Ekranda parlayan
"Ovqat" Səyyarəsi
Səyyarənin "Ovqat"ı efir məkanına
səyyarələrdən enib gəlib, məncə.
Özünün və sözünün gözəlliyinə,
özüylə bahəm gizli aparıcılıq edən təbəssümünün
özəlliyinə, yüksək aparıcılıq mədəniyyətinə
heyran olmayan qalıbmı ki?! İnanmıram,
xatırlamıram!
Dərin biliyi, düşüncə tərzi, "ovu
bərəsində vurmaq" bacarığı
tamaşaçıları əfsunlayıb. İlk
"Ovqat"dan başlayan o vurğunluq, heyranlıq, əfsun
davam etməkdədir. Bir sözlə, Səyyarənin
"Ovqat"ı sanki yerdə yox, göydə-səyyarələrdə
qurulmuş məclisdir.
"Ovqat" verilişi çox qısa müddətdə
öz ətrafında xüsusi fanatlar toplayıb. Səyyarənin
"Ovqat"ı başlayanda adamlar ekran qabağına tələsməkdən
çox qaçışırlar. "Ovqat"
başladımı adamlar papaq edib, zəng edib bir-birini
muştuluqlayırlar, "Ovqat"in birinə baxmayanda özlərini
pis hiss edirlər. Nəinki "Ovqat" a baxanlar, bu
verilişdə efirə çıxanlar da özlərini
xoşbəxt sanırlar. Belə bir xoşbəxtlik mənə
də nəsib olub. 2006-cı ilin sentyabr ayında! Qazaxda, Səməd
Vurğun Poeziya evində!
Həmin veriliş ekranda təzəcə bitmişdi
ki, bayırdan həyəcan dolu bir səs gəldi:
- Ay Barat!
"Höy" deyib eşiyə çıxdım.
Baxdım ki, məni çağıran əmimoğlu
Əliymiş.
Az qala əmr edirmiş kimi səsləndi:
- Tez bura gəl görüm!
Getdim. Çatan kimi məni basmarlayıb öpməyə
başladı.
Bir öpmür, beş öpmür, məni
eşim-eşim eləyirdi. Sən demə, "Ovqat"a
baxıb gəlibmiş. Sevincini mənimlə belə
bölüşürmüş.
Bu vaxt çəpərin o üzündən
qonşunun arvadı bu hay-harayı görüb, elə bilib
ki, biz tutaşmışıq. Odur ki, birdən onun da
hay-harayı yüksəldi:
- Ədə, niyə dalaşırsınız?
Əli, axır ki, məni buraxıb üzünü
qonşu arvadına tutdu:
- Dalaşmırıq, ay xala, təbrikləşirik!
Məsələdən halı olanda arvad da bizə
qoşulub o ki var güldü...
Bax, "Ovqat" bizlərə belə ovqatlar bəxş
edib. Əlbəttə, bunun əsas səbəbkarlarından
biri yox, birincisi aparıcı Səyyarə Səyyafdır!
lll
"Ovqat"ın, doğrudan da, öz gözəlliyi
və özəlliyi var. "Ovqat", yəni Səyyarə
xanım həm özü danışır, həm də
çağırdığı qonaqları özündən
danışdırır, onları könlüylə, ruhuyla
görüşdürür. Elə bil hər verilişdə
adamların könlünü axtarıb tapır, özünə qaytarır.
Pakistanın məşhur şairi Məhəmməd
İqbal deyirdi: "İşim könülə
düşdü". Biz deyə bilərik ki, nə
yaxşı ki, bizim də işimiz "Ovqat"a - Səyyarə
Səyyafa düşdü
"İnsanı insandan oğurlamışıq"
deyən Şəhriyar necə də düz deyirmiş.
Amansız dövrdə yaşayırıq. Ruhun, insanın
xilası uğrunda mübarizə gedir. Təkcə
ayrı-ayrı insanların yox, bütün bəşərin
ovqatı təlx olmaqdadır. Bu faciənin
qarşısını almaq üçün S.Səyyaf da 20
ilə yaxındır ki,
mücadilə verir, mübarizə aparır. Zərdüşt
sayağı, inanır ki, "Gətirəcəm sözlə
haqqa insanları!"
Frans Kafka yazır: "Mən bütünlükdə
ədəbiyyatam və ayrı heç kim, heç nə
olmaq istəmirəm!"
Bu gün Səyyarə də birbaşa, tərəddüd
etmədən deyə bilər: "Mən bütünlükdə
"Ovqat"am və ayrı heç kim, heç nə olmaq
istəmirəm!"
Belə bir ovqat sahibi olmaqsa, Daonun (Yolun)
tapılmasıyla bağlıymış. Bunu Çin filosofu
Çjan Tzsı hekayələrinin birində belə bəyan
edirdi ki, "Hər zərrə pərdədi, Cananın
(Allahın) üzünü yad baxışlardan gizləmək
üçün!"
