Kamil Vəli Nərimanoğlunun
son arzuları
İlin axır çərşənbəsi Torpaq
çərşənbəsi adlandırılır. Həmin
gün dünyadan köçənlərimizi torpağa
tapşırdığımıza görə onların qəbri
üstünə gedir, ruhlarını yad edirik.
Özümüzü müsəlman adlandırsaq da, ənənəyə
bağlı yaşayırıq. Mərhum professor dr. Kamil Vəli
Nərimanoğlu da ənənəmizlə sıx
bağlı, onu yaşadan və təbliğ edən bir insan
idi. 2023-cü il dekabrın 16-da dünyadan
köçdüyünə görə ailəsi,
qohumları, dostları, tanışları martın 19-da qəbir
üstünə gedib onu yad edəcəklər. Mən də
Kamil Vəli Nərimanoğlunun xatirəsini yad etmək
üçün onunla son görüşlərimi oxucularla
bölüşürəm.
Səs yaddaşım zəif olduğundan zəng
vuranın kim olduğunu adətən telefonun ekranındakı
yazıdan bilirəm. Kamil Vəli Nərimanoğlunun ad və
soyadını oxuyanda səsimdə bir dəyişiklik
yarandı. Xoş əhvali-ruhiyyə ilə "nə var, nə
yox" elədik. Bakıya nə vaxt gələcəyini xəbər
aldım. "3-4 gündür Bakıdayam. Fatma xəstə
olduğundan başım ona qarışıb" - dedi.
Allahdan şəfa dilədim və mətləbə
keçdim:
- Nə vaxt görüşə bilərik?
- Onun üçün zəng vurmuşam. Havalar
yaxşıca soyuqdur. Xəngəl mövsümüdür.
Göyçəlilər də xəngəlsiz keçinə
bilmir. Üzeyir Hacıbəyov və Fikrət Əmirov
küçələrinin kəsişdiyi yerdə dərbəndlilər
bir xəngəlxana açıb. Sabah saat altıda orada
görüşək. Bax gör dərbəndlilər necə
xəngəl bişirir.
Zarafatla:
- Kamil müəllim, - dedim - yeri düz evinizin
yanında seçibsiniz, xeyiri də Fatma xanımın
qohumlarına verirsiniz.
Ürəkdən gülərək:
- Bu qoca vaxtımızda necə olmalıdır ki? -
dedi və əlavə etdi: - Arvad qohumlarımı diqqətdən
kənar qoyduğuna görə səni bərk danlayacam. Nazir
Əhmədlinin "Dərbənd şəhərinin kameral təsviri"
kitabının nəşrindən üç il keçir.
Amma indiyədək dərbəndliləri bir yerə
yığıb o kitabın təqdimetməsini keçirməmisən!
- Mənim tənbəlliyimdən olmayıb.
Tanıdığım dərbəndlilərlə dil tapa bilməmişəm.
Məmmədkazım Ələkbərlini (söhbət ədəbiyyatşünas,
Azərbaycan Yazıçılar İttifaqının sədiri
işləmiş, 1937-ci il repressiyasının qurbanından
gedir) qardaşı oğlu nüfuzlu bir liseyin direktorudur.
Liseydə geniş toplantı salonu da var. İki dəfə
mövzunu ona açdım. O da Bakıdakı dərbəndlilər
dərnəyinin rəhbərləri ilə
danışmağı məsləhət gördü. Onlar da
bu işi rəsmi qurumların görməsini istədilər.
Əlim rəsmi qurumlara çatmadı. Dərbəndlilər
də bir yerə toplanmadılar. Beləcə istəyimizi reallaşdıra
bilmədik, - dedim.
Kamil müəllim:
- Seçimi düz etməyibsən, qaynımın
oğluna desəydin, dərbəndliləri bir yerə
toplayardı" - cavabını verdi və əlavə etdi
- Bu məsələni sabah
geniş müzakirə edərik.
Sabahısı gün şərtləşdiyimiz xəngəlxanada
görüşdük. Müştəri az olduğundan rahat
söhbət etməyə imkan vardı. Kamil Vəli Nərimanoğlu
söhbətə telefonda yarımçıq qoyduğu məsələ
ilə başladı:
- Qarabağ məsələsi uğurla başa
çatandan sonra Azərbaycanın ən önəmli məsələsi
Dərbənddir. Dərbənd strateji məsələdir.
