Bir kimliyin xəritəsi
Esse
Ömrünün sonlarında "Zərdüşt
belə deyirdi", "İnsanca, xeyli insanca...", "Dəccal"
kimi əsərləri niyə yazdığını
davamlı düşündü və gəncliyində ona təsir
etmiş müəlliflərdən yola çıxaraq tamamilə
başqa təhlillər qələmə aldı. Təbii ki,
"Baxın, bu da İnsan" Nitsşenin özünün və
yaradıcılığının inkarı deyil, əksinə,
onları daha sivil şəkildə insanlara çatdırma
vasitəsidir. Hirsi bir qədər soyumuş, illər əvvəl
"öldürdüyü" Tanrıya bir az da təslim
olmuşdu. O, indi dayanmadan anasını, xəstəliyini və
yazdıqlarını düşünür,
axtardığı üst insanı öz içində
tapırdı. Özünə qayıdırdı. Yola
çıxdığı ruhun məcrası elə onun mənbəyi
idi. Özəqayıdış Nitsşeni bizim bir o qədər
yaxşı bələd olmadığımız başqa bir
dahiyə çevirirdi və bütün bu prosesləri
"Baxın, bu da İnsan"da yazırdı.
Onu dahi edən şeylərin başında dekadentliyi
gəlirdi. Məhz nihilizm də ona bu cür yoluxmuşdu.
Öz ölümünün vaxtını müəyyən
etmiş, həmin zamandan geriyə sadəcə dekadent ruh
halı ilə mübarizəyə başlamışdı.
Atası ölən gün Nitsşe də
"öldü" və anası ilə bir evdə
yaşamağa başladı. Bu cümlə qədər
ziddiyyətli bir tale. Tənəzzül dövründən
sonra Günəş doğmuşdu. Antidekadent təsiri
bağışlayan üfüqlərdə gənc dahinin
anarxist fikirləri boy atırdı. Tolstoyun
"Etiraflar"ını xatırladan "Baxın, bu da
İnsan"da yazır ki, bütün səhv qərarlarım
və məğlub olduğum anlar məni qalib etdi. O, daha
yaxşı yolu səhv getdiyi cığırlarla tapır.
Nitsşe anlayır ki, əgər biz həqiqətən bu və
digər şeyləri bacarmalıyıqsa, istənilən qərarda
qalibik. Eqoistlik? Bir neçə il qabaqkı əsərlərində
bunu yazsaydı, sizinlə razılaşardım. Amma Nitsşe
artıq özünü tapmış və ruh halına
qovuşmuş bir düha kimi əllərimizin arasındakı
kitabdadır.
"Hamınız məni inkar edəndə sizə
qayıdacağam"
Görünür, özünü necə qəbul
etdirə biləcəyini anlamışdı. Və ya lap əvvəldən
ünvanın hara olduğu bilirdi. Əlbəttə, bilirdi.
Kimdən? Hötedən.
Dinlərin əmr etdiyi bütün məfhumları
sındırmışdı. Onun sənəti bu idi. Bu cür
sənətkarlıq nümayiş etdirə bilirdi.
Özündən əvvəl nə var idisə, şərtsiz
hər birini inkar etməklə. Necə deyərlər, inkar
mübarəkdir. Yenilikdir. Və daha azaddır. Nitsşe
yazır:
"Mən özümlə mübarizə
aparmırdım,
kilsə bunu sevmirdi..."
Kilsənin istədiyi "özümlə mübarizə"
şübhəsiz, insanın nəfsi ilə bağlı əlamətlərdir.
Nitsşe bu əlamətlərdən arındığı
üçün ona maraqlı deyildi. O, nəfsini tərbiyə
etməklə məşğul olmaq istəmirdi. Buna görə
allahın inkarını şərtsiz qəbul etdi və
oxuduğu müəlliflərin arasında ateist olanları
daha diqqətlə araşdırdı. Allahın
varlığı və yoxluğu özünə
qayıdışda maraqlandıracaqdı - "Baxın, bu da
İnsan"da. Ona qədər isə həqiqətən
"bəşəriyyətin rifahını"
düşünən üst insanın
xarakteristikalarını müəyyən etməli idi.
Nitsşe üçün mükəmməllik təlqin edilən
dəyərlərin heç biri deyildi. Onun
arzuladığı insan bütün hiss instansiyalarından
yaxa qurtaran, duyğu selinə atılmayan və
sentimentallığın hər növ formasını rədd
edəndir. İnsanları unutmaq onlara verdiyimiz ən
böyük azadlıqdır. Bunun üçün onları
getmək istədikləri yerdəcə qoyub yola davam etmək
lazımdır. Nitsşenin fəlsəfəsi acımaq,
yazığı gəlmək ifadələrini qəti qəbul
etmir. O, şeirin də ən sərt nümunəsini sevir. Fəlsəfənin
ən maksimal yanaşan məktəbini seçir. Və ən
vacibi - bərabərlik və birlikdəlik kimi qulaq bəzəyən,
insanı özündən kənarlaşdıran nəsnələri
deyil, təkliyi, onun özü ilə gətirdiyi küncləri
tərif edir.
