Gəncliyə
uğur qazandıran keyfiyyətlər: möhkəm xarakter,
güclü iradə
Bugünkü nümunəvi gənclər ölkənin
cəsarətli və sədaqətli vətəndaşları,
sabahın fəal qurucuları, Vətənimizi iqtisadi
inkişafa, xalqımızı firavanlığa və xoşbəxt
gələcəyə aparacaq böyük qüvvə hesab
olunur. Həmin gənclərin hər birinin cəmiyyətdə
kamil şəxsiyyət kimi formalaşmasında, onların Vətənə
fiziki və mənəvi cəhətdən sağlam və sədaqətli
vətəndaş, ailəyə ağıllı, etibarlı
və canıyanan övlad kimi yetişməsində xarakter,
iradə kimi keyfiyyətlərin mühüm rolu var. Bu keyfiyyətlərə
özünəinam, cəsarət və mərdliklə
yanaşı, şəxsiyyətin müstəqilliyi,
işgüzarlığı, təşəbbüskarlığı,
qətiyyəti, təmkini, özünüidarə
bacarığı, soyuqqanlılığı da aid etmək
olar. Ən vacib məsələlərdən biri gənclərimizin
vətənpərvərlik və qəhrəmanlıq ruhunda tərbiyə
edilmələri, bir vətən övladı kimi onların
fiziki və hərbi cəhətdən hər an Azərbaycanın
müdafiəsinə hazır olmalarıdır. Bu isə
yüksək savad, fiziki və əqli kamillik, iradə möhkəmliyi,
dözümlülük, geniş dünyagörüş, ən
qabaqcıl hərbi biliklər dərindən yiyələnməyi
tələb edir.
Bütün canlı aləmin əşrəfi
sayılan insanı insan kimi tanıdan onun ibtidai hiss və
duyğuları idarə etməyi bacarmasıdır. Lazım gəldikdə
insanın onlara hakim olması və ya lazım gəldiyi
hallarda onları rədd etməsi bu baxımdan çox
mühüm şərtdir. Başqa canlılardan insanın bir
fərqi də bundadır ki, xarakter nümayiş etdirmək,
iradəli davranmaq və ya zəiflik göstərmək onun
ixtiyarındadır. O, öz xarakterini tərbiyə edə,
irasəsini möhkəmləndirə bilər.
Mütəxəssislərin fikrincə, insanın istənilən
məqsədə çatmaq üçün, nəzərdə
tutduğu işin, hər hansı fəaliyyətin icrası
vaxtı qarşıya çıxan maneə və çətinliklərin
ağıl, təfəkkür və davranışla dəf
etməsi onun iradə göstərməsi hesab edilir. Ana
dilimizin möhtəşəm abidəsi olan "Kitabi-Dədə
Qorqud" dastanında Oğuz igidlərinin fiziki
saglamlığı ilə yanaşı, onlarda ağıl,
düşüncə tərzi, təfəkkür və iradə
möhkəmliyi əsas şərtlərdən
sayılırdı. Gənclərin təkcə fiziki və mənəvi
cəhətdən kamilliyi kifayət etmirdi, onların iradi
keyfiyyətləri də əsas göstərici kimi qəbul
edilirdi. Dastanda uşaqlara doğulanda deyil, müəyyən
vaxtdan sonra işinə, əməlinə, göstərdiyi
xidmətə, igidliyinə və qəhrəmanlığına
görə ad verilməsi, yaxud bunların əksinə
davrananların uyğun adlarla çağrılması kimi
maraqlı, lazımlı bir təcrübəyə rast gəlinir.
Oğuz igidlərinin müxtəlif döyüş səhnələri,
əsrlərdən bəri gənclərimizin fiziki və əqli
kamilliyi ilə bərabər, onların çətin
situasiyalarda yüksək psixoloji hazırlığının
və möhkəm iradi keyfiyyətlərinin olmasından xəbər
verir. 44 günlük Vətən müharibəsində
şanlı ordumuzun qəhrəman əsgər və zabitləri
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər
Silahlı Qüvvələrin AliBaş Komandanı cənab
İlham Əliyevin rəhbərliyi altında savaşa
atılaraq, 30 il düşmən işğalı altında
olan torpağlarımızı tamamilə azad etdilər. Bu zəfər
Azərbaycan xalqının, xüsusilə gənc əsgər
və zabitlərin cəsurluğundan, qəhrəmanlığından,
xüsusən onların güclü xarakterindən, iradəsinin
mətinliyindən xəbər verdi.
Müdriklər iradəni insanın sahib olduğu ən
böyük güc, zehni qoruyan zireh, dağları yerindən
oynadan ecazkar qüvvə, qalibiyyətin açarı, ən
dözülməz durumda da uğur qazanmaq imkanı
adlandırıblar. Qədim yunan filosofu və alimi Aristotel isə
iradə haqqında bu dəyərli fikirləri söyləyib:
"Kamillik yalnız biliyin dərinliyində, hisslərin zənginliyində
deyil, eyni zamanda iradə qüvvəsindədir"; "Səadəti
məqsədimizdə, arzu və istəklərimizdə deyil,
daha çox iradə və əzmimizdə axtarmaq
lazımdır"; "Öz iradənin ağası, öz
vicdanının qulu ol!"
