Erməni
faşizminin Azərbaycana vurduğu ekoloji zərbələr
Mütəxəssislərin fikrincə, işğal
üzündən ekologiyamıza dəymiş ziyanı aradan
qaldırmaq üçün çox böyük müddət
və vəsait tələb olunur
Azərbaycanın erməni işğalından azad
olunmuş ərazilərində 152 təbiət abidəsi var.
Bunların əksəriyyətinin yaşı yüzillərlə
ölçülən ağaclardır ki, 131-i və ya 80
faizi işğal zamanı məhv edilib.
Ekologiya və təbii sərvətlər nazirinin
müavini Vüqar Kərimov deyir ki, işğal
dövründə meşə fondumuza böyük ziyan dəyib:
"İşğaldan azad olunan ərazilərimizdə
meşə fondu torpaqlarımız 260 min hektarın üzərindədir.
İşğalaqədərki dövrdə aparılan meşə
quruluşu işlərində həmin ərazilərin 216 min
hektarının meşə örtüklü ərazi
olduğu göstərilir. 2020-ci il İkinci Qarabağ
müharibəsində qazandığımız qələbədən
sonra aparılan monitorinqlər və qiymətləndirmələr
nəticəsində məlum olub ki, 54 min hektardan çox
meşə ərazimiz tamamilə məhv edilib. Azad olunan ərazilərdə
152 təbiət abidəmiz var. Bunların əksəriyyətinin
yaşı 100 illərlə ölçülən
ağaclardır. Onlardan 131-i və ya 80 faizi məqsədli
olaraq tamamilə məhv edilib. 800-1000 il yaşı olan təbiət
abidələrimiz, bərpası mümkün olmayacaq dərəcədə
sıradan çıxarılıb, hətta kökləri
yandırılıb ki, pöhrə belə verməsinlər.
Təkcə meşə fondu deyil, ərazilərimizdə olan
yeraltı təbii sərvətlərə və su
ehtiyatlarına da işğalın, təəssüf ki,
çox böyük mənfi təsirlərini
görürük".
Vüqar Kərimovun sözlərinə görə,
işğaldan azad olunan ərazilərdə 167 faydalı
qazıntı yatağımız var, onların 52-də
qanunsuz istismar işləri aparılıb. Çox qiymətli,
əsasən də əlvan metallar olan yataqlarımız
amansızlıqla istismar edilib. Bu məsələlərlə
bağlı beynəlxalq ekspertlərin də cəlb
olunması ilə qiymətləndirmə aparılır və
nəticələr aidiyyəti komissiya və dövlət
qurumlarına təqdim olunur. Artıq beynəlxalq məhkəmələrdə
bu məsələlərin bir çoxu ilə bağlı
iddialar qaldırılıb".
Nazir müavini qeyd edib ki, 2024-2026-cı illər ərzində
minatəmizləmə işləri başa çatdıqca
1150 hektar ərazidə meşəbərpa işləri
aparmağı planlaşdırmışıq. Bioloji müxtəlifliyin
bərpası, tarixən arealları həmin ərazilər
olmuş fauna və flora növlərinin qaytarılması ilə
bağlı layihələr var: "İlkin mərhələdə
işğaldan azad edilmiş ərazilərdə olan xüsusi
mühafizə olunan ərazilərin fəaliyyətlərinin
bərpasına başlanılıb. Belə ki, Prezidentin
2021-ci il 20 oktyabr tarixli Sərəncamı ilə Bəsitçay
Dövlət Təbiət Qoruğunun fəaliyyəti bərpa
edilib, Sərəncamın icrası ilə bağlı
Qoruğun Əsasnaməsi hazırlanıb, sanitariya-mühafizə
zonası müəyyənləşdirilib, aidiyyəti
qurumlarla razılaşdırılıb və Nazirlər
Kabinetinin 2022-ci il 29 noyabr tarixli 424 nömrəli Qərarı
ilə təsdiq edilib. Bununla yanaşı, işğaldan azad
edilmiş ərazilərdə yerləşən digər
xüsusi mühafizə olunan təbiət ərazilərinin fəaliyyətlərinin
