Ədəbi köşk: Nə var, nə  yox?

 

Rubrikamızın səkkizinci sayını oxuyursunuz. İllər sonra dövrün ədəbi tablosu ilə tanış olmaq istəyənlər, çox güman, köşkümüzün qapısını açıb nəyin var olduğuna, nəyin yox olduğuna əmin olacaqlar. Ol səbəbdəndir ki, çalışırıq, heç nə gözümüzdən yayınmasın. Əgər nəyinsə gözümüzdən yayındığını düşünürsüzsə, "info@525.az" elektron ünvanına yollayın.

Hörmətlə, "525"

 

***

Statusla ədəbi polemika

Az-çox ədəbi mühitə bələd olduğum vaxtlardan etibarən Emil Rasimoğlunun daş atıb başını tutan, odlu-alovlu feysbuk statuslarına rast gəlmişəm. Elə bil Tanrı onu polemika üçün yaradıb. Hansı məsələlərdə nə dərəcədə haqlı olmağı başqa söhbətdir... Təbii ki, polemika pis bir şey deyil. Amma sağlam və intriqaya çevrilməyən polemikalardan söhbət gedir.

Azərbaycan Yazıçılar Birliyinin katibi Səlim Babullaoğlu isə, adətən, belə polemikalarda təmkinli davranıb.

Bu günlərdə E.Rasimoğlu və S.Babullaoğlu feysbuk statusları ilə polemik dialoq qurdular. O statusların hamısını bütöv çap etsək, yerə-göyə sığışmaz. Ardıcıllıqla bir-birinə cavab kimi yazılmış statuslardan fraqmentlər təqdim edirəm...

 

Emil Rasimoğlu: "Vahid Əziz "60-cılar nəsli"nin görkəmli nümayəndəsidir. O, həmin illərdən nəsildaşları ilə birgə dünya ədəbiyyatının yenilənmə qatarında öz yeri olan bir şairdir" deyir Səlim Babullaoğlu. Dəqiq oxudunuzmu? "Dünya ədəbiyyatının yenilənmə qatarında öz yeri olan bir şairdir". Adam qeyri-ixtiyari sual edir: Kim? Vahid Əzizmi?.. Heyrət etməmək mümkünsüzdür..."

Səlim Babullaoğlu: "Bu gün Vahid Əziz artıq görkəmli şairdir, onun görkəmliliyini dövlət tərəfindən verilmiş "Xalq şairi" fəxri adı da təsdiqləyir, "rəsmiləşdirir". Əminəm ki, bir çoxları kimi onun ədəbiyyata gəldiyi dövrdən üzü bu yana yazdıqlarını küll halında ya oxumamısız, yaxud  (məlum səbələrdən) önyarğılı davranaraq oxumaq istəməmisiz..."

Emil Rasimoğlu: "...Bu gün ciddi-cəhdlə Vahid Əzizi "sənət karvanında" təqdim etmək ciddi ədəbiyyata, sənətə qarşı dırnaqarası yanaşmaqdan başqa heç nə deyil".

Səlim Babullaoğlu: "Əziz Emil Rasimoğlu, son yazdığınızla ilk yazınıza cavabımda qeyd etdiklərimi bənd-bənd hikkəylə və yalnız təsdiq etdiniz, təbii bu da məyusluq doğurur. Bircə şeyə "məmurluğuma" rəğmən təəccübləndim: kimin nəyi necə "alması" ilə bağlı "bu qədər informasiyanız" varmış..."

Emil Rasimoğlu: "Hörmətli Səlim Babullaoğlu, mənim mövcud məsələ ilə bağlı yazdıqlarımın kökündə (ruhuma, dərkimə, xarakterimə yad olan) zərrə qədər də olsun qeyd etdiyiniz hikkə (və ya qeyri-mətləblər) yox, həqiqətlər (sənəti və sənətkar "durumunu" ehtiva edən həqiqətlər!) dayanır. Buna əmin olun..."

Səlim Babullaoğlu: "Əziz Emil Rasimoğlu, bir çox mətləbləri başa düşmədiyinizin fərqindəyəm, bu da məyusluq doğurur, odur ki, həmin xüsuslarda əvvəl yazdıqlarımdan artıq nəsə demək fikrindən uzağam. Üstəgəl,  sizin "avantüra" dərinləşir..."

Belə-belə işlər... Hər biri öz feysbuk hesabında paylaşım edirdi və izləyicilər maraqla bu dialoqların gedişatını izləyirdilər.

Maraqlıdır, Emil Rasimoğlunun növbəti polemika mövzusu nədir?

