Antoni ilə
Kleopatranın gur məhəbbətinin faciəli sonluğu
(Əvvəli ötən şənbə
sayımızda)
On iki illik məhəbbətə
son nöqtə qəbirdə qoyuldu. Onların məhəbbətdən
gələn nəhayətsiz sevincinə də, siyasətdən
gələn bütün bədbəxtliklərinə də
ölüm son qoydu. Məhəbbətdə onlar bir-birinə
qovuşmaqla ən yüksək zirvəyə
çatdıqları halda, ilk görüşdən sonra həyat
məsələlərindəki, siyasət və hərb sahəsindəki
uğursuzluqlar onların ömürlərinə zəhər
qatmağa başladı. Lakin onları ağuşuna alan
eşq, bir-birinə dəlicəsinə olan vurğunluq
bütün bədbəxtlikləri onlara unutdura bilirdi. Ona
görə də bir səhv addım digər daha böyük
səhvlə tamamlanırdı. Bunlar isə qar topası kimi
bir-birinin üstünə yığışdıqca
böyüyürdü, onlar üçün olan bütün
çıxış yollarının bağlanmasına səbəb
olurdu. Bütün sevgi macəralarına, eyş-işrətə
və ziyafətlərə baxmayaraq, uzun sürən xəstəliklər
kimi bu uğursuzluqlar seriyası onların dayaqlarını zəiflədirdi,
məğlubiyyətlər və xəyanətlərin
sayı artır və miqyası böyüyürdü. Bu,
bütünlüklə faciə ilə nəticələnə
biləcək bir finaldan xəbər verirdi.
42-ci ildə Antoni və Oktavian birlikdə
respublikaçılar Bruta və Kassiyə Fillipidə qalib gəldikdən
sonra, Antoni hərb səhnəsində elə bir nəzərə
çarpan qələbə qazana bilmədi. Adlı-sanlı
Antoni hər dəfə məğlubiyyət acısı
daddığı halda, təcrübəsiz Oktavian
başqasının hesabına olsa da (əsasən, Mark
Aqrippanın sərkərdəlik məharəti onun dadına
yetirdi), 40-cı ildə o, Peruziyada üsyan edənlərin
qoşunlarına, 36-cı ildə isə Yuli Sezarın
qatı düşməninin oğlu Sekst Pompeyə dəniz
döyüşündə qalib gəlmişdi. Aktsi müharibəsi
isə məşhur sərkərdənin
biabırçılığı, 32 yaşlı gənc sərkərdənin
isə zəfəri ilə başa çatdı. Antoni, beləliklə,
təkcə yaxşı səriştəsi
olmadığı siyasət səhnəsində deyil, onun
üçün ən əlverişli və tanış olan
hərb səhnəsində də uduzmağa başladı.
Oktavian siyasət sahəsindəki məharətinə hərbi
sahədəki ustalığını da
yaxınlaşdırırdısa, Antoni də siyasət elmindəki
nisbi naşılığına və özündənrazılığa
hərb meydanındakı vəziyyəti düzgün
hesablamamağı və qiymətləndirməməyi əlavə
edirdi, ağılsız risklərə getməklə hər
şeyi taleyin, qismətin ümidinə tabe edirdi. Olduqca
ehtiyatlı Oktavian isə macəra axtaran təbiətli
Antonini asanlıqla belə bir yarışda udurdu. Müharibələrdə
daim hərbi texnikanın səviyyəsindən və hərbi
qüvvələrin miqdarından asılı olmayaraq,
ağlın qalib gəldiyi, ağıl deyilən silahın
daim güclü olduğu mülahizəsini əsas
götürsək, çox hiyləgər və məharətli
strateq və taktik olan Oktavianla, hər şeyi diqqətlə
planlaşdırmaqdan uzaq olan və bəzi məsələlərdə
bağışlanmaz sadəlövhlük göstərən
Antoni arasında böyük fərq, iri məsafə
olduğunu etiraf etmək lazımdır. Antoni daim özü
yaratdığı çətinliyin girovuna, quluna
çevrilmişdi.
