Mədəni-mənəvi
intibah
"TARİXİ FÜRSƏT", ADİ VƏ ALİ AZƏRBAYCAN
NƏDİR?
30 illik ideoloji yükdən sonra Azərbaycan öz
müstəqilliyi dövründə ilk dəfədir ki, yeni səhifədən
başlaya biləcək. Artıq heç bir
asıllılığı və keçmişdən miras
qalan fəlsəfi, mental, mənəvi borcu yoxdur. Belə
dövrlər ümidverici olduğu kimi, həm də təhlükəlidir.
Məqsəd və məna boşluğuna düşən
kütlə yiyəsiz uşaq kimidir. İdeoloji boşluq bir
çox hallarda azğınlıq, cahillik, deqradasiya və
cinayətkarlıqla nəticələnə bilər. Ən
yaxşı halda isə ruhsal eniş və mental
durğunluğa səbəb ola bilər. İdeoloji boşluq
xarici qüvvələr üçün münbit şərait
də yarada bilir, çünki boş yeri doldurmaq adətən
daha asan olur.
Mədəni-mənəvi intibah Azərbaycanın
inkişafı və özünə dönüşü
üçün həyati vacib məsələdir. Dövlətin
bu yolda fəaliyyət planı olsa da, bir qayda olaraq belə
tarixi hadisələr heç vaxt mərkəzləşdirilmiş
olmur və yalnız ən aşağılardan, xalqın
özündən, kökündən, genetik yaddaşından
qaynaqlanır. Əks təqdirdə süni və təməlsiz
bu proses kökü olmadığı üçün
budaqlanmaz.
MƏDƏNİ-MƏNƏVİ İNTİBAH
NƏDİR?
Mədəni-mənəvi intibah özündə iki məfhumu
birləşdirir - mədəniyyət və mənəviyyat.
Bir-birinə bənzər olsa da, bu amillər fərqlənir və
biri olmadan digəri həqiqi mütləq intibahı gətirə
bilməz. Mədəniyyət və mənəviyyat sanki iki
dirəkdir. Məhz bu dirəklər üzərində bir
xalq, bir ölkə olaraq fövqəl nəticələrə
çata bilərik.
İNQİLAB YOX - İNTİBAH
İntibah və inqilab son məqsəd etibarilə bənzər
olsalar da, aralarında böyük fərq var. İnqilab əvvəlkini
sökmək və yerinə yeni bir şey tikməyi nəzərdə
tutur. İnqilab bütün keçmişi problem kimi göstərir,
problemlə savaşır, amma çox vaxt əvəzində
bir çıxış yolu, konstruktiv təklif irəli
sürmür. Dünya tarixində minlərlə inqilab olub,
onların bir hissəsi xoşbəxt sonluqla bitsə də,
böyük hissəsi dövlətlərin, imperiyaların
dağılmasına, xalqların məhvinə, bəzən
kütləvi soyqırıma və vətəndaş
müharibəsinə səbəb olub. İnqilablar həm
daxildən, həm də xaricdən maliyyələşə,
ruhlandırıla bilər və öz məqsədini güdən
böyük yad qüvvələrə xidmət edə bilər.
İnqilab kəsib tullamaqdır, inqilab özünü tərk
etməkdir, inqilab satılmaqdır. İnqilab nifrət və
qorxudan doğur! İntibah isə sevgi və inamdan.
İnqilabdan fərqli olaraq intibah yaralı yerləri kəsib
atmır, onları daxili güc ilə müalicə edir,
sağaldır. İntibah boşanma deyil, evdən qaçma deyil,
evi yandırmaq deyil - ailənin bir araya gəlməsidir.
İntibah təbiətin çiçəklənməsi
kimidir. Xalqın içindən doğar və xalqa xeyir gətirər.
İntibah qılınc və qan deyil, zəka və
ruh vasitəsilə baş verir.
İntibah hər zaman bir dirçəliş, bir
inkişaf deməkdir. İntibah hegemonluğa can atmır,
intibah özünə sahib olmağa, özünü qəbul
edib, özündən yetişməyə, kökündən
budaqlanmağa çağırır.
