Aktrisanın şirin-acı həyat
hekayəti
(Əvvəli ötən çərşənbə
sayımızda)
Bir gün isə
görüşümüzə gələndə, o, daha
şad görünürdü. Bunun səbəbini öyrənmək
istədikdə, dedi ki, sənə yaxınlaşmaqda,
çatmaqda bu günün ayrıca müsbət rolu
vardır. Neçə vaxt idi ki, atamla anam mənim aktrisa ilə
evlənməyimə etiraz edirdilər və mən bunu səndən
gizlədirdim ki, onu əsas tutub, məndən uzaqlaşmayasan.
Anamla dünən qəti söhbətim oldu. Nikahıma icazə
verməsələr, hökmən evlənəcəyimi və
onları tərk edəcəyimi bildirdim. Mənim
rahatlığım da ziyan çəkməyəcəkdi,
atam mənə şəhərin mərkəzində yeni
binalardan sənin gördüyün dördotaqlı mənzil
alıb. Biz toydan sonra bal ayımızı (ingilislər buna
hony moon - bal ayını göydəki, səmadakı Ay kimi
düşünürlər, bizim kimi təqvim ayını nəzərdə
tutmurlar, çünki bu, əlavə iri xərcə səbəb
ola bilərdi), xaricdə keçirəcəyik.
Bu gün atam səhər tezdən mənimlə
qaşqabaqlı yox, gülümsəyərək söhbət
etdi və bildirdi ki, anam da, o da aktrisa ilə nikaha, mənim ona
bəslədiyim qızğın məhəbbəti nəzərə
alaraq etiraz etmirlər. Sonra əlavə etdi ki, biz də
İzolda ilə tanış olmaq istərdik və səni
evimizə dəvət etdilər. Mən də sevindim ki, ilk
eşqim daşa dəysə də, Rafiq bizim evlənməyimiz
üçün hər cür cəsarət nümayiş
etdirmiş, valideynlərinin müqavimətini qıra
bilmişdir.
Bazar günü Rafiqlə onlara getdik və valideynləri
məni yaxşı qarşıladılar. Anası dedi ki,
Rafiqin atası da, mən də səni bir neçə dəfə
səhnədə görmüş və etiraf edim ki,
sevmişdik. Lakin biz də bəzi köhnə stereotipləri
nəzərə alıb, tərəddüd edirdik. Lakin məhəbbətin
iti qılınc olduğunu nəzərə alıb, biz taxta
qalxanımızdan imtina etdik və oğlumuzun seçimi ilə
razılaşdıq. İndi tam məsuliyyətlə deyə
bilərəm ki, oğlum yanılmamışdır, sadəcə
olaraq biz səhv edirdik və yaxşı ki səhvimizi düzəldə
bildik. Ərim də, mən də sizin ittifaqınıza
şadıq və toy gününü
yaxınlaşdırmalıyıq.
Mənim iri gözlərimdə yaş damlaları əmələ
gəldi, mən şəhərin ən nüfuzlu ailələrindən
birinin gəlini olacaqdım, çox bol və ləzzətli
xörəklərdən ibarət süfrə açılsa
da, mən yeyə bilmirdim, yəqin ki, bu, sevincdən və həyəcandan
irəli gəlirdi. Biz ayrılanda ata mənim alnımdan
öpdü, ana isə qucaqlayıb, məni çox saydakı
öpüşlərinə qərq etdi. Deyəsən, onlar da
kubalılar kimi öpüşün dörd dəfədən
az olmasını qəbahət hesab edirdilər.
Sonra Rafiq mənə atası və anası barədə
danışdı, onlar paytaxtın nuvorişlərindən,
yeni kübarlarından idilər, əyalətdə nisbətən
yoxsul yaşamış, Bakıda var-dövlətə yiyələnmişdilər.
Mənim kasıb aktrisa olmağım onlara məlum idi, lakin
yeganə oğullarının istəyinə etiraz etməyə
cəsarət etmədiklərindən, toya hazırlıq
gördüklərini elan etdilər.
