Cümhuriyyət tarixinə dair
taleyüklü sənədlərə bir baxış
Məhəmməd Əmin Rəsulzadə-140
Avropa ölkələrinin iki nəhəng
koalisiyası - "Antanta" və
"Üçlər İttifaqı" arasında baş
verən Birinci Dünya müharibəsi (28 iyun 1914-11 noyabr
1918) nəticəsində Rusiya, Almaniya, Osmanlı və
Avstriya-Macarıstan imperiyaları çökdü, son ikisi isə
parçalandı. Törətdiyi faciənin və əhatə
etdiyi coğrafi ərazinin miqyası baxımından bəşər
tarixində o vaxta qədər görünməmiş fəlakətin
izləri Cənubi Qafqazdan, o cümlədən, Azərbaycandan
da yan keçmədi. Qanlı döyüş meydanına
çevrilən ölkəmizin şəhər və kəndləri
dağıntılara məruz qaldı, məkrli planları ilə
bolşevik-erməni quldurları Azərbaycanda insanlığa
qarşı ağlasığmaz, dəhşətli cinayətlər,
soyqırımlar, qətliamlar törətdi.
Taqətdən düşməsinə və tarixin səhnəsindən
silinməkdə olmasına baxmayaraq, Osmanlı səltənətinin
xarici siyasətində Qafqazda, Sovet Rusiyasında yaşayan
türklərin taleyi önəmli yerlərdən birini tuturdu.
Təsadüfi deyil ki, ən müxtəlif mənbələrdən,
o cümlədən, Azərbaycanın, Şimali Qafqazın,
Dağıstanın, Tatarıstanın azadlığı
uğrunda mücadilə aparan liderlərdən alınan məlumatlar
dərindən təhlil olunur, müvafiq tədbirlər müəyyənləşdirilir
və həyata keçirilirdi. Ən ağır dövrlərini
yaşayan Osmanlı imperiyası Birinci Dünya müharibəsindən
qalib və hətta məğlub
(!) dövlətlərin təhdid və təzyiqlərinə
rəğmən, 1918-ci ilin əvvəllərində
mövcud tarixi, siyasi şəraiti dəyərləndirərək
xalqımıza qarşı bolşeviklərin maddi, mənəvi
dəstəyi ilə ermənilərin törətdiyi kütləvi
qırğınların qarşısını almaq
üçün Qafqaz İslam Ordusu yaratmaq, onu Azərbaycana
göndərmək qərarını verdi. Beləliklə,
1918-ci il aprelin 5-də Ənvər paşa Qafqaz İslam
Ordusunun təşkili və vəzifələrinə aid sənədi
təsdiq etdi. Qafqaz İslam Ordusunun komandanı təyin olunan
Nuru paşa Cənubi Azərbaycandan hərəkət edərək,
mayın 20-də Araz çayına çatdı, Zəngəzur
bölgəsinə daxil oldu və
azğınlaşmış erməni silahlı dəstələrinin
bir qismi zərərsizləşdirildi. Nuru paşa Cəbrayıl-Ağdam-Tərtər
yolu ilə mayın 24-də Yevlaxa, bir gün sonra - mayın
25-də Gəncəyə gəldi, daha sonra Azərbaycanın
müxtəlif bölgələri ilə əlaqə
yaratdı və həmin bölgələrdə müqavimət
dəstələrinin təşkilinə başladı. Az vaxt
ərzində Gəncə, Qazax, Zaqatala, Nuxa, Ağdam,
Ağdaş, Cəbrayıl, Qarabağ və Zəngəzurun
şərq hissəsini əhatə edən ərazilərdə
asayişin təmini üzrə idarə və komandalar təsis
edildi.
Belə təlatümlü və həyəcanlı
dövrdə - 1918-ci il mayın 26-da Zaqafqaziya Seymi
buraxılır. Bir gün sonra Milli Şura - tariximizin ilk qanunvericilik
orqanı yaradılır, bu zaman Batumda Türkiyə ilə
danışıqlarda Məhəmmədhəsən
Hacınski ilə birlikdə Azərbaycan nümayəndə
heyətini təmsil edən Məhəmməd Əmin Rəsulzadə
gizli səsvermə yolu Milli Şuraya sədr seçilir.
