GƏNCƏ
BAZARINDA ÜÇ KİŞİ
O son hamı üçün var, hər gələn
bir gün gedir və torpaqla axırıncı
görüş insan oğlunun qaçılmaz aqibətidir. Bəşər
övladının oyanışsız yuxuya dalaraq torpağa
sığınmasına hər xalq bir cür ad verib. Biri
"haqqa qovuşmaq" deyib, bir başqası "son yola
çıxmaq" və Azərbaycan türkcəsində adətən
məzarı insanın axırıncı və sabit evi kimi
qavrayıblar. Ona görə dünyadan köçənin qəbr
evinə getdiyini, son mənzilinə yetişdiyini söyləyiblər.
Bəlkə də Tək İlahiyə tapınan
bütün insanları Yaradıcının mütləq
adilliyinə yəqin kəsdirən elə kimliyindən
asılı olmayaraq ölümün hamı üçün
varlığı, haçan gələcəyinin namüəyyənliyi,
diriliyində hansı mərtəbəni tutmasından
asılı olmayaraq torpağa gömülüncə hər kəsin
eyniləşməsidir. Hətta torpağın üstündəki
məzar da hansısa təmtəraqla fərqlənə bilir,
ancaq yekun bərabərliyin hökmünü verən SON Hakim
TORPAQ olur!
Hər kəs kimi, doğulduğu andan labüd
ölümə məhkum, hər kəs kimi, yaşadıqca
bir gün hökmən gələsi vida anına doğru irəliləyən
Nizami Gəncəvi dünya içərisində durmağa
qadir şəxsiyyət olduğundan ölüm onu yenə
bilmədi. Ölüm, hər kəs kimi, Nizaminin də
canına qəsd etməyi bacardısa da, onu bərabərləşdirərək
hamıyla eyni mərtəbəyə qoymağa gücü
çatmadı. Nizami bu həqiqəti ölüm
ayağında, həyatdan ayrılarkən dərk etməmişdi,
çox əvvəllərdən bilirdi və ona görə də
Əcəl Mələyinin ən qəfil gəlişinə
belə həmişə hazır idi.
Təbii, hər kəs kimi, o da dünyanın
faniliyindən, həyatın bir gün bitəcəyindən
agah idi, kim olduğunu, hansı solmaz miras
yaratdığını da yaxşı bilirdi. Buna da əmin
idi ki, o irs daim yaşayacaq, onu da yaşadacaq. Ancaq hər halda
ölüm düşüncələri onun şeirlərində
də vardı və Nizaminin ölüm mülahizələri
başqa adamların bu qəbil düşüncələrindən
xeyli fərqlidir. Ancaq onun insanı bir gün caynağına
alacaq yoxluq haqqındakı düşüncələri və
qənaətləri daha çox əbədiyyət
haqqında fikirlər idi. O, ölümdən qorxmurdu və
bunu açıqca da bəyan edirdi.
Gər mərg resəd çera hərasəm
Kan rah be tost mişenasəm.
Ölüm gələrsə, niyə qorxum?
Axı bilirəm ki, o, Sənə doğru aparan yoldur.
Sənə, yəni bitəcəksizliyə, Sənə,
yəni aparan yol.
Davam edirdi:
Ta çənd konəm ze mərg fəryad
Gər mərg ze ust mərg-e mən bad
Axı mən ölüm qarşısında niyə
fəryad çəkim,
Əgər ölüm Ondan gəlirsə,
yaşasın ölümüm!
Və Nizamini ölümdən güclü edən bir
başqa cəhət də o idi ki, şair ölümü
bitmə, tükənmə, yekun yox, sadəcə yerdəyişmə
hesab edirdi:
Çun bengərəm an çenan ke rayəst
İn mərg nə mərg nəğl-e cayəst.
Ölüm haqqında söylənənlərə
qulaqasdıqca görürəm ki,
Ölüm deyilən heç də ölüm deyil,
yerdəyişmədir.
Sağlığında fərz etdiklərinin hər
biri gerçəkləşdi, öz qisməti məhz dediyi
kimi də oldu. Gəncədə dünyaya göz
açmışdı, bərəkətiylə dolanaraq Gəncə
torpağının üstündə ömür
sürdü, Peyğəmbərimizin sinnini aşandan sonra,
yetmişinin astanasında onun da Nizami ruhundan ayrılaraq
cansızlaşmış cəsədini torpaq aldı, yer gizlədi.
Ancaq Nizami, öz bəyan etdiyi kimi, yerini dəyişdi. Həm
də yalnız müasirlərinin yox, özündən sonra gələcək
saysız nəsillərin də ürəklərinə
köç elədi, beyinlərinə lövbər atdı.
Nizami Gəncəvi XII yüzili yola saldı, XII yüzilin
birinci onilində də yaşadı və getdi. Lakin ikinci minillik
bitib, XXI əsrdir və bundan sonra nə qədər yüzillər
sıralanacaq, Nizamininsə indiyəcən qaldığı
dirilik təsdiqləyir ki, o, doqquz əsr sağ olubsa, bundan
belə də həmin cavidliyini və ülviyyətini hifz edəcək.
Niyəsini o vaxt özü anlatmışdı ki, ölüm
onluq deyil, onunku bir şərafətli yeri digər bundan da əziz
bir yerlə əvəzləməkdir.
Səbəbini özü XII yüzildə izah
etmişdi - çünki o, ölüb getməyib, yer dəyişib.
