"Azərtac" nə
vaxt yaradılıb?
AZƏRTAC - Azərbaycan Dövlət İnformasiya
Agentliyi (Acentəliyi - A.R.) bu il mart ayının 1-də 104
yaşının tamam olması barədə "Azərbaycanın
dünyaya açılan informasiya pəncərəsi"
adlı bioqrafik yönümlü yazı yayımladı.
Burada bildirilirdi: "1920-ci il martın 1-də fəaliyyətə
başlayan Agentlik müstəqil xəbər mənbəyi
kimi cəmi 58 gün yaşaya bildi..."
Xatırladım ki, AZƏRTAC haqqında ilk dəfə
34 il əvvəl - 1990-cı ilin may ayında "Azərinfor"mun
böyük qardaşı" adlı bir məqalə yazaraq
"Azərinform"a getdim. Orada şöbə müdiri
Əsildar Hüseynov ilə görüşdüm və məqaləmi
ona təqdim etdim. Əsildar müəllim həcm etibarilə
yığcam olan yazımı nəzərdən keçirərək
çox bəyəndiyini bildirdi və mövzu ilə əlaqədar
xeyli suallar verdi. Həmin gün "Azərinform"dan sevinc
və razılıq hissi ilə ayrıldım.
1990-cı il 23 may tarixində bir sıra mətbuat
orqanlarında, o cümlədən, "Kommunist" qəzetində
məqaləm söhbət şəklinə
uyğunlaşdırılaraq "Azərinform"un
adından yayımlanmışdır. Bəzi məqamları
diqqətə çatdırmaq yerinə düşərdi:
"Azərinform"un "böyük qardaşı".
"Azərinform"un 70 illik yubileyi yenicə qeyd
edilmişdir. Bu günlərdə isə bir gənc alim Azərbaycan
Elmlər Akademiyası Nizami adına Ədəbiyyat
İnstitutunun əməkdaşı Asif Rüstəmli(ov)
redaksiyaya gəlmiş və ...Azərbaycan Demokratik
Respublikası dövründə mövcud olmuş informasiya
orqanı - "Azərtac" Teleqraf Agentliyi haqqında
material gətirmişdir.
Onun söhbəti, gətirdiyi materiallar o qədər
maraqlı idi ki, biz oxucularımızı onlarla tanış
etməyə qərara aldıq. Alim bizə
aşağıdakıları söylədi"
("Kommunist" qəz., Bakı, 1990, 23 may, №112, səh. 4).
Həqiqətən də söylədiklərimin
içərisində belə bir fikir də var idi: "Nəhayət
belə texniki baza, lazımi mütəxəssislər
olduğunu nəzərə alaraq 1920-ci ilin martın 1-də
ADR Nazirlər Şurası yanında ilk Azərbaycan Teleqraf
Agentliyi - "Azərtac" yaradılmışdır".
1990-cı ilin mayı... Hələ Azərbaycan
dövlət müstəqilliyini bərpa etməyib. Sovet
rejiminin antimilli yasaqları hələ qüvvədədir...
Cümhuriyyət dövrünün qəzetləri ilə
tanışlıq mümkün olsa da, arxiv sənədləri
hələ "Tam məxfi" qrifi altında qalır...
Məqaləmin məramı "Azərtac"ın
1920-ci ilin martında erməni separatçıları
haqqında yayımladığı informasiyaların 70 ildən
sonra da öz aktuallığını qoruyub
saxladığını diqqətə çatdırmaq idi. Azərbaycan
Teleqraf Acenteligi - "Azərtac"ın 1920-ci il martın
4-də "Azərbaycan" qəzetində dərc etdirdiyi məlumatlarda
deyilirdi:
"QAÇQINLARIN VƏZİYYƏTİ HAQQINDA.
Qaryagin, 28 fevral. Zəngəzur mahalı
qaçqınlarının vəziyyəti olduqca
ağırdır. Hər yerdə qırğınlar törədilir,
yoluxucu xəstəliklər yayılır. Səhiyyə
Nazirliyinin mütəxəssisləri dərhal buraya gəlməlidirlər.
İşgüzar adamların da hərtərəfli
yardımına ehtiyac var.
ERMƏNİ ARAQIZIŞDIRANLAR.
Şuşa, 1 mart. Mötəbər mənbələrdən
məlum olmuşdur ki, Qarakənd və Vəng kəndlərinə
gizlincə gələn ermənistanlı təşviqatçılar
dinc əhalini Azərbaycan hökumətini tanımamağa
çağırırlar. Təşviqatçıların
qızışdırdıqları bu kəndlərin
camaatı silaha sarılaraq Ağdamdan Qaryaginə və oradan
qayıdan müsəlmanlara basqın etməyə
başlamışlar.
ERMƏNİLƏR QOŞUN YIĞIRLAR
Şuşa, 2 mart. Alınan xəbərlərə görə,
Şuşaya basqın etmək üçün Dronun
başçılığı altında Gorusa ermənilərin
böyük qüvvələri toplanmışdır. İrəvandan
himə bənddirlər" ("Kommunist" qəz.,
Bakı, 1990, 23 may, №112, səh. 4).