 

***

Guya, kişilər yazıb xoşbəxt olublar?

Ədəbiyyatımızın sirli-sehrli xanım-xatınlarından biri də Bircə xanımdı. Nə üzünü görmüşük, nə səsini eşitmişik. Bu yaxınlarda romanının üçüncü hissəsi çapdan çıxıb. Müəllifi ürəkdən təbrik edirəm!

Amma yaman pessimistdir: "Qadınlar kitab yazmasınlar.... Dolma büküb satsınlar, gözəl mürəbbələr bişirsinlər... Çünki yazılan kitabın sahibi çıxmır. Uzun məşəqqətdən, məşvərətdən sonra üçüncü bölümü nəşr eliyəsi olduq... Kitab nəşriyyatdan satış nöqtələrinə gedər, ən azından, kitabxanalara paylanar. Biz ana-bala hazır kitabları neyləyəcəyimizi bilmirik. Daşıyıb evdə harasa yığaq, sonra kimə sataq, kimə verək? Şəxsən mənə çox çətindi, çox ağırdı... Yazmaq lazımdı, yazım. Bəs yazdığımı neyləyim? İndən sonra nəsə yazmağa dəyərmi?"

Bircə xanımın qadınları xüsusi vurğulamağını başa düşmədim. Guya, kişi yazıçıların kitabları on min tirajla çap olunub ölkənin hər yerinə paylanılır? Elə hamımız eyni dərddəyik, kişili-arvadlı... Yaz, Bircə xanım, yaz. Sən deyənə əməl etsək, gərək hamımız qələmi yerə qoyaq...

***

"Pisi pis, əyrini əyri, düzü həmvar yazım..."

Qələm dostumuz Furqan Sadıqov hökm verən növcavanlardan deyil. Amma o günlərdə hisslərini cilovlaya bilməmişdi: "Yazıçı Şahmarın hekayələr kitabını oxuyuram. Üç hekayə oxuyandan sonra Afaq Məsudun Xalq yazıçısı adını alıb verdim Şahmara".

Belə bir səthi rəy yazıçıya yaraşmır. Gərək fikirlərini arqumentləşdirəsən, iki-üç abzaslıq analizinlə bizi tanış edəsən. Şahmar zənnimcə, yaxşı yazıçıdır. Təəssüf ki, Azərbaycan oxucusu onu tanımır. Ruhu şad olsun... Furqan pis müqayisə aparıb. Şahmara yaxşı yazıçı demək üçün niyə onu Afaq Məsudla müqayisəyə çıxarırsan?

Furqanın bu fikrinə müxtəlif rəylər gəldi. Alpay Azər dedi ki, Afaq da böyük yazıçıdır, ifrat subyektivizmə varırsan. Nihat Pir dedi ki, Afaq Məsud pis yazıçı deyil, sadəcə, adama neçə köynək yaxın olması məsələsi var, Afaq Məsudu hərdənbir oxumaq lazımdır, mənə görə, bir hekayə, iki hekayə, sonra bir kitablıq fasilə. Ülvi Bahadır dedi ki, Afaq Məsud kifayət qədər yaxşı yazıçıdır, yaxşı hekayələri də var, "Sərçələr" ən gözəl hekayələrimizdən biridir.

Furqan, səni yaxşı ki, ədəbiyyatda fəxri adlarla bağlı şöbəyə müdir qoymayıblar! Görəsən, belə şöbə var?..

 

***

Uşaq kimi düşünən yazıçı haqqında hekayə

Bir gün Sona müəllimə sinfə daxil olan kimi şagirdlərinin xoş siması ilə qarşılaşır. Şagirdlərin hər biri keçən dərs I hissəsini sinifdə, II hissəsini isə evdə oxuduqları hekayənin təsiri altında idi. Şagirdlərindən biri dedi:

- Ay müəllim, yazıçı əsəri elə qələmə alıb ki, elə bil özü uşaqdır və uşaq kimi düşünür. Necə uşaq düşüncəsini belə mükəmməl qələmə alıb?

Şagirdlərin bu həyəcanı Sona müəlliməni xoşbəxt etdi.

Söhbət yazıçı Elçin Hüseynbəylinin "Nəvə" hekayəsindən gedirdi.

 

***

Əllərinə xəncər düşsə, qaç, qutar!