O yer bu gün də var, bütün gələcəklər
içərisində də olacaq.
Vaxt öz dövranındadır, nə qədər
fırlanır-fırlansın - Nizami təqvimlərin,
zamanın fövqündəki sabit məqamını tərk
edən deyil!
...1209-cu ildə Azərbaycan tarixinin ən
yandırıcı hadisələrindən biri baş verdi.
İlyas vəfat eləmişdi. O vaxt da, ondan sonrakı əsrlərdə
də yüzlərlə, bəlkə minlərlə İlyaslar
dünyaya gəlib-gedib. Amma bu İlyas bir başqa İlyas idi
və özündən əvvəlkilərin,
sonrakıların heç birinə bənzəməz.
İlyas əbu Məhəmməd, yəni Məhəmmədin
atası İlyas, İlyas ibn Yusif, yəni Yusifin oğlu. Gəncə
də müsəlman Şərqinin bir parçasıydı və
Arranın bu baş şəhərində də, Yaxın-Orta
Şərqin dörd bucağında da elə Nizami əyyamlarının
özündə də eynən belə ad sıralanmalarına
təsadüf edilə bilərdi. Bu İlyası misilsiz edən
gerçək deyil, qoşma adı - təxəllüsü
idi və bir də həmin təxəllüsə qaynaq
edilibmiş kimi ayrılmaz "Gəncəvi" kəlməsi.
Nizami Gəncəvi rəhmətə gedəndə
artıq elə nəhənglikdə idi ki, onun ad-sanı Arran,
Azərbaycan hüdudlarını çoxdan
aşmışdı, Mərkəzi Asiyadan da kənarlara
yayılmışdı. Odur ki, Nizaminin matəmi yalnız ailəsinin,
qohum-əqrəbasının, Gəncəsinin yası deyildi.
Bu, böyük sözün, böyük ədəbiyyatın
matəmi idi. Elin sevdiyi, insanların misralarına təzim
etdiyi, hökmdarların belə ayağına gəlməyi
özlərinə rəva gördükləri Nizami Gəncəvi
həyatdan getmişdi. Təbii ki, bu qüssəli qəziyyə
elə o vaxtın içərisində də ciddi əks-səda
doğurmaya, belə ifrat tanınmış bir simanın vəfatına
münasibətlər aşağısı şeir səviyyəsində
ağılaşdırılmaya bilməzdi.
Amma mən həmişə heyrətlənirəm ki,
niyə Nizaminin dünyadan gedişinə həsr edilən
sıra-sıra mərsiyələr, qəsidələr ortada
yoxdur (Naümid də qalmayaq, bəlkə də var, hələ
əlimizə çatmayıb, hansısa əlyazmalarda
örtülü qalıb. Lakin istənilən halda o
çağın məşhurlarının
"Divan"larında isti-isti qələmə
alınmış Nizami ağıları gözə dəymir)?!
Nizaminin doğma şəhərinin, bütün həyatının
ötdüyü Gəncəsinin XX əsrinin lap əvvəllərini
xəyaldan keçirəndə göz önündə bir
neçə izdihamlı dəfn mərasimi canlanır. Cavan,
parlaqlığı artıq hamılıqla etiraf edilən, gələcəyi
böyük ümidlər vəd edən, İstanbul
Universitetində təhsil almış ədəbiyyatşünas
Abdulla Surun (1883-1912) həyatı 29 yaşındaykən
insafsızca erkən qırılıb. Həmin dərdli
gündən Əhməd Cavadın (1892-1937), Hüseyn Cavidin
(1882-1941), o çağın daha neçə üstün
ziyalısının səsi gəlir. Dəyərli bir qələm
və düşüncə adamının həyatdan gedişi
sadə vida mərasimi olmaq çərçivəsindən kənara
çıxaraq ümumxalq kədərinə çevrilib. Ya
bir az sonranın ayrı bir dəfn mərasimi - Gəncənin
ağsaqqallarından, "el atası" adlandırılan
Ələkbər bəy Rəfibəylinin (1839-1919) cənazə
mərasimi. Yenicə fəaliyyətə başlamış Azərbaycan
Cümhuriyyətinin neçə qurucusunun səsi gəlir o
acı gündən. Ələkbər bəy haqqında
söz çərçivəsinə sığa bilməyəcək
təriflərini, təqdirlərini dilə gətirirlər. Həm
də bütün bunlar söylənərək uçub getməyib,
yazılaşdırılıb, nəşr edilib, tarixdə
qalıb. Və sonrakı onillər içərisində elə
Gəncədə də, bütün Azərbaycan boyu da nə
qədər belə ayrılıq mərasimləri oldu. Yəni
bir mollanın Quran ayələri dilə gətirməklə,
"Yasin" oxumaqla, "Fatihə"lər verməklə
yola verdiyi yığnaqlar deyil, əsl millət məclisləri,
həyatdan gedənin çöhrəsini, əməllərini
bütün xalqa nümayiş etdirən ayrılıq -
hesabat mərasimi. Nizami üçün onunla ayrılıq
günündə, 1209-cu ildə, təbii ki, belə mərasim
keçirilməyib. O dövrdə heç belə bir ənənə
də yox idi. Həyatdan müqəddəslik mərtəbəsinə
ucalmış bir insan, nəhəng şair gedirdi, Şeyx
gedirdi. Təbii ki, o məclisə toplaşanların
hamısı ruhanilər və ruh adamları idilər.
