir Nəvai, Abdulla Qədiri, Əbdülhəmin Çolpan, Aybek, Qafur Qulam, Abdulla Qəhhar, Səid Əhməd, Ötkir Həşimov, Məhəmməd Yusuf və digər özbək ədiblərinin əsərlərinin ingilis, alman, ərəb, türk, Koreya dillərinə tərcüməsində fəallıq göstərib. Daşkənd Dövlət Şərqşünaslıq universitetlərinin tərcüməçiləri ilə birlikdə "Özbək ədəbiyyatı ərəb dilində" (2014), "Özbək hekayələri Çin dilində" (2014), "Özbək ədəbiyyatı nümunələri hind dilində" (2014) toplularının tərtibində və nəşrində iştirak edib. O, sonrakı illərdə şərq tərcüməşünaslıq tarixi, özbək tərcüməçiləri, ümumən tərcüməşünaslığa dair kitabların tərtibçisi və rəyçi kimi də tanındı (məsələn: "Şərq xalqları ədəbiyyatından tərcümələr" (2013), "Tərcümə məsələləri" (2014) və s.). Onun təşkilatçılığı ilə özbək yazıçılarının ona yaxın kitabı xarici dillərə tərcümə edilərək nəşrə olunub. Tərcüməşünaslıq mövzusunda iki namizədlik dissertasiyasının elmi rəhbəri olub.

Hazırda professor Ədhəmbəy Alimbekov Daşkənd Dövlət Şərqşünaslıq Universitetində yeni nəsil tərcüməçilərin hazırlanmasına öz töhfəsini verir və gənc yaradıcılar dərnəyinin məsul işçilərindən biri kimi fəaliyyət göstərir.

Professor Ədhəmbəy Alimbekov Özbəkistan Yazıçılar İttifaqının Tərcümə Şurasının üzvüdür. Uzun illər Özbəkistan Yazıçılar Birliyinin Beynəlxalq əlaqələr və bədii tərcümə şöbəsinə rəhbərlik edib (2010-2018). "Özbəkistan Respublikasının müstəqilliyinin 20 illiyi" xatirə nişanı (2011), "Dostluq" ordeni (2015) kimi dövlət təltiflərinə layiq görülüb

Professor Ədhəmbəy Alimbekov Respublika Mənəviyyat Mərkəzinin keçirdiyi ədəbi-mədəni və maarifləndirici tədbirlərdə fəal iştirak edir, O, mənəvi yüksəliş, milli mədəniyyətimizin inkişafı, ədəbi əlaqələrin inkişafı yolunda yorulmadan çalışır.

Türk xalqları ədəbiyyatı yolunda fədakarlığı nəşr etdiyi tərcümələrində, kitablarında, dostluq-qardaşlıq qayğıkeşliyindədir. Özünün də etiraf etdiyi kimi, ruhundakı türk sevdasının közünü Odlar yurdu Azərbaycandan götürüb. Onun Azərbaycan məhəbbəti bir oddur, atəşdir.

Azərbaycana könül gözü ilə bağlı olan elm-maarif xadimi, əziz dostumuz, qardaşımız Ədhəmbəy Alimbekovu 70 yaşı münasibətilə səmimi qəlbdən təbrik edir, sonsuz yaradıcılıq üfüqləri arzulayırıq.

 

Almaz ÜLVİ

Filologiya elmləri doktoru

525-ci qəzet.- 2024.- 19 mart, ¹51.- S.12.