Mayın 28-də Milli Şura Azərbaycanı müstəqil
dövlət elan edir, 6 bənddən ibarət "Milli
İstiqlal Bəyannaməsi" imzalanır.
Almaniyanın, İngiltərənin, Rusiyanın
etirazlarına baxmayaraq, artıq 1918-ci ilin may ayının
sonlarına doğru mərkəzi qərargahı Gəncədə olmaqla Qafqaz
İslam Ordusunun bölmələri Azərbaycanın müxtəlif
bölgələrində yerləşmiş,
daşnak-bolşevik quldurlarının törətdiyi kütləvi
qırğınların qarşısının
alınması istiqamətində bir sıra əməliyyatlar
keçirilmişdi. Osmanlı dövləti ilə Azərbaycan
arasında hərbi, siyasi, hüquqi, iqtisadi və fikri sahələrdə
əməkdaşlıq məqsədi ilə Batumda Osmanlı ədliyyə
naziri, Şurayi-Dövlət rəisi Xəlil bəy və
Qafqaz Cəbhəsi Osmanlı Orduları Komandanı Vəhib
Paşa ilə Azərbaycan Cümhuriyyətinin xarici işlər
naziri və Azərbaycan Milli Şurasının sədri
M.Ə.Rəsulzadə tərəfindən 4 iyun 1918-ci tarixli
iki saziş imzalanır. Beləliklə, tarixdə ilk dəfə
Osmanlı səltənəti ilə Azərbaycan Cümhuriyyəti
arasında bütün istiqamətlər
üzrə əməkdaşlığın, o cümlədən,
Qafqaz İslam Ordusunun Azərbaycandakı fəaliyyətinin
siyasi-hüquqi bazası yaradılır.
Xalqımızın tarixində və taleyində
müstəsna əhəmiyyət kəsb edən bu sənədlər
ölkəmizdə sovet hakimiyyəti illərində üzə
çıxarılmayıb, demək olar ki,
xatırlanmayıb. Azərbaycan öz müstəqilliyini yenidən
bərpa etdikdən sonra haqqında bəhs etdiyimiz müqavilələr
arxivlərdən çıxarılıb, bütövlükdə,
yaxud bir hissəsi müxtəlif kitab, toplularda verilib, tədqiqatçılar
onları təhlil edib, dəyərləndiriblər. Bu
sazişlərin tam mətni sənəd imzalandıqdan az qala
40 il sonrailk dəfə Azərbaycan mühacirlərinin
Türkiyədə nəşr etdikləri "Azərbaycan"
dərgisində dərc olunub (iyun 1957, №3 (63), s.9-14). Sənədləri
jurnala indiki Dövlət Təhlükəsizliyi Xidmətinin sələfi
Əksinqilab ilə Mübarizə Təşkilatının
(ƏMT) rəhbəri Nağı Saleh oğlu
Şeyxzamanlının (Nağı Keykurun (1883 Gəncə -
1967 İstanbul) oğlu Saleh Keykurun (1920 İstanbul - 2000
Vaşinqton) təqdim edib. İstiqlal uğrunda ideoloji
mücadilə aparan Nağı bəyin oğlu Saleh bəy də
atasının yolunu davam etdirərək, dərgidə
istiqlalımıza dair bir neçə məqalə dərc
etdirmiş, İstanbulda Azərbaycan Gənclik Dərnəyinin
yaradıcılarından və fəallarından olmuşdu.
S.Keykurun 1963-cü ildə ABŞ-a köçmüş və
ömrünün sonuna kimi orada yaşamışdı.