Üstündən əsrlər keçəndən sonra ənənəviləşəcək,
belə qiymətli millət balalarının həyatdan
gedişlərini bu cür dəfn mərasimi deyil, bir ədəbi
mərasim səviyyəsinə qaldıracaq tədbirlər hələ
dəbdə olmasa da, sonrakı yüzillərin dəfn mərasimini
ədəbi məhfillər səviyyəsinə qaldırmaq vərdişi
orta çağda başqa şəkildə üzə
çıxırdı. Həmin vida günlərində,
sonrakı həftələrdə, aylarda silsilə mərsiyələr,
qəsidələr, qitələr yaranırdı, şeir məclislərində
oxunurdu və həmin yazılmışlar yalnız müəlliflərin
öz "Divan"larında qalmırdı, təzkirələrdə
də əks olunurdu. Nizaminin miqyaslarını nəzərə
alınca gərək belə şeirlər o qədər
çox olaydı ki, hətta onları qovuşdurub bir kitab
düzəltmək olaydı. Təəssüflər ki, o
cür ağı-şeirlər, Nizaminin əbədi
gedişinə sızlayan misralar təkəm-seyrəkdir.
...Nizaminin dünyaya gəlişinəcən mənbələrin
soraqlarına, biliklərimizin indiki həddinə görə Gəncə
artıq bir dəfə yerini dəyişmişdi. 1139-cu ilin 30
sentyabrında, şənbə günü Gəncənin
altını üstünə çevirən müdhiş zəlzələ
qopmuşdu. Çox mülklər və imarətləri yerlə-yeksan
edən o tərpənişlərdən sonra Gəncənin
yeri dəyişdirilərək indi Nizaminin məzarı olan, o
vaxt camaatın dilində "Təzə Gəncə"
adlandırılan hissəyə
yığışmışdılar. Vaxt ötdükcə
adamlar təzə yerə isinişmişdilər, növbəti
nəsillər buraları elə əyyam-i qədimdən qalan
ata-baba yurdu kimi qavramışdı. Ancaq Yer yenə dinc
durmamışdı. Baş verən yeni güclü zəlzələlər
əhalini buradan da pərən-pərən
salmışdı, oturaqlaşdıqları həmin Təzə
Gəncədən də aralanaraq Gəncənin indiki yerini
seçmiş, güzəranlarını burada qurmağa
başlamışdılar.
Ona görə də sonralar zəlzələlərdən
xəbərsizlər Nizami kimi əzizin məqbərəsinin
niyə şəhərdən bu qədər qırağa
düşməsinin məntiqini anlamaqda çətinlik
çəkmişdilər.
Lakin Nizami türbəsi məsafəcə şəhərin
əsas hissəsindən xeyli aralı düşsə də,
heç vaxt gözdən-könüldən iraqda olmadı.
XII yüzildə də, XII yüzildən sonrakı əsrlər
boyunca da "Xəmsə"si kimi, şairin məzarı da
insanların daim yönəldiyi, pirlərdən, ibadətgahlardan
geri qalmayan qüvvətli cazibəsi ilə xalqı daim
özünə doğru çəkən sevimli ziyarətgah
oldu.
Vaxt sularına qatışaraq axıb getmiş doqquz əsrlik
zaman boyunca Nizami Gəncəvi məzarının, məqbərəsinin
başqa məzarlara bənzəməyən bir özəlliyi
də olub. O məzara insanlar heç vaxt yalnız sükut
yeri, gəlib qəmgin fikirlərə dalmaq məkanı kimi
yanaşmayıblar. Bura insanların həm də
şad-xürrəm gəlib bayram elədikləri məskən
olub. Çünki bu dərsi verən, belə etməyi
aşılayan Nizami "Xəmsə"si ortada idi.
İnsanlar onun məzarından daha çox "Xəmsə"sinə
inanırdılar və onu torpağa
tapşırılmışdan daha əvvəl diri kimi qəbul
edirdilər. Nizami məzarının ətrafının daim
seyrəngah olması, insanların ən xoş günlərində
ora üz tutmasının tarixdə qalan mötəbər izləri
də var. XVI əsrin ikinci, XVII əsrin I yarısında
yaşamış salnaməçi İsgəndər bəy
Münşi (1560-1634) qiymətli "Tarix-i aləmara-yi
Abbasi" ("Dünyanı bəzəyən Abbasın
tarixi") əsərində 1606-cı ildə baş verən
hadisələri nəql edərkən xəbər verir ki, o il
Novruz zilqədə ayının 15-nə təsadüf etdi.
Şah Abbasın (1571-1629) qoşunu Gəncənin ətəklərinə
gəlib çatmışdı (Bu, miladi təqvimlə
1607-ci il mart ayının 14-nə təsadüf edir). Şah
Abbas göstəriş verir ki, Nizami məzarının həndəvərində
çadırlar qurulsun. Qət edilir ki, Novruz bayramını
burada keçirsinlər. Əyan-əşrəf, yüzlərlə
qoşun əhli Nizami məzarının yan-yörəsindəki
düzənliyə səpilir, salnaməçinin
yazmasınca, oradakı Novruz çal-çağırı
bir neçə gün davam edir.
Bu, sadəcə bizə bir tarixi qaynağın soraq
verdiyi şadyanalıqdır. Amma əsrlər arxasında
Nizami məzarının ətrafında, bu müqəddəs
ziyarətgahda belə yığnaqlar, belə şad məclislər
çox olmuşdu. Dünyaya dünyanı daha gözəl
etmək üçün gəlmiş Nizami hətta qəbri
ilə də əsrlər boyu insanlara sevinc
bağışlamağı bacarıb.