Aktrisanın dəbədbəli toyu
Toy şəhərin kənarındakı çox
elitar bir restoranda keçirilməli idi, orada kasıb
adamların kreslo zəbt etməyə, maddi imkanlarının
məhdudluğuna görə haqları yox idi. Bu, məni elə
də qorxutmurdu. Toyumda yalnız anam və qardaşım
iştirak edəcəkdi, mənim şöhrətimə
görə son vaxtlar üzə çıxmış
qohumlarımdan isə xoşum gəlmədiyindən,
onları dəvət etməyəcəkdim. Truppamızın
bəzi üzvlərini, həm də mənə uzun müddət
platonik məhəbbət bəsləyən, özünün
Beatriçası, Laurası hesab etməklə,
özünü həqiqətən müasir Dante və
Petrarka kimi aparan, həm də təhlükələrdən məni
xilas edən, hazırda isə pensiyaçı olan
keçmiş aptek sahibini də toya dəvət edəcəkdim.
Mən xoşbəxt idim, Rafiqlə qızğın
sevgimiz bütün hədləri keçməyi
bacarmışdı, bu məsələdə
nişanlımın hissləri və möhkəm iradəsi
daha mühüm rol oynamışdı. Nəhayət,
çox dəbdəbəli toy mərasimi keçdi, şəhərin
varlı təbəqəsinin nümayəndələri
"Buta" restoranının zalını doldurmuşdular. Mənim
yaxınlarım, bir də truppanın on nəfərdən az
sayda aktyoru və aktrisası iştirak edirdi, onlar bu kübar məskəni
olan şadlıq sarayına ilk dəfə qədəm
qoymuşdular və varlı kişilərin, daş-qaşlarla
bəzənmiş və hamısı brend paltar geyinmiş
onların arvadları içərisində bizimkilər
qanadları sınmış quş kimi
görünürdülər. Yəqin ki, səhnə rəfiqələrim
mənə qısqanclıq, hətta paxıllıq etməmiş
qalmırdılar. Onlar toydan hələ əvvəl mənə
bildirmişdillər ki, uşaqlıqda sən cücələrə
baxırdın, onlarla gününü keçirirdin, indi isə
sənin bəxtinə qızıl yumurta verən toyuq
düşmüşdür. Aktrisaların arasında belə
xoşbəxtliyə nail olmaq heç yuxuya da gəlməzdi,
sənin röyalarına, xəyallarına belə, hətta
reallıq öz istehzası ilə öyünə bilər.
Onlar Rafiqi də bir şəxsiyyət kimi
tanıyırdılar və belə bütöv bəxtəvərliyə
görə mənə həsəd apardıqlarını gizlətmirdilər.
Mən nisbətən gec ailə qurmuşdum, ərim
Rafiq də məndən yaşca kiçik idi.
Nikahımızın bir ili çatanda mən hələ hamilə
deyidim. Övladsız qalacağım məni çox qrxudurdu,
Azərbaycanda uşaqsız ailələr tez
dağılırlar, övladsız ailələrin bir nikahda
qocalması nadir hal sayılırdı, ər və arvad
üçün bədbəxtlik hesab olunurdu.
Rafiq mənim çox dərd çəkməyimi
görüb, yeganə çıxış yolu kimi surroqat ana
tutmağı təklif etdi. Mən buna heç cür
razılaşmadım, uşaq mənim üçün
doğma olmayacaqdı. Toyumuzdan bir il keçəndən sonra
bətnimdə dəyişikliklər baş verdiyini hiss etdim,
ürəyim tez-tez bulanırdı və sevincimi ilk olaraq ərimlə
bölüşdüm. Onun qızğın məhəbbəti
mənim öz dərdimə dözməyimə çox
kömək etmişdi. Rafiq olmasydı, depressiya məni məhv
edərdi. O, daim mənə ürək-dirək verirdi. Elə
bil ki, o, mənim qoruyucu mələyim idi, bəzən göz
yaşlarımı görəndə deyirdi ki, mən sevib sənə
evlənmişəm, biz bir-birimizə inkubator yaratmağa
söz verməmişdik. Mənə təskinlik vermək
üçün deyirdi ki, Fransız kralı II Henrinin
kraliça arvadı məşhur Katerina Mediçi 9 il
uşaq doğmaq həsrətində qalmışdı. Biz isə
bir ilə də dözə bilmirik. Bu sözlər məni
gülməyə vadar edirdi. Bir dəfə isə bildirdi ki, səndən
fərqli olararaq mən ümidimi elə varlığa
bağlamışdım ki, onun irsən əvəz edəni də
yoxdur, O, bizim mərhəmətli Allahımızdır. Məgər
O, razı olardımı ki, bizim xoşbəxtliyimizə xələl
gəlsin, axı sən də, mən də onun sədaqətli
bəndələriyik. Mən belə təskinlik ifadələrindən
sonra ona ərə getməyimə, belə bir kişi ilə
ailə qurmağıma görə özümü daha
xoşbəxt hesab edirdim. Oğlumuz dünyaya gələndə
mən ən xoşbəxt qadın olduğumu bir daha başa
düşdüm. Rafiq isə göylərdə gəzirdi.
