Abidə əsər, sanballı nəşr  

Professor Vilayət Quliyev "Bəkir Çobanzadə: Budapeşt illəri" kitabı ilə elmə daha bir mühüm töhfə verdi

 

2010-2021-ci illərdə Azərbaycanın Macarıstanda səfiri olmuş professor Vilayət Quliyevin görkəmli türkoloq alim Bəkir Sidqi Çobanzadənin (1893-1937) həyat və yaradıcılığının Budapeşt dövrünə həsr etdiyi 260 səhifəlik "Bəkir Çobanzadə: Budapeşt illəri" kitabı 2023-cü ildə "Çapar" yayımlarında nəşr olunub. Müəllif yeni mənbələr və arxiv sənədləri, xüsusən də macar qaynaqlarından götürdüyü materiallar əsasında alimin həyat və yaradıcılığının qaranlıq qalan məqamlarına işıq salır. Əsərdə XX əsrin birinci yarısında macar-türk əlaqələri müxtəlif yönləri və istiqamətləri ilə geniş şəkildə araşdırılır. Kitab B.Çobanzadənin və ümumiyyətlə türk dünyasının mədəni irsinə maraq göstərən araşdırmaçılar üçün də faydalı və sanballı mənbədir.

Bir məsələni də xüsusi vurğulamaq istərdik ki, Vilayət müəllim orijinal və bir-birindən dəyərli araşdırmaları ilə filologiya elminə və türkologiyaya əvəzsiz xidmətlər edir, bu yolda həm də gələcək tədqiqatçılar üçün çığır açır. Vilayət müəllim bu günə qədər çap olunan "Mirzə Kazımbəy", "Ağaoğlular", "İsa Sultan Şahtaxtinskinin qəribə həyatı", "Tarixdə iz qoyan şəxsiyyətlər", "Böyük əkinçi: Həsən bəy Zərdabi" kimi ölümsüz tədqiqatları ilə, L.Qumilyovun "Qədim türklər", Ə.Cəfəroğlunun "Seçilmiş əsərləri", C.Oruellin "1984"ünü və Ə.Topçubaşovun "Parisdən məktublar"ını orijinaldan tədqiq və tərcümə etməklə neçə-neçə görkəmli şəxsiyyəti və dəyərli əsərləri Azərbaycana, Türk dünyasına tanıdıb. Əlbəttə, belə çətin və son dərəcə dəyərli işlərin öhdəsindən gəlmək üçün həm də bu araşdırmalara könül vermək lazım idi. Bilirik ki, bəzi araşdırmalar elmi dərəcələr, elmi adlar almaq və sair məqsədlər üçün yerinə yetirilir. Ancaq bəzi tədiqatlar üçün heç bir gözlənti olmur, bu, ürəkdən gələn, könül işi olur. Vilayət müəllimin də araşdırmaları məhz bu işlərə könül verməsindən irəli gəlir. Bu baxımdan da professor Vilayət Quliyev, özünün də qeyd etdiyi kimi, Bəkir Çobanzadə ilə bağlı araşdırmalarını qismən yekunlaşdırmış sayıla bilərdi, lakin bununla kifayətlənməyə könlü razı olmur: "...düşündüm ki, həyatı amansızcasına yarıda qalmış böyük türk oğlunun Macarıstandakı silinməz izlərini, onun xalqı və mədəniyyəti ilə əlaqələrini daha da geniş araşdırmaq qismətimə düşən bir vəzifədir, bir tale yazısıdır..."

Kitabın mündəricatına nəzər saldıqda son dərəcə maraqlı başlıqlar istər-istəməz diqqəti cəlb edir. Fürsətdən istifadə edib Vilayət müəllimə təşəkkür edirik. Müəllif əsərin girişində səfir həmkarlarının tövsiyəsindən və kitabın necə ərsəyə gəlməsindən bəhs edir. "...Heç kəsin qarşıma vəzifə kimi qoymadığı, amma araşdırılmasını sadəcə içdən gələn borc, mənəvi vəzifə saydığım mövzunu əvvəl bir, yaxud bir neçə məqalə şəklində işıqlandırmaq niyyətində idim. Səfir kimi fəaliyyətə başlayanda bir neçə ay sonra ilkin araşdırmaların nəticəsi kimi qələmə aldığım "Bəkir Çobanzadə Budapeştdə" adlı irihəcmli yazım "525-ci qəzet"in iki sayında çap olundu. Bakıda ənənəvi laqeydlik və sükutla qarşılanan məqalələr, bir az qəribə görünsə də, buradakı türkoloqların diqqətini çəkdi. Gözləmədiyim halda macar dilinə tərcümə olunub ayrıca broşür şəklində çap edildi".

