SON YUXUDAN SONRAKI OYAQLIQ  

 

Nə qədər ki həyatda idi, insanları bir-birinə daha yaxın, içəridən daha saf, ruhca daha zəngin etməkçün çalışdı. Haqq dünyasına qovuşdu, diriykən özünün gördüyü işi mənəvi balaları - yadigar qoyub getdiyi əsərlər yerinə yetirməyə başladı. Ancaq bütün bu nəcibliklər Nizami Gəncəvinin mahiyyətində olduğundan Allahın Şeyxə həvalə etdiyi ürəklər arasında körpüyə dönmək, daim insanları əl-ələ, qəlb-qəlbə olmağa səmtləndirmək vəzifəsini yalnız onun duyğu və düşüncəsindən doğmuş, qələmindən çıxmış əsərləri deyil, Şeyxin adı ilə bağlı hər nəsnə, hətta məzarı belə davam etdirdi.

"Yelizavetpolskiye qubernskiye vedomosti" qəzetinin 1909-cu il mayın 28-də çıxmış sayındakı bu xəbəri onillər öncə, özü də Rəfibəylilərdən olan, ömrü uzunu nəslinin şərəfli tarixi haqqında sənədləri toplamış rəhmətlik Abbasəli Kərimlinin (1900-1981) bir albomunda tapdım. Yapışqanın illər sonra qəzeti saraldacağı, yazını oxunmaz edəcəyindən ehtiyatlanaraq həmin kəsiyi alboma xəmirlə bənd etmişdi. "Əsgər ağa Adıgözəlovun (1857-1910 - R.H.) və Ələkbər bəy Rəfibəyovun (18391919 - R.H.) başçılığı ilə görkəmli müsəlman şairi Şeyx Nizaminin dağılmış abidəsini bərpa etmək məqsədilə yeni ədəbi cəmiyyət yaradılıb".

Bu yazı o qəzetdə 1909-cu ilin mayında dərc ediləndə artıq xeyli iş görülmüşdü və təşəbbüsə cani-dildən qatılanların sayı da günbəgün artırdı. Nizami məqbərəsini el gücünə şairə yaraşan hala gətirmək yolunda işə başlamış gəncəli vətənpərvərlər fəaliyyətdəydilər.

Bu da tarixdir. Adlar, qarşısında quruca rəqəmlər. Amma nə bu adlar sıradan olan adlardır, nə də onların qarşısındakı zahirən adi görünən rəqəmlər. Bu, tarixdir, bunlar millətin mənəviyyat dərsliyinin səhifələrindəki elə ibrətlərdir ki, biz ən müasir silahlardan öncə bunları həyatımızın ülgüsünə çevirməklə basılmaz, yenilməz ola bilərik.

1909-cu il idi, Mirzə Məhəmməd Axundzadənin (1875-1923) "Tərəqqi" qəzetində Nizami Gəncəviyə həsr edilən silsilə məqalələri dərc olunurdu və sonra kitaba çevriləcək həmin yazıların axırında hər dəfə şairin məqbərəsinin bərpasından ötrü nə qədər vəsait toplandığı, kimin neçə manat verdiyi qeyd edilirdi.

O vaxtdan indiyə adam qalmaz ki - hamısı gedib. Bu qəzet də arxivin bir küncündə sarala-sarala qalıb. Təsadüfən kiminsə gözü bu yazıya sataşsa da, sadə ad-soyaddan, qarşısındakı dilsiz rəqəmlərdən nə ləzzət alasıdır ki?! Şeir deyil oxuyasan, nəğmə misraları deyil zümzümə edəsən. Ancaq bu adlar da, bu rəqəmlər də mənə ən gözəl şeirin ən parlaq misralarından da əziz gəlir. Bu, həmin şeirin bir misrası: "Cənab Hacı Zeynalabdin Tağıyevdən (1838-1924 - R.H.) 100 manat", bu, ikinci misrası: "Bəylər bəy Mirzəyevdən 25 manat", bu, üçüncü misrası: "Abbas bəy Qayıbovdan (1849-1919 - R.H.) 10 manat", bu, dördüncü misrası: "Cahangir bəy Nuribəyov (1861-1934 - R.H.) - 10 manat", bu, beşinci misrası: "Hüseyn ağa Cavanşir (1854-1924 - R.H.) - 10 manat", bu, altıncı misrası: "Gəncə qubernatoru Kovalyov".

Bu siyahıdakı ilk ad hər kəsə bəllidir, Abbas bəy Qayıbov deyilənsə söz tariximizdə iti qələm sahibi bir şair kimi qalan Abbas ağa Nazirdir, amma daha cəlbedici və düşündürücü, bir az da gözlənilməz olan bu azərbaycanlılar cərgəsində Gəncənin general-qubernatoru Kovalyovun adının yer almasıdır. 1980-ci illərin sonları, 1990-cı illərin başlanğıcında Gəncənin XIX yüzilin axırları, XX əsrin əvvəllərindəki hadisələri və ayrı-ayrı şəxsiyyətləri ilə bağlı həm qocamanları çox dindirmişdim, həm də xeyli köhnə yazıları qaldırmışdım və həm o xatirələrdə, həm o sənədlərdə Yelizavetpol valisi Q.Kovalyov da tez-tez anılırdı. Kovalyov məmur idi, vəzifəsi burada imperiyanın işini görmək, siyasətini həyata keçirmək idi və sabah başqa bir yerə göndərəcəkdilərsə, gedib ezam olunduğu həmin bölgədə də oxşar işi yerinə yetirəcəkdi. Ancaq Kovalyov Gəncədə çalışdığı müddətdə insanların hörmətini də qazana bilibmiş, Gəncəyə onun etdiyi yaxşılıqlar tarixin yadından çıxmayıb. Elə xeyirxahlıqlarından biri də bu. 6-ca manat pul verib. Zahirən böyük məbləğ deyil. Ancaq söhbət məbləğin böyüklüyündə-kiçikliyində də deyil, münasibətdədir. Bir başqası görəndə ki, Yelizavetpol - Gəncə valisi Kovalyov da bu işə qatışıb, onlar da həvəsə gələcəkdilər, onlar da sinələrini qabağa verəcəkdilər.