Mənim övladsız qalacağım barədəki
qorxunun başqa bir səbəbi də var idi. Oxumuşdum ki,
Bollivud aktrisaları beş illərlə hamilə
qalacaqlarını gözləyirlər, bunu onların
ağır, çətin iş şəraiti ilə izah edirlər.
Məşhur hind kinoaktrisası Ayşvariya Ray çox
varlı toyundan sonra beş il uşağı olmasını
gözləmişdi. Körpə qüsurlarla doğulmuş,
yeniyetmə yaşında ayaqları dolaşa-dolaşa
yeriyirmiş. Aktrisa sənətini atıb, oğlunun müalicəsi
ilə məşğul olmuşdu. Müqayisə etdikdə, mən
anlayırdım ki, bizim iş şəraitimiz
onlarınkından heç də yüngül deyildir, bəlkə
də ağırdır, axı biz həftədə altı
gün, bəzən 10-12 saat işəyirik. Qoy hind
aktrisaları çətinliklərə dözməkdə azərbaycanlılardan,
sağlam uşaq doğmaqda isə şəxsən
İzoladadan öyrənsinlər.
Mən övladlarımın atası kimi də Rafiqə
ən dərin minnətdarlıq hissləri bəsləyirəm.
O olmasaydı, bəlkə də ailəmiz tezliklə
dağılardı, bir il ərzində hamiləliyi ümidsiz
olaraq gözləmək mənə olduqca ağır gəlirdi,
boşanmaq, ailəni dağıtmaq istəyirdim. Mən
İngiltərə kraliçası Mariya Tüdor (Qanlı
Mariya) deyildim ki, hamiləliyim barədə saxta şayiə
yayım. O, qarnındakı şişi hamiləlik nişanəsi
kimi qəbul etmiş, uzun müddət mamaçalar ondan
uzaqlaşmamış, axırda özü hamilə
olmadığını elan etdikdən sonra, arzuların bəsləndiyi,
lakin uzun sürən ümidsiz gözləmələrə
son qoyulmuşdu. Özümə gəldikdə, yaşım
da amansız olaraq gəlib keçirdi.
Ağılsızlıqdan, səhv qərar verməkdən məni
Rafiq saxladı, boşanmaq barədə
düşünürdüm ki, Rafiq övladsız qalmasın.
Bu səfeh təklifimə görə o, çox hirslənmişdi,
ömrümdə bircə dəfə məni "dəli"
adlandırmışdı. Mənim elə böyük bir həyat
təcrübəm də yoxdur, arvadı olsam da, təkcə mənə
deyil, başqa insanlar üçün də təmənnasız
olaraq hər cür qayğı göstərməyə gedən
bir adam kimi mübaliğəsiz olaraq onu əsl altruist
adlandırardım. Məhz depressiya mənə güc gələndə,
hər cür ağılsız hərəkətlərə
yol verməyə hazır olanda, o, məni xilas etdi, axı
özü də qızğın mənəbbətimizdən
xoşbəxtlik umduğu halda, müvəqqəti bədbəxtliklə
üzləşməli olmuşdu. O, mənimlə evlənmək
qərarına gələndə böyük maneələri dəf
etməli olmuş, "Qordi düyününü" kəsməyi bacarmışdı.
