Alimlik və şəxsiyyət
nümunəsi
Görkəmli şərqşünas Rüstəm Əliyevi
anadan olmasının 95, vəfatının 30 illiyində
ehtiramla anırıq
Elmi yaradıcılığı ilə böyük
nüfuz qazanmış alimlərimizdən biri də məşhur
şərqşünas, filologiya elmləri doktoru, professor,
Əməkdar elm xadimi, Harvard universitetinin fəxri doktoru
Rüstəm Əliyevdir. Rüstəm müəllimin
özünü yaxından tanımazdan əvvəl onun haqqında
atamdan eşitmişdim. Atam vətənpərvər alimin
60-cı illərin sonu, 70-ci illərin əvvəllərində
"Kommunist" qəzetində "Vətəndən
uzaqlarda" silsilə məqaləsindən və xaricdə
yaşayan azərbaycanlılarla görüşünə həsr
olunmuş televiziyadakı çıxışlarından
böyük maraqla söz açardı. İş elə gətirdi
ki, institutda təhsil aldığım illərdə professor mənə
dərs demədi. Amma aradan bir neçə il keçəndən
sonra elmi sahədə onun dissertantı olmaq imkanı
qazandım.
Ali təhsili başa vurub orta məktəbdə
dörd il müəllimlik etdikdən sonra 1978-ci ildə Nizami
adına Ədəbiyyat İnstitutunun "Cənubi Azərbaycan
Ədəbiyyatı" şöbəsinin dissertantı
oldum. O zaman Cənubi Azərbaycan ədəbiyyatı ilə məşğul
olmaq, güneyli şairlərin
yaradıcılığından yazmaq asan deyildi. Mənim namizədlik
dissertasiyamın mövzusunu Rüstəm müəllim məsləhət
bildi. Dissertasiya mövzum "Cənubi Azərbaycan şairi Həbib
Sahirin poetik yaradıcılığının inkişaf
yolu"na həsr olundu. Böyük qardaşım Şəfanın
məsləhəti ilə professor Rüstəm Əliyev elmi rəhbərim
oldu. Bizim tanışlığımız başlayanda o, Azərbaycan
Milli Elmlər Akademiyası Əlyazmalar İnstitutunda Ərəbdili
yazılı abidələrin tədqiqi və nəşri
şöbəsinin müdiri, mən isə rayondan gəlmiş
müəllim idim. Tədqiqat işi üzərində
çalışdığım zaman Rüstəm müəllim
mənə deyərdi: "Alim o şəxsdir ki, öyrəndiyi
ixtisası, çalışdığı işi mükəmməl
bilir, sənətinə hərtərəfli bələddir,
xalqa fayda verir. Sən də çalış ki, tədqiq
etdiyin sahəni dərindən öyrənəsən, elmin
çətin yollarında püxtələşəsən,
kamil bir şəxsiyyət kimi formalaşasan".
Onun maraq dairəsi çox geniş idi, gözəl
yaddaşı var idi. Olduqca ciddi və tələbkar bir adam
idi. Dünya, eləcə də Şərq ədəbiyyatındakı
yenilikləri diqqətlə izləyirdi. Hər
görüşümuzdə xarici ölkələrə səfərlərindən
maraqla danışardı. Görüşlərimizin birində
o, İranda elmi ezamiyyətdə olarkən Şəhriyarla
görüşməsindən, onunla bir neçə gün
birlikdə ədəbi məclislərdə iştirak etməsindən
danışmışdı. Professor bu səfərdən
aldığı təəssüratını "Şəhriyarla
görüşlərim" başlığı altında
"Azərbaycan" jurnalında ("Azərbaycan"
jurnalı, 1979, №5, səh.128) öz oxucuları ilə
bölüşmüşdü.
Rüstəm müəllim yazır ki,
görüşün birinci günü Cənubi Azərbaycanın
görkəmli şairi Səhəndin evində təşkil
olunmuş yığıncaqda ustad şair Həbib Sahir və
bir sıra şairlər də iştirak edirdi. Stolun ətrafında
çoxlu şair oturmuşdu. Qocaman şair Həbib Sahir də
onların arasında idi. Ortaboylu, yaraşıqlı,
ağsaçlı, qətiyyətli Sahir, Tehran
ziyalılarının sevimlisi, dərin hörmət sahibi idi.
O, ayağa durub yeni şeirlərini oxudu, hamı onu
alqışladı. Şəhriyar da diqqətlə qulaq asırdı.
