Güzəşt
körpüsü
Mən olmadan biz olmaz
İllər öncə bir şirkətin
açılış mərasimində aparıcı idim. Deməli,
tədbir zamanı şirkətin sahibi olan şəriklər
müxtəlif vaxtlarda yaxınlaşıb birinci sözün
ona verilməsini istədi. Özü də israrla. Həmin
israrın sayəsində əmin oldum ki, bu işbirliyi uzun
sürməyəcək. Ümumiyyətlə, xırda
detallardan çıxardığım nəticələrə
ən tutarlı arqumentlərdən daha çox güvənirəm.
Xırda məsələ kimi görünsə də, bu
nüans məni xeyli təəccübləndirmişdi. Bir
müddət keçəndən sonra eşitdim ki, şəriklər
qalmaqallı şəkildə yollarını ayırıblar.
Halbuki ortada neçə ilin dostluğu, biznes maraqları
vardı. Di gəl, mövzu eqo olanda imtahan da ağır olur.
Məncə, nəinki iş həyatında, elə
şəxsi münasibətlərdə də ən önəmli
məqam güzəştə getməyi bacarmaqdır. Əgər
iki insan yaxşı yola gedirsə, ya çox güzəştə
yer qoymayacaq qədər ortaq cəhətləri var, ya da biri
digərindən daha çox kompramisə gedir. Odla su məsələsi.
Başqa cür mümkün deyil.
Digər tərəfdən də münasibətlərdə
həddindən artıq güzəştə getmək
xarakterin tamlığına zərbə vurur. Çox sevdiyim
bir söz var: Mən olmadan biz olmaz. Aşırı fədəkarlıq
bir müddət sonra insanı qurban rolunun mahir
ifaçısına çevirir. Belə olan halda isə
sağlam münasibətin mövcudluğundan söhbət belə
gedə bilməz.
Bu tendensiya şəxsi münasibətlərdə
olduğu kimi, iş həyatında da ciddi problemlemlər
yaradır. Ortaq dəyər və maraqlara sahib
olmadığımız iş mühitində
potensialımızı reallaşdırmaq də çətinləşir,
yaxud da konflikt üçün real zəmin yaranır.
Şərq dəyərlərinin hakim olduğu
toplumlarda güzəşt möhkəm münasibətlərin
sütunlarından sayılır. Məsələn, çox
vaxt konfliktin kökündəki səbəb kiçikdən
yana olsa belə, dəyərlər yaşca böyüyün
tərəfində dayanır. Beləcə, böyüyün
mövqeyi lazımınca sorğulanmadan kiçik güzəştə
getməli olur. Şablonlar üzərində bərqərar
olan münasibətlər isə gec-tez bütün mahiyyəti
ilə təzahür edir. Problemi həll etməkdənsə,
böyük-kiçik yeri bilən adam obrazını
qorumağı üstün tutanlar bu missiyanı dədə-baba
mirası kimi qoruyub gələcək nəsillərə
ötürür.
Bu mirasdan bizim dövrə də müəyyən qədər
pay düşüb. Düzdür, müasir dövrdə ona
diktə edilənləri kor-koranə qəbul etməyib
etirazını bildirən, dəyər kimi təqdim
olunanları sorğulayanların sayı az deyil. Ancaq istənilən
halda sözügedən dəyərlərdən imtina zaman istəyir.
Bu zaman dilimində isə gördüyü
haqsızlığa səs çıxaran tələbə
müəllimin gözündə dikbaş, övlad xeyirsiz
damğası alır.
İstər iki şəxsin münasibətində,
istərsə də cəmiyyət həyatında güzəşt
labüddür. Burada əsas məsələ vəziyyəti
obyektiv dəyərləndirmək, daha doğrusu, məsələnin
kökündəki səbəbləri doğru şəkildə
analiz edə bilməkdir. Ancaq bu halda insan anlaya bilər ki, onu
kompramisə vadar edən situasiyanın
reallığıdır, yoxsa cəmiyyətin
sırıdığı tabular.
Məsələyə lokal yanaşıb dəyərləndirməni
şəxslərarası münasibət üzərindən
aparanda güzəşt faktorunun önəmi daha aydın
görünür. Hər mübahisəni mübarizəyə
çevirmək də ağıllı adam işi deyil.
Əsas məsələ qızıl ortanı tapmaqdır.
Güzəşt xarici təsirin diktəsi ilə
edilirsə, saxtadır, daxili ehtiyacdan yaranırsa, müsbət
nəticələr vəd edir. Qısası, iki insan
arasında uçurum varsa, güzəşt münasibəti məhvə
aparan yol, qısa məsafələrdə isə etibarlı
körpüdür.
Aytac SAHƏD
525-ci qəzet.- 2024.- 2 mart, №41.- S.11.