Təbrizin sirli-sehrli
nağıl dünyası
Səməd Behrənginin türkcə qələmə
aldığı, itmiş sayılan nağıllar 45 ildən
sonra bakıda kitab halında işıq üzü
gördü
"Təbrizin 40 sehrli nağılı" kitabı
bu günlərdə "Qanun" nəşriyyatında nəfis
tərtibatda nəşr olunub. Sirus Mədədinin nəşrə
hazırladığı kitabı ərəb əlifbasından
Pərvanə Məmmədli çevirib kitabın sonuna bir
izahlı sözlük də əlavə edib. Kitabın əvvəlində
və sonunda Sirus Mədədi ilə Pərvanə Məmmədlinin
yazıları verilib. 224 səhifəlik nəşrin tərtibatında
məşhur qədim Azərbaycan miniatürləri ilə
yanaşı, çağdaş rəssamlar Pəri
Miniatür və Natiq Camal Əfşarın əsərlərindən
də istifadə olunub.
Nəşrdə Səməd Behrəngi və Bəhruz
Dehqaninin Təbriz və ona yaxın Mamağan və Tufarqan ərazilərindən
topladıqları nağıllar yer alıb, onların yerli
şivə və dialekt xüsusiyyətləri
saxlanılıb. Kitabın mətni Tehranda ilk dəfə nəşr
olunmuş "Azərbaycan nağılları (Təbriz rəvayətləri)"
kitabından götürülüb.
Səməd Behrəngi İran və Güney Azərbaycan
uşaq ədəbiyyatının qurucusu sayılır. Onun
uşaqlar üçün bədii nağıllar yazması
heç də təsadüfi deyildi. Qeyd edək ki, o,
bütün həyatını və
yaradıcılığını azadlıq və ədalət
uğrunda, Azərbaycan milli mədəniyyətinin
qorunması və inkişafı yolunda mücadiləyə həsr
etmiş, bu yolda başı az bəlalar çəkməmişdi.
Çalışdığı yerlərdə kəndlilərin
həyatı ilə yaxından tanışlıq Səməddə
yazıb-yaratmaq, şahidi olduqlarını qələmə
almaq həvəsi oyatmışdı. Elə ilk qələm təcrübəsinə
də o vaxtdan başlamışdı.
Səməd kəndə dərs deməyə yollananda
elə ilk gündən İran təhsil sistemindəki naqisliklərin
şahidi olmuşdu. Uşaqlar dərsliklərdə verilən
çox sayda yad sözləri qavramaqda çətinlik çəkirdilər.
O bunları nəzərə alıb yeni bir dərslik
hazırladı. Dərslik qəbul olunmasa da, onun bilik və
bacarığı diqqət cəlb eləmişdi. Amma Səməd
Behrəngi nazirlikdə ona təklif olunan yüksək
maaşlı məmur vəzifəsindən imtina edib Təbrizə
dönmüşdü. Elbəel, kəndbəkənd
dolaşaraq uşaqlara dərs keçməyə və folklor
nümunələri toplamağa üstünlük vermişdi.
Səməd Behrəngi çox gözəl pedaqoq idi,
ucqar və baxımsız kəndlərdə dərs keçməyi
seçmişdi. Öncələr kənd boyu dolaşan, xalq
içində, toyda-mağarda, məsciddə tez-tez
görünən Səməd eşitdiklərini, bildiklərini
həm həyatda, həm də tədris vasitəsilə tətbiq
etməyi düşünsə də, sonralar həmkarı və
tələbəlik dostu Bəhruz Dehqani ilə birlikdə bu
işi görməyə başladılar. Bir müddətdən
sonra bu toplamaların içində çox sayda folklor
nümunələri, nağıllar, hekayələr, təhlillər
yer almağa başladı. Nümunələr türkcə
söyləndiyi üçün elə bu dildə də qələmə
alınırdı. Ağır zəhmətlə başa gələn
bu çalışmalar çap üçün təqdim
edilərkən isə nəşrinə imkan vermədilər.
O, folklor nümunələri toplamaqla (Bəhruz Dehqani
ilə birlikdə) və ədəbi əsərlərlə
yanaşı, təhsil, pedaqogika ilə bağlı məqalələr,
esselər yazıb, tərcümə ilə məşğul
olub. Səməd Behrəngi təhsil sisteminin nöqsanlarını
tənqid edir və getdikcə cəmiyyətin digər
qatlarına baş vururdu.
O, doğma xalqının dilində dolaşan
nağıl və mifləri toplayıb tərtib etmiş,
onlara bədii yön verib yenidən yazmışdı. Səməd
Behrəngi və Bəhruz Dehqaninin topladıqları
bayatılar, tapmacalar-qoşmacalar və bir çox folklor
örnəklərinin nəşrinə İranda imkan verilməmişdi.
Onlar yazıları ana dillərində nəşr etməyə
müvəffəq olmadıqda nağılların bir hissəsini
fars dilinə çevirib "Azərbaycan əfsanələri"
adlı məcmuədə nəşr etdirmişdilər.