Daha sonra kitabın yazılma prosesindən danışan müəllif qeyd edir ki: "Yaradıcı insanların ömür yolunun yerli-yataqlı öyrənilməsi üçün bəzən onların yaşadıqları şəhərlərin küçələrini gəzib-dolaşmaq, tənəffüs etdikləri hava ilə nəfəs almaq hansısa qaynaqları öyrənməkdən az əhəmiyyət kəsb etmir. Çünki yanlız kitabxana və arxivlərdə çalışmaq baxımından deyil, aura və ruh anlamında da Budapeştdə yaşamadan, macar Ovalığının göz işlədikcə uzanan ənginliklərinə baş vurmadan "Bəkir Çobanzadə və Budapeşt" mövzusunu işıqlandırmaq o qədər də asan deyildi..."

Müəllif əsərin "Bizim Bəkir Çobanzadə" bölməsində yazır: "Necə ki, Qədim Yunanıstanın yeddi şəhəri Homerin vətəni adlanmaq şərəfinə iddia etmişdi. Bəkir Çobanzadə də eyni məntiqlə övladı olduğu Krım türkləri ilə bir sırada Anadolu, Azərbaycan, Volqaboyu Qafqaz, Mərkəzi Asiya və Sibir türkləri üçün yaxın və qiymətli sayılmalıdır. İstər ad və soyad etibarı ilə bizlərdən əsla seçilməməsi, istərsə də həyatının yetkin, məhsuldar dövrünü ölkəmizdə keçirməsi, Azərbaycan elmi qarşısındakı xidmətləri baxımından Bəkir Çobanzadə təkcə filoloq, yaxud tarixçinin deyil, hətta sıravi vətəndaşın nəzərində də yüzdə yüz azərbaycanlıdır!"

Bildiyimiz kimi, B.Çobanzadə çoxşaxəli elmi və ictimai fəaliyyətində bir çox ölkələrdə (Azərbaycan, Ukrayna, Türkiyə, Macarıstan və b.) yaşayıb-yaratmışdı. Məhz bu baxımdan da bir çox ölkələrdə onun barəsində çoxlu əsərlər yazılıb, tədqiqatlar aparılıb. Müəllif bununla bağlı "...əsərlərinin nəşrinə, çapdan çıxan kitablarının sayına gəldikdə isə burada birincilik çələngi, şübhəsiz, Azərbaycana məxsusdur. 1923-1930-cu illərdə Bakıda Bəkir Çobanzadənin 10 kitabı işıq üzü görüb. Bəzi nümunələrinin həmişəlik itirildiyi zəngin elmi irsindən əldə qalanların toplandığı ilk mükəmməl kulliyyatı - "Seçilmiş əsərləri" 5 cildiliyin də Azərbaycan alimlərinin səyi ilə bizim günlərdə Bakıda" çap edildiyini vurğulayır.

Əsərin "Lomonosov sindromu" bölməsi diqqəti cəlb edir. Müəllif bu bölmədə B.Çobanzadənin həyatının xronoloji ardıcıllığını pozaraq XX əsrin əvvələrinə Krımın Qarasubazar adlı kiçik qəsəbəsinə ziyarət edir. Tədqiqat əsərində müəllif yazır: "Lomonosov kimi, Bəkir Çobanzadə də yoxsul ailədə doğulmuşdu. Sonralar şeirlərində nəslində zadəganların, adlı-sanlı bəylərin olmadığını yazırdı. Atası, xalq arasında Qurd Vahab kimi tanınan Vahab həqiqətən də çoban idi. Budapeşt universitetində təhsilini başa vuran Bəkir bu ailə peşənin adını özünə rəsmi soyad kimi götürmüş, elm aləmində Çobanzadə kimi məhşurlaşmışdır".