Növbəti misra: "İsmayıl bəy Xınzırıstanski - 5 manat, digər misra: "Paşa bəy Hacıyev - 5 manat, ayrı bir misra: "Kərim bəy Mehmandarov (1854-1929 - R.H.) - 4 manat".

Mirzə Məhəmməd Axundzadə "misraların" altından xətt çəkib bu dəfə yekunlaşdırır: "Cümlətanı 185 manat".

Biletlərini Ələkbər bəy Rəfibəyli, Ələsgər bəy Xasməmmədov və Aslan bəy Səfikürdskinin satdığı tamaşadan toplanan vəsaitin də miqdarı 156 manat, üst-üstə 341 manat, yəni hamısı bir yerdə. Sevindirən o idi ki, iş gedirdi, artıq əldə-ovucda müəyyən məbləğ vardı, ancaq işin könül istəyən, Nizamiyə yaraşan biçimdə görülməsi üçün, təbii ki, daha artıq məbləğə ehtiyac vardı, ona görə də dayanmaq yeri deyildi və fədakar təşəbbüskarlar səylərini inadla davam etdirirdilər.

Tarix heç nəyi unutmur. Yaxşını üstünə qonmuş vaxt tozunu üfürərək bugününkü edək, amma həmin dövrün içərisindəki qəlb incidən məqamları da görməzliyə vurmayaq. Bu yaxşı biziksə, indi aşkarlanması sən deyən xoş görünməyən təfərrüatlardakı çöhrələr də qıraqdangəlmə deyil, onlar da bizik. Mirzə Məhəmməd Axundzadənin "Tərəqqi"dəki yazılarında ağrılı bir soraq da var. Nümayiş etdiriləcək tamaşa üçün biletlərin qiymətləri müxtəlifmiş - qabaq sıradakı yerlər nisbətən baha, arxa cərgədəki yerlər bir qədər ucuz. Lakin qiyməti lap aşağı olan biletlər də satılırmış ki, bunlar da tamaşaya əyləşməyərək, ayaq üstə baxacaqlar üçün nəzərdə tutulubmuş. Mirzə Məhəmməd Axundzadə kədər qarışıq kinayə ilə yazırdı ki, bizim Gəncənin qabaqda gedən, imkanları da çox olan bir neçə varlı adamı ayaq üstə dayanmaq üçün olan ucuz biletlərdən aldılar.

Həmin biletləri alanlar bilirdilər ki, toplanan pul kiminsə, ya kimlərinsə cibinə getməyəcək, bu vəsait Nizami üçün yığılır və o şəxslərin bundan beş qat bahalı bilet almağa da maddi imkanları vardı, fəqət qıymamışdılar, biletlərin qiymətcə ən aşağı olanını almışdılar. Gərək o "qənaətkarlar"ın nəvə-nəticələri Mirzə Məhəmməd Axundzadəyə rəhmət oxuyalar ki, bu kişi o vaxt təmkinini pozmayaraq ilk növbədə özlərini ucuz tutaraq ən aşağı qiymətli biletləri almışların adlarını dərc etdirdiyi siyahıya salmayıb. Yoxsa indi onların da xəcalətini onlardan sonra gələnlər çəkməli olacaqdılar. Ona görə də hər kəs həyatda nə addım atırsa, gərək özündən sonra yaşayacaq övladlarını, davam edən nəslini də unutmasın. Düşünsün ki, onun haçansa buraxdığı bir səhvin, qəbahətli əməlin töhməti hətta yüzillər sonra yaşayacaq övladlarına da gözükölgəlilik gətirə bilər.

...İnsan vəfat edir, onu torpağa tapşırırlar və əbədilik olaraq qalır yerin altında. Ancaq Nizaminin bəxtində yalnız qəbrinin üstündə işlər görülməsi deyil, təzədən özünün də torpaq altından üzə çıxması varmış. 1922-ci ildə məqsədi Nizami Gəncəvinin türbəsinin ətrafında qazıntı işləri aparmaq olan komissiya yaradılır. 1923-cü ildə Tiflisdə çıxan "Yeni fikir" qəzetinin 206-cı sayında (25 fevral) artıq həmin dəstənin gördüyü iş haqqında məlumat verilirdi. Qəzet bildirirdi ki, Gəncə ziyalılarından Mirzə Məhəmməd Axundzadə, müəllim Mirkazım Süleymanzadə, tarixçi Cavad bəy Rəfibəyov (1890-1956) qazıntı işlərini izləyirdilər. Qazıntı yalnız bilavasitə Nizaminin öz qəbrində deyil, yaxındakı başqa məzarlarda da aparılırdı və o əsnada bir qadının gömüldüyü məzar da aşkarlanmışdı - Nizami qəbrinin lap yaxınında. Bununla bağlı müxtəlif mülahizələr olub - biri deyib ki, bu, Nizaminin Afaqının qalıqlarıdır, başqaları silsilə rəvayətlərə də istinad edərək təsdiqləyib ki, yox, məzar Məhsəti Gəncəvininkidir.

 Uzaq tarix həm də əl çatacaq qədər, bəzənsə lap əllə toxunacaq qədər yaxın ola bilir. XII əsrdən bir əlçim tirmə parça da günümüzüə yetib. Elə o vaxt, Nizami məzarında qazıntılar aparılarkən tapılıbmış. Həmin tirmə parça oradan, Gəncədən - Nizaminin son mənzilindən bura, Bakıya - Nizaminin Əbədi Evinə, adını daşıyan muzeyə gətirilib. Tələf olmasın deyə o parçanı iki lay şüşənin arasında yerləşdiriblər. Bilavasitə əllə toxunmaq mümkün deyilsə də, şüşənin üstündən olsa belə bu parçaya sığal çəkmək olur - Nizami vücudunun son büründüyü tirmə parça.

Unudulmaz xalçaçımız Kamil Əliyev (1922-2005) də savab bir iş gördü, həmin parça qalığını diriltdi, Nizami tirməsinin qalıqlarının əsasında bütün naxışları, rəngi, çalarlarıyla həmin parçanı yenidən toxudu. İndi Nizaminin son mənzilindəki XII əsr yadigarı köhnə parça ilə həmin tirmənin artıq XX yüzildə toxunmuş yenisi Nizami muzeyində yanaşıdır və hər gələn görür.

Köhnə Nizami ilə həmişə yeni Nizaminin arasındakı məsafə də daim elə bu qədər yaxın olacaq.

