Kimlər gəldi,
kimlər getdi
Heç baxmaqla görmək də eyni olar? Baxmaq
başqadır, görmək başqa... Məsələn, baxmaq
görməyi, görmək hiss etməyi, hiss etmək
anlamağı tələb edir. Hal belə olunca, əksəriyyət
qısa yoldan getməklə kifayətlənir, yəni
baxır və keçir. Çünki həyat o qədər
sürətli axır ki, kimsənin dayanıb
düşüncə tələb edən məqamları
fikirləşməyə həvəsi və marağı
qalmır. Əslində yaxınlarda bu cümləni birəbir
yaşadım. İllərdir dəfələrlə
önündən keçdiyim, baxdığım, amma görmədiyim,
varlığından xəbərim olan, ilk fürsətdə
getməyi planladığım, həftələri ertələyə-ertələyə
iki il sonraya, yəni ötən həftəyə gətirib
çatdırdığım, qarşısında dayananda
"burnumun dibində imiş, amma xəbərim yoxmuş"
dediyim bir yerə getdim. Addımımı içəri
atar-atmaz heyranlıq içində donub qaldım. Bir az da
özümü qınadım, "axı, buranı necə
görməmişəm" deyə.
Halbuki eyni küçədə getmədiyim qalereya,
muzey, tarixi abidə qalmayıb. Bura günün 24 saatı
dovğa qazanı kimi bulanan, insanların qarışqa kimi
aşağı-yuxarı axın etdiyi İstiqlal küçəsi
üzərində yerləşən İstanbul Kino Muzeyidir.
Mustafa Kamal Atatürkün "10-cu il nitqi"ni
söyləyərkən çəkildiyi kamera, Lümyer
qardaşların 1890 tarixli kinematoqrafiyası, türk filminin
önəmli hesab edilən xarakterlərinin geyindiyi geyimlər,
bal mumu heykəlləri, beyinlərə "Qulyabanı"
kimi həkk olan obrazın kostyumu, ilk afişalar və türk
filminə aid bir-birindən dəyərli əşyalar burada sərgilənir.
Üç kolleksioner və iki institutla birlikdə
yaradılan muzeydir... Yüz otuz parçadan ibarət bənzərsiz
kolleksiyaya sahib, öz kateqoriyasında dünya üzrə ilk
üçlükdə yer tutur.
Zaman axını
İstanbul Sinema Muzeyi, Kültür və Turizm
Nazirliyinin ən gözəl layihələrindən biridir.
İki yüz illik binanın iki mərtəbəsində
özünə yer edən muzey sadəcə tarixi əşyalarla
deyil, eyni zamanda müasir texnologiya ilə birləşərək
fərqli ab-hava yaradıb.
Muzey üç bölmədən ibarətdir.
Bunlardan ilki "Sinema Tarixi" bölümüdür. Burada
Yeşilçamı iliklərinizə qədər hiss edə
bilərsiniz. Yeşilçam, türk film tarixinin ən parlaq
dönəmidir. Həmin filmlərdən hər birimizin həyatında bir parça var.
Otuza yaxın rejissorun beynəlxalq yarışlarda
aldığı film ödülləri burda sərgilənir.
Nəcib Fazil, Atıl Yılmaz kimi adların əl
yazısı ilə olan ssenarilərini burada görə bilərsiniz.
İndi hər birimizin əlində telefon,
yazılarımızı ən müasir notbuklarla
yazırıq. Həmin qalın dəftərləri görəndə
adamın ağlına bir fikir gəlir, bu qədər ssenari əllə
necə yazılıb. Halbuki elə də uzaq tarix deyil, amma
insana min il kimi gəlir. Sanki daş dövründən
götürüb texnologiya dövrünə atıblar
hamımızı, o qədər qəribə baxırıq
15-20 il öncə gördüklərimizə. Film çəkmədən
əvvəl yaradılan film vəsiqələri, kitabxana
kartları, rəddedilmələr, ssenaridən
çıxarılan bölümləri də ziyarət əsnasında
görmək olar.