Qna görə mən Rafiqi dəlicəsinə sevirdim.
Xeyli vaxt ötüb keçsə də, olduqca
haylı-küylü, dəbdəbəli toy barədə
şəhərdə söhbətlər kəsilmək
bilmirdi, kiçik bədənim və sifət cizgilərim məni
yaşımdan xeyli cavan göstərdiyindən, ərimdən
yaşca böyük olmağım da nəzərə
çarpmırdı. İştirakçıların
çoxu məni səhnədən və ekrandan
tanıyır, əsasən, mənə xoş münasibət
bəslədiklərini gizlətmirdilər. Bəyin atası və
anası da mənə dəfələrlə yaxınlaşıb,
gözəlliyimə hamının heyran olduğunu deyir və
bizimlə şəkil çəkdirirdilər. Gəlin kimi rəqsimlə
hamını valeh etmişdim. Çoxunun rəyinə görə,
mən heç də sadəcə dram aktrisası deyil, əsl
balerina idim. Rəqs öyrənməyə sərf etdiyim illər
tamaşalarda olduğu kimi, toy şənliyində də mənim
köməyimə çatmışdı.
Biz Rafiqin mənzilində eşq hərarəti ilə
bir-birimizi yenidən təbrik etdik. Ərim mənə dedi ki,
sənin təzə gəlin kimi bu otağa gəlişin məni
çox sevidirir və sənə "xoş gəlmisən"
mənasını verən fransız sözü olan
"Byenvenyu" deyə müraciət etmək istəyirəm.
Viktor Hüqonun "Səfillər" romanında Jan Valjana
öz alicənablığı hesabına insan kimi yaşamaq
dərsi verən yepiskop Şarl Mirieli qeyri-adi insanpərvərliyinə
görə şəhər sakinləri belə ləqəblə
mükafatlandırmışdılar. Sən də ləyaqətlərinə
görə bu adı daşımağa layiqsən və mən
səni çox sevdiyimə görə belə adlandırmaq
istəyirəm. Qoy bunu sənin rəfiqələrin də
bilsin. Bizim nikahımız bizi gələcək səhvlərdən
və şərlərdən də xilas etdi, axı biz mələklər
deyilik. Bizim hər ikimizin könlü bundan sonra Allahla
yanaşı, ər-arvad kimi yalnız özümüzə məxsus
olacaqdır. Sənin kimi gözəl və istedadlı bir
qıza evlənməyimə mən çox şadam. Atamgil əvvəlcə
bizim nikahımıza narazı olsalar da, sonradan fikirlərini dəyişdirdilər,
toy büsatındakı sənin rəqsin isə
başqaları kimi, onları da valeh etmişdi. Ona görə
də bal ayımızı keçirmək üçün
bizə Bali adasına getməyə bilet almışlar və
səfər üçün baha olan xərcləri ödəmək
üçün böyük məbləğ
ayırmışlar.
Bir həftə ərzində Balidə olduqdan sonra, biz
Cakartaya, oradan isə Sinqapura uçduq. Mən buna qədər
kasıb aktrisa kimi bir sıra Avropa ölkələrində,
Türkiyədə olmuşdum. Asiyadakı yeni yerlər isə
ekzotikasına, təbii gözəlliyinə görə tam fərqli
idi və mən özümü olduqca xoşbəxt hiss
edirdim. Rafiq də mənə əsl qayğıkeş ər
olduğunu addımbaşı göstərməklə, gələcək
barədə nikbin hisslər yaradırdı. O,
qayğıkeşliyi də müəyyən
ölçülərdə
göstərilməsini məqbul sayırdı, ifrat
qayğı göstərməyi xanımının daxili həyatına
yolverilməz müdaxilə kimi qiymətləndirirdi. Onun hər
bir addımındakı, jestindəki kübarlıq
xüsusiyyətini mən "xeyirxahlığın gözəlliyi"
adlandırmaq istərdim.
(Ardı var)
Telman ORUCOV
525-ci qəzet.- 2024.- 6 mart, №43.- S.14.