..."Yeni fikir" qəzetində Nizami məzarının qazıntısında iştirak edənlərdən biri kimi sadəcə "tarixçi Cavad Rəfibəyov" kimi xatırlanan insan sonralar elm və mədəniyyət tariximizdə əlamətdar izlər qoyacaq, əslində elə o çağlarda da yaşından daha qoca düşünən parlaq zəkalı bir şəxsiyyət idi. Cavad bəy Rəfibəyovun tariximizdəki müstəsnalıqlarından biri də, heyiflər ki, elmi ədəbiyyatda vurğulanaraq qeyd edilməyən, amma bilinməsi zəruri olan xidməti - XX yüzildə Azərbaycanın ilk sənətşünası olmasıdır.

Sovet dönəminin ən başıbəlalı Azərbaycan nəslinin - Rəfibəylilər sülaləsinin ləyaqətli övladı olan Cavad bəy mükəmməl təhsil görmüş, 1930-1940-cı illərdə Bakıdakı bir sıra ali məktəblərdə dərs demiş olsa da, ömrünün son parçasını "azad dustaqlıqda" keçirəsi oldu - onu doğma şəhəri də olsa, hər halda Gəncəsinə sürgün etmişdilər, oradan qırağa çıxmaq ixtiyarı yoxdu və latın dilindən üzü bu yana bir sıra Şərq və Qərb dillərini sərbəst bilən bu alim insana yalnız ibtidai siniflərdə rus dili dərsi demək icazəsi verilmişdi.

Cavad bəy bir vaxtlar Bakıdakı rəssamlıq məktəbində də müəllimlik etmişdi və onun tələbələrindən olmuş görkəmli rəssamımız Oqtay Sadıqzadə (1921-2014) günlərin birində həmin illəri yada salaraq sevimli müəllimiylə bağlı bir əhvalatı söylədi.

Oqtay müəllim danışırdı ki, bir gün Cavad bəy Nizami Gəncəvi məsnəvilərində sənət məsələləri haqqında mühazirə oxuyarkən haşiyə çıxır, Azərbaycanın şuralaşmasının ilk illərində Nizami məzarında aparılan qazıntılardan, özünün həmin ekspedisiyada iştirakından bəhs edir və deyir ki, məzar açıldı, Nizaminin kəlləsini tutmuşdum əlimdə, baxırdım, adi insan kəlləsi idi.

Cavad Rəfibəyli dünyagörmüş adam idi, bilikli insan idi. Ancaq heyrətlənirmiş, mat qalırmış, Nizaminin qafasına baxaraq təəccüblənirmiş. İnana bilmirmiş ki, Nizami də adi bir insan olub. Heç cür təsəvvürünə sığışdıra bilmirmiş ki, qafasına dünyalar sığan Nizami Gəncəvinin də kəlləsi adi insanın başı kimi ola bilərmiş.

Xalq rəssamı Oqtay Sadıqzadənin söylədiyi bu xatirəni 1996-cı ildə nəşr edilən "Rəfibəylilər" kitabımın Cavad bəy Rəfibəyliyə həsr edilən fəslində istifadə etmişdim. Həmin kitabın ilk nüsxələrindən birini də Oqtay müəllimə hədiyyə etmişdim. Adını həmişə xüsusi sayğı ilə çəkdiyi ustadı Cavad bəyin həm özü, həm nəsli haqqında bu kitabda təsvir edilənlər onu çox riqqətə gətirmişdi və zəng vurmuşdu ki, emalatxanada görüşək. Bu kitabın Oqtay müəllimə başqa oxuculardan daha fərqli təsir etməsi səbəbsiz deyildi, çünki nəslinin, qohum-əqrəbasının sovet irticalarından çəkdikləri ilə Rəfibəylilərin keşməkeşli taleyi haqqında bu kitabda əksini tapmış qəmli lövhələr çox yaxın idi. Ertəsi gün İnşaatçılar prospektindəki rəssamlar məhəlləsindəki emalatxanasında üz-üzə idik, mənə Cavad bəylə bağlı yadına düşən başqa xatirələrini danışırdı və qarşıma iki eskiz qoydu: "Bu kitabı oxuyandan sonra ürəyimdən keçdi ki, sənə danışdığım əhvalatı, Cavad bəyin Nizaminin məzarı açılarkən əlində Şeyxin qafasını tutmasını çəkim".

Bir-birinə yaxın olan, sadəcə kompozisiya baxımından yüngülvari fərqlənən iki rəsm idi - mərkəzdə Cavad bəy əlində şairin kəlləsi, ondan bir qədər aralıda həmin məzaraçma mərasimində iştirak edən daha bir neçə nəfər və bir qədər aralıda çöməlib torpağın altından çıxmış sümük parçalarını silib-təmizləyən daha iki-üç nəfər.

"Necədir?" - soruşdu. "Çox yaxşıdır. O vaxt bu hadisəni fotoya çəkən olmayıb, amma siz həmin tarixi anları elə yazılanlara, söylənənlərə əsasən doğru canlandırmısınız", - dedim.

Hətta Nizami muzeyində hansı zalda asıla biləcəyini göz önünə gətirərək çəkiləcək tablonun təxmini ölçülərini də ona dedim. Üstündən xeyli müddət sovuşdu. Nizami ilə bağlı beş lövhədən ibarət əsəri artıq bizim birbaşa sifarişimizlə işlədiyi vaxtlarda Oqtay müəllimin emalatxanasına vaxtaşırı baş çəkərdim - çünki Nizaminin bu əsərdə yer alan xeyli şərqli sələfləri və xələflərinin surətini yaratmaqçün Oqtay müəllinin onların hər biri ilə əlaqədar əlavə məlumatlara ehtiyacı vardı, mən də mənbələrdən nə tapırdımsa, ona ötürürdüm. Bir axşam vəd etdiyi həmin tablo - Nizaminin məzarının açılması səhnəsi yadıma düşdü, soruşdum ki, mənə göstərdiyiniz eskizlərin axırı nə təhər oldu, əsəri tamamlaya bildinizmi?

"Heç başlamadım", - dedi. Təəccübləndim ki, axı həmin lövhəni işləməyə çox həvəsliydimiz, eskizlər də kifayət qədər uğurlu idi, bəs çəkməyə başlamağınıza nə mane oldu ki?

