"Özümü
dərk edəndən sənətlə məşğul
olmuşam"
Naxçıvan Rəssamlar Birliyinin sədri, Milli Məclisin
deputatı Ülviyyə Həmzəyeva: "Hərdən mənə
elə gəlir ki, rəssam böyüməmiş
uşaqdır"
Dünya görünməz rəssamın əli ilə
min bir rəngin çalarından yaranaraq bəşəriyyətə
bəxş edilən bir möcüzədir. Sirlərlə,
gözəlliklə, füsunkarlıqla dolu bir möcüzə.
Rənglərə bürünmüş möcüzə... Bəlkə
də artıq adət etdiyimizdəndir ki, ətrafımızı
saran rənglərə sıradan, bəzən də adi
gözlə baxırıq. Lakin unuduruq ki, incəsənətin
elə bir incə sahəsi var ki, onun peşəkarları bu rənglər
dünyasının içində yalnız onlara məlum olan
sehri görür, gecə-gündüz çalışır
və sonda qəribə çalarların toplumundan bizlərə
bir gözəllik nümunəsi təqdim edir. Onların
adı isə rəssamdır.
İncəsənətin şaxələri çoxdur
və sizləri də sənətin müxtəlif səpkili
nümayəndələrilə dəfələrlə
görüşdürmüşük. Amma hələ ki, bir rəssam
müsahiblə heç özümün də söhbətləşmək
kimi bir fürsətim olmayıb. Düzü, onu mənə
bir rəssam kimi tanıtdılar. Bu fürsətdən
yararlanmaq qərarına gəlib haqqında araşdırma
aparanda məlum oldu ki, o, təkcə rəssamlıq sahəsində
uğur qazanmaqla kifayətlənməyib, ölkənin
ictimai-siyasi həyatında rolu olan fəal bir xadimdir, daha dəqiq,
millət vəkilidir. Onunla həmsöhbət olmaq istəyimizi
bildirəndə, tərəddüd etmədən və məmnuniyyətlə
razılığını verdi. Beləliklə də, bu
şənbə qonağımız Əməkdar rəssam,
Naxçıvan Rəssamlar Birliyinin sədri, "Yeni Era"
Dünya Rəssamlıq Akademiyasının həqiqi
üzvü, Milli Məclisin deputatı Ülviyyə Həmzəyevadır.
- Təəssüf ki, dünya öz axarında
deyil...
- Düz vurğuladınız, deyil və mən həm
yaradıcı insan, bir az da siyasətdə olan biri kimi
çox narahatam. Sənətdə olan insan daima sülh istəyir,
ölkəsinin siyasi xadimi olan da buna can atır. Biz çox
böyük yol keçib, itkilər verməklə zəfər
tariximizi yazmağı bacardıq, təbii ki, müdrik bir rəhbərin
siyasəti sayəsində. Bununla belə, içimizdə təlatüm
hələ də var. Bu təlatüm tək ölkəmizlə
deyil, bütün dünya ilə bağlı bir narahatlıqdır.
İstəyimiz də odur ki, dünya sülh, əmin-amanlıq
və barış içində yaşasın.
- Ülviyyə Həmzəyevanı özünə
bağlayan rəssamlığın ilk cizgiləri...
- Özümü dərk edəndən sənətlə
məşğul olmuşam, çünki sənətkar ailəsində
doğulmuşam. Atam da rəssam olub, xalam da və sənətin,
özüm də yaradıcılığın genetik
kodlaşdırılmış ötürülməsinə
inanan insanlardanam. Çox sonralar bildim ki, hər iki tərəfdən
olan ulu nənələrim gözəl xalça
toxumağı bacarıblar. Ən əsası həmin
xalçaların iplərini də özləri boyayıb,
naxışları da özləri seçiblər. Hətta 4
əsrlik yaşı olan bir xurcun bizə qədər gəlib
çatıb və hər dəfə onlara baxanda daha
çox həvəslənirəm. O ki qaldı
soruşduğunuz ilk cizgilərə, əvvəl onu
vurğulayım ki, mən tək rəssam deyil, həm də
hərbçi qızı olmuşam və ilk addımım rəssamlıqla
olmayıb. Hərbçi uşaqlarının
bağçasına gedirdim, orada əl qabiliyyətimin
olduğunu müəllimlərim bilirdilər. Bir dəfə
atam plastilindən gözəl bir at fiquru düzəltmişdi.