"İstanbulda. Qalatasaray Sultaniyəsi" bölməsində müəllif, Bəkir Çobanzadənin 1909-1914-cü illəri əhatə edən İstanbul dövrünün çox az öyrənildiyini təəssüf hissi ilə qeyd edir. "İstər Türkiyədə yaşayan krımlı müəlliflər, istərsə də türk tədqiqatçıları bu mərhələni ilkin mənbələr və arxiv sənədləri əsasında daha geniş araşdırmaq imkanına malik olsalar da, nədənsə mövcud fürsətdən yararlanmayıblar".

Əsərin ən diqqətçəkən bölmələrindən biri "Turan çətiri altında" adlanır. Müəllif bu fəsildə Bəkir Sidqinin ali təhsil alması üçün Macarıstanı seçməsindən və burdakı "Turan" məcmuəsindən və "Turan" cəmiyyətinin türk dünyası ilə bağlı fəaliyyətlərindən danışır. Bildiyimiz kimi, həmin dövr çox qarışıq bir dövrə (1914-cü il Birinci Dünyası müharibəsi) təsadüf etdiyindən türk dünyasının milli birliyi, Turançılıq ideologiyası ilə bağlı mübarizə aparmaq heç də asan deyildi. Müəllif əsərin bu hissəsində Mustafa Kamal Atatürkün fəal silahdaşlarından biri kimi tanınan Xalidə Ədib Adıvardan, türkçülük hərəkatının ideoloqlarından Ziya Göyapldan, macar şairi Arpad Zemplenyidən, Turan idealının şairlərindən, azərbaycanlı şair və filosof Hüseyn Caviddən, Macarıstanda fəaliyyət göstərən "Turan" məcmuəsinin ilk redaktoru Alois Paikertdən, "Turan" cəmiyyətinin sədri Dyula Pekerdən və nəhayət bu hərəkata könül və ömür vermiş "Tərcüman" qəzetinin naşiri, böyük türkçü ideoloq İsmayıl bəy Qaspıralının Turançılıq və türkçülük fəaliyyətlərindən danışır.

Müəllif əsərin "Əsirin" əsirlərə sözü" bölməsində olduqca maraqlı və mübahisəli məsələlərə işıq tutmağa çalışır. Əsərin bu hissəsində Bəkir Sidqinin Macarıstandakı tələbəlik illərindən söz açır. Dövr o qədər qaranlıq və qarışıq idi ki, Bəkir Sidqi təhsil dönəmində Macarıstanda təhsil alan krımlı tələbələrlə, gənclərlə görüşməyə belə ehtiyat edirdi. Müəllif bunu "Bəkir Sidqinin nə vaxtsa kiçik vətəninə - Krıma qayıdacağını göz önünə alıb rus administrasiyası ilə problem yaratmamaq üçün işlərini ehtiyatlı tutmağa" çalışmasıyla əlaqəli olduğu qənaətinə gəlir.

Bu bölmədə maraq kəsb edən digər bir məsələ isə 1914-1916-cı illərdə baş verən döyüşlər zamanı Avstriya-Macarıstanın çoxlu sayda rus əsgər və zabitini əsir alması, onları dini mənsubiyyətə görə ayırması, onlardan Kazan, Mişer, Krım tatarları, başqırd, noqay, qumuq, türkmən, qafqazlı və dağıstanlılardan ibarət 40 min əsiri Macarıstanda, Esterqom və Eger yaxınlığındakı düşərgələrdə saxlaması faktıdır. Burdakı maraqlı məqam düşərgədə saxlanılan hərbi əsirlərlə müəyyən vaxlarda Bəkir Sidqinin görüşüb-görüşməməsi məsələsi idi. Müəllif əsərdə bir çox tədqiqatçıların fikirlərinə istinad edərək Bəkir Sidqinin düşərgədə saxlanılan əsirlərlə görüşüb-görüşməməsi məsələsinin mübahisəli olduğunu vurğulayır.