Qayıtdı ki, düz deyirsən, həqiqətən, Cavad bəyin 1922-də məzar açılarkən Nizami kəlləsini əlində tutaraq dediyi sözlər barədə sənə danışdıqlarımı kitabında bir az da fəlsəfi rəng verərək yazmağın məni çox həyəcanlandırmışdı. Fikirləşirdim ki, bu tablo həm Nizaminin ruhuna, həm də müəllimim Cavad bəyin xatirəsinə hədiyyəm olar. Ancaq eskizlər hazır olsa da, başlamağa cəhdlər eləsəm də, alınmırdı, elə bil nəsə qarşımı kəsirdi. Sonra başa düşdüm ki, qabağımı kəsən, məni işləməyə qoymayan nə hisslərdir. Cavad bəy ki vaxtilə Nizaminin kəlləsini əlində tutarkən heyrətlənirmiş, ağlına sığışdıra bilmirmiş dahi Nizaminin kəlləsi adi insan kəlləsi kimi ola bilərmiş, bu kəlləni adi bir insan bir gün əlində saxlayarmış, mən də o sayaq. Düşündüm ki, Nizami bizim hamımızçün yalnız şair deyil, müqəddəs bir varlıqdır, onu sıravi insanlardan çox yüksəklərdə təsəvvür edirik, amma belə bir tablonu çəksəm, elə bil onun zehnimizdəki qeyri-adiliyini, ilahiliyini kiçiltmiş olacağam. Ona görə çəkmədim, heç sənə də məsləhət görmürəm bir başqasına bu mövzuda əsər çəkməyi sifariş edəsən. Bu hadisə barədə elə sənin yazdığın bəsdir. Məncə, bunu əyani olaraq göstərməyə ehtiyac yoxdur.

O lövhənin Oqtay müəllimin istedadlı ustad fırçasında necə gözəl alnacağını ilk səfə eskizləri görəndən sonra təsəvvür etdiyimdən, açığı, əsərin çəkilib başa çatmasını intizarla gözləyirdim. Ancaq bu müdrik insanın imtinasındakı məntiq də qəlbimə yaxın idi. Axı orta çağ miniatürlərini yaratmış qüdrətli rəssamlar da heç vaxt müqəddəslərin çöhrəsini göstərmir, onların üzünü niqabla gizləyir, başlarının üstündə nur haləsi çəkir, bu surətlərə bir məchulluq, əsrarəngizlik verir, o seçilmişlərin hamı kimi olmadıqlarını qabardırlar, diqqəti o gerçəyə yönəldirlər ki, bunlar ürəyimizin içərisində olsalar da, Yerin, bulaşıq dünyanın, bizlərin fövqündə qərar tutan əlçatmazlar, ucalardır.

Nizami də müqəddəslər zümrəsindən olan, seçilmişlərdən, əlçatmazlardan, ucalardan deyilmi?!

Doğrudan da, bir vaxtlar Cavad bəy mat qalan kimi - necə ola bilər ki, saçdığı düşüncə işığı ilə əsrlər boyu milyardlarla insanı heyran edən bir insanın qafası adi insanınkından seçilməsin və necə ola bilər ki, həmin fövqəlinsan dərrakə və istedada sahib bir əbədiyaşar dahinin kəlləsini öləri bir insan əlində tutsun?!

Bunu yaza-yaza onu da düşünürəm ki, bəlkə Nizami Gəncəvinin bir vaxtlar Gerasimova gəlib çatmış kəlləsinin qeyb olması, məşhur antropoloqun o qafa əsasında düzəldəcəyi və şairin gerçək surəti hesab ediləcək heykəlin də yaranmaması elə Pərvərdigarın Öz məsləhətiymiş?!

Ola da bilərdi ki, düzəldərdi, baxardıq və görərdik ki, heç Nizamiyə oxşamır, xəyallarımızda yaratdığımız surətə bənzəmir.

Qəzənfər Xalıqovla (1898-1981) Fuad Əbdürrəhmanovun (1915-1971) Nizamisi bizim tanıdığımız Nizamidir. Çünki onlar da Nizamini oxuyaraq onu o cür, yəni könlümüzün gördüyü kimi nurlu, cazibəli, sifətindən doğmalıq, məhrəmlik yağan görüblər. Hər birimizsə həmin iki böyük sənətkarın yaratdığı məlum surətlərə öz içərimizdə işığı bir az da çox salaraq onları daha göyçək görmüşük və indi də hansısa rəssam, heykəltaraş Nizami yaradanda istər-istəməz o surətlərə bənzədərək işləyir və doğurduqları ilə həmin bəlli surətlər arasında fərq bir qədər çox olanda, guya haçansa Nizaminin özünü görübmüş kimi, tam səmimi ciddiyyətlə irad da tuturuq ki, Şeyxə az oxşayır.

İlahiyə yaxın olanla adi insan arasında mübhəmlik pərdəsi gərək həmişə dayana!

Bir əsrdən də bir az öncə Nizami məzarının açılması ilə bağlı incə mətləblərə toxunmuşkən o babətdə bir ayrı duyğulu xatirəni də bölüşməyin yeri var. Bunu da mənə 1990-cı illərin lap başlanğıcında Cavad Rəfibəylinin oğlu, babasının adını daşıyan Hadı bəy Rəfibəyli (1924-1995) söyləmişdi. Cavad bəy övladına Nizami məzarının açılmasında iştirak etdiyini danışmışdısa da, şairin qazıntı əsnasında aşkarlanan kəlləsini əlində tutduğunu deməmişdi, amma əvəzində ürəyini deşən bir sirrini mütləq kiminləsə, illah da yaxın bir adamla paylaşmaq ehtiyacı onu günlərin birində vadar etmişdi ki, oğluna illərcə mütəmadi təkrarlanan yuxusunu nağıl etsin. Cavad bəy söyləyibmiş ki, Nizaminin məzarında qazıntı aparılan gün hava xoş idi, hamımızın da əhvalı yaxşı idi, köhnə bir qəbirdən çıxan sümüklər gözümüzün qarşısında olsa da, adətən qəbiristanlıqlara xas xof heç birimizdə yox idi, ancaq üç gün sonra bir yuxu gördüm - həmin yerdəyəm, qəbir qazılıb qurtarıb, sümüklər ortadadır, o gün mənimlə birlikdə olan yoldaşlarımdan heç biri yanımda deyil, təm-təkəm, səssiz, aylı gecədir, üşüməyə başladım, handan-hana qulağıma səs gəldi, nəsə deməkdən çox pıçıltıya oxşayırdı, sözləri heç cürə tuta bilmirdim, o səsin nə dediyi anlaşılmırdı; bir müddət keçdi, o yuxu yenə təkrarlandı, bir az narahat oldum, lakin sonra sanki unuduldu, neçə il olmadı, fəqət yenə bir gecə əvvəlinci dəfə necə görmüşdümsə, yuxu eynən təkrarlandı, di gəl, yenə nə illah elədim, o pıçıldayan səsin nə olduğunu tuta bilmədim, bu minvalla bəzən hər il, bəzən ilaşırı o yuxu təkrarlanırdı.

