"Belə də haqsızlıq
olar?"
"Bir rəsmin dedikləri" rubrikasının budəfəki
qonağı sənətşünas, ADPU-nun nəzdində Azərbaycan
Dövlət Pedaqoji Kollecinin müəllimi Emil Ağayevdir.
Emil bəylə Əməkdar rəssam Asif Azərellinin
"Belə də haqsızlıq olar?" əsərindən
danışmışıq.
Asif Hüseyn oğlu Azərelli (Rzayev) 1946-cı ildə Bərdə
rayonunda anadan olub. Əvvəl Əzim Əzimzadə adına
Dövlət Rəssamlıq məktəbində təhsil alan
gənc rəssam 1971-ci ildə tanınmış qrafika
ustası Əliağa Məmmədovun sinfini bitirib. 1974-cü
ildə Tbilisi Rəssamlıq Akademiyasına daxil olan Asif Azərelli
burada Gürcüstanın tanınmış sənətkarlarından
- Korneli Sanadze və Uça Çaparidzedən sənətin
incəliklərini öyrənib. 2015-ci ildə "Əməkdar
rəssam" fəxri adına layiq görülüb. Uzun illər
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında dosent
vəzifəsində çalışaraq gənc nəslə
rəssamlıq sənətinin incəliklərini öyrədib.
Əsərləri Azərbaycan və xarici ölkələrin
muzeylərində, qalereyalarda və şəxsi kolleksiyalarda
saxlanılır. Asif Azərelli uzun sürən xəstəlikdən
sonra 4 sentyabr 2022-ci ildə vəfat edib.
- Emil bəy, müasir
Azərbaycan rəssamlığında Qarabağ mövzusu.
Əsərin şərhinə keçmədən öncə
bir qədər bu haqda danışaq.
- Müstəqillik
dövrü Azərbaycan təsviri sənətindən
danışarkən Qarabağ mövzusunun xüsusi yer
tutduğunu vurğulamalıyıq. Təsviri sənət
ustalarımız 30 il işğal altında qalan
torpaqlarımızda baş verən faciələrlə bərabər,
o yerlərin mənzərəsini və tarixi abidələrin
təsvirini də sənət əsərlərində əks
etdiriblər. Rəngkarlıqda Qarabağ faciəsinin əksi
daha əhatəli idi. Xalqın yaşadığı problemlərə
bədii görkəm verən sənətkarların tarixi
diyarımıza həsr olunmuş tabloları bu gün də
öz aktuallığını saxlamaqdadır. Bu mənada Fərhad
Xəlilovun "Qarabağ" (1992), Nəcməddin
Hüseynovun "Müharibəli Novruz" (1993), Kamal Əhmədin
"Şərqin faciəsi" (1993), Natiq Fərəcullazadənin
"Şəhid önündə" (1996), Rafael Muradovun
"Qaçqınlar" (1998) və başqa əsərləri
qeyd etmək olar. Sözügedən əsərlərdə rənglərə
hopmuş tarixi həqiqətlər olduqca inandırıcı
görünür. Müasir Azərbaycan təsviri sənətində
Qarabağ mövzusundan söhbət gedirsə, mütləq
Əməkdar rəssam Asif Azərellinin də adını
qeyd etməliyik. Sənətkarın bir-birindən maraqlı
tabloları onun adını birincilər sırasında
çəkməyə əsas verir. Torpağını sevən
rəssam yaradıcılığında milli vətənpərvərlik
motivləri ilə bunu dəfələrlə sübut edin.
Onun "Azərelli" təxəllüsü də buna bariz
nümunədir. Asif Azərelli Qarabağ mövzusunda bir-birindən
maraqlı əsərlər təsvir edib.
- "Belə də haqsızlıq olar?" əsəri
neçənci ilə aiddir?
- Rəssam 2012-ci ildə əsər üzərində
işləyir və tarixi ədalətsizliyə məruz
qalmış xalqın faciəsini bir daha
tamaşaçıların diqqətinə
çatdırır. Rəsm Heydər Əliyev Fondunun
vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü
ilə 2008-ci il mayın 8-dən başlayan "Xocalıya ədalət"
beynəlxalq layihəsi çərçivəsində
dövlət qurumları, gənclər təşkilatları
və ali təhsil müəssisələrində Xocalı
soyqırımına həsr olunan bir çox təqdimatların
müəllifi olub
- Əsərin kompozisiyası necədir?
- Rənglərin kəskinliyi kompozisiyanın adına
uyğunlaşdırılıb. Əsərdə düşmən
əsgərinin ayaqlarının iri formada təsviri
tamaşaçıda nifrət hissi oyadır.
Bütövlükdə bu əsər vətənin
harayıdır. Rəssamın həmçinin siyasi
ironiyaları ilə seçilən "İgid "erməni"
əsgəri" kompozisiyasında düşmən bostanda
müqəvva obrazında təqdim olunub. Belə silsilə əsərlər
rəssamın yaradıcılığında davamlı
formada işlənilib. Ümumiyyətlə, rəssamın
yaradıcılığında Qarabağ mövzusu leytmotiv təşkil
edir. Rəssamın "Qarabağlı qoca" əsəri
onu ilk tanıdan rəsm kimi yaradıcılığında
mühüm yer tutur. 1982-ci ildə "Qarabağlı
qoca" əsəri Bakıda sərgidə nümayiş
olunarkən, özü haqqında müsbət fikirlər
yaradır. Hətta sərgidə iştirak edən Xalq rəssamı
Mikayıl Abdullayev əsəri yüksək qiymətləndirərək,
Asif Azərellini indiki Mədəniyyət və İncəsənət
Universitetinə müəllim kimi işləməyə dəvət
etmişdi. Daha sonra bu əsər 1984-1985-ci illərdə
SSRİ-də keçirilən Ümumittifaq sərgisində
iştirak edir. Əsəri görən ermənilər sərgidə
səs-küy yaratsalar da, münsiflər heyəti bu
kompozisiyanın yüksək dəyərinə görə sərgidə
nümayiş etdirilməsinə icazə verir. Rəssamın
Qarabağ mövzusunda işlədiyi "Laçın
qayası" (2015), "Şuşa qalası" (2016),
"Şuşa qalası tele qüllə ilə" (2015),
"Əsgəran qalası" (2015) kimi əsərlərinin
də adını çəkə bilərik.
- Tablo hazırda harada nümayiş olunur?
- Əsər çox təəssüf olsun ki, muzeylərimizin
heç birində nümayiş etdirilmir. Çox
yaxşı olardı ki, belə tarixi tablo mədəniyyət
paytaxtımız Şuşada nümayiş etdirilsin və
bura gələn xarici qonaqlar əsəri canlı görüb
başımıza gətirilən faciələri öz
gözləriylə görsünlər...
- Sizcə, bu rəsm bizə nə deyir?
- Asif Azərellinin "Belə də haqsızlıq
olar?" əsəri sözün əsl mənasında bir
xalqa qarşı edilən mədəni və insanlıq
terrorundan bəhs edir. Kompozisiyanın süjetində
Qarabağda baş verən hadisələr, xalqımıza
qarşı edilən etnik-mədəni təmizləmənin
nəticələri əks olunub. Alovlar içində yanan
Qarabağ və mədəni irs rəssamın
fırçası vasitəsilə ürək
ağrısı ilə təqdim edilir.
Aytac SAHƏD
525-ci qəzet.- 2024.- 6
mart, №43- S.12.