İnqilab keçmişinə, özünə,
tarixinə və dahilərinə nifrət edir. İntibah isə
keçmişin üzərindən xətt çəkmir, əksinə,
keçmişə boylanır və unudulmuş, toz altında
qalmış dəyərləri çıxarıb
işıqlandırır. İntibah müasirliyin ən
gözəl cəhətləri ilə ənənələrin
və milli mənəvi dəyərlərin simbiozundan, yəni
uzlaşmasından yaranır.
İnqilablar çox zaman hakimiyyət uğrunda
vuruşan qüvvələrin xeyrinə və ya ziyanına
olur. Xalqın sadə üzvləri isə sürətli dəyişikliklərlə
üzləşirlər, bu da qeyri-sabitlik, faciə, əzab və
xaos gətirir. İntibah isə içdən doğan günəş
kimi, bütöv cəmiyyətin ruhunu həyəcanlandırır,
amma həm də xalqın hər bir fərdinə də xeyirli
və faydalı olur.
MƏDƏNİ-MƏNƏVİ İNTİBAH
BİZDƏN BAŞLAYIR
Azərbaycan hazırda çox unikal tarixi bir zaman kəsiyindədir.
Azərbaycan müstəqildir, geosiyasi addımlarında
azaddır və ən əsası hegemon ideoloji basqı
altında deyil. Xalq heç bir xarici təsirə düşməyib,
heç bir xurafata və neo-xurafata uymayıb. Bu isə
dövlət üçün də, xalqın hər bir
üzvü üçün də yaşıl işıq deməkdir.
Bu zaman kəsiyi 5 il, 10 il ola bilər. Bu tarixi zamana
"tarixi fürsət" deyək. Əgər dövlət
və xalq əlbir olub bu zamandan düzgün istifadə edə
bilsə, Azərbaycan böyük bir mədəni-mənəvi
sıçrayış etmiş olacaq. Belə
sıçrayış təkcə ruhsal deyil, həm də
iqtisadi, siyasi və elmi inkişafa səbəb olacaq.
Biz azərbaycanlılar fərasətli olsaq, bu andan
istifadə edə bilsək, bütün gələcək nəsillərin
duasını qazanacaq və azadlığımızı
qoruyub saxlayan, qanları bahasına bizə ötürən
bütün keçmiş nəsillər qarşısında
tarixi borcumuzu vermiş olacağıq.
Bu andan istifadə edə bilməsək, bu qapı uzun
əsrlər qapana bilər, bəlkə heç vaxt
açılmaz da. Tarixə boylanıb baxsanız görə
bilərsiniz ki, min illik tariximiz boyu bu cür "tarixi fürsət"
dəhlizlərimiz olub. Bəzilərindən doğru istifadə
edə bilmişik, bəziləri isə bizdən yan
keçib. İndi də bənzər zamanda
yaşayırıq. Qısa bir "tarixi fürsət" dəhlizimiz
var.
Bir xalq olaraq seçim özümüzdədir.
Mənəviyyatımızı zənginləşdiririk
- ya da şəhvətimizə və xislətimizə qul
oluruq.
Mədəni inkişaf edirik - ya da
bayağılaşır, gündəmə və məşiətə
bağlanırıq.
Özümüzə çevrilirik - ya da başqa mədəniyyətlərin
cildinə girməyə çalışırıq.
Fərdləşir və eqoistləşirik - ya da
şəxsiyyətləşir və cəmiyyətləşirik.
Dövlətləri güclü edən əsas amil nə
təbii resurslardır, nə iqtisadiyyatı, nə də
texniki inkişafıdır - xeyr! Bütün bunlar yan təsirlərdir,
nəticələrdir.
Bütün güclü dövlətlərin
inkişafının bir səbəbi var - Düşüncə
İntibahı.
İslamın gəlişindən yüzcə il sonra
səhralıqda yaşayan ərəb qəbilələri birləşir,
güclü Xilafətə çevrilir və Çinə
kimi gedib çıxırlar.
Resurslarımı artmışdı - xeyr.
Qonşularından seçilməyən qədim
Yunanıstan birdən-birə dünyaya fəlsəfə dahiləri
verir, dövlətçilik düşüncəsinin təməlini
qoyur.
Ordusumu etmişdi bunu - xeyr.
Renessans dövrü Avropada mədəniyyət, elm,
incəsənət və digər sahələrdə qeyri-adi
sıçrayışa səbəb olur.
İqtisadi inkişafmı səbəb olmuşdu -
xeyr.