Hökmdarın onu müşayiət edənlərlə
bərabər Novruzu Nizami məqbərəsinin yanında
keçirməsini təsvir edən salnamənin açıq
mətndə ifadə etmədiyi, ancaq sətirlər
ardından oxunan başqa təfərrüatlar da var. Şah
qoşunu hər halda azı bir neçə yüz nəfərmiş.
Onlar çadırlar qurub bir neçə gün burada şənlənirdilərsə,
deməli, ətraf qəbiristanlıq deyildi, Nizami məqbərəsi
ümumi məzarlıqda yerləşmirdi. Yəni lap əvvəldən
- dəfn olunduğu çağlardan Nizaminin sıravi mərhumlar
cərgəsinə qatılmasını düz saymayaraq onu
ayrıca dəfn edib, sonra da qəbrinin üstünü
götürüblərmiş.
...Azərbaycanın salnaməçiliyimizdə məxsusi
xətt təşkil edən sıra-sıra "Qarabağnamə"ləri
var. Onlardan birini də 1845-ci ildə Mirzə Adıgözəl
bəy (1780-1848) qələmə alıb. Həmin əsərdə
1736-1826-cı illərdə Qarabağda baş vermiş tarixi
hadisələr təsvir edilir. Mirzə Adıgözəl bəy
yazır ki, 1752-ci ildə Hacı Çələbinin
(1703-1755) ordusu və Gürcüstan qoşunu Nizami məqbərəsinin
yanında qarşılaşdılar.
Bu tarixi sorağın əhəmiyyəti ondan ibarətdir
ki, 1752-ci ildə Nizami məqbərəsinin hələ
sahmanlı, yaxşı bir durumda olduğunu bizə xəbər
verir.
Müqəddəs məkanın - Nizami məqbərəsinin
narahat günləri hələ bir qədər sonra baş verəcək.
Mirzə Adıgözəl bəy Nizami Gəncəvinin
"pak və nurlu" adlandırdığı məqbərəsinin
artıq XIX yüzilin əvvəllərindəki xeyli
aşınmış, nimdaşlaşmış vəziyyətini
də görmüşdü və qeyrəti yol verməmişdi
ki, bu qutsal ocağın belə miskin vəziyyətinə
dözsün. Cibindən xərc çəkmişdi,
şövqlə Nizami məqbərəsinin təmirinə
başlamışdı. Onun Nizami məqbərəsinə təzə
həyat verməsi ilə bağlı ayrıntılardan
Abbasqulu ağa Bakıxanov (1794-1847) xəbər verir.
Qüdsinin millətimizə ərməğan etdiyi bir-birindən
dəyərli risalələr qatarında onun 1841-ci ildə
tamamladığı "Gülüstan-i İrəm"in
çəkisi daha ağırdır. Ən qədim zamanlardan
XIX əsrin əvvəllərinəqədərki Azərbaycan
və Qafqaz tarixini əks etdirən bu araşdırma Azərbaycan
tarixşünaslığının ən qiymətli mənbələri
cərgəsindədir. Çünki köhnə salnamələrə
bənzəməyən, müxtəlif dillərdəki
çoxsaylı mənbələrin tutuşdurulması və
müqayisəli təhlili əsasında yazılmış bu
əsərlə müəyyən mənada elə Azərbaycan
elmi tarixşünaslığının əsası qoyulur, təsviri
səciyyəli salnamə-sərnamə mərhələsindən,
nəhayət ki, təhlil biçimli risaləçilik
dövrünə adlanır. Ancaq "Gülüstan-i İrəm"
bir tarix əsəri olsa da, ensiklopedik zəkalı Abbasqulu
ağa Bakıxanov həm də şair idi, ürəyi
dözməmişdi, istəmişdi ki, bu kitabda tarixi hadisələrlə
yanaşı, ədəbi mənzərənin də həmin
tarixlə qol-boyun irəliləmiş mənzərəsi də
görünsün və əsərinin sonuna mini-təzkirə
hesab edilə biləcək bir fəsil də
artırmışdı, həmin bölmədə
keçmiş zamanlarda ömür sürmüş, tarixdə
iz qoymuş böyük şairlərdən, filosoflardan bəhs
edirdi. Təbii ki, haqqında söz açdığı
ustadlardan biri də Nizami Gəncəvi idi. Ancaq başqa
seçkin ədib və düşüncə əhli ilə
bağlı izhar etdikləri elə bu hissəyə
sığışırsa, Nizami Gəncəvi haqqında
Abbasqulu ağa Bakıxanov yalnız o fəsildə söz
açmır, 1826-cı ildə baş vermiş məşhur
Yelizavetpol döyüşünü təsvir edərkən də
gəncəli Şeyxi yada salır. Həmin döyüşlərin
Gəncə yaxınlığında, Nizami məqbərəsinin
ətrafında baş verdiyini bildirəndən sonra, elə
yeri gəlmişkən, bu məlumatı da
bölüşür ki, çar ordusunun zabiti olan Mirzə
Adıgözəl bəy xeyli köhnəlmiş olan bu məqbərəni
öz vəsaiti hesabına təmir etdirib.