Bir digər bölümdə isə ən önəmli
əsərlərdən biri şübhəsiz ki, 29 Oktyabr
1933-cü ildə Ankara Hipodromunda Mustafa Kamal Atatürk tərəfindən
oxunan 10 nitqinin çəkildiyi kameradır. Eyni zamanda öyrəndik
ki, həmin tədbirdən bu günə gəlib
çıxan tək kamera budur.
Texnologiya hər sahədə liderliyini qoruyur
Muzeyin növbəti bölümü
"İnteraktif Digital"
bölümüdür. Əsasən texnologiyaya marağı
olanların böyük rəğbət və maraq göstərdiyi
yerdir. Burada türk filmlərinin bir-birindən gözəl
parçaları donmuş vəziyyətdə göstərilir,
planşeti görüntünün üstünə tutan kimi hərəkət
başlayır və kim bilir neçə dəfə izlədiyin
filmləri seyr eləmələyə başlayırsan.
Ümumilikdə, 8 min 406 film, 31 min 106 aktyor, rejissor, ssenarist,
quruluşçu rejissor və film əməkçilərini
ziyarətçilərlə qarşılaşdırır bu
bölüm.
"Artırılmış həqiqət"
bölümü sayəsində yaddaşlarda qalan film səhnələri,
planşetlərin dəstəyi ilə izlənir.
Diqqət çəkən digər bölüm isə
"Yaşıl pərdə"dir. Öncə ekranda filmi
seçirsən, sonra yaşıl pərdənin önünə
keçirsən, birdə baxırsan ki, uşaqlıqda izlədiyin
film səhnələrində Adilə Naşit, Münir
Özkul, Cüneyt Arkın, Kamal Sunal və digər
böyük sənətçilərlə yan-yanasan. Hətta
anı əks etdirən ekran foto çəkir, e-mailini
yazırsan dərhal rəsmləri özünə göndərirsən.
Zənnimcə, bu bölüm xeyli əyləncəlidir.
Əvvəli kazino-bar, sonrası muzey...
Doğrudur, muzey olduqca maraqlıdır, ancaq yerləşdiyi
bina tək başına sənət əsəridir. Bura
"Atlas 1948" kino mərkəzi kimi 1948-ci ildə fəaliyyətə
başlayır. Dönəmin ən böyük kino mərkəzlərindən
biri hesab edilir.
Bu bilgilər əskik göründü gözümə.
Gəlin, 1948-ci ildən bir az da əvvəllə gedək, 150
il öncəyə.
XIX əsrin baş gicəlləndirən siyasət,
iqtisadiyyat və sosial ortamı ilə birlikdə Pera da sürətlə
qabıq dəyişdirdi. O zamanın 300 illik Cadde-i Kəbir-i,
yəni günümüzün İstiqlal küçəsi
xüsusilə XIX əsrin ikinci yarısında daş binalar,
pasajlar, elçiliklər, köşklərlə doldu.
Bu böyük dəyişiklik sırasında Cadde-i Kəbirin
ən gözəl binalarından biri zamanın məşhur zənginlərindən
Agop Köçeyan tərəfindən tikilir.