Cavad bəy Rəfibəyli bilgin, dərin zəkalı, müasir düşünən, cürbəcür mövhumi hisslərdən büsbütün uzaq adam idi. Elə oğlu Hadı bəy də alim idi, içəridən nə qədər yumşaq, həssas olsa da, ətrafa, hadisələrə onillərcə nəsillərini sıxmış sərt zəmanənin diktəsiylə daha sakit və soyuq nəzərlərlə baxmağı bacaran idi. Ancaq bu sehr kimi görünən yuxu atasına da, söyləyəndən sonra oğluna da möhkəm təsir etmişdi. Hadı bəy atasının söylədiyini mənə danışa-danışa gəlib çıxmışdı əhvalatın möcüzəli hissəsinə. Tale elə gətirmişdi ki, Cavad bəy 1939-cu ilin 1 noyabrında Azərbaycan hökumətinin Nizami Gəncəvinin ev-muzeyinin yaradılması haqqında qərar qəbul ediləndən az sonra bu mühüm elm və mədəniyyət mərkəzini qısa zamanda yüksək səviyyədə qura biləcək mütəxəssislər barədə düşünüləndə ilkin yada düşənlərdən olmuşdu. Muzey Nizaminin anadan olmasının Ümumittifaq səviyyəsində qeyd ediləcəyi 1941-ci ilədək tam hazır olmalı, qapılarını tamaşaçı üzünə açmalı idi. Ona görə də muzeyin quruculuğuna respublikanın ədəbiyyatşünaslıqdan arxeologiyayadək, sənətşünaslıqdan tarixə qədər ən müxtəlif sahələri təmsil edən ən üstün alimləri, ən yaxşı rəssamları, heykəltaraşları cəlb edilmişdilər. Lakin araya müharibə düşür və muzeyin açılışı yalnız 1945-ci il mayın 14-də Qələbədən beş gün sonra baş verir. Ancaq 1940-1945-ci illər arası muzeyin Nizami misilsizliyinə tən gələcək gözəllikdə araya-ərsəyə gəlməsi üçün işlər də bir gün belə dayanmamışdı. Cavad Rəfibəyli də rəssamlıq texnikumunda dərs deməklə bərabər, Nizami muzeyində çalışır, elmi araşdırmalar aparır, indi də dəyərini qoruyub saxlayan tədqiqat əsərləri yazırdı. İkinci və üçüncü mərtəbələrdə təmir, yenidənqurma, ardınca da ekspozisiyanın yaradılması işləri getdiyindən indi Nizami muzeyinin fondları yerləşən birinci qatda qapısız, ayrı-ayrı hücrələr kimi olan hissəni veriblərmiş alimlərin ixtiyarına ki, burada toplanmış arxeoloji materialları sahmanlasınlar, əlyazmaları araşdırsınlar, kitabələri oxusunlar, bələdçi mətnlər hazırlasınlar. Həmin hücrələrdən birində adətən Cavad Rəfibəyli işləyərmiş, digərində Əjdər Ələsgərzadə (1895-1964). Tanınmış arxeoloq, etnoqraf, epiqrafik abidələrin oxunmasında xüsusi səriştə sahibi olan Ələsgərzadə o dövrdə Tarix İnstitutunda işləsə də, Nizami muzeyinin qurulduğu dövrdə püxtə mütəxəssis kimi bura cəlb edilibmiş.

Cavad bəy oğlu Hadıya danışıbmış ki, bir gün oturub işlədiyim vaxt qəfildən diksindim, qonşu hücrədən Ələsgərzadənin səsi gəlirdi, dodaqaltı farsca bir şeiri yavaş-yavaş, söz-söz oxuyurdu, diksinməyimə də səbəb o idi ki, bu sözlər mənə tanış idi, həmin yuxuda pıçıltı kimi eşidib mənasını tuta bilmədiyim kəlmələr idi, qalxıb boylandım onun oturduğu hücrə sarı, gördüm masasının üstündə iki daş var, birini oxuyub keçib obirinə, indi onu höccələyə-höccələyə oxuyaraq kağıza köçürür - altı yüz beş ramazan...

Bunların nə daşlar olduğunu soruşanda dedi ki, bu kitabələr itmiş hesab olunurdu, vaxtilə, XIX əsrin sonlarında Tiflisdə arxeoloqların qurultayı olubmuş (Çar imperiyası dönəmində müxtəlif şəhərlərdə arxeoloqların 15 qurultayı keçirilmişdi və onlardan beşincisi Tiflisdə 8-21 sentyabr arası baş tutmuşdu ki, həmin günlərdə 400-dək araşdırıcı 20 bölmədə iclaslara qatılmışdı - R.H.), o vaxt bir dəstə xarici arxeoloq Gəncəyə də gəlibmiş, Nizami məqbərəsi ətrafında da qazıntı apararaq tapdıqları bəzi kitabələri də özləri ilə aparmaq istəyirmişlər, camaat hay-küy qaldırır, torpağın altından qazıb götürdüklərini onların əlindən alırlar, ancaq əcnəbilər canişinliyə şikayət edirlər ki, alimik, bunu elm naminə edirik, hökumət də onlardan alınanları qaytartdırır, amma sən demə, bu iki parça daş o vaxtdan evlərdən birində qalıbmış, bizim arxeoloqlar Gəncəyə son səfərlərindən birində bunları tapıb gətirib, biri Nizaminin sinə daşının bir parçasıdır, orada vəfat tarixi yazılıb (Nizaminin vəfat tarixi qaynaqlarda - müxtəlif salnamələrdə, təzkirələrdə fərqli göstərilir. Birində 1201 yazıblar, digərində 1202, uzun müddət belə hesab edilirdi ki, şair 1203-cü ildə vəfat edib və ucaldıldığı vaxtdan ta 2000-ci illərədək elə Şeyxin Bakıdakı abidəsinin postamentində ölüm tarixi kimi 1203-cü il yazılmışdı. Lakin ortaya çıxan kitabə başqa həqiqəti ortaya qoyurdu: "Bu nurlu qəbir şeyxlər şeyxi Nizaməddin Müəyyəd Əbu Məhəmməd ibn İlyas ibn Yusif ibn Zəkinindir. 605-ci ilin ramazan ayının 4-də vəfat etmişdir".