Bu o qədər xoşuma gəldi ki, onunla birlikdə heyvan
fiqurları düzəltmişdim və bu, çox maraqla qarşılandı. Tərbiyə
aldığım bağçada bu fiqurlardan ibarət ilk fərdi
sərgim təşkil olundu. Və həvəsin
qığılcımları beləcə görünməyə
başladı.
- Deməli, maneə deyil, dəstək gördüz
ailədən...
- Maneə gördüm. Mən daha çox nənə-baba
himayəsi altında böyümüşəm. Məktəb
vaxtından kiçik həcmli yazılarım babamın
xoşuna gəlirdi və düşünürdü ki,
jurnalistikaya meylim ola bilər, amma daha çox məni həkim
kimi görmək istəyirdi. Mən evdəkilərin istəyilə
razılaşdım, 9-cu sinifdən Naxçıvanda özəl
tibb məktəbində təhsil almaq üçün ora
yönəldim, yaxşı da oxudum. Lakin bir il başa
çatmamış anladım ki, mən öz yerimdə deyiləm.
Qərarımı təkcə anam bildi və
arzuladığım təsviri incəsənətin ardınca
getdim. Babam uzun müddət mənimlə danışmadı
və ən təəccüblü o oldu ki, atam da sənətdə
olmağımın əleyhinə çıxdı. Yeganə
dəstək gördüyüm insan anam oldu. Əl işərimə
baxan mütəxəssislər yekdil olaraq müsbət fikirlərini
bildirdikdən sonra sevdiyim sənətin
arxasınca getdim. Və düşünürəm ki, bu,
Allahın mənim üçün seçdiyi yol idi ki, onunla
da yürüməli idim.
- Sizin düşüncənizdə rəssam...
- Hərdən mənə elə gəlir ki, rəssam
böyüməmiş uşaqdır. Bəzən isə
görürəm ki, rəssamlar bir növ tərki-dünya
olmuş insanlardır, onlar üçün əhatə,
çevrə deyilən bir anlayış yox olur,
çünki onlar özlərini yaratdıqlarına həsr
edir. Rəssam yaratdığı əsərdə
özünü təsvir etməyə
çalışır. Hər ştrixdə, seçdiyi
boyada, aldığı hər çalarda belə, rəssamın
özü mütləq var. Bəzən rəssam elə tablo,
elə abstrak əsər yaradır ki, kənardan baxan bunu
anlamır və "cızma qara" hesab edir. Amma əslində
bu, əlində fırça olan bir insanın həyat hekayəsidir,
onu hər kəs dərk edə bilmir. Sərgiyə tamaşa
etməyə gələn seyrçi rəssam qədər
düşüncəyə malik olmalıdır ki, onun nə
demək istədiyini anlaya bilsin və zövq alsın. Belələri
yoxdur demirəm. Rəssam portret yaradarkən yalnız
gördüyü cizgilərlə işləyərsə,
soyuq bir tablo alınar. O, ilk növbədə
qarşısındakı insanın xarakterini tutaraq, beynində
canlandırdıqdan sonra portreti işləməyə
başlayır, başqa cür mümkün deyil. Əgər
baxıb gördüyünü çəkərsə, bu, surətçıxarma
olur. Rəssamın yaratdığında onun təxəyyülü,
düzgün istiqaməti, seyrçini düşündürəcək
və onun dərk edə biləcək məqamlar varsa, bu, əsl
sənətdir. Bir əsər rəssam ömrünü
aylarla, illərlə ala bilər. Və onun ömründən
gedən bu zaman kəsiyinə dəyər verilməyəndə,
sənət donur. Rəssamlıq Allah vergisidir. Rəssamların
dili eynidir və onlar bir-birini yaxşı anlayır.
Soruşduz ki, rəssam kimdir? Rəssam rəsmlərinin
aşiqidir. O, özünü daha çox sənətinə
həsr edir.
- Əsərlərinizdə millilik, uzaq
keçmiş, mifologiya motivləri üstünlük təşkil
edir...
- Hər dəfə Turan deyəndə, qədim
türk elləri deyəndə, özlüyündə fərqli
bir duyğular yaşayır insan. Rəssam bunları yalnız eşitmir, o, təxəyyülündə
onları canlandırmağı da bacarır. Bizim
üçün ən dəyərli olan kökümüzdir,
nağıllarımızdır, mifologiyamızdır, qədim
tariximizdir. Bir rəssam olaraq istədim ki,
düşündüklərim, istədiklərim, arzularım
kətan üzərində öz əksini tapsın.
