İlk mizrabı -
daraq dişi, ilk səhnəsi - ot tayası...
Ustad tarzən Ramiz Quliyev: "Qəlb, ruh musiqi ilə
həmahəng olanda sarı sim möcüzə
yaradır"
Hər dəfə Musiqi Akademiyasına gedəndə
elə bilirəm, həyatda heç vaxt görmədiyim
Üzeyir bəyi görəcəm... Möhtəşəm
abidəsindən getmir söhbət. Binanın özündə
də ruha toxunan nə isə var, elə bilirəm, Üzeyir bəyin
ruhu o divarlar arasındadır, həm də həmişəlik:
heç vaxt tərk etmir oraları. Hər otaqdan bir musiqi alətinin
səsi gəldiyindən səslər bir-birinə
qarışır, amma qulağı incitmir, əksinə, qəribə
bir rahatlıq tapırsan...
Müsahibimlə vədələşdiyimiz vaxtdan tez
gəlmişəm, böyük musiqiçilərin divar boyu
sıralanmış şəkillərinə baxa-baxa onu
gözləyirəm. Bir də baxıram, şəkillərdən
birinin qarşısında müsahibim durub: Tarzən, Xalq
artisti, professor Ramiz Quliyev. Görüşüb onun
addımları ilə, asta-asta üçüncü mərtəbəyə
qalxırıq. Mən sual vermədən söhbət
artıq başlayıb...
- Gözümü açandan ətrafımda musiqi sədası,
tar səsi eşitdim. Anadan olduğum şəhərin -
Ağdamın hər tərəfindən müxtəlif musiqi
alətlərinin ifasını dinləyirdim. Tarın nə
olduğunu heç bilmirdim, 4-5 yaşım vardı. Bir
gün evdə divardan asılan o aləti özümdən bir
az böyük uşaqların sinəsində gördüm. Gəldim
evə, xalçanın üstündəki aləti göstərib
atamdan soruşdum ki, o nədir? Dedi, tar. "Kimin
tarıdır?" Cavab verdi ki, əminin... Və kövrəldi.
Sonra anam danışdı ki, əmin Həbib hərbçidir,
hərbi komissar olub, müharibədə yaralanıb, əlləri
işləmir, daha tar çala bilmir. Əmim də Kəlbəcərdə
işləyib-yaşayırdı, ildə bir dəfə bizə
- Ağdama gəlirdi. Bir də gələndə soruşdum
ki, əmi, o divardakı tar kimindir? Cavab verdi ki, sənin. Bu
cavabı alan kimi masanın üstünə çıxıb
o tarı divardan götürdüm.
Əmimlə birlikdə onun simlərinə əl gəzdirib
bir az köklədik. Əmimin barmaqları tutmurdu, o dedi, mən
aşığı burdum. O tar indiyə qədər məndədir.
Ağdamdan bir o tarı götürmüşdüm. İkimərtəbəli
sarayımızdan mənə qalan o tar oldu. Qonşuda bir
İsmayıl dayı var idi, oğlu tar çalırdı. O
kişi həmişə oğluna deyirdi ki, ay, bala, bir o
sarı simə də vur... Bilmirdim, nə deyir, sarı sim nədir.
Oxuyub-öyrənəndən sonra gördüm, tarda sarı
sim bir başqa aləmdir.
- El arasında "o sarı simə elə toxunma"
deyə bir ifadə də var. Nədir axı, o sarı sim, ona
toxunanda nə baş verir?
- Qəlb, ruh, musiqi ilə birləşib həmahəng
olanda sarı sim möcüzə yaradır. Tarın səsi mənim
üçün həmişə möcüzə olub.
İlk dəfə o möcüzəyə öz ifamda
düşmüşəm. Əmimlə tarı kökləyəndən
sonra onu əlimdən qoymadım. Mizrabı yox idi, anam bir
daraqdan bir diş sındırıb vermişdi, onunla
çalırdım. Bir dəfə evdə tək idim. Həyətimizdə
ot tayası vardı, çıxdım onun başına,
başladım çalmağa. Nə qədər
çalmışam, bilmirəm, bir də gördüm ki, nə
isə hənirti var. Düşdüm aşağı, səs
gələn tərəfə getdim, darvazanı açdım,
gördüm ki, sürüsünü aparan iki çoban
qoyunları düz darvazanın ağzına yığıb.