Antoninin faciəsinin kökləri uzağa, Yuli
Sezarın qətlə yetirilməsindən sonrakı günlərə
gedib çıxır. Bu qətldən sonra diktatora yaxın
olmasından istifadə edən konsul Mark Antoni çətin və
qorxulu bir şəraitdə nəinki təşəbbüsü
ələ ala bildi, həm də Senata öz iradəsini diktə
etməyə, əslində, dövlətdə hökmran
olmağa müvəffəq oldu. Əgər dostunun
zorakılıqla ölümü ona qeyri-adi perspektiv vəd
edirdisə, gənc Oktavianın Romada peyda olması əvvəlcə
onun planlarına müəyyən düzəlişlər
etdi, sonra isə onların arasında yaranan təfriqə
43-cü ildə vətəndaş müharibəsinin ilk mərhələsinin
meydana gəlməsinə səbəb oldu və Antoninin
qoşunlarının ilk dəfə darmadağın
olunması ilə nəticələndi. Respublikaçılar
üzərində qələbənin ləzzətini hələ
lazımınca dadmamış, 41-ci ildə Antoninin arvadı
Fulviya və qardaşı Lutsi Antoni Oktaviana qarşı
geniş təbliğat kampaniyasına başladılar.
Sonrakı ilin yazında Peruziya şəhərində
üsyan edənlərin qoşunları məğlub edildikdə
Oktavianın bu düşmənləri də ağır vəziyyətə
düşdülər. Bu, iki əsas rəqib - Oktavianla Antoni
arasında münaqişəni yetişdirirdi. Bundan başqa,
Antoninin Parfiyaya yürüşü də uğurla nəticələnmədi.
Bundan sonra o, Kiçik Asiyadakı qələbəsinin zəfər
mərasimini Aleksandriyada keçirməklə
romalıların heysiyyətinə toxunan qəbahətli hərəkətə
yol verdi. Zəfər yalnız Romada keçirilə bilərdi
və Kapitolidəki Yupiter məbədində qurban verilməli
idi. Bunlar azmış kimi, o, öz arvadı, Oktavianın
bacısı Oktaviya Afinaya gələndə, onunla
görüşməkdən imtina etməklə təkcə
öz arvadını deyil, həm də onun
qardaşını təhqir etdi. Nəhayət, onun
romalıları hiddətə gətirən vəsiyyəti
elan olunduqda bu, səbir kasasını dolduran sonuncu damla oldu və
artıq Kleopatraya müharibə elan edilməsi adı
altında Oktavianla Antoni arasında həlledici müharibə
başlandı. 31-ci ilin sentyabrında Aktsidəki
döyüş Kleopatranın düşünülməmiş
hərəkəti - qaçması, sərkərdə
Antoninin isə daha böyük
ağılsızlığı, döyüş səhnəsində
fərarilik etməsi ilə əlamətdar oldu.
Döyüşdən qaçmaqla o, bir hərbçi kimi
özünü biabır etdi, bu alçaldıcı hərəkət
onun bir sərkərdə kimi bütün qələbələrinin
üzərindən xətt çəkdi, bu hadisə
yaddaşlarda həkk olunmaqla onun uğurlu yürüşlərini,
qələbələrini, mükafatlarını bütünlüklə
yaddan çıxardı.
Döyüşdən qaçması onu kəmağıllılıq
rəmzinə çevirdi, bu məsuliyyətsiz bir addım onu
fəlakət uçurumuna atdı. Artıq bu uçurumdan
onu allahlar da çıxarmağa cəsarət etmədilər
və onun məğlubiyyəti Misirdə özünün
gözlənilən finalına çatdı. Axı onun həyat
tərzi də onu məhvə
yaxınlaşdırırdı. Belə eyş-işrət ən
ağıllı adamı poza bilərdi, Antoni isə heç
də böyük ağlı və möhkəm iradəsi ilə
qürrələnə bilməzdi. Son illərdəki
yelbeyinliyini o, Kleopatraya vurulması ilə izah etsə də, ən
məsuliyyətli anlarda o, iradəsini işə sala bilmirdi, hətta
sınaq dəqiqələrində belə, təkcə
özünü deyil, böyük bir ordunun tale adlanan gəmisini
hadisələrin gedişi adlanan dəli dalğaların
ixtiyarına buraxırdı. O, getdikcə real həyatdan
aralanırdı, uzaqlaşırdı, qarşıya çıxan
sınaqlardan baş açmaq, onları dəf etmək əvəzinə,
özünü mistik düşüncələrə, uydurma
fikirlərə həsr edirdi, gerçəklikdən
çox-çox uzaq olan təxəyyülə tabe edirdi. O,
özünü bütünlüklə təkcə vətəninin
qayğılarından deyil, hətta öz ailəsinin,
uşaqlarının bir hissəsinin qayğılarından
azad etmişdi. Son vaxtlarda isə o, onu sıxan dərdlərdən
canını qurtara bilmədiyinə görə öz ruhunu da
itirirdi. Bu dövrdə ona dünyanın
hökmranlığı da heç bir fayda verə bilməzdi.