O, qalxıb Sahirə təşəkkür etdi. Sonra başqa
şairlər də çıxış etdilər. Rüstəm
müəllim qeyd edir ki, məclisdə mənə də
söz verdilər. Çıxışımda dedim ki, bir vaxt
gələcək Şəhriyarın, Sahirin, Səhəndin,
Behrənginin haqqında da tədqiqat əsərləri
yazılacaq. Qeyd etdiyim kimi, Həbib Sahirin həyat və
yaradıcılığını əks etdirən tədqiqat
işinin yazılmasında elmi rəhbərim, professor Rüstəm
Əliyevin əməyi böyük oldu. O, Sahirin bir neçə
kitabını və əlyazmalarını mənə verdi.
Şair haqqında bir neçə məqalə yazaraq qəzet
və jurnal səhifələrində məlumat verdim. Sonralar
isə şairin bir sıra şeirlərini Cənubi Azərbaycan
ədəbiyyatı antologiyasının II, III, IV cildlərinə
təqdim etdik. Bu, Azərbaycan Respublikasındakı
oxucuların qocaman şairin yaradıcılığı ilə
ilk tanışlığı oldu. Sahir professor Rüstəm
Əliyevə həsr etdiyi şeirində görkəmli alimə
olan dərin hörmət və ehtiramını ifadə etməklə
onu iki qardaş arasında "uzaq yollardan hər səfər
təzə təranə, təzə söz gətirən
xoş müjdələr çarcısı"
adlandırırdı.
Rüstəm müəllimin məsləhətləri
həmişə karıma gəlirdi. Bəzən hansısa məsələ
ilə bağlı axtarışlarım haqqında
danışanda "filan arxivə bax!" - deyirdi və
axtardığım materialları göstərdiyi mənbədən
də tapırdım.
Rüstəm müəllimin məsləhəti ilə
bir müddət Milli Elmlər Akademiyası M.Füzuli
adına Əlyazmalar İnstitutunda mövzu ilə
bağlı axtarışlar apardım. "Şairlər məclisi"
məcmuəsindən, "Azərbaycan" və "Şəfəq"
jurnallarından şairin xeyli şeirlərini əldə
etdim. Dissertasiyamın taleyi ustad şairin taleyinə bənzəsə
də, bədxahların əsassız maneələrinə
baxmayaraq, elmi rəhbərimin qayğısı sayəsində
müvəffəqiyyətlə müdafiə etdim. 2000-ci ildə
Həbib Sahirin taleyi və ədəbi irsinə həsr
olunmuş "Hürriyyət fədaisi" kitabını,
2004-cü ildə isə "Məndən salam deyin gözəl
Təbrizə" adlı seçilmiş əsərlərini
tərtib edərək çap etdirdim.
Rüstəm müəllim elmi rəhbəri olduğu
çoxsaylı aspirant və dissertantlara mövzu seçimində
xüsusi köməklik göstərirdi. O, farsdilli, ərəbdilli
və türkdilli ədəbiyyatların məşhur tədqiqatçılarından
idi. Alimin həm namizədlik, həm də doktorluq
dissertasiyaları Sədi Şirazinin "Gülüstan" və
"Bustan" əsərlərinin tədqiqinə həsr
olunmuşdu. Rüstəm Əliyev Azərbaycan ədəbiyyatının
dünya şöhrətli sənətkarlarının -
Nizami, Nəsimi, Füzuli kimi şairlərimizin
yaradıcılığına həsr olunmuş əsərlərin
də müəllifidir. O, Füzulinin qəzəllərini və
"Leyli və Məcnun" poemasını ön söz və
izahlarla Moskvada rus dilində nəşr etdirmişdi. Rüstəm
Əliyev 1955-1971-ci illərdə SSRİ EA Şərqşünaslıq
İnstitutunda işləmiş, kiçik elmi işçidən
Şərq mətnşünaslığı bölməsinin
müdiri vəzifəsinədək yüksəlmişdi. O,
1965-ci ildə Amerikada uzunmüddətli ezamiyyətə
olmuş və beş ay oranın səkkiz universitetində
İran ədəbiyyatından mühazirələr oxumuş,
Harvard universitetinin fəxri doktoru seçilmişdi. Ərəb,
fars, ingilis, türk, rus dillərini mükəmməl bilən
alim Amerika, İngiltərə, Fransa, Hindistan, İran,
İraq, Misir, Suriya, Tunis və başqa ölkələrin elm
və təhsil müəssisələrində dərin məzmunlu
elmi məruzələrlə çıxış etmişdi.