Məni görən kimi biri qayıtdı ki, a bala, onu yenə
çal. Dedim yox, çalmıram, dedi çal, sənə
bir quzu verəcəm. Başladım elə darvazanın
ağzında çalmağa. Kişi əlini atıb bir
balaca quzu götürüb qoydu darvazadan içəri. Bax,
onda sarı simlə çalırdım, çünki tar
yaxşı köklənmədiyindən yaxşı səs
ancaq sarı simdən çıxırdı.
Sonra atamgil evə gələndə quzunun səsini
eşitdilər, atam dedi, bu quzu hardandır? Danışdım
hal-qəziyəni, dedi, apar quzunu qaytar sahibinə.
- Qaytardınız?
- Aparıb qaytardım, atam demişdi, sərt adam idi rəhmətlik.
Çobanla bərabər, özüm də elə o
düşən düşdüm tarın, sarı simin sehrinə.
Sonra Ağdam Musiqi Məktəbini oxuyub əla qiymətlərlə
bitirdim, 4 il də Musiqi Texnikumunda təhsil aldım. Və nəhayət,
gəlib Üzeyir Hacıbəyli adına Musiqi Akademiyasına
qəbul olundum. İndi oturub sizinlə söhbət etdiyim bu
otaq mənə çox doğmadır. 1964-cü ildən bu
otaq taleyimə çevrilib, düz 60 ildir. Burda əvvəl tələbə
olmuşam, Səid Rüstəmovdan, Adil Gəraydan burda dərs
almışam. Sonra özüm müəllim, dosent, professora qədər
burda ucalmışam. İndi də bu otaqda tələbələrimə
dərs deyirəm.
- Ailənizdə sizdən başqa musiqiçi
olmayıb, hərbçilər daha çoxdur. Eşitdiyimə
görə, sizə də çox deyiblər hərbçi
ol, tardan pul çıxmayacaq. Heç tarzən
olmağınıza təəssüf etdiyiniz oldu?
- Mən hansı sənətdə olsam, onun zirvəsində
olmalı idim, xarakterim bunu diktə edir. Tar mənim
üçün zirvədir. Mən Azərbaycan
xalqının səsini, ahəngini, musiqisini seçdim. Bundan
gözəl nə ola bilərdi. Uşaqlıqdan oxumağa,
öyrənməyə meyilli olmuşam. Mən balaca olanda bir
otağımız vardı, 9 nəfər ailə üzvü
orda yaşayırdıq. Səhər tez durub gedirdim Ağdam
Musiqi Məktəbinə. Bəzən alaqaranlıqda itlər
düşürdü arxamca, onları qova-qova gəlib
çıxırdım məktəbə. Xidmətçi
qadın zarafatla deyirdi ki, gəl, bala, sən müdirsən, mən
də müavin, ikimiz də hər gün hamıdan tez gəlirik.
Heç kim gəlməmiş, otaqda oturub
çalırdım, notları oxuyurdum, öyrənirdim. Not
müəllimim Con Əliyev mənə "sən çal, mən
gəlirəm" deyir, çıxıb gedirdi. Mən
saatlarla oturub öyrənib onu gözləyirdim. Solo
ifaçılığa paralel, müşayiəti də elə
orda öyrəndim. Bir sinifdən çıxıb o birisinə
girir, bütün dərslərdə iştirak edirdim.
Texnikumda isə not müəllimim Əlipaşa Daşdəmirov
idi. Muğamı Xosrov Fərəcovdan öyrənirdim. Xanəndəlik
sinfində Musa Şuşinskidən dərs alırdım, bu
da müşayiət üçün lazım idi. Solistlik
ayrı, müşayiət başqa, ansambl ayrı, orkestr bir
başqa - hərəsinin öz yolu var.
- Solistdən nə tələb olunur?
- Solist o qədər sərraf olmalıdır ki! Ona
yanılmaq olmaz. Böyük orkestrin içində tar konsertlərim
olub. Simfonik əsərlər ifa etmişəm, orda tar
aparıcı alətdir. Simfonik orkestr dirijorla bir yerdə
solistə tabe olur. Klassik əsərlərin simfonik orkestrlə,
yaxud xalq çalğı alətləri ilə ifası
zamanı tar hansısa notu düz çalmasa, uğursuzluqla nəticələnər,
orkestr dayanar. Solist aparıcıdır, orkestri arxasınca
aparır.