Aydınlarımız da, iş adamlarımız da, ticarətlə
məşğul olanlarımız da Dərbəndə diqqəti
artırmalıdır.
Dərbənd mövzusunda yarım saata yaxın söhbət
etdik. Qərara gəldik ki, sabah yenidən görüşək.
Nazir Əhmədlini də dəvət edək, "Dərbənd
şəhərinin kameral təsviri" kitabından bir
neçəsini gətirməsini xahiş edək, Kamil müəllim
də kitabları dərbəndlilərə paylasın.
Sonra söhbətin mövzusu dəyişdi. Onun
Bakıya birdəfəlik qayıtmaq fikrində
olub-olmamasını xəbər aldım. Bakıya budəfəki
gəlişində məqsədi vətənə dönməyi
planlaşdırmaq olduğunu bildirdi. Dedi ki, dost-tanışla
görüşüb məsləhətləşəcək.
Münasib şərait olsa, elmi fəaliyyətini burada davam
etdirəcək. İstanbuldan Bakıya köçməsinin
vacibliyi haqqında mən də bəzi fikirlər söylədim.
Həmin axşamkı söhbətimizin əsas
mövzusu Bakıda çap olunan kitablar və gənc alimlər,
onların yaradıcılığı oldu. Kamil müəllim
İstanbula işləməyə gedəndən sonra
Bakıdakı elmi mühitlə əlaqəsi zəifləmişdi.
Buna görə də həmişə ona Bakıda nəşr
olunan kitablardan, toplantılardan söhbət etməyimi istəyirdi.
Diqqətini çəkən kitabların çoxunu
özü alıb Türkiyəyə aparırdı. Kitaba,
kitabları aparmaq üçün təyyarəyə pul verməyə
qızırğalanmırdı. Bəzən əldə edə
bilmədiyi kitabları mənim tapıb göndərməyimi
xahiş edirdi. Poçt və karqo xidməti baha olduğundan
heç vaxt məni xərcə salmırdı. Bərk-bərk
tapşırırdı ki, İstanbula elmi toplantılara gələnlərlə
göndərim, ya da özünün tanıdıqlarına
deyirdi ki, məndən kitabı alıb aparsınlar.
Kamil müəllim eşidəndə ki, Seyfəddin
Altaylı İzzəddin Həsənoğlunun "Kitab-i
siretün-nebi" adlı məsnəvisini çap etdirib,
heyrətləndi. Bir az da şübhə ilə
yanaşdı. Kitabın "Altınorda" yayım evində
çap edildiyini, latın əlifbası ilə 934 səhifə
olduğunu deyəndə bir az duruxdu və "Fatma bacı
yalnız mənim deyil, o tay-bu tay Azərbaycanda yaşayan
alimin də, tələbənin də, siyasətçinin də,
şair və yazıçının da, müalicəyə
gedənin də əziyyətini çox çəkib.
Borcumdur gedib bir fincan qəhvəsini içək. Seyfəddinlə
də dərdləşək" dedi. Onun dediklərinin
arxasında "gedək İzzəddin Həsənoğlunun
"Kitab-i siretün-nebi" əsərini əlimə
alım, özüm bir diqqətlə gözdən
keçirim" fikri dururdu.
Söz verdim ki, Seyfəddin Altaylıya zəng vuraram,
yaxın günlərdə onlarda görüşərik.
Ondan ayrılanın sabahısı günü Seyfəddinə
zəng vurdum. Kamil Nərimanoğlunun Bakıda olduğunu və
onlara gəlmək istədiyini söylədim. Seyfəddin də
bazar günü görüşməyi münasib saydı.
Səhərisi gün Nazir Əhmədli ilə birlikdə
dərbəndlilərin xəngəlxanasına getdik. Nazir bəy
son illərdə nəşr etdirdiyi kitablardan gətirmişdi.