Köçeyan, Osmanlı dönəmində sərraflığın
və təzə-təzə yaranan
bankçılığın əsas fiqurlarından və erməni
ailələrin son önəmli şəxslərindən biri
idi. Əslində ataları, babaları İstanbulun bir
çox yerində özəl mülk, dövlətin istifadəsi
üçün binalar, adi yaşayış binaları
tikdirmişdi. Agop Köçeyan da bu ənənəni davam
etdirir. Bu gün Kadıköydə Bahariyyə caddəsi
üzərində tək divarlıq yıxıntısı
qalmış hamamı, Çəngəlköydəki məşhur
yalını və Keçmiş Cadde-i Kəbir, yəni
indiki İstiqlal caddəsində qışlıq evi
tikdirmişdi. Bu yalılar və köşklər saray ailəsinə
layiq lüksə sahibdir. Köçeyan dönəmin
padşahı Sultan Abdulazizlə olan yaxınlığı və
sultanın məlum ziyarətlərinə görə bu
binanı inşa etdirib və fövqəladə şəkildə
dizayn etdirir. İkinci mərtəbənin tavanları 1870-ci
ildə İstanbula gələn fransız Rəssam Hippoly Dominique
Berteauxun yaratdığı fövqəladə freskalarla
doldurulub. Qışlıq olaraq tikilən bina Romadakı
Palazzo Farnesseni örnək alaraq neoklassik tərzdə dizayn
edilib. Binanın günümüzdə pasaj olaraq istifadə
edilən qatı o ərəfələrdə cins atların
baxıldığı tövlə kimi istifadə edilib.
Sonrakı illərdə isə bura at cambazxanasına
çevrilib. İllər sonra yenidən təmir edilərək
əyləncə və sənət mərkəzi kimi istifadəyə
verilir. Zaman içində və dönəmin ehtiyaclarına
uyğun olaraq Köçəyanın göstərişi ilə
memarlığında dəyişikliklər edilir, hətta bir
az da əlavələr edilərək ərazisi xeyli
böyüdülür. Abidənin memarının kimliyi ilə
bağlı səhih məlumat yoxdur. Lakin bəzi mənbələrdə
Andon və Garabed Tülbəndciyan qardaşları tərəfindən
ərsəyə gətirildiyi bildirilir. Bu fikrin təməli,
abidənin banisi olan Agop Köçeyanın Bəyoğlunda
inşa etdirdiyi binaların memarı olaraq Tülbəndçiyan
qardaşlarını seçmiş olmağıdır.
Bina, Köçeyan ailəsinin 1922-ci ildə Avropaya
köç etməsindən sonra və Cümhuriyyətin
qurulmasından sonra rəsmiləşdirilərək dövlətin
balansına keçirilir. Hətta həmin ərəfələrdə
bir müddət poçt idarəsi olaraq istifadə edilir.
Lakin bir müddət sonra binanın mülkiyyəti 1930-cu illərdə
tütün taciri Əziz və Əhmət Borovalı
qardaşlara keçir.
İki il sonra birinci mərtəbə təmir edilir və
əyləncə məkanı olaraq istifadəyə verilir.
Vaxtı ilə at tövləsi olan qisimdə qurulan
"Qırmızı Dəyirman" adlı kazino 1930-cu illərdə
Seyyan Xanımın ilk türkcə tanqolarını səsləndirdiyi,
Safiyə Aylanın ilk dəfə səhnəyə
çıxdığı yerdir. Sadi Işılay ilə həyat
yoldaşı tərəfindən Dəniz qızı Eftelyaya
satıldıqdan sonra kazino Çağlayan adını
aldı və dövrün tanınmış sənətçiləri
burada səhnəyə çıxmağa başladı. On il
sonra Lütfullah Sururi və Suzan Sururi tərəfindən
alındı və Operatta məkanı olaraq istifadə edildi,
revyu, operattalar səhnələşdirilməyə
başlandı. Tezliklə, Atlas Sineması şəhərin
önəmli bir əyləncə məkanı olan bu
binanın arxasındakı bağçada inşa edildi. 19
fevral 1948-ci ildə açılan kinozal 1860 nəfərlik və
25 loja ilə Bəyoğlunun ən böyük kino mərkəzlərindən
biri oldu. Sinemanın girişindəki binanın üst mərtəbəsi
1951-ci ildə "Kiçik səhnə" adlı teatr səhnəsi
açıldı. Alt mərtəbədəki "Kulis
Bar" dönəmin teatr, kino, müğənni, yazar,
jurnalist tənqidçilərinin toplandığı yerə
çevrildi. Beləliklə, Atlas sineması "Kiçik səhnə"
və "Kulis bar" ilə birlikdə o dönəmin ən
önəmli əyləncə və kültür mərkəzinə
çevrildi.