Abbasqulu ağa Bakıxanovun ovaxtkı Rusiyanın,
Polşanın ziyalıları arasında hörməti,
nüfuzu yüksək idi, dostluq əlaqələri qurduğu
insanlar da az deyildi və həmin tanışlarından birini -
rus diplomatı və yazıçısı Aleksandr Qriboyedovu
(1795-1829) da Nizami məqbərəsinin
ziyarətinə gətirdiyi olmuşdu.
...Ömrü boyu Nizami aşiqi olaraq qalan nadir söz
ustadlarından biri Seyid Əzim Şirvani (1835-1888) idi və
"Xəmsə" daim onun qarşısındakı rəhildə,
mütəmadi mütaliə etdiyi əsərlərin cərgəsində
idi. Günlərin birində Seyid Əzim Şirvani onun
üçün çox əziz olan bu əlyazmanı -
çox nəfis "Xəmsə" nüsxəsini
yazdığı xoşagəlim şeirinə mükafat
olaraq sevimli şagirdi Ələkbərə, gələcəyin
məşhur Sabirinə (1862-1911) hədiyyə etmişdi.
1870-ci illərin ortaları Seyid Əzimin həyatının
böhranlı günləri idi. 1859-cu ildə Şamaxı zəlzələsi
əsnasında uçub-dağılan mülklər
arasında Seyid Əzimin evi də vardı. Ancaq dərd bir ev
dərdi olsaydı, nə var idi ki! 1874-cü ildə
Şamaxıda məktəb açılmışdı və
Seyid Əzim də orada işə düzəlmişdi. Burada
Azərbaycan, fars, ərəb dillərindən, bir də şəriətdən
dərs deyirdi. Ancaq Seyid Əzim cədvələ
sığışsaydı, yalnız həmin fənlərin
çərçivəsinə qapılıb qalsaydı, Seyid
Əzim olmazdı. Şagirdlərinə öz zəngin biliklərini
həcmli və geniş ötürməyə səy etdiyindən
vaxtaşırı proqramdan aralanmalı olur, uşaqlara daha ətraflı
məlumat verir, onların dünyaya gözlərini
açırdı. Ancaq Seyid Əzimi gözü götürməyənlər
də az deyildi və onun məhz təhsil qaydalarının
istisna etdiyi belə "qüsurları"nın hər
birinin üstünə beşini də qoyaraq yuxarılara məktublar
yollayırdılar. Yazırdılar ki, o, uşaqların tərbiyəsini
pozur, onları tamam başqa səmtə yönəldir və
Seyid Əzimi dolanışıqdan da məhrum etməyə
nail olmuşdular. Ardıcıl xəbis şikayətlərin
nəticəsi bu olmuşdu ki, şairi məktəbdən
xaric eləmişdilər. Ona görə də haqq-ədalət
ardınca Tiflisə - canişinliyə getmək, ona
qarşı çıxarılmış qərardan şikayət
etmək qərarına gəlmişdi.
Tiflisə gedərkən yolu Gəncədən
düşür. Gəncədən keçmişkən
Nizamini də ziyarət edir. Nizami Gəncəvinin məqbərəsi
qarşısında dayanır və onsuz da pərişan olan
halı lap bərbadlaşır. Baxır ki, Nizaminin bu halı
ilə elə onun öz vəziyyəti də bir-birinə
çox bənzəyir.
Seyid Əzimi ən çox ağrıdansa Nizaminin
keçmiş ehtişamından əsər-əlamət
qalmamış məqbərəsi olur. Seyr etdiyi
acınacaqlı mənzərələr ürəyini
sıyıran Seyid Əzim Şeyxin məzarı
başında bədahətən göynəkli
misralarını dilə gətirir (Və nə yaxşı
ki, sonra həmin şeiri bir dəfə söyləyərək
unudulanlar zümrəsindən olmur, Seyid Əzimin
"Divan"ına da qatılır):
Ey Şeyx Nizami, ey nizami dağılan,
Ey Gəncədə izz ü ehtişami dağılan.
Olmubdu səninlə mən kimi aləmdə
Beyti, evi, məktəbi, kəlami dağılan.
Bu xiffətli dördlüyün anlatdığı
başqa ağrı çalarısa ondan ibarətdir ki,
görünür, Mirzə Adıgözəl bəyin təmiri
yüngülvari imiş. Çünki təmir-bərpa
işlərinin görülməsinin üstündən, sən
deyən, çox illər sovuşmamışdı, bu
dördlükdəsə artıq yenə Nizami məqbərəsinin
uçulub-dağılmasından söz gedirdi. Belə
çıxır ki, artıq yenə bu məqbərəyə
əsaslı şəkildə əl gəzdirməyə
ehtiyac yaranıbmış. Və özü də həmin
çağlarda biganəlikdən əziyyət çəkən,
bu dərdi hər çaları və dadı ilə ilə
duyan Seyid Əzimi daxilən sıxan bu idi ki, Nizami boyda nəhəngin
məqbərəsi bu haldadır, insanlar hamısı bunu
görür, amma çarə qılmırlar.
...XX əsr gəlmişdi və yeni əsr Nizami
üçün heç yaxşı başlamırdı.
Düzdür, Nizamini yenə əvvəlki kimi sevirdilər,
oxuyurdular, Avropanın neçə ölkəsində onu dillərinə
çevirirdilər, Nizaminin əsərləri əsasında
Fransada, İngiltərədə, Almaniyada, İtaliyada -
dünyanın başqa neçə ölkəsində yeni əsərlər
yaradılırdı, nizamişünaslıq asta-asta müstəqil
bir elmi istiqamət kimi şəkillənməyə
başlayırdı.
