Gənclik
Zamanın qanunu, ömrün hökmü var,
Yaş üstə yaş gəlir, yaşlanır
insan.
Dünənin sevinclə keçdiyi anı,
Bu günü özünə dərd sanır insan.
Qocalmaq istəmir yaş ötsə belə,
Ömrün nə qışında, nə
baharında.
Nə qədər gənclik var, rəqs etmək istər
Gənclik nəğməsinin sədalarında.
Gedəcək vəfasız sevgili kimi,
İstər başına döy, sinəni dağla.
Çalış o anadək öz gəncliyindən,
Özünə bir şirin xatirə saxla.
Ötən gəncliyinə çox üzülmə
sən,
Onun da müddəti, zamanı dolmuş.
Əsası odur ki, deyə biləsən:
Mənim gör nə gözəl gəncliyim olmuş.
Şəkillərim
Düzdüm şəkilləri masanın üstə,
Baxdım şəkillərə, baxdım birbəbir.
Şəkillər ömrümdən keçən
günləri
Rəngli çalarlarla mənə göstərir.
Fəsillər əks olur şəkillərimdə,
Hər şəkil bir yazmış, bir
qışmış demək.
Bir vaxtlar ömrümə sığa bilməyən
Zaman şəkillərə
sığışmış, demək.
Hər biri xatirə... Gözüm önündən
Keçir bircə-bircə gözlərim dolur.
Niyə də dolmasın? Dünən
gördüyüm
Bu gün mənim üçün görünməz
olur.
Hər şəkil ömrümün bir mərhələsi,
Keçir ömür yolum şəkillərimdən.
Baxdıqca hər şəklə geridə qalan,
Yaşanmış ömrümə qayıdıram mən.
Ax, uşaqlıq şəklim... Döndüm bir anda,
Həmin dəcəlliyim,
şıltaqlığıma.
Ağlıma gəlməzdi uşaq olanda,
Şəkildən baxacam uşaqlığıma.
Ömrünün cızdığın cizgilərindən,
Danışar şəkillər, dinər şəkillər.
Vaxt keçər, gün gələr, hansısa zaman
Şirin xatirəyə dönər şəkillər.
Qaçış
Biz bəzən qaçırıq
öz-özümüzdən,
Sürətə baxmırıq, yola baxmırıq.
Elə qaçırıq ki, yolumuz üstə
Sanki arxamızdan iz buraxmırıq.
Bu günü yaşayıb, sabaha baxıb,
Görmürük dünəndə nə
qaldığını.
Yaman unuduruq bugünkü günün,
Dünənin üstündə
ucaldığını.
Yaşı bilinməyən qoca dünyanın,
Əzəldən kökündə bir qanunu var:
"Bir vaxt ağlasığmaz olan yüksəklik,
Bir gün də uçulub tamam məhv olar"
Bu qaçış, bu sürət, bu cür estafet,
Dünyanı içindən dağıdacaqdır.
Hansı ki nöqtədən qaçış
başladı,
Yenə o nöqtəyə qayıdacaqdır.
Zaur İLHAMOĞLU
525-ci qəzet.- 2024.- 5
mart, №42.- S.15.