Arzuladıqlarım həyata keçdi. Biz
türkçülüyümüzü qəbul edib ona
qayıtdıq. Anladıq ki, biz Qərbdən daha yüksəkdəyik.
Bizdən süni şəkildə alınan dəyərlər
çox olub və nə yaxşı ki, onlar artıq geri
qayıdır. Bütün bunların səbəbkarı Ulu
öndər və bu gün onun davamçısı cənab
Prezident İlham Əliyevdir. Nə nağıllarımız,
nə mifologiyamız uydurma təxəyyülüdür.
Onları araşdırdıqca köklərin hansı dərinlikdən
gəldiyini dərk edirsən. Bütün bunları
yavaş-yavaş özümüzə qaytarmağa
başlamışıq. Bayaq belə bir fikir səsləndirdim
ki, rəssam bir növ böyüməmiş uşaqdır,
lakin bütün bunların fonunda həmişə o
uşaqlıqda qalmaq olmur.
- Zövqlər müxtəlif olduğu kimi hər rəssamın
da özünün sevdiyi rəng var...
- Ağ və qara... Dünyanı nə qədər rəngli
görsəm də, əsərlərim nə qədər rəngarəng
olsa da, onların hamısı sevdiyim bu iki rəngdədir.
Ağ və qara - həyatın fəlsəfəsidir, həyatın
anlamıdır. Hər ikisində sevinc də var, kədər
də var, sevgi də var. Tək qara deyil, ağ da matəm rəngi
olur bəzən. İstənilən halda ikisi də mənim
üçün əsasdır.
- Amma qara rəng çox zaman qorxu və vahimə
saçır...
- Razı deyiləm... Gecənin rəngi qaradır və
həmin fonda biz ulduzları görəndə bu, artıq bir
romantikadır. Çox zaman insan qaranlıq gecələrdə
düşünür, fikirlər təzələnir. Heç
uzağa getməyək, biz yaradıcı insanlar əsasən
gecənin səssiz qaranlığında daha məhsuldar
işləyə bilirik. Və bu zaman nə qorxu keçiririk,
nə də bizi vahimə bası.
- Eyni zamanda rəssamın öz sənətində
ruhuna daha yaxın olan sevdiyi sahəsi də olur...
- Daha çox rəngkarlığı və
qrafikanı sevirəm. Amma bir pillə üstünlüyə
gəlsək, o zaman həmin yerdə qrafika dayanır.
- Rəssamlarda olduğu deyilən
üçüncü göz...
- Hamısında deyil, lakin bəzilərində var və
bu göz sadə insanın görə bilmədiyi hər bir
şeyi görməyə qadirdir. Bəzən ətrafımızda
elə insanlar olur ki, heç kəs onlara məhəl qoymur, dəyər
vermir. Üçüncü göz odur ki, bu cəvahiri
görür, üzə çıxarır və onu kəşf
edir.
- Bəyənib pərəstiş etdiyiniz etdiyiniz rəssam...
- Çoxdur və bunun əcnəbi, ya
özümüzünkü olmağına aidiyyəti yoxdur. Məh
hər görülən işə böyük hörmətlə
yanaşıram. Hər atılan addım, hər vurulan
fırça, əsərə qoyulan düşüncə
böyük zəhmət, proses və araşdırma tələb
edir. Rəssamlıqda araşdırmaya daha üstünlük
verirəm, çünki burada kor-koranəlik ola bilməz. Ona
görə ki, kökündə tarix dayanıb. Düzdür,
bizim estetik zövqümüzü oxşayan gözəllik
nümunələri də olmalıdır. Lakin
araşdırmalar aparıldıqda fərqli sənət
nümunələri yarana bilir. Bu baxımdan ad sadalamadan rəssamlara
böyük hörmətlə yanaşıram.
- Rənglərin dilindən danışaq...
- Rənglərin gözəl olduğu qədər
mistik bir dili var. Qayaüstü rəsmlərdən başqa,
biz əsrlərdən üzü bəri gələn
xalçalarımıza diqqət etsək görərik ki, hər
atılan ilmə deyilən bir sözdür. İstər qədim
hindularda, hunlarda, Meksika xalqlarında çox maraqlı rənglər
dili-düyün dili olub. Yəni hər düyünün
öz rəngi olub və onlar bir-birilə bu rənglər
vasitəsilə danışıblar. Bu, mükəmməl bir
şeydir və bizim xalçalarda öz əksini çox
tapıb.