Azərinformda təqdim etdiyim mətnin dili müasirləşdirilmiş,
"Qaçqınların halı" əvəzinə
"Qaçqınların vəziyyəti haqqında"
yazılmış, "Erməni təşviqatçıları"
yerinə "Erməni araqızışdıranlar" və
s. kəlmələr yer almışdır
Zəngəzur (Qarabağ) qaçqınları ilə
bağlı "Azərtac"ın Qaryagindən 28 fevral
(şübat) tarixində göndərdiyi informasiya "Azərbaycan"
qəzetinin 4 mart 1920-ci il tarixli sayında dərc
edilmişdir. Yalnız bu faktın özü "Azərtac"ın
1 mart tarixindən əvvəl yaradıldığını və
fəaliyyət göstərdiyini təsdiqləyir.
Güman etmək çətin idi ki, 34 il əvvəl
qəzet materiallarına əsasən irəli sürülən
mülahizə sonralar mötəbər sənəd kimi qəbul
olunaraq "Azərtac"ın 1 mart 1920-ci ildə
yaradılması tarixinin müəyyənləşdirilməsində
əsas arqument kimi qəbul ediləcəkdir. Əslində Azərtacın
yaradılması tarixi arxiv sənədlərinə,
Cümhuriyyət Hökumətinin qərarlarına əsasən
müəyyən olunmalı idi. O vaxtlar "Tam məxfi"
qrifli sənədlərlə tanış olmaq səlahiyyətlərindən
məhrum olunmuşduq.
İndi isə Azərbaycan Cümhuriyyəti Hökumətinin
Azərbaycan Teleqraf Acentəligi - "Azərtac"ın
yaradılması haqqında qərarın surətini oxuculara təqdim
edirəm: "Azərbaycan Cümhuriyyəti Hökumətinin
3 mart 1919-cu il Qərarları jurnalından (Protokol-A.R.)
ÇIXARIŞ.
Eşidildi: Azərbaycan Teleqraf Acentəliginin təşkili
haqqında Nazirlər Şurası sədrinin məruzəsi.
Qərar: Azərbaycan Teleqraf Acenteliginin təşkil
edilməsi Xalq Məarif nazirinə tapşırılsın.
Əsli ilə düzdür: Katibin köməkçisi
Nəcəfov".
Cümhuriyyət dövründə Azərbaycan
Teleqraf Acenteligi yaradılana qədər mətbuat
orqanlarında ən çox Böyük Britaniyanın
"Reuters" ("Röyter") Agentliyinin məlumatlarından
bəhrələnilirdi. Azərbaycan Cümhuriyyəti
Hökumətinin 3 mart 1919-cu il qərarından sonra simsiz
teleqraf makinalarının Avropa ölkələrindən
alınması üçün maliyyə vəsaiti və fəaliyyət
üçün yer
ayrıldı. Agentliyin hazırlıq işlərinə
beş aya qədər vaxt sərf edildi. 1919-cu il 22 iyul tarixində
("Əkinçi" qəzetinin ilk sayının çap
edildiyi gün bəlkə də təsadüfi seçilməmişdir
- A.R.) agentlik "Azərbaycan Simsiz Teleqrafı" adı ilə
ilk informasiyalarını yayımlamağa başladı.
"Azərbaycan" qəzetinin 22 iyul 1919-cu il tarixli 231-ci
sayında dərc olunan "Kolçak arxasında",
"Arxangelski cəbhəsində", "Amerika əsgərləri",
"Trotski - Denikin haqqında", "Ukraynada",
"İngiltərədə tətil", "Alman gəmilərinin
qərqi haqqında", "Amerika və Yevropa",
"İtaliyada inqilab varmı?", "Bolşeviklərin məlumatı",
"Yekatrinoslavın işğalı", "Müsəlmanlarda
inqilab ruhu" və s. adlı yığcam informasiyalar ilk
milli agentliyimiz olan "Azərbaycan Simsiz
Teleqrafı"nın məhsulu idi
Beləliklə, 3 mart 1919-cu il Azərbaycan Teleqraf
Agentliyinin - AZƏRTAC-ın Cümhuriyyət Hökuməti tərəfindən
rəsmi olaraq yaradıldığı gündür.
Bu gün müstəqi, azad, qüdrətli ölkəmizdə
yüzilüstü təcrübəsi, peşəkarlığı,
mobilliyi ilə dünyanın informasiya məkanında zəka,
təfəkkür, məntiq ilə
"silahlanmış", özünə layiq yer tutan Azərbaycan
Dövlət İnformasiya Agentliyinin - AZƏRTAC-ın 105
yaşı tamam olur.
Çoxşaxəli, çoxçeşidli informasiya
fəaliyyətində dəqiqlik, həqiqilik, qərəzsizlik,
operativlik prinsiplərini prioritet sayan AZƏRTAC-ın yaranma
tarixində yol verilmiş yanlışlığın aradan
qaldırılması üçün müdrik və cəsarətli
addımlar atılacağına inanırıq.
Gəncə-Bakı.
2-3 mart 2024
Asif RÜSTƏMLİ
Filologiya elmləri doktoru, professor
525-ci qəzet.- 2024.- 5
mart, №42.- S.11.