Hər halda Nitsşe ilk və son olaraq bu kitabda
özünün dahi olduğunu əminliklə qəbul edir və
heç də nihilsit olmayan, dekadent təsir
bağışlamayan təhkiyə ilə onu ruhi yüksəlişə
gətirən çox sadə amilləri yazır.
Nitsşe onu dahi edən amillər sırasında
coğrafi qüsurları və şəhərlərin nə
qədər taleyə təsir edə biləcəyindən
danışır. Maddələr mübadiləsinə şəhər
atmosferinin təsirindən, bu təsirin isə bir dahidə
yarada biləcək fövqəlgüclərdən yarım səhifə
yazıb. Adını çəkdiyi şəhərlər
arasında ikisinin üzəridə bir qədər dayanmaq istəyirəm:
Paris və Bazel. Niyə Paris? Çünki Nitsşedən əvvəl
də, sonra da Paris dünyanın mədəniyyət mərkəzi
olaraq qaldı. Və onun nəinki muzeyləri, salonları, rəqs
meydanları, hətta gecə barları, yeraltı kafeləri,
pabları da tarixə nadir istedadlar gətirdi. Onlar essenin əvvəlində
misal çəkdiyimiz toxum kimi yerin altından cücərdilər.
Niyə Bazel? Çünki Nitsşenin
yaradıcılığının ən durğun
dövrü bu şəhərdə yaşandı. O, demək
olar ki, heç nə yaza bilmədi bu şəhərdə.
Lakin etiraflara yer verdiyi kitablarını da Bazeldən geri
dönəndə qələmə almağa başladı.
Növbəti bənddə Nitsşe istirahətindən
danışır və bu zaman sadəcə bir feildən
istifadə edir: oxumaq. Kimləri oxuduğunu yazacağam, amma
öncə gəlin mütaliəyə verdiyi dəyərin nə
qədər yüksək olduğunu sübut edən məqamları
deyim. Nitsşe bir yazıçı kimi oxumağın daha fərqli
bir şey olduğunu vurğulayır. Bir növ
yazıçılar yazmayanda belə bu işlə məşğul
olduqları kimi. Onun hər şeyə skeptik yanaşması
da bununla bağlıdır. Oxumadan əmin olmamaq görmədən
inanmamaq kimidir. Nitsşenin dini dünyagörüşü
haqqında uzun-uzadı mühazirəyə ehtiyac
duyulsaydı, yəqin ki, oxuduğu imzaların nə qədər
"təhlükəli" olduğunu asanlıqla anlayardıq.
Nitsşe özünü dahi adlandırır və bunun təməlində
yorulmadan, xüsusi vəhylə oxumağının
dayandığını etiraf etməkdən çəkinmir.
Onun əbədi dostları da mütaliə prosesində
tanış olublar. Məsələn, Stendal.
Nitsşenin nənəsi Hötenin mühitinə
yaxın biri olub. Hətta onun obrazı gənc şairin
gündəliyində Mutqen olaraq çəkilib. Nitsşe
şeirlə rəğbətlə yanaşan bir ailədə
böyüdü. Və o dövrün ən geniş
yayılmış janrlarından öndə gedəni şeir,
poetika Nitsşeyə təsir etməyi bacardı.
"Baxın, bu da İnsan"da şairlik haqqında ən
yaxşı fikri Henrix Heynedən öyrəndiyini yazır.
Onu və özünü "alman dilinin Tanrısı"
adlandırmaqdan çəkinmir. Corc Bayron, Höte və
başqa dahilərin də şeir menyusunu verən musiqi
haqqında danışmağa başlayanda Nitsşe
almanların bu sənətdən məhrum olduğunu deyir.
Ümumiyyətlə, kitab boyu Nitsşenin alman icmasına
qarşı xüsusi nifrəti, acığı hiss olunur. Səbəbini
mənim kimi siz də bilirsiniz, ona görə üzərində
dayanmıram. Birinci hissəni şairlər haqqında dediyi o
möhtəşəm cümlə ilə bitirmək istəyirəm:
"Şairlər öz həqiqətlərini o həqiqətin
qarşısında dayanacaq gücü olana qədər
çəkirlər, sonra isə təslim olurlar, öz əsərlərinə
tab gətirə bilmirlər..."
Rəvan CAVİD
525-ci qəzet.- 2024.- 2 mart, №41.- S.11.