Kamil müəllim Nazir bəyə kameral təsvirlər
kitablarını öz vəsaiti ilə nəşr etdirdiyinə,
arxivlərdən sənədlərin üzünü almaqda
göstərdiyi bacarığa görə təşəkkür
etdi. Söhbətin çox hissəsi Kamil müəllimlə
Nazir Əhmədli arasında oldu.
Nazir Əhmədli Gürcüstan arxivlərində
işləməyə icazə ala bilmədiyindən,
Gürcüstanın və Azərbaycanın rəsmi dairələri
ilə yazışmalarından danışdı, bürokratik
əngəllərdən xeyli gileyləndi. Kamil müəllim
də gülərək: "Dünyanın işinə bax,
Ermənistanla savaş şəraitindəyik, buna baxmayaraq,
Nazir Əhmədli oradan bütün mahalların kameral təsvirlərini
əldə edərək 15 kitab nəşr etdirə bilir, amma
müqaviləmiz olan, dost saydığımız
Gürcüstanın arxivləri ona işləməyə
şərait yaratmır. Nazir bəy də məcbur qalıb
üçüncü ölkənin vətəndaşının
əli ilə ona lazım olan arxiv sənədlərinin surətini
alır", ? dedi. Mən də gülümsəyərək:
"Kamil müəllim, çobanın könlü olsa, təkədən
pendir tutar", ? dedim.
Kamil müəllim kameral təsvirləri gözdən
keçirə-keçirə yenə Dərbənd
mövzusuna qayıtdı. Nazir Əhmədliyə bir daha təşəkkürünü
bildirdi. Dedi ki, yazılarını "Millət" qəzetində
maraqla oxuyurdum. Yazılarında tərəfkeşlik
görmürdüm. Milli məsələdə çox qətiyyətli
və sərt mövqe tutursan. Qarabağ problemi artıq
başa çatıb. İndi əsas məsələmiz Dərbənddir.
Strategiyanı düzgün müəyyənləşdiribsən
və məsələni vaxtında gündəmə gətiribsən.
Birinci Bakıda olan dərbəndliləri toplayıb kitab
haqqında bilgi vermək gərəkdir. Çoxları bu məsələyə
vaxtı çatmamış bir iş kimi baxa bilər. Qoy
baxsınlar. Bir zamanlar Rusiya işğalından azad
olacağımıza, Qarabağın erməni quldurlarından
təmizləyəcəyimizə də inamsız
yanaşanların sayı çox idi. Lakin zaman bizim xeyrimizə
işlədi. Aydınlarımız, milli mübarizl?rimiz də
bütün varlıqları ilə işə girişdilər
və ideyalarını gerçəkləşdirdilər.
Əminəm ki, yaxın gələcəkdə Dərbənd
məsələsini də həll edəcəyik.
Nazir müəlim də Dərbənd şəhərinin
son iki yüz ildə necə dəyişildiyindən söz
açdı. Qərarlaşdılar ki, kitabın
tanıtmasını sürətləndirsinlər və hər
yerdə, imkan düşdükcə bütün məclislərdə
bu məsələ gündəmdə saxlanılsın. Sonra
da Kamil müəllim zəng vurub qaynının oğlunu
çağırdı. Bizimlə tanış edərək
dedi: "Sizin ən yaxın köməkçiniz Elçin
olacaq. Kitabın tanıdılmasında və Dərbənddə
rus dilində nəşrində əlindən gələni əsirgəməyəcək".
Elçin bəyin işi olduğuna görə
kitabları da götürüb getdi və
razılaşdıq ki, sonra rahat bir vaxtda görüşək.
Sonra söhbət Kamil müəllimin
planlarının üstünə gəldi. Bildirdi ki,
2026-cı ildə Birinci Bakı Türkoloji Qurultayının
100 illiyi tamam olur. Onun rəhbərliyi ilə bu mövzuda 10
cildlik kitab hazırlayaq. Bu kitablarda mənim işim Qurultay
iştirakçılarının haqqında ensiklopedik məqalələr
yazmaq, eləcə də Qurultay günlərində
iştirakçılardan yaradılmış kommunist dəstəsinin
fəaliyyəti, Bakıdan Stalinə, Mikoyana göndərilmiş
məktub və teleqramları toplamaq olsun.