Tədqiqatçı bununla bağlı qeyd edir: "Əsirlərlə görüşə bilməsə də, onlar haqqında daim düşünürdü. Bu talesiz insanlara heç bir kömək göstərə bilməməsi onu daxilən sıxırdı. Məsələnin mətbuat səhifələrinə çıxarılmasının yolverilməz olduğunu da yaxşı başa düşürdü. Ona görə də düşüncəsini daim məşğul edən türk-tatar müharibə əsirləri mövzusuna əsas etibarı ilə poetik yaradıcılığında yer ayırmışdı. "Öz müharibələrində" vuruşmayan soydaşlarının faciəli taleyi ilə bağlı duyğular da bariz şəkildə 1917-ci ilin dekabrında yazılmış "Bir əsirin baş daşına" şeirində öz əksini tapmışdı".

Əsərin "Tapılmayan dissertasiya" hissəsində oxuyuruq: "Bəkir Sidqinin təhsilini başa vurması ilə bağlı macar dilində yazlmış və çox güman ki, avtoqraf olan sənədi ilk dəfə polyak türkoloqu Henrix Yankovski aşkara çıxararaq Macarıstan EA-nın "Acta Orientalia" məcmuəsində çap etdirmişdir". Əsərdə diqqəti çəkən bir başqa maraqlı məqam B.Çobanzadənin elmi işinin adı məsələsidir. Çünki bu günə qədər dissertasiya mövzusunun adı ilə bağlı bir çox fərqli yanaşmalar var. Müəllif bununla bağlı qeyd edir: "Professor Bəkir Çobanzadə Bakıda rus dilində yazdığı son rəsmi tərcümeyi-halında elmi işinin adını "Qıpçaqların "Kodeks Kumanikus" yazılı abidələri və türk dillərində tələffüzün əsas problemləri" şəklində göstərmişdi. Əsər, adından da göründüyü kimi, özünəməxsus antologiya, hətta ensiklopediya (üçdilli lüğət, danışıq kitabçası, çeşidli dini və ədəbi mətnlər və s.) xarakteri daşıyan və daha çox praktiki məqsədlərlə yazıya alındığı şübhə doğurmayan Krım mənşəli orta əsrlər türk mətnlərinə  - kuman (polevets) abidəsi "Codex Cumanicus"a ("Kodeks Kumanikus"), yaxud "Kuman kitabına" həsr olunmuşdu".

Əsərin diqqəti cəlb edən bir başqa bölməsi "Türk ellərinin elçisi" adlanır. Müəllif bu hissədə Bəkir Çobanzadənin Budapeştdə tək təhsil və elm deyil, həm də həyat universiteti keçməsindən danışır. Çünki Bəkir Sidqi Çobanzadə Macarıstanda Avropa tipli universitetdə təhsil alan ilk Krım türk idi. Bəkir Sidqi həm də Krım tatarlarının maraq və mənafeyinin müdafiəçisi kimi çıxış edirdi. Müəllifin qeyd etdiyi kimi, o, özü uzaq Macarıstanda, bəlkə də, "tənha döyüşçü" kimi görünə bilərdi. Ancaq soydaşlarından bir qayda olaraq ümumtürk və ümumislam birliyi kontekstində söz açırdı. Bununla bağlı müəllif qeyd edir: "Baron Yozef Eötvöş tələbə kollegiumunun üzvü Bəkir Sidqi imzası ilə 1918-ci ildə "Turan" dərgisində çap etdirdiyi "Rusiya tatarlarının mədəni inkişaf cəhdləri" adlı irihəcmli məqaləsində müəllif tək Krım türklərinin deyil, çarizm əsarəti altında yaşayan digər türk əsilli xalqların mədəni-mənəvi həyatını, milli özünüdərk mübarizəsinin tarixini izləməyə və macar oxuculara çatdırmağa çalışmışdı. Yazının başqa bir mətbu orqanda deyil, məhz "Turan" səhifələrində çapı Bəkir Sidqinin turançı qüvvələrlə işgüzar əlaqələrindən, bəzi məsələlərdə onların mövqelərinə yaxınlaşmasından xəbər verməkdədir".