Bibliyada deyildiyi kimi, "bütün dünyanı əldə
edən adam öz ruhunu itirirsə, bunun həmin adama nə
faydası ola bilər".
O, həyatı tərk etməklə öz
biabırçılıqlarını da özü ilə
apardı. Lakin onun məhəbbəti bir qeyri-adi əhvalat
kimi, yanğısını qurbanla söndürən və hər
şeyi məhv edən bir alov kimi tarixin mənsubiyyətinə
çevrildi. Ona görə də Antonini bütün başqa
hərəkətlərində kim necə qınayırsa
qınasın, onun məhəbbətini məzəmmət etmək
mümkün deyil. Məhəbbət elə bir hissdir ki, hər
şeydən yüksəkdə durduğundan ona haqq
qazandırmağa da ehtiyac yoxdur. Bu iki fiziki cəhətdən
gənclikdən çox uzaq olan, lakin son ana qədər gənclik
ehtirası, dəlicəsinə bir
çılğınlıqla sevən adamlar arasındakı
eşq, əksinə, tərifəlayiqdir. Bu sevgi macərasına
görə onlar yüksək qiymət almalı və bu qiymət
çar Solomonun "Şərqilər şərqisi"ndən
geri qalmayan ən ülvi nəğmələrdə vəsf
olunmalıdır. Kleopatra kimi gözəl bir məxluq
yalnız dəlicəsinə məhəbbətə layiq idi.
Şekspir demişkən, "əgər qadın şeytan
deyilsə, allahların xörəyidir".
Kleopatra miflərdən yerə enmiş və adamlar
arasında yaşayan gözəllik ilahəsi idi. Bu ilahənin
məhəbbət ağuşunda hər şey məhv
olmalı, yoxa çıxmalı idi. Çünki odlu məhəbbət
hər şeyi əridir, uca dağları da özünün
tektonik qüvvəsi ilə uçurub-dağıda bilir.
Antoni də bu məhəbbət qarşısında iradəsini
və ağlını hifz etməklə dayana bilməzdi. Məhəbbət
mehrabına əvvəlcə ən azı ağıl qurban
verilir, sonra isə insan bütünlüklə məhv olur.
Antoni ilə Kleopatranın sevgisi bir-birini axtarıb tapan
ruhların görüşü, ruhların birləşməsi
idi. Bu ruhların qılafı olan bədən isə
yalnız erotik tələbatı ödəməyə xidmət
edir, ruhların əlində sadə, bəlkə də, kobud
alətdir.
Kleopatranın zərifliyi, gözəlliyi onun ruhunun
yerləşdiyi bədənin də ali hissəyə
yaxınlaşmasından, bu qaşı daha da məftunedici edən
sağanaqdan, üzükdən xəbər verir. Onun ruh adlanan
mirvarisini özündə gəzdirən bədən adlanan dəniz
ilbizinin qılafı da cazibədarlığı ilə
mirvarinin böyüməsinə, daha gözəl və parlaq
olmasına şərait yaradırdı. Şekspir qələminin
köməyi ilə o, ölüm anında olan Antoniyə onun
üçün ən qiymətli olan hədiyyəni -
dodaqlarının hərarətini bəxş edir: "Come
then, and take the last warmth of my lips" - "Sonra gəl və
götür dodaqlarımın son hərarətini".
Çünki Kleopatranın bədəni də ruhu ilə bir
ahəngdə yaşayır və bu harmoniyadan onun gözəlliyi
daha əsrarəngiz, daha müqayisəyə gəlməz
olurdu. Ona görə də adamlar gözlərini bu qadına,
arı çiçəklərə baxan kimi dikirdi. Axı
onun səsi də ən zərif musiqi kimi səslənirdi və
hamını məftun edirdi. Təbiət onun gözəlliyində
heç bir nöqsana yol verməməklə, onu əbədi
gözəllik rəmzi kimi yaratmışdı. Bu gözəlliyin
isə dillərdə əzbər olmasına da haqqı var
idi. Axı belə gözəlliyin də məhəbbətin
özü kimi nə həddi, nə də ölümü
mövcud idi. Ona görə də Kleopatra öldükdən
sonra belə, onun gözəlliyi əfsanələrdə
yaşamağa başladı.