bərpası ilə bağlı işlərə də
başlanılıb. Hazırkı mərhələdə
Daşaltı Dövlət Təbiət
Yasaqlığının xəritəsi hazırlanıb,
aidiyyəti qurumlarla razılaşdırılıb və təsdiqlənməsi
üçün Nazirlər Kabinetinə təqdim olunub. Digər
xüsusi mühafizə olunan ərazilərlə bağlı
işlərin də mərhələli şəkildə həyata
keçirilməsi nəzərdə tutulub. Xüsusi
mühafizə olunan təbiət ərazilərinin statusunun dəyişdirilməsi
dedikdə qoruq və yasaqlıqların bazasında ekoturizm fəaliyyətinə
imkan verən milli parkların və təbiət parklarının
yaradılması nəzərdə tutulur. Məlumdur ki,
"Azərbaycan Respublikasının işğaldan azad
edilmiş ərazilərinə Böyük Qayıdışa
dair I Dövlət Proqramı" çərçivəsində
Minatəmizləmə Agentliyi tərəfindən azad
olunmuş ərazilərin təmizlənməsi prosesi
aparılır. Gələcəkdə bu ərazilər
minalardan tam təmizləndikdən və bütün ərazilər
turistlər üçün açıq olduqdan sonra orada olan
xüsusi mühafizə olunan təbiət ərazilərinin
statusunun dəyişdirilməsi məsələsinə
qanunvericiliyə uyğun baxılacaq".
Vüqar Kərimovun söylədiyinə görə,
işğal dövründə Laçın ərazisindəki
Qaragöl Dövlət Təbiət Qoruğu, xüsusən də
gölün özü çox ziyan görüb, orada
mövcud olmuş ekosistem, demək olar ki, tamamilə məhv
edilib. Baxmayaraq ki, xüsusi mühafizə olunan ərazidir,
amma gölə qanunsuz müdaxilələr edilib: "Təəssüf
ki, ikili standartlar hər yerdə olduğu kimi, burada da
özünü göstərir. Təmsilçisi olduğumz
bütün beynəlxalq təşkilatlara edilmiş müraciətlərimizə
baxmayaraq, bir beynəlxalq təşkilat da olsun bununla
bağlı səsini qaldırmadı. İşğala qədərki
dövrdə Bəsitçay Dövlət Təbiət
Qoruğunda 108 hektar ərazinin 83 hektarı Şərq
çinarı meşəsi olub, onun 40 hektardan çoxu
işğal dövründə tamamilə məhv edilib.
Bütün təbiətimiz kimi, xüsusi mühafizə
olunan ərazilərimiz də ziyan görüb. Arazboyu Dövlət
Təbiət Yasaqlığında meşə
örtüyünün çoxu tamamilə məhv edilib.
Gedirsən, baxırsan Arazboyunun İran tərəfində
meşələr necə qorunub, amma biz tərəfdə demək
olar ki, tək-tük hansısa kol-kos görünür.
Bunları niyə vurğulayıram? Çünki o yerlərdə
bərpa prosesini sürətləndirmək üçün
yüksək xüsusi mühafizə statusuna zərurət var
və bu istiqamətdə üzv olduğumuz beynəlxalq təşkilatlarla
məsləhətləşmələr aparırıq".
Ekologiya və təbii sərvətlər nazirinin
müavini Rauf Hacıyevin sözlərinə əsasən, Ermənistanın
törətdiyi ekoloji terror nəticəsində ciddi fəsadlarla
qarşılaşırıq. İşğal dövründə
54 min hektardan artıq meşə sahəsi məhv edilib.
Meşələrin bərpası, ekosistemə dəymiş
ziyanın aradan qaldırılması istiqamətində ciddi
işlər görülür: "Zəngilan, Cəbrayıl,
Füzuli rayonlarında təmizlənmiş ərazilərdə
xeyli vaxtdır meşəbərpası işlərinə
başlanılıb. Meşəbərpa işlərinin daha
böyük ərazilərdə aparmaq əsas məqsədimizdir.
Qubadlı, Arazboyu, Laçın və digər ərazilərdə
biomüxtəlifliyin bərpası uzunmüddətli prosesdir.