"Kitabi-Dədə Qorqud"
ensiklopediyası"nın hazırlanmasından 30 ildən
çox keçir. Ötən müddətdə
Qorqudşünaslıq sahəsində çox yeniliklər
olub. Onları da əhatə edən üçcildlik
"Kitabi-Dədə Qorqud ensiklopediyası" hazırlayaq.
- Kamil müəllim, deyəsən, yeni enerji ilə
işə başlamaq istəyirsiniz. Bu layihələri həyata
keçirməyi planlayırsınızsa, mənə bel
bağlamayın. Yaşım 75-i keçib.
Çalışıram yarımçıq
yazılarımın əl-ayağını bir yerə
yığım və Milli Azadlıq Hərəkatı ilə
bağlı xatirələrimi sənədlər əsasında
yazım. Yaxşı olar, sizin komandaya gəncləri cəlb
edək. Sizin planlarınızı həyata keçirməyə
ancaq onların ömrü və enerjisi çatar, - dedim.
Kamil müəllim gülümsəyərək:
- Sən həmişə beləsən. Çətini
bir işi boyuna qoymaqdır. Boynuna qoyandan sonra onu vaxtında
yerinə yetirəcəksən. Ətrafına da bu sahənin
uzmanlarını toplayacaqsan. Gənclərlə əlaqən
yaxşıdır. Onlar da sənin sözündən
çıxmazlar. Əl-ələ verib hazırlayarıq, -
dedi.
Təklif etdim ki, Dədə Qorqud
ensiklopediyasının hazırlanmasına Asif Hacıyevi də
dəvət etsin. Kamil müəllim: "Asif müəllim
yaxın dostumdur, Allah rəhmət eləsin, atası Abbas
müəllimi də tanıyırdım" deyəndə
gördüm ki, o da bəziləri kimi eyni ad və soyadlı
araşdırıcılarımızın
yazılarını bir-birindən ayıra bilmir. Məsələyə
aydınlıq gətirmək üçün dedim: "Kamil
müəllim, görünür, siz borçalı Asif
Hacılı ilə şirvanlı Asif Hacıyevi
qarışıq salırsınız?" Təəccüblə
üzümə baxdı və dedi:
- "Kitabi-Dədə Qorqud"un şərhli
oxunuşu ilə bağlı məqalələri yazan Abbas
müəllimin oğlu Asif deyilmi?
- Kamil müəllim, sizin oxuduğunuz məqalələrin
yazarı Şirvan bölgəsindən, İsmayıllıdan
olan Asif müəllimdir. O, Asif Hacıyev (Şirvanelli)
imzasıyla yazır. Abbas müəllimin oğlu, sizin dostunuz
rus ədəbiyyatı mütəxəssisi olsa da, mən onun
Axısqa türkləri haqqında yazdığı məqalələri
və nəşr etdirdiyi kitablarını daha həvəslə
oxuyuram. Görünür, onun "Bayatı poetikası",
"Mifopoetik təfəkkür fəlsəfəsi",
"Quranı Kərim rus ədəbiyyatında"
kitabları və bu mövzuya yaxın məqalələri
sizdə belə bir fikir yaradıb ki, "Kitabi-Dədə
Qorqud"dan, dilimizin tarixindən yazan Asif Hacıyevdir. Abbas
müəllimin oğlu Asif 30 ilə yaxındır
"Hacıyev" imzasından istifadə etmir, Asif
Hacılı imzası ilə yazır. Asif Hacıyev imzası
ilə son otuz illikdə yazan şirvanlı Asif müəllimdir, ? dedim.
Kamil müəllim heyrətlə:
- Necə olub ki, mən onların yazılarını
qarışıq salmışam? Necə olub ki, mən
dilimizin tarixindən yazan Asif Hacıyevi tanımamışam?
? dedi. Mən:
- Kamil müəllim, Asif Hacıyev çox təvazökar,
başını aşağı salıb araşdırmalar
aparan sakit bir araşdırıcıdır. Onu simpoziumlara,
elmi toplantılara cəlb etmək də o qədər asan
deyil. Özünün də bu işlərə həvəsi
yoxdur. Düşünür ki, səfərə
çıxmaq, xarici ölkələrdə keçirilən
elmi toplantılara qatılmaq, onlara yeni qaydalara uyğun məruzələr
hazırlamaq vaxt itkisidir. Bir də siz Asif Hacıyevin məhsuldar
işlədiyi vaxtda Bakıda olmadınız.
