"Qarabağ Universiteti regionda təhsil mühitini canlandıracaq"

 

Bu günlərdə Qarabağ Universitetinin fəaliyyət istiqamətləri, ixtisaslar barədə təqdimat nümayiş etdirilib, həmçinin universitetdə görülən işlər, hədəflər və gələcək planlar müzakirə edilib.

Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyevanın, elm və təhsil naziri Emin Əmrullayevin, ali təhsil müəssisələri rektorlarının, xaricdə yaşayan azərbaycanlı alimlərin iştirak etdikləri görüşdə universitetdə yerli və beynəlxalq təcrübənin tətbiqi imkanlarından danışılıb.

Vurğulanıb ki, Qarabağda tarixən mövcud olmuş təhsil ənənələrinin yaşadılması və regionun sosial-iqtisadi ehtiyaclarına uyğun yüksəkixtisaslı kadr tələbatının ödənilməsi dövlət başçısı tərəfindən qarşıya məqsəd kimi qoyulub.

Tədbirin iştirakçıları universitetin fəaliyyətinə dair tövsiyələrini bölüşüb, Qarabağın hər zaman ziyalılar yetişdirdiyini və hazırda görülən işlərin də bu ənənənin davamı olduğunu vurğulayıblar.

Görüşdə universitetin təhsilalanları və akademik heyəti üçün fərqli, müasir mühitin formalaşdırılması, universitet kampusunda bütün xidmətlərin verilməsi, həmçinin elmi-tədqiqata əsaslanan yaradıcı layihələrin dəstəkləndiyi ekosistemin qurulmasına dair geniş müzakirələr aparılıb.

Qeyd edək ki, bu günlərdə Prezident İlham Əliyev Qarabağ Universitetinin fəaliyyətinin təşkili üçün maliyyə vəsaiti ayrılması haqqında Sərəncam imzalayıb. Sərəncamla Qarabağ Universitetinin fəaliyyətinin təşkilinə maliyyə dəstəyi göstərilməsi üçün Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsində nəzərdə tutulan Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Elm və Təhsil Nazirliyinə 10,0 (on) milyon manat ayrılıb.

Prezident İlham Əliyev Qarabağ Universitetinin yaradılması və fəaliyyətə başlamasının böyük əhəmiyyəti barədə əminliklə bildirib: "Vətən müharibəsindəki parlaq qələbəmizdən dərhal sonra azad olunmuş ərazilərimizdə ən müasir standartlarla tikilən məktəblər artıq fəaliyyətdədir. Bu məktəblərdə gələcəyimizin layiqli vətəndaşları oxuyurlar. Yeni yaradılan Qarabağ Universiteti isə, şübhəsiz, regionda tarixən mövcud olmuş təhsil mühitini çox yaxın vaxtda canlandıracaqdır. Ötən dövrün dolğun təhlilini apararaq təhsil sahəsində strateji məqsədlərə nail olmaq və Böyük Qayıdışa dair I Dövlət Proqramında nəzərdə tutulmuş hədəflərə çatmaq əzmi ilə ali məclisinizin ətraflı müzakirələr şəraitində mühüm qərarlar qəbul edəcəyinə və ölkənin intellektual potensialını təhsildə dayanıqlı inkişaf naminə sıx birləşdirəcəyinə əminəm. İnanıram ki, xalqımıza Zəfər sevinci yaşadan igid və qəhrəman övladlarımızın formalaşması naminə müstəsna əmək sərf etmiş fədakar müəllimlərimiz gənc nəslə bundan sonra da mükəmməl bilik verməklə yanaşı, onların milli-mənəvi dəyərlərə bağlılıq və azərbaycançılıq məfkurəsi ruhunda böyümələri üçün var qüvvə ilə çalışacaqlar".

Elm və təhsil naziri Emin Əmrullayev qeyd edib ki, Xankəndidə fəaliyyət göstərəcək Qarabağ Universitetinə yüksək balla qəbul olacaq tələbələrə həvəsləndirici təqaüd veriləcək. Hazırda universitetin fəaliyyətə başlaması üçün lazım olan hazırlıq işləri davam edir: "Universitetdə təhsil alacaq bütün tələbələrin orada qalması üçün hamısının yataqxanada qalması təmin ediləcək".