- Rəssam və həsəd hissi...
- Mən daha çox hansısa bir rəssamın
uğuruna sevinən biriyəm. Həsəd yox, qürur hissi
keçirə bilərəm, çünki bizim belə rəssamlarımız
çoxdur. İstər daxildə, istər xaricdə olsun
içimizdən kiminsə əli harasa çatırsa, o, bizdəndir.
Bununla da yalnız qürurlana bilərəm, vəssəlam.
- Söhbətimizin istiqamətini dəyişək.
Erkən yaşından rəngləri sevən, onunla
dostlaşaraq böyüyən rəssam Ülviyyə Həmzəyevanın
bu gün ictimaiyyətdə daha bir adı var - millət vəkili...
- Bir fikrimdə daima eyni və dəyişməz
mövqedə qalmışam həmişə. Ən
böyük siyasət sənətdir. Sənətin hansı
sahəsində olursansa ol, əgər sən öz mədəniyyətini,
incəsənətini, milliliyini, adət-ənənələrini
təbliğ edirsənsə, deməli, sən öz dövlətinin,
ölkənin simasısan. Bundan böyük siyasət ola bilməz.
- Bu düşüncə də sizi millət vəkilliyinə
gətirib çıxardı...
- Məndə insanları sevmək, onları duymaq,
anlamaq hissi böyükdür. Universitet illərindən ictimai
işlərin içində olmuşam. Çox aktiv tələbə
kimi bir çox müsabiqələrin qalibi adını
qazanmışam. Məqamına düşdüyü
üçün bunu da vurğulamaq istərdim. Azərbaycanda
soyqırım qurbanlarının xatirəsinə həsr
olunan ilk abidənin müəllifiyəm. Bu abidə
Naxçıvan Dövlət Universitetinin Gənclik
parkında ucaldılıb. Onun istəyilə deyil, sənətə
getdiyim üçün məndən küsülü olan
babam həmin abidənin açılışından sonra mənimlə
barışdı. Artıq xəstə idi və məni
yanına çağıraraq dedi ki, məni
bağışla, sən həqiqətən düz yol
seçmisən. Siyasətə gəlməklə də,
düşünürəm ki, doğru addım atdım.
İnsanların yanında olmaq, onların problemlərinin həllində
iştirak etmək, qanunlara söykənərək onlara
yardım göstərməklə də xalqıma, millətimə
yararlı olmaq istədim. Bəzən insanlarla çox sadə,
bəsit bir dillə danışanda belə, bu, öz nəticəsini
göstərir, Çünki ən azından səsini verdiyi
birini yanında görmək, dərdini dinləmək,
çıxış yolu tapmaq üçün
çalışmaq kimi hərəkətləri görmək
sadə insana bir toxtaqlıq verir. Həm də sənət
adamları digərlərilə müqayisədə daha həssas
olur və bu da qarşındakını anlamaqda böyük
rol oynayır. Həm insanlarımıza, həm sənət
adamlarımıza yardım etmək üçün bu yolu
tutdum.
- Millət vəkili...
- Millət vəkili xalqla dövləti bir-birinə
dost edən insandır, yəni bu istiqamətdə vasitəçilik
edən bir ictimai xadimdir.
- Lakin çox vaxt seçicisindən narazı qalan
xalqın nümayəndəsini görəndə,
düşünməyə əsas yaranır ki, bu, heç də
göründüyü kimi deyil...
- Çünki millət vəkili özü də
çox vaxt çətinlik qarşısında qalır.
Kimliyimizdən asılı olmayaraq, hər birimiz insanıq və
bu insanlar hamısı eyni deyil. Onların istəkləri,
arzuları, niyyətləri də fərqli olur. Məhz bu
baxımdan biz də dövlət qurumlarındakı insanlarla
çox çətinliklə dil tapa bilirik. Bizim
üçün xalqla, insanlarla işləmək daha
asandır, nəinki məmurlarla.
- Naxçıvan Azərbaycan xəritəsinin
tamamlanmayan hissəsidir...