Mənsə düşünürəm ki, Səyyarənin
üzündə də pərdə var, onun kimi könül
adamını (könül sultanını) ovqatın (və
"Ovqat"ın) nə olduğundan xəbərsiz olanlardan
gizləmək üçün!
Səyyarə öz Daosunu (Yolunu) çoxdan tapıb.
O, getdiyi yolda heç də çoxları kimi yalnız
hansısa dağ zirvəsini hədəfə almayıb. O, məchul
olduğu qədər də məlum olan, hər gözə
görünməyən, hər könülə əyan
olmayan daha uca bir zirvəyə yol getməkdədir. Və əslində
ondan ötrü əsl zirvə yolun özüdür!
Əmindir ki, "Yol üstündən aşar dağın,
Yol ucadır zirvədən də" (B.Vahabzadə).
Yolun özünün zirvə olmağı
üçünsə insan çox saf olmalıdır. İsa
Muğanna demişkən, Saf Ağ insan olmalıdır! Bilməlidir
ki, Allah sözüylə könül sözünü
bir-birindən bircə hərf ayırır. Könül
sultanları Allahın qonşuluğunda yaşayırlar. S.Səyyaf
da ilk vaxtlardan bu cür yer bələdləyib tapdı, məramını
bəyan etdi: "Əmr eylədi fələk, yerəkim mən
ömür boyu" (Füzuli).
Səyyarə xanım öz "Ovqat"ıyla belə
bir əkinçi ömrü də yaşamağa
başladı. Ruh qardaşı olan ənim kimi, o da nadanlara,
üzüdönüklərə, əkinin nə olduğunu
bilməyən "əkinçilərə" dedi:
Sən əkəndə qapı-baca,
Mən əkəndə Vətən əkdim!
Orxan Pamukun yazdıqlarından bəlli olur ki, Əziz
Nesin hamının bildiyi, amma bilmədiyini bildiyi həqiqətləri
parlaq şəkildə bir cəhddə deyə bilmək xəyalıyla
yaşayırmış...
Bu cəhdlərin "Ovqat" verilişində də
dəfələrlə şahidi olmuşuq. Səyyarənin
ağlına, hissinə, incə könül
duyğularına, qəfildən ustalıqla gözlənilməz
yerlərdən açdığı "atəşlərə"
- suallarına heyran qalmışıq. Cavab verənlərimiz
də olub, çaşıb qalanlarımız da.
Bu günlərdə "Ovqat"ın yenə
qonağıydım. "Xətadı qeyri-eşq"
adlı esselər kitabımın ətrafında gəzişmələr
edirdik. Bir çox oxucular oxumuşam desə də, əslində
oxumamışdılar. Səyyarə xanımsa esselərin dərin
fəlsəfi qatlarındakı çətinliklərə
baxmayaraq, bu kitabı oxumuş, mənimsəmişdi və
yenidən mənə - müəllifin özünə
"oxutdururdu!" Əsl tədqiqatçı kimi! Alim kimi!
Filosof kimi! Və az qala kitabın yeni, əsl müəllifi
kimi! Mən həmin verilişdə onun dərin biliyinə,
intuisiyasına, erudisiyasına o qədər heyran
qalmışdım ki, elə bilirdim, bu dəfə
"Ovqat"ın aparıcısı mən idim,
qonağı isə o!
İnsan nə qədər gizli elmlərdən, ilahi
eşqdən, sufi dünyasından xəbərdar
olarmış! Məhz bu üzdəndir ki, "Ovqat"
verilişi, yaşından asılı olmayaraq, saysız
tamaşaçının rəğbətini qazanıb.
"Ovqat" sxematiklikdən və sentimentallıqdan uzaq olan,
ədəbi-bədii, musiqili, etik və estetik, sosial-fəlsəfi
mahiyyət kəsb edən, tamaşaçılara məzmunlu
gözəl hisslər aşılayan çoxşaxəli bir
verilişdir. Aparıcı, şəffaf təbiətli Səyyarə
Səyyafın geniş erudisiyalı, geniş profilli bir
jurnalist olduğu hamımıza bəllidir.
Aparıcılıq vəzifəsi televiziyada, ekranda ən
mürəkkəb, ən çətin və ən məsuliyyətli
bir sənət növüdür. Bu mənada Səyyarə
xanım işinin ustasıdır.
"Ovqat" sadəcə televiziya verilişi deyil.
Etik normalarımızdan, mənəviyyatımızdan, mədəniyyətimizdən,
ənənələrimizdən, xalqımızın tarix boyu
keçdiyi keşməkeşlərdən, onun klassik fəlsəfi
baxışlarından tutmuş, ta müasir dövrün məişət
baxışlarına qədər bütün sahələri
tam əhatə edən vacib və zəruri, vaxtında "doğulan", boya-başa
çatan əxlaq haqqında bir elmdir, mənəviyyat, etika dərsimizdir!
Onun auditoriyası təkcə Azərbaycana deyil.
Dünyaya yayılan dalğaları milyonlarla insanın
şüuruna, varlığına sirayət edir.