Həmid Piriyev ara-sıra maraqlı xatirələrini bölüşür. Budəfəki xatirəsi yaman düşündürücü idi: "Tağı Şahbazi Simürğün bacısı qızının kürəkənini görmüşdüm bir dəfə. Qayınanası danışırmış ki, dayımın gecə aparıldığını eşidən kimi onlara qaçdım. Girdim evə, gördüm hər yer dağıdılıb, əşyalar, kitablar, paltarlar evin ortasına səpələnib. Dayımın arvadı Mariya Kirilovna Paşina uşaqlarını qucaqlayıb qısılıb bir küncə, ağlaşırlar. O dövrün gənc yazıçılarından biri isə (sonralar Xalq yazıçısı oldu həmin gənc) arvadı ilə dayanıb evin ortasında, onun (!) evini boşaltmalarını tələb edir...

İndi elə adamlar var ki, həmin gəncin protitipidi, bəlkə də, ondan da betərdi, əlacı olsa, qanımızı içər. Yaxşı ki, dövr o deyil...

***

Təzə nə var?

Rəvan Cavid xeyli vaxtdı Türkiyədə oturub, arada qəribə işlər görür. O gün bir yazı yazıb: "Ədəbi tövlə". Deyir indi təzək qoxan mətnlər yazırlar.

Rəvan, qayıt, səni yığışıb kəndə sürgün edəcəyik!

***

Orxan Əyyubun "Külək gülü" romanı çap olunub. Bu barədə Cavid Ramazanov xəbər verib: "Orxan Əyyub (Eyp) ölkədə dərin ədəbiyyat bilikləri olan barmaqla sayılacaq adamlardan biridi. Uzun illərdən sonra 500 səhifəlik romanla susqunluğunu pozub".

***

Jalə İsmayıl Azərbaycan dilini öyrənmək istəyən rusdillilər üçün kitab ərsəyə gətirib. Bizim "abrazavonni müsülman"larımız üçün yaxşı fürsətdi. O kitabı alıb oxuyun, görək nə danışırsınız...

***

Görkəmli ədəbiyyat xadimi, repressiya qurbanı Salman Mümtazın 140 illiyi münasibətilə "Mümtaz" yayımları fəaliyyətə başlayır. Nəşriyyat, əsasən, elmi, texniki, araşdırma, mədəniyyət, incəsənət, xatirə istiqamətlərində kitablar nəşr etməyi planlaşdırır. Xeyirli olsun!

***

Orxan Saffari yazıçı Varis Yolçuyevdən müsahibə alıb. Soruşur ki, sizin yaradıcılığınızı tənqid edəndə, adətən, adınız "Elxan Elatlı, Çingiz Abdullayev, Rövşən Abdullaoğlu" ilə yanaşı çəkilir, deyirlər ki, bunlar kimi yazmağa nə var! Bu müəlliflərlə yaradıcı yaxınlığınız varmı?

Varisin cavabı belədir: "Siz üç yazıçının və mənim adımı qoşa çəkdiniz, bizləri yalnız bir şey birləşdirir: biz Azərbaycanda ən çox kitabları satılan və təbii ki, ən çox oxucuları olan müəlliflərik. Amma yaradıcı yaxınlığın olmamasını hətta kiçik yaşlı oxucu belə duya bilər. Çünki Çingiz Abdullayev və Elxan Elatlı detektiv, Rövşən Abdullaoğlu psixoloji-didaktik əsərlər, mənsə dram, triller yazıram. "Bunlar kimi yazmağa nə var" isə, inanın ki, "pişik və ət məsələsi"dir. Əgər ədəbiyyatın gətirdiyi bütün dividentləri - bol oxucunu, ümumxalq sevgisini, maddi gəliri, yerli və beynəlxalq nüfuzu, mükafatları, dövlət və ictimaiyyət dəstəyini bu ədiblər, bunların yazdıqları ədəbiyyat qazanırsa və səninsə adın heç bir "dəftərdə" yoxdursa, amma onlar kimi yazmağın da asan olduğunu zənn edirsənsə, bəs onda niyə yazmırsan? Və ümumən, sənin kriteriyaların nədir, sən nədən və niyə yazırsan axı? Bizdə bəzi yazıçıların zərərli fikirləri var, böyük oxucu ordusu olan yerli yazarları tənqid edərkən, deyirlər, yaxşı əsərin oxucusu çox ola bilməz. Əcəba, bəs onda günü bu gün Markesin, Dostoyevskinin və digər böyük yazıçıların niyə milyonlarla tirajı var?"

Markes və Rövşən Abdullaoğlu?

Maraqlıdır...

 

Hazırladı: Nadir YALÇIN

525-ci qəzet.- 2024.- 2 mart, №41.- S.13.