Görünür, ona görə yadınıza sala bilmirsiniz.
Kamil müəllim təklif etdi ki, şirvanlı Asif
müəllimi dəvət edim, bir yerdə oturub çörək
yeyək və "Kitabi-Dədə Qorqud"
enskilopediya"sının hazırlanmasını
planlaşdıraq.
Elə həmin axşam evə gələndə Asif
Hacıyevə zəng vurub Kamil müəllimin onunla
görüşmək istədiyini söylədim. O, Kamil
müəllim haqqında xeyli xoş sözlər söylədi
və razılığa gəldik ki, səhərisi gün
işdən çıxanda ona da münasib olan dərbəndlilərin
xəngəlxanasında görüşək.
Kamil müəllim Asif Hacıyevi görəndə
gülərək:
- Asif bəyi tanıyıram. Amma əsərlərini
qarışıq salmışam - dedi.
Asif müəllim son illərdə nəşr etdirdiyi
"Dədə Qorqud Kitabı"nın şərhli oxunuşuna
həsr etdiyi 4 cildlik kitabına avtoqraf yazaraq Kamil Vəli Nərimanoğluna
bağışladı. Kamil müəllim də kitabları səhifələyə-səhifələyə
xoş sözlər söyləyir, hərdən də suallar
verirdi. Söhbətləri o qədər şirin keçirdi
ki, az qala, yeməyi də, mənim orada olduğumu da
unutmuşdular.
Razılığa gəldilər ki, Asif müəllim
"Kitabi-Dədə Qorqud ensiklopediyası"nın
hazırlanmasında fəal iştirak etsin. Təklif etdim ki,
Kamil müəllim Dilçilik İnstitutunda, universitetlərin
dilçilik kafedralarında da olsun, köhnə
tanışları ilə, gənc alimlərlə görüşsün,
müzakirələr aparsın. O, fikrimi bəyəndi. Dedi ki,
bir aya yaxın Bakıda olacağam, sonra İstanbula dönərək
oradakı işlərini sahmana salıb geri qayıdacağam.
Kamil müəllimin Bakıya qayıtmaq istəyi mənim
də ürəyimdən oldu. Düşündüm ki,
İstanbulda oturmaqla Bakıdakı qrupla birlikdə 10 cildlik
Birinci Türkoloji Qurultayın materiallarını,
üçcildlik "Kitabi-Dədə Qorqud"
ensiklopediyası"nı hazırlamaq çətin olar. Beləcə
xoş əhvalla ayrıldıq.
2024-cü il noyabrın 12-də Seyfəddin
Altaylıgilə getdik. Kamil bəy Fatma xanıma dedi ki,
bacım, çoxdandır qəhvənizi içməmişəm,
ona görə gəlmişik. Fatma xanım: "Xoş gəlib
səfa gətiribsiniz, çoxdandır görməmişdik,
sağ olun ki, Bakıda da görüşdük. Öncə
oturub biraz söhbət edin, yemək hazırlamışam,
yeyin, sonra qəhvənizi içərsiniz" dedi.
Dəfələrlə Seyfəddinin Ankaradakı evində
görüşmüş, süfrə başında Fatma
xanımın bişirdiyi ləzizli xörəkləri yeyərkən
Türk dünyası ilə bağlı söhbətlər
etmişdik. Kamil bəy Seyfəddinin Bakıda müəllim
işləməyinə çox sevindiyini bildirib:
- Biz yeni nəsilləri Türk birliyinə
inandırmasaq və bu ideya ətrafında cəmləşdirməsək,
gələcəyimiz Allah eləməsin, təhlükə ilə
üzləşər. Artıq Azərbaycan otuz il öncəki
Azərbaycan deyil. Nə olsun ki, mən müxalifətdəyəm,
ancaq adamın üstündə Allah var, gərək
düzünü deyəsən. - dedi və daha sonra əlavə
etdi, - Siz İzzəddin Həsənoğlunun irsini
işıqlandırmaqla böyük bir iş
gördünüz. Çap etdirdiyiniz əsər türk dilinə
və ədəbiyyatına böyük töhfədir. Bu
cür işlər türk birliyinə gedən yolda yeni nəsillərə
milli şüur aşılamaqda əvəzsiz kömək
edir, çox sevindim. Bəs belə bir əsəri nə
cür və hansı yolla tapıb xalqımıza əvəzsiz
töhfə verdiniz?
