Təhsildən uzaq
qalan şagirdlər
Oxuduğum universitetdə təhsilimi başa vurub
pedaqoji təcrübə keçməyə orta məktəbə
təyinat aldım.
Etiraf edim ki, ilk dəfə sinifə müəllim kimi
daxil olmaq, ayrılan qısa müddətdə şagirdlərə
az da olsa, nəsə öyrətmək üçün həvəsli
və bir o qədər də həyəcanlı idim.
Müəllimlik, doğrudan, sanballı və şərəfli
peşədir. Ancaq yaxşı müəllim olmaq şagirdlərdən
daha çox asılıdır. Şagird var, müəllimini
üzüağ edir, şagird də var, üzüqara...
Düşünürəm ki, cəmiyyətimiz bu cəhətdən
çox amansızdır, kiminsə cahilliyini heç vaxt
bağışlamır və acığını da onun
müəllimi haqqında mənfi iradlar, kəskin fikirlər
bildirməklə çıxırlar. Fərqi yoxdur müəllim
yaxşıdır, ya pis. Əsas odur
qarşısındakı insan cahildir, avamdır, nadandır.
Qüsuru da ağına-bozuna baxmadan müəllimdə
görürlər, bu, bir kənara.
Müəllim-şagird münasibətlərində
yaranan paradoks da adətən ürəkaçan olmur. Bəzən
müəllim öyrətmək istəmir, bəzən də
şagird öyrənmək.
Son zamanlar KİV-in müxtəlif orta məktəblərdə
təhsil alan şagirdlərlə bağlı
yaydığı xoşagəlməz xəbərlər məni
də narahat edirdi. Fəqət belə situasiyaların şəxsən
şahidi olacağımı heç vaxt düşünməmişdim.
Onu deyim ki, məktəblilərin çoxu elmə, biliyə,
təhsilə zərrə qədər maraqlı, həvəsli
deyil. Adamdan zorla nəyisə almaq olar, ancaq əksini etmək
qeyri-mümkündür.
Hazırda şagirdlərin diqqətini dərsə
yönəltmək çox müşkül məsələyə
çevrilib. Müəllim sinifdə nə qədər
boğazını yırtsa da, şagirdlər ona əhəmiyyət
vermirlər. Naşılıqla, qeyri-peşəkarlıqla
bağlı deyil, sadəcə oxumaq-öyrənmək istəyən
yoxdur. Altı-yeddinci sinif şagirdlərinin nitqində elə
vulqar, jarqon, arqo kəlmələrə rast gəlirsən ki,
adamın matı-qutu quruyur.
Əlbəttə, müəllim əsəblərini
cilovlamağı bacarmalı, səbirli-təmkinli olmalıdır,
onda işim yox. Hərçənd ki, bəzi məqamlarda
müəllimin də səbir kasası daşır. Uzağa
getməyək, elə başıma gələn hadisədən
danışım siə.
Demək, ötən həftə səkkizinci sinifdə
Mirzə Cəlilin "Qurbanəli bəy" hekayəsini
keçdim. Şagirdlər arasında kiçik bir sorğu
aparıb "Cəlil Məmmədquluzadə haqqında nə
bilirsiniz?" - deyə primitiv sualla onlara müraciət elədim.
Bir şagird utanmaz-utanmaz sualıma belə cavab verdi:
"Müəllim, biz elə bir müğənni eşitməmişik".
Quruyub qaldım yerimdə. Bu necə cavabdır axı? Sadəcə
"tanımıram" desəydi, bəlkə, hardasa
başa düşmək olardı. Ancaq həmin cavab...
Əvvəlcə düşündüm ki, yəqin, mənlə
məzələnir. Az sonra anladım ki, həqiqətən,
böyük sənətkarımızdan bixəbərdilər.
İstər-istəməz "Poçt
qutusu"ndakı Novruzəlinin sərgüzəştləri
yadıma düşdü. Ürəyimdə Mirzə Cəlilə
rəhmət oxudum. Daha sonra yazıçının vətəni,
xalqı uğrunda qatlaşdığı əzab-əziyyətdən,
gördüyü işlərdən, fəaliyyətindən
danışdım onlara. Dinləyən də oldu, dinləməyən
də, sözüm onda deyil.
Deməyim odur ki, şagirdlərin hazırkı vəziyyəti
göz qabağındadır. Bəlkə,
danışdıqlarım kənardan kiməsə adi
görünə bilər. Fəqət sözügedən
şagird özü də bilmədən olduqca əhəmiyyətli
bir məqama toxundu. Həmin məqam odur ki, Mirzə Fətəli
Axundzadə, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər
Sabiri tanımayan nəsil formalaşır. Ana dilinə,
etnik-milli mənsubiyyətinə, tarixi-keçmişi və
milli mədəniyyətinə laqeyd cəmiyyət yaranır.
Qeyri-ciddi blogerləri, məzmunsuz tik-tokerləri,
bayağı müğənniləri özünə ideal
seçən gənclər yetişir. Ona görədir məktəblərdə
baş verən çirkin hadisələrin sayı
günü-gündən artır. Ona görədir cinayətlər,
qanun pozuntuları, ürəkbulandırıcı hadisələr
get-gedə çoxalır.
Sual ortaya çıxır ki, bəs şagirdlər
niyə mütiləşir, acınacaqlı hala
düşürlər? Zənnimcə, bu barədə
övladına kitab almağa qıymayan, amma bahalı
telefonlarla məktəbə yola salan valideynlər
düşünməlidir.
Qərəz, sözü çox uzatmadan Mirzə Cəlili
tanımayan şagirdin sözləri ilə fikrimi
yekunlaşdırmaq istəyirəm: "Biz dediyiniz şəxsi
hardan tanıyaq axı? Biz ancaq telefonda gördüklərimizi
tanıyırıq".
İlkin ÖZ
525-ci qəzet.- 2024.- 2 mart, №41.- S.19.