Öncə qeyd etdiyim kimi, Rüstəm Əliyev ötən əsrin
60-70-ci illərində İrana çoxsaylı səfərlər
etmiş və Cənubi Azərbaycanın görkəmli
şairi M.Şəhriyarla görüşmüşdü.
Şəhriyar "Rüstəm körpüsü" vasitəsilə
bir sıra şairlərimizlə yaradıcılıq əlaqəsi
yaratmışdı. Ustad şair görkəmli alim
R.Əliyevə bir neçə şeir həsr etmişdir.
Şəhriyar "Döyünmə - söyünmə"
şeirində yazır:
Sən təhvil alırsan məni, qardaşda
sanırsan,
Minlər yad içində məni görcək də
tanırsan,
Qəlbimdə, dilimdə nə sözüm varsa,
qanırsan,
Rüstəm, Bakıdan söylə mənə, can sənə
qurban,
Təbriz sənə layiq nədi, Tehran sənə
qurban!
Rüstəm, sənə qurban! Bu salamı
götürərsən,
Ol qəhrəman ellərdə gəzərkən yetirərsən,
Ordan da gələndə bizə şadlıq gətirərsən,
Deynə, Domurul bürcünü düşman yıxa
bilməz,
Qardaş nə qədər yadlaşa, yaddan
çıxa bilməz.
Rüstəm Əliyev Şəhriyarın ona həsr
etdiyi şeirləri yüksək qiymətləndirərək
yazmışdı: "Böyük iftixar hissilə bildirirəm
ki, Şəhriyarın mənə ithaf etdiyi, Azərbaycan
türkcəsilə üç şeiri və fars dilində
yazdığı irihəcmli mənzumə mənim həyatımda
təltif edildiyim ən böyük orden və
medallardır".
Rüstəm müəllim ömrünün ən mənalı
illərini Azərbaycan klassik ədəbiyyatının, Şərq
ədəbiyyatının araşdırılmasına və
öyrənilməsinə sərf etmişdi. Onun
yaradıcılığında qarşılıqlı tərcümə
fəaliyyəti də əsas yer tutur. Farsdilli ədəbiyyatın
görkəmli nümayəndələrini dilimizə tərcümə
etməklə yanaşı, Azərbaycan ədəbiyyatının
tanınmış sənətkarlarının əsərlərini
də rus dilinə çevirmişdi. Elmə yüksək tələbkarlıqla
yanaşan Rüstəm müəllim Azərbaycan elminə və
dünya şərqşünaslığına əsl alim cəfakeşliyi
ilə xidmət etdi. Rüstəm müəllim qeyri-adi istedad
sahibi, geniş dünyagörüşə malik, bənzərsiz,
mərd, məğrur, heç kimin qarşısında əyilməyən,
sözü üzə şax deyən insan idi. O,
ömrünü bütün varlığı ilə sevdiyi
elmi yaradıcılığa həsr etdi, onlarla elmi kadr
yetişdirdi. Elmi rəhbəri olduğu kadrların bir
çoxu müxtəlif elm sahələrində və təhsil
sistemində çalışır. Zəngin mənəvi
keyfiyyətləri ilə o, öz yetişdirmələrinin
hörmətini və sevgisini qazanan alim kimi şöhrətlənmişdi.
Həyat və fəaliyyətində obyektivliyi,
düzgünlüyü müdafiə edər, bu prinsipləri
üstün tutar, haqsızlığa məruz qalan gənc
istedadları müdafiə edərdi.
Çoxşaxəli yaradıcılığı ilə
dünyanın mötəbər alimləri cərgəsində
yer tutan bu böyük şərqşünas alimin əsərləri
indi də elmi dəyərini və aktuallığını
saxlayır. İllər və onillər ötəcək,
fundamental tədqiqatları, elmi-nəzəri məqalələri,
maraqlı söhbətləri ilə seçilən o parlaq zəka
sahibinin xatirəsi düşüncələrdən silinməyəcək.
65 il ömür sürdü, fəqət əbədiyaşarlıq
qazandı professor Rüstəm Əliyev. Elmə həsr olundu
bu ömrün çox illəri. O, mənim qəlbimdə təkcə
bir elmi rəhbər kimi deyil, həm də xeyirxah bir insan,
unudulmaz şəxsiyyət olaraq qalacaq. Şərqşünaslıq
elmimizin patriarxı Rüstəm müəllim məğrur
şəxsiyyəti və alim fədakarlığı ilə
həmişə onu sevənlərin xatirindədir. Ruhu şad
olsun!
Vəfa XANOĞLAN
Sənətşünaslıq üzrə elmlər
doktoru, professor
525-ci qəzet.- 2024.- 1 mart, №40.- S.8.