"Budapeştdə yazılmış Krım hekayələri", "Budapeşt şeirləri" bölmələri də əsərin maraqlı hissələridir. Müəllif burada qəmi sevincindən, əndişəsi rahatlığından çox Krım tatarlarının həyatının Bəkir Sidqinin poetik və publisist yaradıcılığı kimi, hekayələrinin də mərkəzində dayandığını qeyd edir. "Hekayələrin, demək olar ki, hamısında avtobioqrafik çalarlar üstünlük təşkil etməkdədir. Çünki onların hamısında müəllifin bu və ya digər dərəcədə öz həyatında yaşadığı, müşahidə etdiyi, yaxud eşitdiyi hadisələr və insan tipləri sırf fərdi və milli çalarları ilə təsvir olunur..." Müəllif Bəkir Sidqi Çobanzadənin poetik yaradıcılığının ən intensiv, məhsuldar dövrünün Budapeşt illərinə təsadüf etdiyini yazır.

Əsərin "Bilmirəm, türkdür, ya tatardır adın..." bölməsində müəllif yazır: "Bəkir Çobanzadənin poetik yaradıcılığından qırmızı xətlə keçən əsas mövzular arasında ilk yerdə, şübhəsiz, türk-tatar dili, daha geniş anlamda ana dili məsələsini dayanır. Şeirlərində sıx-sıx müraciət olunan Vətənin taleyi, Krımın tarixi keçmişi və müasir dövrdəki acınacaqlı vəziyyəti, soydaşlarının yaşamı, gələcəklə bağlı arzuları və digər mövzular da birbaşa, yaxud dolayı yolla ana dili, onun xalqın həyatında, taleyində oynadığı mühüm rolla bağlıdır". Müəllif əsərdə Krım əsilli türkiyəli tədqiqatçı İsmail Otar öz tədqiqatlarında Bəkir Çobanzadə yaradıcılığında ana dili və yurd mövzusuna tez-tez müraciətin səbəblərindən bəhs edir: "Yetişdikcə şair olurdum. Şeirlərim öz mayasını tənha, yoxsul, başı dərdlər çəkən qazax ellərindən, ağır boyunduruq altında inləyən tatarların türkü və şərqilərindən alırdı. Sonra həmin şeirlərin coğrafiyası genişlənərək İslam Şərqini, hətta müsəlman dünyasını əhatə edəcək, arada Bayronvari "dünya" kədəri" ünsürləri ilə də zənginləşəcəkdi..."

Müəllif əsərin "Əlavələr" bölməsində Bəkir Çobanzadənin Budapeşt dövrü yaradıcılığını əhatə edən, Krım türkcəsindən Azərbaycan dilinə uyğunlaşdırdığı poetik parçalar və şeir nümunlərini vermişdir.

Əsərin son bölməsi olan "Fotoblok" hissəsində Bəkir Çobanzadənin həyatının müxtəlif dövrünə aid şəkillər, yaşadığı və təhsil aldığı yerlərin, sənədlərin və kitablarının fotoları toplanmışdır.

Yekun olaraq, deyə bilərik ki, professor Vilayət Quliyev tərəfindən hazırlanan "Bəkir Çobanzadə: Budapeşt illəri" əsəri son dərəcə maraqlı və zəngin məlumatları özündə birləşdirən dəyərli bir araşdırmadır. Yeni qaynaq və arxiv sənədləri, xüsusən də macar mənbələrindən götürülmüş materiallar əsasında Krım-tatar əsilli görkəmli türkoloq Bəkir Sidqi Çobanzadənin həyatının Budapeşt dövrünün araşdırılması bu sahədə aparılacaq tədqiqatlara uğurla bələdçilik edəcəkdir. Əsərin türkoloji tədqiqatlara faydalı olacağına böyük inam bəsləyirik.

 

Elçin İBRAHİMOV

ADU Türkiyə Araşdırmaları Mərkəzinin müdiri Filologiya üzrə fəlsəfə doktoru, dosent

Elchinibrahimov85@mail.ru

525-ci qəzet.-  2024.- 5 mart, №42.- S.12;13.