Nazir əlavə edib ki, Qarabağ Universitetində 16 ixtisas tədris olunacaq. Universitetdə ibtidai sinif müəllimliyi, məktəbəqədər təhsil, riyaziyyat müəllimliyi, informatika müəllimliyi, korreksiyaedici təlim, təhsildə sosial-psixoloji xidmət, informasiya texnologiyaları, kompüter elmləri, kompüter mühəndisliyi, qida mühəndisliyi, şəhərsalma, inşaat mühəndisliyi, beynəlxalq münasibətlər, regionşünaslıq, tarix, kommunikasiya və rəqəmsal media, beynəlxalq ticarət və logistika, biznesin idarə edilməsi, iqtisadiyyat, maliyyə-marketinq, menecment, mühasibat, turizm işinin təşkili və turizm bələdçiliyi ixtisasları tədris olunacaq.

Tələbə qəbulu ilkin plana əsasən birinci kurs üzrə Dövlət İmtahan Mərkəzinin qəbul imtahanları, ikinci kurs üzrə Elm və Təhsil Nazirliyinin "SABAH" qruplarına müsabiqə əsasında, üçüncü kurs üzrə isə mübadilə proqramları və ya yerli universitetlər ilə ikili diplom proqramları ilə həyata keçiriləcək.

Elm və təhsil nazirinin müavini İdris İsayev bildirib ki, Xankəndi şəhərində fəaliyyət göstərəcək Qarabağ Universitetində bakalavr səviyyəsi üzrə 20 ixtisas tədris olunacaq. Növbəti mərhələdə 10 istiqamət üzrə ixtisaslar olacaq: "Ali təhsil müəssisəsində mərhələli şəkildə 10 min şəxsin təhsil alması nəzərdə tutulur".

Onun dediyinə görə, Xankəndi şəhərində fəaliyyət göstərəcək Qarabağ Universitetinin tələbələrinə təqaüd təyin olunacaq. Xankəndi şəhərində fəaliyyət göstərəcək Qarabağ Universitetində tələbələr üçün yataqxananın olması nəzərdə tutulur: "Ali təhsil müəssisəsində 70 nəfər işçi heyətinin olması planlaşdırılır. Universitetin bir neçə tədris korpusu olacaq. İlk mərhələdə tələbələr dövlət vəsaiti hesabına təhsil alacaqlar".

Təhsil eksperti Elçin Süleymanov bildirib ki, işğaldan azad edilən ərazilərin inkişafı, bərpası ilə əlaqəli müxtəlif dövlət proqramları həyata keçirilir: "Onlar içərisində təhsil sahəsində gerçəkləşdirilən layihələr də çox önəmlidir. Təhsilin inkişafı strategiyası çərçivəsində yaxın illərdə işğaldan azad edilən ərazilərdə yeni üç ali təhsil müəssisəsinin inşası gözlənilir. Bu sərəncam həmin layihənin ilk addımıdır. Böyük ehtimalla, Şuşada, eləcə də Ağdamda da ali təhsil müəssisələri açılacaq. Qarabağda inşa ediləcək ali təhsil ocaqları da tarixi universitet ənənələri üzərindən formalaşacaq".

Millət vəkili Aqil Abbas deyib ki, Qarabağ Universitetində təxminən 5-10 min tələbə təhsil alacaq: "Bu tələbələrə dərs demək üçün yüzlərlə müəllimə də ehtiyac olacaq. Bu layihənin icrası Xankəndiyə yeni ruh qatacaq. Gənc nəslin oraya axını, ailələrin Xankəndiyə köçürülməsi oradakı həyatı daha da rəngarəng edəcək. Qarabağda universitetin fəaliyyətə başlaması Bakının tələbə yükünü də azaltmış olacaq. Tələbələrin bu universitetə üstünlük verməsi də vacibdir. Hətta Ağdamda da bir neçə ali təhsil müəssisəsinin açılışı gözlənilir".