Nizaminin vəziyyəti isə Gəncədə
yaxşı deyildi, onun məqbərəsi XX əsrin əvvəllərində
artıq tam bərbad hala düşmüşdü. Təbii,
zaman ötdükcə bir bina köhnələ də,
uça da bilər, təmirə ehtiyacı da olar, buna
dözmək mümkündür. Ancaq dözülməz olan o
idi ki, Nizaminin məqbərəsini döndərib eləmişdilər
tövlə. Yoldan keçənlər orada at, öküz
saxlayırdılar. Dahilər dahisi Nizami nadanlar əlində
xar olurdu. Onun məqbərəsi təxminən hər gün
təhqir olunurdu. Bundan xəbər tutan Gəncə
ziyalılarının, təəssübkeş insanların
laqeyd baxmağa qeyrəti tab gətirməzdi.
(Bunu da fərz edirəm ki, ola bilsin, XX yüzilin əvvəllərində,
təqribən 1905-ci ildən sonra oralarda yenə yer silkələnməsi
olubmuş, ya hansısa döyüşdən türbəyə
sədəmə dəyibmiş ki, 2-3 il sonra artıq
acınacaqlı vəziyyətdəymiş. Çünki
şahid var -Nizami məqbərəsinin təxminən
1903-1905-ci illər arasında Hüseyn xan Rzayevin sulu boya ilə
çəkdiyi rəsmi də qalmaqdadır ki, indi
Gürcüstan Dövlət İncəsənət Muzeyində
saxlanılır).
1908-ci il dekabr ayının 12-də Gəncədə
ziyalılar məşvərətə toplaşır.
Onları Gəncə Dram Cəmiyyətinin növbəti
toplantısına dəvət etmişdilər. Bu Cəmiyyət
vaxtaşırı dram tamaşaları göstərsə,
müsamirələr təşkil etsə də, əslində
fəaliyyət dairəsi teatrla əsla məhdudlaşmırdı.
Cəmiyyətin ünvanındakı "dram"
sözünün yerinə "ziyalılar", "vətənpərvərlər"
kəlmələrini qoysaydın, bəlkə də bu birliyin
adı mahiyyətini daha dəqiq ifadə edərdi. Gəncə
Dram Cəmiyyətinin ətrafında cəm olanların
hamısı xalqını, yurdunu sevən, Gəncə və
gəncəlilərin rifahı naminə fədakarlıqlara
hazır olan insanlardı. Budəfəki
yığılmalarının səbəbkarı Nizami idi.
Hamısı şairin məqbərəsinin hazırkı vəziyyətindən
qəlb ağrısı ilə bəhs edir. Son sözləri
bu olur ki, ayıbdır, bu gedişata səbir etmək olmaz, hərəkətə
gəlmək, nəsə təcili tədbirlər görmək
lazımdır. Hamını silkələyərək Nizami məqbərəsinə
kökləməyin ən qısa yolunu "Molla Nəsrəddin"də
görürlər. Gəncə Dram Cəmiyyətinin bu
toplantısından düz 9 gün ötüncə - 1908-ci il
dekabr ayının 21-də "Molla Nəsrəddin" dərgisinin
51-ci sayı işıq üzü görür, son səhifələrindən
birində 1906-1917-ci illərdə dərginin rəssamı
olmuş Oskar Şmerlinqin (1863-1938) çəkdiyi karikatura dərc
edilmişdi. Şəklin altında ərəb əlifbası
ilə kiçik mətn vardı. Bu, Nizami məqbərəsi
ilə əlaqədar yığcam məlumat və həyəcanlı
çağırış idi: "Camaat! Bu əzim gümbəd
(bunu bir az kinayə ilə deyir, yəni əzəmətli,
möhtəşəm günbəz. Amma əzəmətli
deyil axı, sınıq-salxaq haldadır - R.H.) şair-i məşhur
Nizami Gəncəvinin qəbridir. Mərhumun "Pənc gənc"
adlanan "Xəmsə"si farsdilli ədəbiyyatın
bünövrə və rüknlərindəndir. Bundan
savayı, iyirmi min beytdən ibarət qəsidə, qəzəl
və qeyri şeirlərinin olduğu deyilirsə də,
çoxsu itib-batıbdır. "Xəmsə"si misyö
Şarmua tərəfindən fransız dilinə tərcümə
edilmişdir. Zamanının padşahları mərhuma
çox hörmət etdikləri halda, qeyri şairlər kimi
heç kəsi mədh etməmişdir".
Və bütün bunları izhar edəndən sonra gəlinir
əsas mətləb üstünə. Rəsmdə bir yanda
bir Gəncə ziyalısı, o biri tərəfdə
uçulan günbəzin - böyrü, içərisi
qoyun-quzu ilə dolu Nizami məqbərəsinin ətrafına
yığışmış adamlar. Həm "Molla Nəsrəddin"in,
həm Gəncə Dram Cəmiyyətinin rəmzi olan
ziyalı xalqa müraciət edir: "Camaat! Mən təklif
edirəm ki, Gəncənin fəxri olan bu mübarək
yadigarı qoyunların ziyarətindən qurtaraq".