Seyfəddin dedi:
- Bir zamanlar Kültür Bakanlığında işləyən
bir dostum vardı. 2009-cu ildə o, əlyazmanı Finlandiyadan gətirdi.
Diqqətlə gözdən keçirdim. Düzünü
deyim cismim orda idi, ancaq ruhumda həyəcan təlatümləri
yaranmış, hardasa özümü itirmiş kimi idim. Dostum
əsəri Türk Dil Qurumuna bağışladı. Təqaüdə
çıxıb altı ay qədər Ankarada qaldım.
Əlyazmanı diqqətlə oxuyub incələdim.
2015-ci ildə Bakıya gəldim. Avrasiya Universitetində
işləməyə başladığımdan əlyazmadan
bir az aralı düşdüm. Ankaraya qayıtdıqda
Türk Dil Qurumuna gedib məsnəvinin elektron variantını
götürdüm. Geri döndükdə akademik İsa Həbibbəyli
ilə görüşüb məsələni dedim və əsər
üstündə doktorluq dissertasiyası kimi işləmək
arzusunda olduğumu bildirdim. O da sağ olsun, kömək oldu və
həm dissertasiyanı hazırladım, həm də əsər
üstündə intensiv işlədim. Bunu da deyim ki,
Türkiyədə, Macarıstanda və Almaniyada həmin əsərin
nüsxələri var, ancaq nöqsandılar. Türkiyənin
müəyyən kitabxanalarında bəzilərinin baş
hissəsi, bəzilərinin də sonluqları itib və onlar
fərqli adlar altında qeydə alınıb.
Kamil bəy Seyfəddinin dediklərini görkəmli
bir alimin sakitliyi ilə dinləyirdi. Nə qədər şad
olduğu sifətinin cizgilərindən aydın başa
düşülürdü.
Saatların nə cür gəlib keçdiyinin fərqinə
vara bilmədik, çünki axşam olmuşdu. Fatma
xanımın bişirdiyi türk qəhvəsini nəşə
və ürək xoşluğu ilə içdik, icazə istəyib
ayrıldıq. Heyiflər olsun, görüş o qədər
maraqlı idi ki, bir foto çəkdirməyi də unutduq.
Kamil Vəli Nərimanoğlu ilə ilk
görüşdən sonra tanıdığım
araşdırıcılara zəng vurub xahiş etdim ki, iş
yerlərində Kamil müəllimlə görüşlər
təşkil etsinlər. Belə qərara gəldik ki, Kamil
müəllimi iş yerlərinə dəvət etsinlər.
Otaqlarında beş-üç nəfərlə birlikdə
çay içib söhbətləşsinlər. Kamil müəllimlə
görüşmək və söhbət etmək zəng
vurduğum araşdırıcıların hamısı
üçün xoş idi.
Kamil müəllim bir neçə elm ocağında
oldu. Səmimi və işgüzar söhbətlər
apardı. Bəziləri ilə də kafelərdə
görüşdü. Düşünürdüm ki, Kamil
müəllim bu enerji ilə işə başlayıbsa,
azı 90 il ömür sürəcək, panlarını həyata
keçirəcək. Çox heyif ki, elə olmadı.
Dekabrın 16-da səhər tezdən xəbər tutdum ki,
Kamil Vəli Nərimanoğlu gecə ürək tutmasından
dünyasını dəyişib.
Dəfnə məsləkdaşlarının əksəriyyəti
gəlmişdi. Amma köhnə iş yerlərindən
gözümə dəyən olmadı. Onu Mehdiabaddakı qəbiristanlıqda
torpağa tapşırdıq.
İçimdə bir inam var ki, gənclər Kamil
müəllimin arzularını reallaşdıracaqlar.
Əli ŞAMİL
525-ci qəzet .- 2024.-
19 mart, ¹51.- S.10;11.