"Güc, iqtisadiyyat və diplomatiya İntibahın
ikinci dərəcəli səbəbləridir, hətta nəticələridir".
İntibahın bünövrəsi, əsas səbəbi
insanların eyni ruh və eyni həvəslə ortaq mütləq
mənaya can atmasıdır. İnsanlar həyəcanlı və
həvəsli olur. Hər fərdin şəxsi məşiət
hədəfləri ilə yanaşı, həm də
böyük bəşəri hədəfləri olur.
Xalq doğru yöndə ilhamlanır və
qarşısına böyük məqsədlər qoyur. Məqsəd
nə qədər böyük olursa, xalq da bir o qədər
yetişir, yetkinləşir.
ADİ VƏ ALİ AZƏRBAYCAN
İndi Azərbaycan yol ayırıcındadır.
İki yoldan birini seçə bilər. Adi Azərbaycan və
ya Mədəni-Mənəvi İntibahı yaşamış
Ali Azərbaycan.
Adi Azərbaycan
Bu Azərbaycan təxmini təsəvvür etdiyimiz Azərbaycandır.
Bir az da varlanacaq, iqtisadi gücü çoxalacaq, insanların
rifahı artacaq, sosial məsələlər həll olunacaq.
Əşyaların - interneti və süni zəkanın
yardımı ilə bir çox sahələrdə gözlənilən
inkişaf gedəcək.
Yeni ticarət müqavilələri bağlanacaq, şəhərlər
salınacaq, təhsil mərkəzləri açılacaq. Gənclər
daha rəngarəng olacaq, şadlıq sarayları daha
işıqlı olacaq, şou proqramlar və filmlər daha həyəcanlı
olacaq. Azərbaycanlılar daha çox xarici ölkələri
gəzəcək və daha zövqlü paltarlar geyinəcək.
Nəqliyyat vasitələri daha rahat olacaq. Bakı Dubay kimi
gözəl və zəngin olacaq. Amma Dubayda olduğu kimi, bu
Bakıda da nə isə çatışmayacaq. Nə isə
yarımçıq, nə isə boş və təməlsiz
görünəcək. İnsanlar məna aclığında
küçədən küçəyə, dükandan
dükana, eyni yerləri dolanacaq. Mənəvi tənhalıq,
ruhsal boşluq yaşanacaq.
Ali Azərbaycan
Dünyanın başı özünə
qarışdığı bir zamanda Azərbaycanda qeyri-mərkəzləşdirimiş
unikal bir tarixi hadisə cücərəcək. Hər bir azərbaycanlının
daxilində mədəni-mənəvi intibah yetişməyə
başlayacaq. Hər bir azərbaycanlı bayağı dəyərlərdən,
pis vərdişlərdən azad olduqca mütləq dəyərlərə,
tarixi mənaya xərcləyəcək daha çox vaxtı və
mental resursu yaranacaq. İntibah bayrama bənzəyəcək!
Adi sıradan bir günü Novruz bayramından fərqləndirən
nədir ki? Sadəcə xalqın kütləvi məmnunluğu.
Bizə heç kəs həmin gün pulsuz un paylamır, amma
bütün evlərdə şirniyyat bişir.
Maaşımız artmır, amma atılan özgə papaqlara
mütləq pay qoyuruq. Heç kəs bizə ev vermir. Amma bir-birimizin
evinə qonaq gedirik. Elə köhnə evimizdə, darısqal
masalarda bütün qonaqlarımıza yer tapılır. Bu
bayramı bizə nə Avropa verir, nə neft yataqlarından
çıxır, nə iş yerimizdə məcbur edirlər
- bu bayramı biz özümüz özümüzə edirik.
İntibah da belədir.
Ali Azərbaycanda - İntibah bitməz bir bayram kimi hər
gün xalqın hər bir üzvünün ruhunda qaynayacaq. Mədəni-mənəvi
intibah insanlarımızı daha gözəl, daha savadlı,
daha maraqlı, daha dərin edəcək.
Aldıqlarımız yox, anladıqlarımız ilə
öyünəcəyik. Bir-birimiz ilə yox, dünya ilə
yarışacağıq. Sülh və əmin-amanlıqla
yaşayaraq həm də elmin, mənəviyyatın və mədəniyyətin
mərkəzi olacağıq. Seçilmək
üçün yox - nümunə olmaq üçün. Digər
xalqları əzmək üçün yox, onlara da xeyir vermək,
xidmət etmək üçün.