Hicri tarixinin 605-ci ili isə miladi tarixlə 1209-cu ilin 12 martına uyğun gəlir), obirinin də üstündə Nizaminin "İsgəndərnamə"sinin son beyti oyulub (Xarici arxeoloqların Nizami məqbərəsini yağmalaması barədə rəvayətlər yalnız el yaddaşında qalmayıb, bu haqda hələ 1923-cü ildə araşdırıcı Mirabbas Mirbağırzadə (1880-?) "Kommunist" qəzetində çap olunan "Şeyx Nizaminin qəbri" adlı məqaləsində bəhs edirdi: "40-45 il bundan əvvəl avropalı bir heyət gəlib lağım ataraq Nizaminin qəbrindən yazılı başdaşını aparmışdır. Nizaminin qəbrindən həmin başdaşı ilə bərabər əski məqbərənin günbəzindən uçub tökülən qədim kufi yazılı kərpiclər də yox olmuşdur").

Cavan yaşında Cavad Rəfibəyliyə nəsib olmuşdu ki, Nizami Gəncəvinin məzarının qazıntısında iştirak etsin, qismətində nadir bir səadət də varmış ki, dahi Nizaminin vəfatından 713-cü il ötəndən sonra onun torpaq altından gün işığına çıxan qafasını əlində saxlasın.

Və Cavad bəy içərisini lərzəyə salan həmin fövqəladə anların təsiri ilə uzun illər eyni yuxunu təkrar-təkrar görmüşdü.

Bəlkə Cavad bəyin uyğusunda eşitdiyi o səs elə Nizaminin öz səsi imiş. Xəbər çatdırmaq istəyirmiş ki, mənim haqqımda həqiqətləri çatdıra biləcək daşlar var, onları arayın, qoymayın itib-batsın?! Bunları mənim xəyalımın şairanə uçuşları kimi qəbul edən də tapılar, amma bu ehtimalın ardında danılmaz gerçəyin dayanması da var axı. Rəhmətlik Hadı bəy Rəfibəylinin onillər qabaq atasının dilindən mənə söylədiyi hekayət röyanın möcüzəli bir tərzdə gerçəyə çevrilməsini təsdiqləmirmi?

Hadı bəyin xatirəsinin izi ilə Nizaminin "İsgəndərnamə"sini vərəqləyirəm, "İqbalnamə"nin axırıncı beytini oxuyuram:

 

Cəhanəş mot`i yo zəmanəş be kam

Fələk bənde vo ruzqarəş ğolam.

Dünya ona tabe, zaman ürəyincə davam etməkdə,

Göylər onun xidmətində, zəmanə qulluğunda.

Özü deyilmi?

 

Bu gün Nizami dünyanın miqdarı bilinməyəcək qədər çox dilində danışırsa, Yer Kürəsinin dördbir tərəfində onu oxuyanlar, sevənlər, yadigarı olan söz mülkünə bağlananlar saysız-hesabsızdırsa, əlbəttə, cahanın onun qarşısında müti olduğu ilə razılaşmaq gərəkdir; Qərbdə də, Şərqdə də dəyişən əsrlər ərzində o, daim yüksək zövqlü, üstün düşünən insanlarladırsa, təbii ki, Vaxtın onun könlüncə olmasını təsdiqləməkdən başqa yol qalmır; Səmanın - Tanrının iradəsi ilə ona bəşəriyyətin sevimli övladlarından biri sayılmaq taleyi cızılıbsa, o, bu gün yalnız yerdə yox, həm də Kainat xəritəsində kiçik planetə çevrilərək dolanmaqdadırsa, Göylərin onun xidmətində durması həqiqəti ilə barışmaq lazım gəlur və nəhayət, dəyişən zaman hər şeyi köhnəltsə, birovuzlaşdırsa da, Nizami səkkiz əsr öncəki kimi təzə, təravətli, bugünə və sabaha yaraşandırsa, zəmanənin onun qulluğunda dayanmasını necə inkar etmək olar?!

Nə arzulayıbsa, öz aqibəti ilə bağlı nələri fərz edibsə, iqbalı ilə əlaqədar nələri öncədən görübsə, hamısı çin çıxıb.

 ...1920-ci illərin əvvəllərində Azərbaycana əslən Litva tatarlarından olan dəyərli bir araşdırıcı  gəlir - Cəmil Aleksandroviç-Nəsifi (1882-vəfat tarixi tapılmadı). Bu dərin bilikli arxeoloq, tarixçi alim Arxeoloji Komitənin katibi vəzifəsində çalışır, Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətində də aparıcı simalardan biri kimi müxtəlif komissiyalarda iştirak edir. Və 1925-ci il iyunun 25-də Cəmil Aleksandroviç artıq Gəncədədir (həmin səfərdə "Molla Nəsrəddin"çi şair, əslən Gəncədən olan Əli Nəzmi (1878-1946) də Nəsifinin yanında idi. Nizami məqbərəsi məsələsinə məxsusi həssaslıqla yanaşan Əli Nəzmi qəbrin açılması əsnasında da orda olmuşdu, Gəncəyə gətirilmiş sümüklərin təzədən əvvəlki yerinə aparılaraq basdırılması gedişatını da şəxsən müşahidə etmişdi), Nizami məzarının başındadaır, araşdırmalar aparır, ölçülər götürür və ilk dəfə Nizaminin qəbri elmi şəkildə tədqiq olunur, apardığı araşdırmaların nəticəsi olaraq Cəmil Aleksandroviç ayrıca bir məqalə də yazır: "Nizami və onun qəbri". Onun bu yazısı 1926-cı ildə Azərbaycan Arxeoloji Cəmiyyətinin "Əxbar"ında işıq üzü görür və o dərginin həmin sayı 1926-cı ildə Bakıda baş tutacaq tarixi əhəmiyyətli məclisə - I Türkoloji qurultaya həsr edilmişdi. Məqbərə ilə bağlı müfəssəl araşdırmasından sonra Cəmil Aleksandroviçin gəldiyi qənaət bu idi ki, əslində son 100-200 il ərzində Nizami məzarı üstündə ucalmış türbə heç də XII yüzildə tikilən deyil, bunlar sonradan, bərpa işləri zamanı tikilənlərdir. Alim elmi dəlillərlə sübut edirdi ki, XII əsrdə tikilib quraşdırılmış məqbərədən qalan yalnız bünövrədir.