"Molla Nəsrəddin" hansı sözü nə
təhər deməyin, neştərləyib diksindirməyin ustası
idi və bu məqaləylə karikatura sanki
çoxlarını qəflət yuxusundan oyadır. Nizami Gəncəvinin
həyatındakı yeni bir mərhələyə - onun məqbərəsini
bərpa edərək şəxsiyyətinə layiq səviyyəyə
çatdırmaq, bu müqəddəs məkanı tövləyə
çevrilməkdən xilas etmək yolunda qətiyyətli
addımlar atılmağa başlayır.
1908-ci ilin bitəcəyində Gəncə Dram Cəmiyyətində
birləşən təşəbbüskar aydınlar Nizami məqbərəsi
ilə bağlı ilkin əsas işləri
görmüşdülər - məsələni
qaldırmışdılar, hədəfləri müəyyənləşdirmişdilər,
mövzunu mətbuata çıxarmağa müvəffəq
olmuşdular - "Molla Nəsrəddin" yazdı, aləm
bildi. Artıq növbəti - qəti addımları atmaq
üçün bünövrə hazır idi. Yeni ilin lap əvvəlində
- 1909-cu il yanvar ayının 3-də Gəncənin
ağır-batman kişilərindən üç nəfər
yollanır general-qubernatorun yanına. Gəncə valiliyinə
təşrif gətirənlər Ələkbər bəy Rəfibəyli,
Ələsgər bəy Xasməmmədov, bir də Aslan bəy
Səfikürdski (1881-1937) idi. Gedirlər Nizami məqbərəsi
ilə bağlı xahiş edirlər. Deyirlər ki, Nizami
bizim böyük şairimizdir, millətimizin, Gəncəmizin
iftixarıdır, ona müasir tələblərə uyğun
gələn, şairin böyüklüyünə yaraşan
məqbərə tikmək istəyirik, izin verin.
Razılığı alırlar, indi qalırdı
işin ağırı-məqbərəni
tikib-quraşdırmaqdan ötrü vəsaitin toplanması.
Bunu necə etmək haqqında da düşünmüşdülər
- növbəti hədəfləri də elə bu idi. Onun da tədbirlərini
irəlicədən müəyyənləşdirmişdilər.
Məsləhət belə olmuşdu ki, yanvarın 7-də Gəncə
teatrının binasında iki tamaşa göstərsinlər:
Sultan Məcid Qənizadənin (1866-1938) "Axşam səbri
xeyir olar" və "Xor-xor məzhəkələri"ni.
Çox keçməyəcək, həmin tamaşa
ilə bağlı "Tərəqqi" qəzetində məqalə
yer alacaq. "Tərəqqi" qəzetinin o sayını
indi üstündən belə iri zaman parçası keçərkən
riqqətə gəlmədən oxumaq olmur. Həmin
tamaşada oynayanların heç biri peşəkar aktyor
deyildi, hamısı həvəskarlardı - ürəyi millət
eşqi ilə daşan vətənsevərlər. Bu xeyriyyə
məqsədli tamaşalardan toplanan vəsait Nizami məqbərəsinin
ucaldılması üçün gərək olan məbləğin
bir hissəsini təşkil etməli idi. Rolları ifa edənlər
- Nəsib bəy Yusifbəyli (1881-1920) (o Nəsib bəy ki, 10
il keçəcək, Azərbaycan Xalq Cümhuriyyətinin
Baş naziri olacaq), Məmmədbağır bəy
Şeyxzamanov (1880-1920) (o Məmmədbağır bəy ki, Azərbaycan
Xalq Cümhuriyyətində Təhlükəsizlik İdarəsinin
ilk rəisi olacaq, sonra həmin vəzifədə onu
qardaşı Nağı bəy (1883-1967) əvəzləyəcək),
Mirzə Hüseyn İsmayılzadə, İsrafil Atakişiyev
və digərləri ki, hər biri illər ötəndən
sonra da ən böyük məhəbbət və minnətdarlıq
duyğuları ilə anılmağı bir çox nəcib əməlləriylə
yanaşı, həm də bu unudulmaz tamaşaları qoymaqla
qazanıblar. Təşkilatçılar tamaşanın daha
da təsirli alınması üçün hətta qadın
rolunu ifa etməkdən ötrü Gürcüstandan bir
xanım da dəvət etmişdilər. Tamaşanın
rejissoru Mirzə Məhəmməd Axundzadə (1875-1923) idi.
"Tərəqqi" qəzeti 1909-cu ilin 12 yanvar
sayındakı resenziyasında bu tamaşa ilə bağlı
yazırdı ki, hər dəfə pərdə enəndə,
hər dəfə pərdə yenidən qalxanda tamaşa
salonu alqışlara bürünürdü.
Uğurla keçən tamaşa başa
çatınca Mirzə Məhəmməd Axundzadə
özü səhnəyə çıxır. Qələmə
aldığı "Nizaminin tərcümeyi-halı"
adlı yazını oxuyur. Bu nitq də camaatı xeyli məmnun
salır, alqışlarla qarşılanır.
Və Axundzadə elan edir ki, bu "Tərcümeyi-halı"
təsadüfən yazmamışıq. Yaxın günlərdə
Nizaminin haqqında olan bu yazını ayrıca kitabça
şəklində buraxacağıq, satışa
çıxaracağıq, oradan toplanan vəsaiti də Nizami
məqbərəsinin təmir edilməsi, yenidən
qurulması işinə sərf edəcəyik.