Neçə yüzilliklər keçsə də, Azərbaycanın
böyük alimi və filosofu Nəsirəddin Tusinin iradə
haqqında bu qiymətli kəlamları bu gün də
çox böyük həyati əhəmiyyət kəsb edir:
"İnsanın xoşbəxtlik və bədbəxtlik
açarı, kamillik və naqislik sükanı onun
ağıl və iradəsinin ixtiyarına verilmişdir";
"Mənəvi zövq əmək, zəhmət, iradə və
fəaliyyət nəticəsində əldə edilir".
İradə tələb edən işlərin yerinə
yetirilməsi zamanı insanlar, xüsusən nisbətən təcrübəsiz
olduqları üçün gənclər daxili, yəni
subyektiv, həmçinin xarici, yəni obyektiv maneələrlə
qarşılaşırlar. Bu zaman səbir, dözüm,
ağıl və təfəkkür də iradənin köməyinə
gəlir. Dərin ağıla, sağlam düşüncə
tərzinə malik olan gənclər çətin və
mürəkkəb situasiyalardan, yaranmış əlverişsiz
vəziyyətdən uğurla çıxmaq yolunu özləri
tapa bilir, problemləri iradə və ağıl hesabına həll
etməyi bacarırlar.
Psixoloqlar belə hesab edirlər ki, mühit heç
vaxt adamın qulu ola bilməz. Ona görə də mühiti
ram edən, onu özünün fürsətlər mənbəyinə
çevirən insanı güclü şəxsiyyət
adlandırmaq olar. Kimin iradəsi möhkəmdirsə, onun həyatda
çətinliyi az olur. Bir sözlə, o, taleyini özü
yazır. Düz yolundan çıxıb azmır. İti
ağılın və aydın təfəkkürün
köməyi, polad kimi əyilməz möhkəm iradənin
gücü ilə məqsədinə çatmağa müvəffəq
olur. İradəsi zəif olan insanlar, o cümlədən, gənclər
isə heç nə bacarmadığına görə
bütün təqsiri-günahı başqalarının
üstünə atırlar. Lakin nəticədə
özünün zəif və gücsüz olduğunu, etiraf
etməsə belə, anlayır. Müdriklərdən biri iradədən
söhbət düşəndə insanı gildən
hazırlanan kərpicə bənzədib. Və bildirib ki,
insan həyatda çətinliklərdən keçərək
mətinləşdikcə, kərpic isə ocaqda bişdikcə
daxili və xarici təsirlərə qarşı daha möhkəm
və davamlı olur.
İnsanın həyat fəaliyyəti dövründə
onun iradi hərəkətləri ixtiyari və qeyri-ixtiyarı
formada baş verir. Həyata keçirilən ixtiyarı hərəkətlər
planlı və məqsədəuyğun qaydada
ağılın və düşüncənin köməyilə
icra olunur. İnsan öz məqsədinə çatmaqdan
ötrü müəyyən hazırlıqlar görür. Bu
kimi hərəkətlər insanın iradəsi ilə icra
edildiyi üçün onlar iradi xarakterə malikdir.
Çünki həmin hərəkətləri yerinə yetirən
zaman qarşıya çıxan bütün çətinliklər
ağılın və şüurun gücü ilə aradan
qaldırılır. Qeyri-ixtiyarı hərəkətlər
isə şüurlu halda deyil, düşünülməmiş
formada, yəni dərk olunmayan təhriklərin təsiri
altında cərəyan edir. İradənin gücü və
inkişafı özünü tərbiyədən qidalanır.
İnsan nə qədər tərbiyəli davranar,
qayda-qanunlara tabe olarsa, ağıl və təfəkkürün
köməyi ilə onun iradə gücü bir o qədər
üstün olar. İnsan nə qədər özünü
düzgün formalaşdırsa, saflaşdırsa, təkmilləşdirsə,
öz iradi keyfiyyətlərini daha da
yaxşılaşdırsa, onun səbri və
dözümü bir o qədər artar, nəticədə iradə
gücü daha da artmış olar. Bu barədə mütəxəssislər
gözəl və məntiqli bir fikir bildirmişlər ki, iradəni
gücləndirmək və inkişaf etdirmək yolunu elə
iradənin özündə axtarmaq lazımdır.
İradənin möhkəmliyi ağılla, psixoloji
durumla və təfəkkürlə sıx
bağlıdır. Məsələn, pis vərdişlərdən
yaxa qurtarmaq üçün tələb olunan hallarda
insanın mütləq iradə gücündən
yararlanması vacibdir. İradə gücünü
artırmaqdan ötrü təkcə istək və arzunun
olması kifayət deyil. Ona görə ki, istədiyimiz vaxtda
ağılımız bizi əsiri olduğumuz hansısa pis vərdişdən
qurtulmaq üçün qərar verməlidir. Biz də
özümüzdə güc tapıb iradənin köməyi
ilə həmin qərarı icra etməliyik.