Millət vəkili bildirib ki, 1969-cu ildə Ulu öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsi ilə Xankəndi yenidən azərbaycanlılaşmağa başlayıb. Həmin vaxt orada Pedaqoji İnstitutun filialı yaradılıb, 100-dən çox müəllim ailəsi ilə oraya köçürülüb. İnstitutda ermənilərin cəmi bir fakültəsi olub, texniki işçiyə qədər qalan bütün heyət azərbaycanlılardan təşkil edilib:

"Fabrik və zavodlar inşa edildi. Ermənilərin bu zavodları işlətməyə gücü çatmadı. Ona görə də yenə yaxın kəndlərdə yaşayan azərbaycanlılar bu fabrik və zavodlarda işə cəlb edildilər. Onlar üçün də Heydər Əliyev böyük bir mikrorayon tikdirdi, məktəblər açdırdı. Beləliklə, Xankəndidə təxminən 15 min azərbaycanlı məskunlaşdı. Xankəndidə hamı Azərbaycan dilində danışırdı. Bu gün də Ulu öndərin yolunu Prezident İlham Əliyev böyük uğurla davam etdirir. Qarabağa qayıdışımız yenə təhsil ilə başlayır. Bir xalqın gələcəyi savadlı gənclikdir. Gənclik olan yerdə həyat var, musiqi var, mədəniyyət var, sevgi var".

Millət vəkili Naqif Həmzəyev bildirib ki, Qarabağ Universiteti ali təhsil almaq istəyənlər üçün böyük bir fürsət olacaq: "Bu universitetin yaradılması məhz Qarabağda və Şərqi Zəngəzurda kadr potensialının gücləndirilməsi və həmin ərazidə yaşayacaq Azərbaycan vətəndaşlarının ali təhsil alması üçün əla bir imkan olacaq. Azərbaycanın müxtəlif şəhər və rayonlarında universitetlər var. Region universitetlərin inkişafına Azərbaycan dövləti çox böyük önəm verir. Bu baxımdan da Xankəndidə Qarabağ Universitetinin yaradılması və inkişaf etdirilməsi üçün Azərbaycanın aidiyyəti qurumları lazımi tədbirləri görəcək".

Millət vəkili qeyd edib ki, yaradılan yeni ixtisasların Qarabağ Universitetində tədris olunması zərurətə çevrilib: "Bütün bunlarla yanaşı, biz unutmamalıyıq ki, Qarabağ və Şərqi Zəngəzur yaşıl ərazi elan olunub. Burada "Ağıllı şəhər" və "Ağıllı kənd" konsepsiyaları reallaşdırılır. Müasir dövrün tələblərinə cavab verəcək şəhər, rayon və qəsəbələr tikilir. Bütün infrastruktur layihələr müasir dövrün tələblərinə cavab verir. Gələcək ixtisasların məhz Qarabağ Universitetində tədris olunması, düşünürəm ki, vacibdir. Eyni zamanda, gələcəkdə əmək bazarının tələblərinə uyğun ixtisaslar üzrə təhsil verilməsi təkcə yerli deyil, xarici tələbələrin də cəlb olunmasına böyük dəstək verəcək".

Onun sözlərinə əsasən, Qarabağ Universiteti Azərbaycanın top 10 universitetindən biri olacaq: "Hesab edirəm ki, Qarabağ Universiteti ən qısa zamanda Azərbaycanın ən aparıcı universitetlətindən biri ola biləcək. Çünki dövlət qayğısı və diqqəti bu universitetin üzərində olacaq. Çox faydalı və uğurlu bir fəaliyyətin baş tutacağına inanıram. Qarabağ və işğaldan azad olunmuş digər ərazilərdə universitetlərin, müxtəlif təhsil ocaqlarının yaradılması mühüm əhəmiyyət kəsb edən məsələlərdən biri hesab olunur".

 

Sevinc QARAYEVA

525-ci qəzet.- 2024.- 1 mart, №40.- S.15.