- Bu, mənim ən ağrılı yerimdir. Hamı
Naxçıvandan millət vəkili seçildiyimi bilir və
tez-tez məndən soruşurlar ki, işinin böyük hissəsi
Bakıdadır, niyə köçüb gəlmirsən? Həmişə
özlüyümdə düşünmüşəm ki, həm
Bakıda, həm Naxçıvanda olmaqla əlaqələri
bir az da yaxınlaşdırmış oluram. Mənim
seçicim Naxçıvandadır və mən gəlib
Bakıda olaramsa, onların mənimlə mütəmadi əlaqəsi
necə olar? Təyyarə biletinin qiyməti 60 manatdır və
bu, çox bahadır. Mən necə razı ola bilərəm
ki, seçicimə lazım olan anda o, məni görmək
üçün təyyarəyə minib Bakıya gəlsin.
Verdiyiniz sual istər mənə ünvanlananda, istərsə
özlüyümdə bu haqda düşünəndə hisslərimə
hakim kəsilməkdə çətinlik çəkirəm.
Naxçıvanı Azərbaycanın ayrılmış bir
parçası kimi görən tək mən, siz, bizlər
deyilik. Bu, illərdir dünyanın gördüyü bir mənzərədir.
Lakin çox böyük ümidlərim var ki, xəritənin
tamlığı mütləq yerini tutacaq, Zəngəzur dəhlizi
öz həllini tapacaq, Bakı ilə Naxçıvan
arasında daha yaxın əlaqə və münasibətlər
yaranacaq.
- Zəngəzur dəhlizi dediniz, bütün Azərbaycanın
diqqətinin əsas nöqtəsi. Amma düşmən ipə-sapa
yatmaq heç istəmir...
- Ölkə başçısı andiçmə mərasimində
belə bir fikir söylədi: "Bu zəfərimizi Avropa bizə
bağışlamayacaq". Bu, bir həqiqətdir ki, onlar yenə
nələrəsə cəhd göstərəcək və
biz bütün bunlara hazır olmalıyıq. 44 günə
alınan bu torpaqlar övladlarımızın qanı ilə
suvarılıb, qələbə dediyimiz sevincin içində
nə qədər yarımçıq ailələr, nakam
sevgilər, atasız uşaqlar, anaların qurumaq bilməyən
göz yaşları, müharibədən sonra dünyaya gələn
körpələr var. Bir gözümüz güldüsə
də, o biri hələ də qan ağlayır. Bütün
bunları düşündükcə, dinclik tapa bilməyən
düşmənin ipini də, sapını da dibindən kəsməyə
borcluyuq. Əgər bir ağacın kökü hələ
torpaqdan qidalanırsa, o, quruyana qədər şaxələnəcək.
Yəni nə qədər ki, yurdsuz-yuvasız bu
azğınlar dünyadan dəstək alır və
güclü havadarlara malikdirlər, bizim rahat olmağa
haqqımız yoxdur. Zəfər
çaldığımız kimi torpaqlarımızı
qorumaq bir vicdan, namus məsələsinə çevrilməlidir.
Düşüncəsi belə qorxuncdur ki, 30 illik həm
yaxın, həm uzaq keçmişi bizdən sonrakı nəsillər
heç zaman yaşamamalıdır. Nöqtəni elə qoyaq
ki, tarix bir də təkrarlanmasın.
SÖZARDI: Söhbət əsnasında Ülviyyə
xanım bir məsələyə o qədər incəliklə
toxundu ki, bunu diqqətdən kənarda qoymaq istəmədim.
Dörd il Rəssamlıq Akademiyasının aspiranturasında
oxuyan sənətşünasın dissertasiya işi millət
vəkili olduğundan müdafiəyə qapalı qalıb.
Seçdiyi mövzuda belə, öz kökünə sadiq
qalan bu xanım sakit qalmayaraq türk rəssamı kimi
tanınsa da, əslən Naxçıvanın Cəlilabad kəndindən
olan mühacir bir rəssamın həyat və
yaradıcılığına öz tədqiqatlarını
da əlavə edərək "İbrahim Safi: Rəssam
impressionist" adlı kitabını ərsəyə gətirib.
Ötən il 125 illiyi olan rəssamın
xatirəsinə ehtiram əlaməti olaraq C.Məmmədquluzadə
adına Naxçıvan Dövlət Milli Dram Teatrında
kitab təntənəli çəkildə oxucu kütləsinə,
sənət adamlarına təqdim olunub.
Tamilla M-zadə
525-ci qəzet.- 2024.- 2 mart, №41.- S.18;19.