"Babam ağlayırdı, at
ağlayırdı..."
- Neçə yaşınız var?
- Sabah 59 olacaq... Elə birazdan ad günümdü.
Dayan saata baxım...
Saat 00:07... On ikidən yeddi dəqiqə
keçmişdi, martın 1-i idi...
- Həəə, artıq ad günümdü. 59
yaşım tamam oldu.
- Təbrik edirəm... Adınız nədir?
- Qərib.
- Qərib dayı, Paşa Qəlbinura çox
oxşayırsınız. Hətta maşına əyləşəndə,
elə bildim, sükan arxasında Paşa Qəlbinur əyləşib.
- Ola bilər, oxşadan olmayıb...
- Nəvələriniz var?
- Oğlumun bir oğlu, qızımın da bir
qızı var.
- Sizi sevirlər?
- Çooox... Qızım və nəvəm xəstədir.
- Nə xəstəsi?
- Qızımda da, nəvəmdə də eyni xəstəlikdir:
bel sütununun əyriliyi. Qızımın 34 yaşı var,
nəvəmin 14... Onları özüm müalicə etdirirəm.
Nəvəm sağalır, qızım isə... Vəziyyət
onda daha ciddidir... Oğlum Ərəbistandadır. Orada işləyir.
Onun da bir oğlu var: Ömər...
- Doğum gününüzü sükan arxasında
qeyd edirsiniz... Bir yerdə saxlayın tort alaq.
- Yox, əzizim, ehtiyac yoxdur... Mənim də taleyim belə
imiş... Çarə yoxdur. Nə edim? Güzaranım zəifdir.
Mənim kimi xəstəsi olan insanlar şad gününü
evində keçirə bilmirlər...
- Gələn il yubileyinizdir...
- Həəə... Yoldaşımla eyni ildə
doğulmuşuq, o fevralın 5-i, mən martın 1-i. Plan belədir
ki, 60 illiyimizi birgə qeyd edəcəyik.
- Sevib evlənmisiniz?
- Əlbəttə... Qonşu idik, məktəbi də
birgə oxumuşuq.
- Heç bezmisiniz yoldaşınızdan?
- Nədən bezəcəm? Heç vaxt...
- Ancaq gecələr taksi sürürsünüz?
- Gündüzlər tıxac olur. Ona görə gecə
sürürəm...
- Mənim də babam gecə taksi sürürdü. Hər
gün ağlayırdım ki, məni də özü ilə
aparsın. Ciblərinə ovcum tutan qədər limonlu konfet
yığırdım. Termosunda çay aparırd...
- Bax, mənim də termosum var...
- Qəşəngdir...
- Sən danışdın, mənim də babam
yadıma düşdü. Babamın gözəl bir atı var
idi, özü sürürdü. O vaxt bir dövr oldu, sovet
hökuməti kimin atı var idisə, əlindən
alırdı. Babamın da həmin atını ondan
aldılar. İnan, atı maşına mindirəndə
gözündən yaş gəlirdi. Babam ağlayırdı,
at ağlayırdı, babam ağlayırdı, at
ağlayırdı...
Bakı, 2024, 1 mart
Nadir YALÇIN
525-ci qəzet.- 2024.- 6
mart, №43- S.8.