Fərqli zamanlarda əl dəyişdirən və bir
müddət istifadə edilməyən Atlas pasajı 1992-ci
ildə Kültür və Turizm Nazirliyinin nəzninə
keçdi. Bir il sonra restavrasiya edildi. Bundan sonra Türker
İnanoğlu və İrfan Atasoy işlətməyə
davam etdi. Lakin mərkəzə maraq əvvəlki kimi
olmadı və 2008-ci ildə yenidən qapadıldı. Lakin
2019-2021 arasında yenidən restavrasiya edildi və İstanbul
Sinema Muzeyi olaraq yeni bir funksiya qazandı.
Öz-özümə düşünürəm, bina
olmaq da bir şey deyil, ağıla gələn, gəlməyən
hər şeyə şahid olursan, içində 200 illik hər
cür insan və hadisə keçir. Çətindir!
Fövqəladə memarlıq
Abidənin memarlığına gəldikdə isə...
divarlardan tavana qədər renessans toxunuşları
fışqırır. Hər tərəfdən dərin bir
işçilik, əl əməyi, göz nuru yağır
adamın üstünə. İçəridə bir su
çeşməsi var. İstifadə üçünmü
orda olub, yoxsa dekor olaraqmı, bəlli deyil. Demək olar ki,
bütün otaqlarda kamin var və hamısı da mərmərdəndir.
Üzərində qaroyllar, qədim mistik əfsanələrdə
bəhsi keçən üzlər və çirkin insan sifətləri
olduqca diqqət çəkir. Bunların neqativ enerjilərdən, mövcud pisliklərdən
qoruduğu düşünülür. Xüsusilə, XIII əsrdə
Avropadakı bir çox binaların damlarında,
fasadlarında sırf dekorativ məqsədlə istifadə
edildiyi bilinən qarqoyllar çoxdur.
Puttolar
Bina Putto fiqurlarının İstanbulda istifadə
edildiyi nadir abidələrdəndir. Puttolar sevgini, eşqi,
saflığı təmsil etməkdədir. Mərkəzdə
qarşılıqlı yerləşən önlərində
masası olan putto təsvirlərinə
baxıldığında Qərbin Feniks, İran ənənələrində
Simurq, Orta Şərq simvollarından Anka quşu, türk əfsanalərində
adı keçən Tuğrul adını alan quşlarla
çərçivələndiyini görmək olar. Bu
quşun ən önəmli xüsusiyyəti
ölümsüzlüyüdür. Simurq fiquru fars sənəti
və ədəbiyyatının bütün dönəmlərində
görülür. Azərbaycan, Gürcüstan, Orta dövr
Ermənistanı, Şərqi Roma İmperatorluğu və
Fars kültürünün təsirli olduğu başqa
bölgələrin etnoqrafiyasında özünəməxsus
yeri var. XIX əsrdə "təzadların
doğan" neoklasik üslub abidənin işləmələrində
özünü bu şəkildə göstərməkdədir.
Bir Berteaux incisi
Hippolyte Dominique Berteaux tərəfindən
yaradılan, dörd elementin təsvir edildiyi freskalar tavanın
dörd köşəsinə yerləşdirilən mərkəzdə
isə yay və yaz təsvirləri yer almaqdadır. Hava, su,
torpaq, od ünsürlü freskalar insanı valeh edir.
Freskaların üzərində bir dişi, bir erkək və
iki uşaq fiquru əks edilib. Tanrıdan gələn bərəkətin,
güvənin, hüzurun rəsm edildiyi freskalar dörd element
ilə verilən mesajları əks etdirir.
Açığı, mən muzey ziyarətinə
getmişdim. Amma binanın möhtəşəm
memarlığı məni ağuşuna elə aldı ki, az
qalsın ora nə üçün getdiyimi unudum.
Türkan TURAN
525-ci qəzet.- 2024.- 2 mart, №41.- S.20;21.