Antoni və Kleopatranın ölümü bu məhəbbət
dastanına son qoydu. Bu əhvalatın baş verdiyi dövr
qısa olsa da, məhəbbət özü onu
daşıyanların ömrü ilə müqayisəyə gəlməyən
əsrlər, min illər yaşadı. Həyat bu məhəbbət
nektarına zəhər damcıları da qatırdı. Bu
sevgi macərası, bu eşq poeması nə qədər fərəhli
günlər və səadət anları bəxş etsə
də, məşəqqətlərdən, acı həyat fəlakətlərindən
uzaq qaça bilmirdi, buna görə də Antoni və
Kleopatranın sevgi romanını dünyanın ən
maraqlı və ülvi əhvalatlarından biri hesab etmək
olar.
Bu məhəbbətin ən böyük bədbəxtliyi
onda idi ki, o, siyasətlə bir məkanda yaşamağa məcbur
idi. Siyasət adlanın qəfəs bu fağır
quşcuğazı sıxıb öldürürdü və
nəhayət, öz istədiyinə nail olub, onu məhv etdi.
Öz antipodu tərəfindən qətlə yetiriən məhəbbət
başqa çıxış yolu tapmayanda, onun
daşıyıcıları məhəbbəti yenidən
diriltmək üçün ölümə məhkum oldular.
Kleopatra ilə Antoni dünyadan getdi, onların bəxş
etdikləri məhəbbət adlı varlıq isə
yaşamaq üçün qaldı və iki adamın mənsubiyyətindən
çıxıb bütün bəşəriyyətin sərvətinə
çevrildi. Müdriklər demişlər ki, yaxşı o
vaxt hesab oluna bilər ki, qocalıq həyatın böyük
pyesinin axırıncı səhnəsi kimi özünü
göstərsin. Bu, iki qəhrəmanın, xüsusən,
Kleopatranın həyatı isə qısa müddət davam edən
bir dramı andırırdı. Onların həyat adlanan səhnənin
pərdəsi tez ensə də, məhəbbət
tamaşasının pərdəsi heç vaxt düşmədi,
nəhayəti olmayan bir tarixi dövr ərzində öz
füsunkarlığına çoxlu tamaşaçı cəlb
etdi. Bu məhəbbətin aliliyinə heyranlıqla baxmaq
üçün biz ətrafda baş verən qanlı
döyüşlərin cingiltisini, müharibələrin
qorxunc səsini eşitməməkdən ötəri, məhv
edən sirenaların nəğmələrindən qorunmaq
üçün dənizçilərin etdikləri kimi,
qulaqlarımızı tıxamalıyıq. Bu vaxt bizim nəzərlərimiz
yalnız heç bir ləkə götürməyən məhəbbətə
və Kleopatranın ilahi gözəlliyinə dikiləcəkdir.
Yevripidin yazdığı kimi, qadın zəif məxluqdur,
çox vaxt göz yaşlarına güc verir. Kleopatra da əksər
hallarda bu zəifliyi nümayiş etdirirdi, lakin həlledici
anda məhəbbəti və amalları yolunda
özünü fəda edə bildi və bununla da, öz yenilməz
eşq vəfasına şəxsi həyatı hesabına abidə
yaratdı. Bu, bir də ondan xəbər verir ki, allahlar ilahələrə,
gözəl qadınlara biganə qalmadıqları kimi, bu
torpaq üstündə gəzən gözəllik ilahəsinin
- Kleopatranın taleyinə də biganə qalmadı. Həyatın
və ya ölümün yaxşı olması sualı isə
yalnız Allaha məlumdur. Məhəbbəti ilahiləşdirən
ölüm isə, bəlkə də, ülvi hisslərdən
xali olan həyatdan, az mənalı ömür
timsalındakı mövcudluqdan daha dəyərlidir.
Son
12.09.2023
Telman Orucov
525-ci qəzet.- 2024.- 2 mart, №41.- S.22.