Məhv edilmiş ekosistemin bərpası üçün Cəbrayıl
rayonunda meşəyə ceyranlar buraxılıb. Mina problemi həll
olunduqca müvafiq ərazilərdə fauna növlərinin
artırılması işləri genişləndiriləcək.
Yanğınların baş verdiyi ərazidə ekoloji
mühitə ciddi ziyan dəyir. Aparılan araşdırmalar
göstərir ki, işğaldan azad edilmiş ərazilərdə
böyük yanğınlar törədilib, ona görə də
ekosistemin bərpası vaxt tələb edir".
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin
Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Əkbər
Əsgərov bildirib ki, hidrometeoroloji şəbəkənin bərpası
üzrə işğaldan azad edilmiş ərazilərdə
yerüstü su ehtiyatlarının qiymətləndirilməsi
məqsədilə 10 çay - Araz, Bəsitçay,
Oxçuçay, Həkəriçay, Barguşadçay,
Zabuxçay, Tutqunçay, Tərtərçay, Kircələnçay,
Quruçay üzərində 11 avtomat hidroloji stansiya
yaradılıb və həmin stansiyalardan mütəmadi
qaydada məlumatlar Milli Hidrometeorologiya Xidmətinin Situasiya mərkəzinə
ötürülərək təhlil olunur:
"İşğaldan azad edilmiş ərazilərdə
meteoroloji müşahidələrin öyrənilməsi"
layihəsi çərçivəsində Şuşa,
Ağdam, Füzuli, Kəlbəcər və Zəngilan
rayonlarında bütün lazımi sensorlarla təchiz
edilmiş 5 avtomat meteoroloji stansiya quraşdırılıb və
həmin stansiyalardan mütəmadi qaydada daxil olan məlumatlar
Milli Hidrometeorologiya Xidmətinin Situasiya mərkəzinə
ötürülərək təhlil olunur. Proqramın
icrası çərçivəsində 1 dast dopler hava
radarının və 1 dəst aeroloji stansiyanın
quraşdırılması məqsədilə işğaldan
azad edilmiş ərazilərdə tədqiqat işləri
aparılıb. Həmin stansiyaların 2024-cü ildə
quraşdırılması nəzərdə tutulur. Bu stansiyaların
fəaliyyət göstərməsi regionun iqlim şəraitinin
qiymətləndirilməsinə, əldə olunan məlumatların
kəmiyyət və keyfiyyətinin, meteoroloji proqnoz və xəbərdarlıqların
dəqiqliyinin alınmasına və həmin ərazilərdə
fəaliyyəti nəzərdə tutulan sahələrdə drometeoroloji
xidmət səviyyəsinin artırılmasına imkan
verir".
O əlavə edib ki, Oxçuçayda aparılan
monitorinq nəticəsində məlum olub ki, çay Ermənistan
tərəfindən mütəmadi çirkləndirilib.
Götürülən nümunələrdə yüksək
miqdarda ağır metallarla çirklənmə qeydə
alınıb. Oxçuçayın ekoloji çirkləndirilməsi
ilə bağlı beynəlxalq təşkilatlara müraciətlər
edilib. "İşğalaqədərki dövrdə
Qarabağda 17 hidroloji, 9 meteoroloji stansiya fəaliyyət
göstərirdi. İşğaldan azad edildikdən sonra biz o ərazilərə
səfər edərkən gördük ki, bütün
stansiyalar, məntəqələr məhv edilib,
dağıdılıb. 2021-ci ildə işğaldan azad
edilmiş ərazilərdən keçən 10 çay üzərində
11 avtomat hidroloji stansiya qurulub. Transsərhəd çaylar
üzərində keyfiyyət sensorları da
quraşdırılıb. Bundan başqa, Şuşa şəhərində,
Zəngilan rayonunun Mincivan qəsəbəsində, Füzuli
şəhərində, Ağdam şəhərində və
Kəlbəcər rayonunun İstisu qəsəbəsində
avtomat meteoroloji stansiyalar quraşdırılıb".
Sevinc QARAYEVA
525-ci qəzet.- 2024.- 5
mart, №42.- S.14.