Bu da göz qabağında idi ki, hətta köhnə təməl üzərində ucaldılmış sonrakı türbə də 1925-26-cı illərdə uçulub-sökülüb (Cəmil Aleksandoviç-Nəsifinin məqaləsi rusca idi və həmin yazıda "pamyatnik" sözünü görən bəzi araşdırıcılar sonralar belə yanlış gümana da düşüblər ki, guya Nizaminin heykəlinin qoyulmasından söz gedir. Rus dilində həmin söz yalnız "abidə", "heykəl" anlamında deyil, "qəbir daşı" mənasında da işlədilir. Əlbəttə ki, o vaxt ortada heç bir heykəl söhbəti yox idi).

Cəmil Aleksandroviçin Nizami məzarı məqbərəsinin tədqiqi üçün təcili Gəncəyə ezam edilməsi boşuna deyildi. İş ondadır ki, 1922-ci ildə yaradılmış, növbəti ilin martında Nizami məqbərəsində qazıntı işlərinə nəzarət etmiş "Nizami komissiyası"nın hesabatına əsasən Gəncənin bolşevik rəhbərliyinin Bakı ilə razılaşdırmadan həyata keçirmək əzmində olduğu başqa bir tədbir də vardı. Öz aləmlərində Nizamini xalqa yovuqlaşdırmaq istəyirdilər - Nizaminin şəhərdən aralıdakı məzarını mərkəzə, Şah Abbas məscidinin yanına köçürməyi qət etmişdilər. Hətta gətirilən sümüklərin basdırılması üçün qəbir də qazılıbmış. Ancaq akademik Vasili Bartold (1869-1930) "Özbaşına qazıntı və şərqşünaslıq" adlı qeyzli məqalə yazır, ciddi elmi yanaşma olmadan belə hərəkətlərin dərin fəsadlara gətirib çıxaracağından şikayətlənir. Azərbaycan Arxeologiya Komitəsinin İdarə Heyəti 1923-cü il avqustun 26-da keçirilən iclasında Gəncə Arxeoloji Cəmiyyətinin üzvlərinə töhmət elan edir. Məsələ şişir. Xəbər o vaxt Azərbaycanın Xalq Torpaq Komissarı olan Dadaş Bünyadzadəyə (1888-1938) yetişincə qəti göstəriş verir ki, bu biabırçılığa son qoyulsun, qəbrin köçürülməsi söhbəti qapansın.

"Kommunist" qəzetinin 1924-cü il 8 oktyabr sayında Əli Razi Şamçızadənin (1886-1939) "Bədbəxt şair" sərlövhəli yazısı dərc edilir: "Yoldaş Dadaş Bünyadzadədən teleqraf alındı ki, Şeyx Nizamini yerindən tərpətməyin, öz qəbrində qalsın. Məqbərəsinin planını çəkib göndəriniz, bütün məsarif öhdəmədir".

Təxirəsalınmaz addımlarsa bu məqalə qəzetdə dərc edilməzdən bir həftə əvvəl - Dadaş Bünyadzadədən göstəriş gəlincə başlanmışdı. Bakıdan Arxeologiya Komitəsi Mirabbas Mirbağırzadəni oktyabrın 3-də Gəncəyə yollamışdı və o da oktyabrın 6-da verilən tapşırığı icra edərək Nizaminin beş aydan artıq müddətdə açıq havada, taxta qutunun içində saxlanılan sümüklərini yığıb yenidən köhnə qəbrində dəfn etdirmişdi.

Bir xətadan belə sovuşulur. Ancaq hər halda bir neçə il sonra bolşevik zövqsüzlüyü və dardüşüncəliliyi Nizamiyə zərərini vurmağa girəvə tapır. Yəni məqsədi guya yaxşı iş görmək idi - 1932-ci ildə hökumətin qərarı çıxır ki, Nizaminin qəbrinin üstü səliqəli bir şəkildə düzəldilsin. Səliqə də hərənin öz düşüncəsinə və tərbiyəsinə uyğun vərdiş. Gözəgəlim bir məqbərə inşa etmək əvəzinə kənd qəbiristanlıqlarındakı digər qəbirlərdən seçilməyən ənənəvi baş və sinə daşlı məzarüstü düzəldirlər. Nizaminin o məzarüstüsünün tarixi fotoları da qalıb, Azərbaycan rəssamları məzarın həminvaxtkı görünüşünü kətana da köçürüblər.

...1930-cu illərin sonlarında, Niaminin 1941-ci ildə keçirilməsi nəzərdə tutulan 800 illik yubileyi ərəfəsində şairin məqbərəsi ilə bağlı da niyyətlər vardı. Ancaq müharibənin yarımçıq saxladığı bu istəyə bir də dava bitəndən sonra qayıdılır. Nizaminin Gəncədə təntənəli yubiley mərasimi 1947-ci ildə olasıydı. Bakıda, Mərkəzi Komitədə gəlinmiş qərar belə idi ki, həmin təntənələrədək Nizaminin möhtəşəm mavzoleyi xaricdən və sovet respublikalarından gələn qonaqların ziyarəti üçün hazır olmalıdır.