Məsələ burasındadır ki, iradəsi zəif
olan adam yüz dəfə qərar qəbul etsə belə,
onun zərəli vərdişdən qurtulması, deyək ki,
siqareti və ya spirtli içkini atmağa, narkotik vasitədən
və ya psixotrop maddədən tamamilə imtina etməyə
iradəsi çatmır. O, açıq-aydın bilir ki, iradəsi
zəif olduğu üçün qəbul etdiyi bu cür qərarları
heç bir zaman yerinə yetirə bilməyəcək.
Öz imkan və bacarığından, eləcə də
xarici faydalı şəraitdən düzgün və yerindəcə
istifadə edən, bütün nəfs, tamah kimi
duyğularını cilovlamağı bacaran, təhrikedici və
ya onu düz yoldan azdırmağa çalışan meyl və
maraqlara, istək və arzulara boyun əyməyən,
qarşıya çıxan çətinliklərə, maneələrə
üstün gələn insanlar iradəli hesab olunurlar. Bu
cür sağlam iradənin, güclü xarakterin, vacib keyfiyyətlərin
insanda hələ gənclikdən formalaşması olduqca qiymətli
sərvətdir. Bilindiyi kimi, iradə əsasən üç
vəzifəni: davranışın tənzimlənməsini,
yeri gəldikdə onun ləngidilməsini və nəzarətedici
funksiyanın yerinə yetirilməsini təmin edir. Adam düz
yerdə də büdrəyib yıxıla bilər. Lakin buna
görə ruhdan düşməyib öz yoluna davam etməlidir.
Müasir dünyamız imtahanlarla və sınaqlarla doludur.
Tale istədiyi anda bizi sınağa çəkə bilər.
Dini anlayışa görə isə, şeytan cidd-cəhdlə
çalışır, dəridən-qabıqdan
çıxır ki, insanı hər an haqq yolundan
azdırsın. Lakin mətin iradəli adam şeytanın
sözünə inanmaz, yolunu azmaz. Dərin ağıl və
yaradıcı təfəkkürdən enerji alan möhkəm
iradi güc insanı tutduğu haqq yoldan çıxmağa
imkan verməz, onu daha böyük işlər görməyə,
qurub-yaratmağa, qəhrəmanlıqlar göstərməyə
sövq edər.
İradəni gücləndirmək üçün
müntəzəm idman hərəkətləri, piyada gəzinti,
meditasiya ilə məşğul olmaq, normal qidalanmaya, iş,
istirahət və yuxu rejiminə ciddi riayət lazımdır.
Dəqiq qərarlar qəbul olunması, əlçatan arzu və
niyyətin, eləcə də məqsədin nəzərdə
tutulması, uzunmüddətli hədəflərin müəyyən
edilməsi də bu baxımdan vacibdir. Özünütənqidə
yaşıl işıq yandırmaq, pis və ya zərərli
vərdişlərdən uzaq olmaq, özünə və cəmiyyətə
ziyanlı əməllər sahibi olmamaq insandan iradə,
xarakter tələb edir. Güclü iradə bütün
yaşda olan adamlara, əsasən də hələ həyatı
irəlidə olan gənclərə uğur qazandırır və
böyük faydalar gətirir. İradəli adam başa
düşür ki, nəzərdə tutduğu işi
axıra çatdırmalıdır və onun buna gücü
çatar. O, qarşıya çıxan bütün maddi və
mənəvi çətinliklərə dözür, narahat
olmur, qorxmur. Ancaq iradəsiz adam isə bir balaca çətinlik
görən kimi əli işdən soyuyur və işi
yarımçıq qoyub qaçır. Bəzi əxlaq nəzəriyyəçiləri
iradə qüvvəsini ağıl və zəka ilə
müqayisə edirlər. Belə ki, insanda iradə zəifləyərsə,
heç vaxt kamillik dərəcəsinə çata bilməz.
Çünki iradə ağıla və zəkaya qida verən,
onu daha da məhsuldar edən bir enerji, təkan mənbəyidir.
Başqa tərəfdən isə iradə həm də
ağılın və zəkanın göstərişlərinin
yerinə yetirilməsinə imkan verən amildir. İradə gənclərdə
iradi özünütərbiyə, iradi özünəinam,
iradi özünənəzarət, səbir, təmkin və
dözümlülüklə vəhdət təşkil etdikdə
daha güclü olur. Güclü iradəyə sahib olmaq istəyənlər
qarşıya qoyulan məqsədin düzgün təyin edilməsini,
güc və istedadın tanınmasını, proqramların tərtib
edilməsini, özünütəlqin seanslarının
keçirilməsini, şəxsi iradəsinin tədricən
gücləndirilməsini təmin edən prosedurlardan
vaxtında və düzgün faydalanmalıdırlar.
Zakir BAYRAMLI
Şair-publisist,
Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin
üzvü
525-ci qəzet.- 2024.- 6 mart, №43.- S.15.