"Ovqat" dünya azərbaycanlılarının birləşməsi,
onlarda həmrəyfikirlərin formalaşdırılması,
inkişaf etdirilib möhkəmləndirilməsi sahəsində
əməlli, təməlli iş aparır, insanların
zövqünü formalaşdırır" (Sabit Məmmədov,
"Naxçıvan" qəzeti, 7 yanvar 2009-cu il). Həmin
məqalədə müəllif bizi tamaşaçı qiyməti
ilə də tanış etmişdi. Göstərmişdi ki,
"Sanatoriyada tanış olduğum, 70-dən çox
yaşı olan Əlimuxtar müəllimin ötən
verilişə baxa bilmədiyi üçün necə təəssüfləndiyinin
şahidi oldum. "O aparıcı xanım... Səyyarə Sərraf!
Özü də gözəldir, verilişi də gözəldir!
Elə səyyarə kimi parlayır Səyyarə
xanım!" - dedi".
Müəllif daha sonra bir misal da çəkmişdi:
"Görün, yaşı 80-i ötən professor, tarix elmləri
doktoru Aslan Atakişiyev nə deyir: "Ovqat" veriliş
olmaqla yanaşı, məntiq, psixologiya, filologiya, tarix, həm mühazirə, həm də seminar
məşğələləri keçən elm məbədidir..."
Gətirilən misalları adi tamaşaçı
fikri saymaq olmaz. Bu, "Ovqat"a olan ümumxalq məhəbbətinin təzahürüdür. Bu məhəbbəti
qazanmasaydı, "Ovqat" günü bu gün də fəaliyyətini
davam etdirə bilməzdi.
Səyyarə Səyyafın özünün və
verilişinin məxsusi, bənzəri olmayan
işığı, enerjisi vardır. Onun tərəf-müqabiliylə
etdiyi söhbətlər hamıdan ötrü olan,
hamını işıqlandıran, saflaşdıran söhbətlərdir.
"Bu gün söhbət bizim oldu, Bizə "bizim" deyən
gəlsin" söyləyən "Bizim Yunus"un -
övliya şairin sözünə qüvvət olaraq onu demək
istərdim ki, bizim Səyyarənin verilişinə də gərək
"bizim söhbət" deyənlər baxsınlar! Hər
kəs bizə lazım olan söhbətləri edə bilirmi?
Özünü də, sözünü də bizimkiləşdirməyi
bacarırmı? Əsla!
Bu məqamda Amerika yazıçısı Tomas Vulfun məşhur
bir fikri dadımıza çatır: "İnsanlar ona
görə heç nə yarada bilmirlər ki, güclərini
səfeh söhbətlərə, cəfəngiyyatlara,
intriqalara sərf edirlər. Mən anlamağa
başlamışam ki, yeganə yol dişimi bir-birimə
sıxıb öz işimi görməkdir".
Səyyarə xanım da özünə belə bir
yol seçib. Ağır, məşəqqətli! O da
çox vaxt dişini bir-birinə sıxa-sıxa verilişlə
bağlı çəkdiyi əzabları, çətinlikləri
gizləyir, ağrısını daha bir "ağrı həbi"ylə
müalicə edir. Axı "bizim" olmağın başqa
bir yolu yoxdur. Səyyarə Səyyaf hələ də bu
verilişi bəs nədən ötrü aparır?" Səfeh
söhbətlər, cəfəngiyyatlar, intriqalar olmasın, ən
azından azalsın deyə!
O, öz "Ovqat"ıyla böyük bir
missiyanı həyata keçirir. Səyyarə Səyyafın
missiyasını düşündükcə yadıma
Ekzüperinin "Hərbi təyyarəçi" əsərindən
bir epizod gəlir. Həmin təyyarəçi gecələr
İspaniyanın üzərindən keçəndə, hər
yan zülmətə qərq olsa da, amma yaxşı
tanıdığı bir qarı ilə qocanın
yaşadığı kənd evindən sönük də
olsa, işıq gəldiyini görürmüş. O xəfif
lampa işığını görəndə bilirmiş ki,
yolunu düz gedir, azmayacaq. Qoca ilə qarının
"Kompas"ı -lampası buna yol verməyəcək!
Belə məqam V.Mayakovskinin bir şeirində də
yer alıb:
Qulaq asın!
Bu ulduzlar hər gecə
Yanırsa əgər,
Demək, kiməsə lazımdı
Bu ulduzların yanması.
Demək, kiminsə xətrinə
Damların üstdə
Hər gecə
Heç olmasa bircə dənə
Ulduz yandırmağa dəyər!
Məncə, şairin dediyi o ulduzlardan biri olan Səyyarə
(və onun "ovqat"ı da) adi ulduzlardan - səyyarələrdən
deyil! Səyyarənin "Ovqat"ı ulduza dönüb,
"Ovqat"ın Səyyarəsi yerlərə enib... Daim
parlasın, parlaq qalsın!
Barat VÜSAL
525-ci qəzet.- 2024.- 1 mart, №40.- S.10.