Mirzə Məhəmmədin oxuduğu "Nizami tərcümeyi-halı"
tamaşaçıların necə xoşuna gəlmişdisə,
alqış sədaları altında onu ikinci dəfə səhnəyə
dəvət edirlər ki, bir də oxusun. Gəlir, amma təkrarən
oxumur, Nizaminin məqbərəsinə həsr etdiyi şeiri səsləndirir
- bu şeirin misraları tikanlı idi, sancılı idi, qeyrəti
dəbərdən idi. Mirzə Məhəmməd Axundzadə
səhnədə idi:
Yol kənarında bir məzar-i fəqir,
Dağılıb gümbədi, olub viran.
Ona məxluqidən olub təhqir -
Bağlanır gümbədinə hər heyvan.
Mənzəri adəmə edir təsir,
Axıdır qəlbə hər dəqiqədə
qan.
Kimsə etməz sual: "Kimdir bu?"
Ona quşlar olub fatihəqu.
Bu xəraba məzarda, aya,
Görəsən, kimdir belə xar yatır?
Kimsə etməz bunu sual əsla,
Sizə mən edim onu təqrir.
Edəsiz ol məzarı siz amma
Layiqincə əzizilər, təmir.
Bu yatan Nizami Gəncəvidir,
Şüara qisminin əzəmidir.
Orta əsrlərdə Azərbaycanda da, Yaxın-Orta
Şərqin neçə ölkəsində də bazarlar sadəcə
alış-veriş meydanı, insanın gündəlik
ehtiyaclarını ödəmək üçün baş
çəkdiyi yer deyildi. Bazarların hər birinin
özünə xas mühiti vardı. Bazarlar şəhər əsnafının
- şəhəri şəhər edən əsas təbəqənin
qovuşaraq buranın təkrarsız ab-havasını
yaratdığı, hər gününə bayram ovqatı
çökən ünsiyyət məkanı idi.
Və çörəkçi nəslindən olan, əsnaf
təbəqəsi və əxilərlə bağlı Nizami
Gəncəvi də, söz yox ki, bazara tez-tez üz
tuturmuş, onun yaşca böyük müasiri Məhsətininsə
bazardakı sənət-peşə sahibləriylə mehriban təmaslarının
əks-sədası silsilə şəhraşub rübailərində
qalmaqdadır. XII əsrdən sonra dünyada çox şeylər
başqalaşıb, ancaq Gəncə bazarındakı ruh elə
həminkidir. Görünüş dəyişib, bazarın əski
hücrələrinin yerində indi piştaxtalardır, adamlar
da, təbii ki, indi büsbütün özgədir. Lakin ən
az dəyişən bəlkə elə adamlardır. O adamlar
ki, XII yüzildə bura gəlib alış-veriş edərdilər,
bazarda saatlar keçirər, buradan çıxmağa tələsməzdilər,
indikilər nəvə-nəticələri,
övladlarının övladları, kötükcələri,
itikcələridir, gəliblər, bu tanış məkanı
Gəncənin şirin ləhcəsiylə süsləyirlər.
Haçansa yolunuz Gəncə bazarına düşsə,
bir anlıq xəyal edin ki, XX yüzilin əvvəlləridir,
bu adamların arasında Gəncənin yaddaşında həmişəlik
qalan kişilər də var - şəhərin
ağsaqqalları, başbilənləri, sözükeçərləri.
Bir tərəfdə məğrur, vüqarlı görkəmi
ilə Ələkbər bəy Rəfibəyli, o biri yanda
Ələsgər bəy Xasməmmədov, digər səmtdə
Aslan bəy Səfikürdski. Gəncədəki xüsusi
hörmət, nüfuz sahibi olan bu şəxsiyyətlər
neyləsələr yaxşıdır? Bilet satırlar və
bu işi özlərinə əskiklik saymırlar.
Yığılan pulları Nizami Gəncəvinin məqbərəsinin
yenidənqurması üçün sərf ediləcək
tamaşalara bilet satırlar.
Və o çağlarda - 1909-cu ilin yanvarında,
fevralında, martında, aprelində "Tərəqqi" qəzetində
Mirzə Məhəmməd Axundzadənin ard-arda məqalələri
dərc edilir, elə bu gedişat haqqında. Ələkbər
bəydən də yazır, Ələsgər bəydən də,
Aslan bəydən də. Onların Nizami məqbərəsi
üçün vəsait toplamaq naminə veriləcək
tamaşalara Gəncə bazarında bilet satdıqları əsnada
nadan, qaba, yontanmamış adamlardan köntöy rəftar
görmələrindən, nalayiq atmacalar eşitmələrindən
də bəhs edir.
Hər zaman bağrımızın
başındadırlar, onları necə unutmaq olar?! Vücudu
qara qəpiyə dəyməyənlərdən hərdən
umulmayan sözlər də eşidiblər, öz ötkəm
şəxsiyyətlərinə, kübar ailələrinin
nüfuzuna, əsilzadə nəsillərinin sanbalına
heç cürə tən gəlməyən idbar münasibətlə
də qarşılaşıblar - səbirlərini
basıblar, səslərini çıxarmayıblar,
dözüblər, yollarını davam etdiriblər, biliblər
ki, gördükləri bu iş millət adınadır, Vətən
xatirinədir, inanıblar ki, bütün çürük
sözlər uçub gedəcək, qalan saf əməllər
olacaq. O biletləri sata-sata xalqın minnətdar
yaddaşında həmişəlik qalmağın biletini
qazanırmışlar...
28 fevral 2024
Rafael HÜSEYNOV
Akademik
525-ci qəzet.- 2024.- 2 mart, №41.- S.14-15.