...Nizami dünyaya insanı ucaltmaq üçün gələnlərdən idi. Gəldi, qızıl qələmi ilə insanı ülvi yüksəkliklərə dikəltdi. İnsanı ucaltdıqca özü də qalxdı. Nizami Azərbaycanın və dünyanın ilk şairi deyildi, sonuncu da deyil. Azərbaycanda da, dünyada da Nizamidən sonra qatar-qatar şairlər gəlib, bundan sonra da yeniləri olacaq. Ancaq Nizaminin ötülməz hünəri həm də bu oldu ki, Azərbaycanın və dünyanın minlər və onminlərlə şairi arasından bütün dünyanın ən uca saydığı barmaqla sayılacaq qədər azlarından biri kimi şeir kəhkəşanında mötəbər yerini tutdu. Alnına əbədi ucalıq yazılmış, ucaldıqca xalqını da yüksəldən Nizami Gəncəvinin, nəhayət ki, məqbərəsinə də ucalmaq nəsib oldu.

1947-ci ildə ata-baba yurdu əziz Gəncəsində məzarı üstündə 15 metr hündürlüyündəki məqbərəsi tikildi. Üstündən vaxt ötdükcə də hər 10 ildən, 15 ildən, 20 ildən bir yeni nəsillər bu məqbərəyə təzə süs verməyə səy göstərdi.

Nizaminin yaşayaraq dünyadan getdiyi XII əsrdən başlayaraq bütün əsrlər boyu onun torpağa qovuşduğu məkan sadəcə bir qəbir olanda da, o qəbrin üstündə bir sərdaba yarananda da, sonra o sərdabanın yerində ayrıca bir məqbərə əmələ gələndə də və nəhayət, üstündən zamanlar keçəndən sonra - 1947-ci ildə bu möhtəşəm məqbərə inşa ediləndə də hər zaman Nizaminin məqbərəsi insanların üz tutduğu bir məkan olub. Nizamiyə insanlar sadəcə şair kimi baxmayıblar, onu hər zaman müqəddəs tutaraq "Şeyx" adlandırıblar.

O an günlərin birində hər kəs üçün yetişir - dünyadan, həyatdan ayrılmaq anı və dünyaya vida edərkən insan son sözlərini demək istəyir, vəsiyyətini dilə gətirir. Azərbaycanın unudulmaz rəssamlarından olan Baba Əliyev (1915-1991) də xəyalında Nizaminin o gününü canlandırıb. Ətrafına doğmaları, əzizləri, el toplanıb. Nizami yataqdadır və vəsiyyətini edir. Ancaq son günlərində, son dəqiqələrində dünyadan ayrılarkən vəsiyyətini etmək, son arzularını dilə gətirmək adi insanlara uyğun gələn keyfiyyətdir. Nizami ömrü boyu, ilk gəncliyindən başlayaraq məgər nəsihətlər, vəsiyyətlər etmirdimi?

Onun hər məsnəvisi, hər şeiri, hər beyti millətinə, Azərbaycana və bütün dünyaya - bəşərə etdiyi vəsiyyətlərdir, göstərdiyi yollardır, verdiyi öyüdlərdir. Ancaq həyatının şah əsəri - "İsgəndərnamə"sini tamamlayanda, əsərin son misralarını qələmə alanda hər halda labüd sonun yaxınlaşdığını sanki hiss edirdi və bu barədə düşüncələrini də bölüşüb. Böyük filosofların, tarixdə iz qoyub getmiş şəxsiyyətlərin adlarını çəkir və onlara həsr etdiyi kiçik fəsillərin sərlövhəsində filanın "ruzigarının sonu" yazır.

Və növbə gəlib çatır özünə, bu parçanın adını "Nizaminin ruzigarının sonu" qoyaraq belə yazır:

 

Nezami ço in dastan şod təmam

Be əzm şodən niz bər daşt qam.

Ço hal-e həkiman-e pişine qoft

Həkiman bexoftənd o u niz xoft.

Dər in qoftequ bod ke xabəş robud

To qofti ke bidariyəş xod nəbud

 

Nizami bu dastanı tamamlayınca,

Köçünü çəkib getməyə doğru da addım atdı.

Elə ki, keçmişdəki hikmət sahiblərinin hekayətini söylədi,

O alimlər uyğuya dalmışdılar,

bu da yuxuya getdi.

Elə bunları deyirdi ki, onu yuxu apardı,

Sanki heç yerli-dibli oyaq olmayıbmış.

 

Məzar, məqbər bir insanın son ünvanı, artıq həyatda olmamasının nişanəsidir. Ancaq Nizaminin məzarı da, məqbəri də bütün tarix boyu onun yoxluğunun yox, daimi varlığının göstəricisi olub. Nizaminin rahatlıq tapdığı, uyuduğu son məkan, onun məqbərəsi haqqında hekayət də həyatda olan, yaşayan, diri bir insan haqqındakı hekayətdir. Yuxuya əski zamanların şairləri bəzən məcazi olaraq "kiçik ölüm" də deyiblər. Ancaq yuxu canlı insan ömrünün sadəcə kiçik bir parçasıdır. Ölüm də, xüsusən o gediş ki, arxasında əbədiyyət var, daha böyük həyat deməkdir, ölümdən qat-qat uzun olan bir həyat.

 

Qələm həmin qələmdir,

Həmin kağız, qələmdan.

Heç kimə bənzəmədi

Sənin sinəndən qopan.

Ülviyyətə yüksəltdin

Sən sözü, düşüncəni,

Sözün ucalığında

Nizaminin məskəni.

Sən məqbərə sığmazsan,

Sənin yerin könüllər.

Nə qədər zaman keçsə,

Sənin yerin görünər.

 

Çox da Nizami özü günlərin birində hər kəs kimi yoxluq yuxusuna dalacağını yazıb. Əgər yaşadığı zamanlardan bugünəcən hər gün var olubsa, bu gün də yalnız həmvətənləri - azərbaycanlılarla deyil, dünya boyunca insanladırsa və bu gedişlə bütün sabahlar içərisində yaşayacağı da əsla şübhə doğurmursa, necə söyləmək olar ki, o gedib, o, yuxuya dalıb? Nizami kimi müstəsnaların iqbalında dayanan əbədiyyət yuxusuna dalmaq deyil, əbədiyyət oyaqlığında daim var olmaqdır!

 

1 mart 2024

Rafael HÜSEYNOV

Akademik

525-ci qəzet.-  2024.- 6 mart, №43- S.10-11;12.