- Bəs müşayiət edəndən nə tələb
olunur?
- Muğam ifası zamanı müşayiət edən,
yəni tarzən xanəndənin səsini tənzimləyir. Səsi
hara qədər çatır, onu müşayiət etməlidir.
Tar aparıcı kimi xanəndəni idarə edir. Tar xanəndəni
qabağa buraxıb onu göstərməlidir, özünü
ondan qabağa salmamalıdır. Tarzənin imkanları,
fantaziyası varsa, xanəndənin arxasınca özü də
oxuya bilər, tar elə oxuyar ki, tamaşaçı onu da xanəndə
ilə bərabər dinləyər. Belə şeylər də
var. Tarçalanın ritmindən çox şey
asılıdır. Burda yüzlərlə nüans var, onunla
musiqi inkişaf edir. İfaçı ilə bir qəlbdə
olmalısan. Onun gərək ruhunu ruhunla hiss edəsən,
onunla həmahəng olasan. Müşayiət də bir
başqa aləmdir. Xanəndəni vəziyyətdən
çıxartmaq da var. Bir də görürsən,
oxuyanın söz yadından çıxır. O yerdə tarzən
özünü elə aparmalıdır ki, xanəndə
özünü itirməsin, sözü də
xatırlayıb davam etsin. Göz ağartsan, xanəndə
bildiyini də itirəcək.
Tar 72 ildir ki, sinəmdədir. 5 yaşımda necə
qaldırmışamsa sinəmə, hələ də
ordadır. Bu sənət bir dəryadır. Tarzən o dəryaya
baş vurub sahilə çıxa bilirsə, demək, sənəti
ilə, idrakı ilə güclüdür. Çıxa
bilmirsə, məhv olur.
- O dəryada batmaq yaxşıdır, yoxsa
çıxmaq?
- Batmaq var, batmaq var. Ruhun dəryasında batmaq
yaxşıdır. Mən tar çalanda gözlərimi yumub
Allah dərgahına yol alıram. Çaldığım zaman
kimsə mənə barmağı ilə toxunsa, diksinərəm
və daha çala bilmərəm. Toxunan olmasa, Tanrının
dərgahına yaxınlaşıram.
- O dəryada sizin də payınız var. Ora verdiyiniz
çoxdur, yoxsa ordan götürdüyünüz?
- Mən ifaçılıqda heç vaxt tardan
qorxmamışam. Ona baxıb ondan alacaqlarımı bilmişəm,
tarın canını almışam. Tardan qorxan tarzən ondan
istədiyini nə ala bilər, nə də verə. Tar
ifaçılığında etdiklərim nə qədər
böyükdürsə, o qədər də edə bilmədiklərim
var. Adam istəyir ki, bir dəfə də gəlsin həyata,
bu ömürdə çatdırmadıqlarını ikinci
ömürdə çatdırsın. Bir ömür
çatmır.
- Bu sənətlə professor oldunuz, mükafatlara,
orden və medallara layiq görüldünüz,
övladlarınızdan Əyyub da sizin yolunuzla gedir, onlarla
yetirməniz var. Daha nə qalıb?
- Mənim 40 yaşımda çatdıqlarıma
Əyyub 20 yaşında nail oldu. İfaçılıqdan
tutmuş, nəzəriyyəyə qədər. Nəslimizdə
məndən başqa musiqiçi olmayıb, Əyyubu mən
yönləndirmədim, özünün istedadı, həvəsi
və qətiyyəti rol oynadı. Uşaq vaxtı mən onu
fikrindən daşındırmağa cəhd göstərdim,
alınmadı, bir gün anladım ki, bu, günah olar. Yenə
dərs deyirəm... Nə qalıb, nə qalmayıb, onu bilmirəm,
amma mən davam edirəm. Hər gün tədbirlər, tələbələrimlə
görüşlər, çətin də olsa, gedirəm, fəal
həyatdan qalmıram.
- Heç qalmayın da, tarınız da sinənizdə,
sizə uğur olsun!
Ramilə QURBANLI
525-ci qəzet.- 2024.- 2 mart, №41.- S.17.