"Müstəqil Azərbaycan murahsas heyətilə
Osmanlı dövləti arasında imzalanan 2 mühüm tarixi
vəsiqə" adlı materialda S.Keykurun əvvəlcə Məhəmməd
Əmin Rəsulzadə ilə bir görüşündən
bəhs edir, sonra 6 maddədən ibarət "Dövləti-Aliyyəyi-Osmaniyə
ilə Azərbaycan hökuməti arasında müvəqqəti
əhdnamə mətni" və
11 maddəlik "Səltənəti-səniyyeyi-Osmaniyə ilə
Azərbaycan hökuməti Cümhuriyyəsi beynində
münaqid mühadenet Mühədenaməsi"nin tam mətnini
verir. Müəllif, Məhəmməd Əmin bəylə
görüşünü xatırlayaraq yazır: "1955-ci
ilin son baharında əlimə iki vəsiqə keçdi. Azərbaycan
nəşrlərində dərc edilməyən bu iki vəsiqədən
Məhəmməd Əmin bəy mərhuma bəhs etdim.
Çox məmnun oldu. Bu vəsiqələrin hər birindən
bir nüsxənin də ona lazım olduğunu söylədi.
Mərhumun bu arzusunu yerinə yetirdikdən sonra vəsiqələrin
nəşr ediləcəyini təxmin etmişdim. Nə
yazıq ki, əcəl qanadlarını davamızın
öndərliyini yapan O böyük insanın üzərinə
gərdi. Bu surətlə sunmuş olduğum vəsiqələrin
o qiymətli qələmdən təhlil edilərək
çıxması mümkün olmadı. Vəsiqələrin
hər birinin özümdə bir nüsxəsinin olduğuna
görə, dərcini özümə borc bilərək
mütailənizə ərz edirəm". Müəllif əminliklə
bildirir ki, tarixi qiymət daşıyan bəzi mühüm sənədlər
hələ Azərbaycan nəşrlərində öz əksini
tapmayıb. S.Keykurun yazır ki, bu qəbildən olan sənədləri
silahdaşların istifadəsinə vermək istəməyənlər
xəta işləyirlər. Daha sonra xatirə müəllifi "ölümsüz M.Ə.Rəsulzadənin"
şəxsiyyəti. mücadiləsi və qələminin
qüdrəti barədə qısaca fikirlərini
bölüşür, "iki müstəqil türk dövləti
aradsında türkcə imzalanmış", "özəlliyi
və yüksək dəyəri olan" sazişləri təqdim edir.
Biz yuxarıda Osmanlı dövləti ilə Azərbaycan
Cümhuriyyərt arasında "hərbi, siyasi, hüquqi,
iqtisadi və fikri sahələrdə" əməkdaşlıq
məqsədi ilə imzalanmış müqavilələrin
ölkəmizin ikinci dəfə müstəqillik əldə
etməsindən sonra tədqiqata cəlb edildiyini, dəyərləndirildiyini
qeyd etmişdik. Lakin bu istiqamətdə görülən
işləri qənaətbəxş hesab etmək etmək
olmaz. Adətən bu tarixi sənədin daha çox hərbi əməkdaşlığa
və hərbi yardıma dair bəndləri təhlil və
şərh olunur. Halbuki həmin sənədlərdə iki
ölkə arasındakı münasibətlərin
bütün istiqamətləri üzrə əməkdaşlığı,
əlaqələrin genişləndirilməsi nəzərdə
tutulub
Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən
sonra da Türkiyə Azərbaycanla bağlı məsələlərə
çox həssaslıqla yanaşıb. Azərbaycan SSR-in də
daxil olduğu Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası ilə
Türkiyə arasında 13
oktyabr 1921-ci ildə bağlanmış sülh müqaviləsi
fikrimizi təsdiqləyir.
15 iyun 2021-ci ildə Azərbaycan Respublikası ilə
Türkiyə Cümhuriyyəti arasında müttəfiqlik
haqqında Şuşa Bəyannaməsi ilə iki ölkə
arasında dərin kökləri olan Türkiyə-Azərbaycan
qardaşlıq münasibətləri yeni tarixi şəraitdə
yeni mərhələyə qədəm qoydu.
Abid TAHİRLİ
525-ci qəzet.- 2024.- 2 mart, №41.- S.21.