S.Behrəngi uşaqlara birbaşa xitab etmək
üçün əsərlərini nağıl şəklində
yazırdı. O, ənənəvi didaktik metodun uğurlu
olmayacağını bilirdi; əsərlərində
uşaqları milli zülmə, cəhalətə, ictimai ədalətsizliyə
qarşı mübarizəyə çağırır, dil və
mədəniyyətlərinə məhəbbət yaradır,
onları gələcək həyata hazırlayırdı.
Folklora, mifologiyaya meyl onu simvolların dili ilə
yazıb-yaratmağa yönəltdi. Bu əsərlər
azadlıq, kimlik, yoxsulluq, təhsilsizliyin doğurduğu fəsadlar
ilə yanaşı, dövrün sosial-psixoloji dərdlərini
də ehtiva edirdi.
Səmədin qələmə aldığı
"Ulduz və qarğalar" nağılında oxucuya tam
aydın olur ki, hadisələr azərbaycanlı ailəsində
cərəyan edir və iştirakçılar da Azərbaycan
türkləridir.
1967-ci ildə yazdığı "Balaca qara
balıq" Səmədə böyük uğur gətirir,
yaşamının manifestinə çevrilir, adını bir
sıra dünya ölkələrində tanıdır...
Vaxtsız ölümündən sonra əsərlərinin
nəşri istər Cənubi Azərbaycanda və İranda,
istərsə də dünyanın müxtəlif ölkələrində
böyük maraq doğurdu. Uşaqlar üçün
yazdığı əsərlər daha çox sosial problemləri,
cəmiyyətdəki haqsızlıqları
qabartdığı üçün şah rejimi tərəfindən
qadağan edilmişdi.
S.Behrənginin topladıqları içərisində
nağıllar xüsusi yer tutur. Həmkarı Bəhruz Dehqani
ilə topladığı nağıllar uzun illər diqqətdən
kənarda qalmışdı. Yalnız 30 ildən sonra fədakar
folklorşünas Məhəmmədəli Fərzanə bu
nağılların Azərbaycan dilindəki orijinal
variantını üzə çıxarmışdı.
90-cı illərin sonlarında Güney Azərbaycanın
tanınmış milli ziyalılarından olan M.Fərzanə
ilə görüşmüş, xeyli söhbətləşib-dərdləşmişdik.
O, məni bir çox mətləblərdən hali eləmiş,
xeyli yeni bilgi - məlumat vermişdi. Bunlardan biri də Səməd
Behrənginin itmiş və o vaxtacan tapılıb çap
olunmayan əlyazmaları ilə bağlı idi. Bu müsahibə
1999-ci ildə "21 Azər" jurnalında da çap
olundu. Məzmunu da belə idi ki, Məhəmmədəli Fərzanə
o məlum əlyazma mətnlərin ilk dəfə Azərbaycan
türkcəsində qələmə
alındığını söyləmişdi. O dövrə
qədər elmi fikirdə S.Behrənginin əsələrinin
yalnız farsca yazıldığı bildirildi. Əslində
S.Behrəngi bu mətnlərin çoxunu türkcə (Azərbaycan
türkcəsi) yazmış, amma farscaya çevirmək məcburiyyəti
qarşısında qalmışdı. O yazıların
orijinalını isə M.Fərzanəyə etibar edib
özündə saxlamağı tövsiyə etmişdi.
1960-cı illərin sonlarından İranda, xüsusən
Azərbaycanda hökm sürən hakimiyyətin
yaratdığı cinayətlər nəticəsində
yüzlərlə insan və yüzlərlə əsər məhv
edildiyi kimi, Səməd Behrənginin və Bəhruz Dehqani ilə
birikdə yığıb Fərzanəyə
tapşırdıqları nağılların orijinalı da
itib-batmışdı.
M.Fərzanə 1997-ci ildə Almaniyada qonaq olduğu
zaman, sevinərək itkin bağlamanın yenidən
tapıldığı xəbərini verir. Və nağıllardan
bir nüsxəsini orada yaşayıb-yaradan ziyalı dostu Sirus
Mədədiyə verib onları nəşr etməyi xahiş
edir. Aradan 30 il keçdikdən
sonra nağıllar tapılıb bir daha Fərzanəyə
geri qaytarılmışdı. Sirus Mədədi yeni
tapılmış və türkcə yazılmış əlyazmanı
1998-ci ildə soydaşları ilə birlikdə
Almanıyanın Köln şəhərində nəşr
etdiyi "Azərbaycan səsi" jurnalında tanıtdı.
2009-cu ildə isə Tehranda "Azərbaycan
nağılları (Təbriz rəvayətləri)"
adı altında kitab çap etdirdi.
Səməd Behrənginin ölümündən 30 il
sonra gizli sandıqdan tapılan 40 nağıl 40 ildən sonra
ilk dəfə Tehranda, 45 il sonra isə Bakıda nəşr
olundu.
Burada 40 rəqəminin magiyasına inanmamaq olmur...
Bu gün bəhs olunan "Azərbaycan
nağılları"nın orijinal Azərbaycan dilində gəlib
əlimizə çatmasına görə görkəmli
folklorçu Məhəmmədəli Fərzanəyə
borcluyuq.
Pərvanə MƏMMƏDLİ
525-ci qəzet.- 2024.- 1 mart, №40.- S.12.