Məcburi yox, içdən doğan həvəsdən
yaranacaq bu intibah. Azərbaycanda dövlətçiliyin və
xalqın, ənənələrin və proqresin, cəmiyyətin
və şəxsiyyətin simbiozu, həmrəyliyi və
inteqrasiyası baş verəcək
Bərabərlik üçün yox - birgəlik
üçün.
Eynilik üçün yox - həmkarlıq
üçün.
Azərbaycan gənci kimə oxşamaq istədiyini kənarda-bucaqda
axtarmayacaq. Suallar içində batmayacaq, əksinə,
bütün ruhsal və mədəni suallara cavab tapmış
olacaq. Başqasına yox özünə dönəcək! Azərbaycan
özünü anladıqdan sonra, bünövrəsinə
vardıqdan sonra mərtəbələnəcək.
Azərbaycanın bu inkişafı digər qonşu
ölkələrə, mədəniyyətlərə
nümunə olacaq və bütöv dünyaya alternativ yol gətirəcək.
Ali Azərbaycanın mərkəzində maddiyyat deyil,
insan məfhumu duracaq!
Adi və Ali Azərbaycan - bu yolların hər ikisi
gözəldir, müsbətdir. Kaş ki bunlardan biri olsun! Belə
düşünən də olar ki, nəyə gərəkdir
böyük inkişaf, elə gül kimi yaşayırıq
da?
Amma sizdən ricam budur ki, dünyanın hansı tarixi
anda olduğuna diqqət yetirəsiniz. Qarşıdan gələn
böyük dəyişikliklərə tab gətirə biləcəyikmi,
mədəni-mənəvi qalalarımız dünyanın yeni
ideoloji hücumlarına dözə biləcəkmi? Azərbaycan
dövləti yeni geosiyasi layihələrin bir parçası
olduqda Azərbaycan insanı necə, bu birləşmədə
özlüyünü itirəcəkmi? Gözlənilməz
geopolitik xaos zamanı bir-birimizi didəcəyik, yoxsa bir-birimizə
arxa olacağıq?
Bayağılıqda batmış xalqları
asanlıqla dövlətə qarşı, içindəki
kiçik xalqlara qarşı, özünü özünə
qarşı, yaxın qonşusuna qarşı çevirmək
olar.
Mənəvi-mədəni hazırlığı,
siyasi immuniteti olmayan cəmiyyəti iki günün içində
azğın və vəhşi kütləyə çevirmək
olar. Ətrafda baş verən tektonik sürüşmələri
görməyən kütləni qeyri-ənənəvi
müharibə üsulları ilə özünə
düşmən, bədəninə düşmən, ailəsinə
düşmən, ruhuna düşmən etmək olar.
Hazırda yaşadığımız stabillik və
mental azadlıq dövrü üçün bizim nəsilin
canını, zəkasını və zamanını fəda
edən qəhrəmanlar, milli liderlər və ruh adamları,
söz sahibləri və yaradıcı insanlar, alimlər və
maarifçilər, xeyriyyəçilər və iş adamları
- yəni işığı və parlaqlığı ilə
seçilən, ölkəmizə və xalqımıza
xeyirli olan bir neçə nəsil insanımız
qarşısında mənəvi borcumuz var.
Gəlin bu münbit mühitdən düzgün istifadə
etməyi bacaraq. Həm xalqımız üçün, həm
öz fərdi inkişafımız üçün.
Bütün bəhanələri kənara ataq,
çatışmayan cəhətlərin düzəlməsini
gözləməyə ömrümüz getməsin, əlimizdə
olanla başlayaq. Nə vaxtsa yox, bu gün başlayaq.
İçimizdəki zülmətə yox, işığa
cilovlanaq.
Bizim bugünkü öndə gedən
ziyalılarımız işıq sönəndə kitabı
şam işığında oxuyardı. Qaranlıq onlara maneə
ola bilmirdi. Bizə də bu cəhalət qaranlığı
mane olmasın. Düşünək, intibahın bizdən
başlaması üçün nə etməliyik!
Özümüzə, Ailəmizə, Xalqımıza, Dövlətimizə
və Dünyaya xeyirli bir nəsil olaq. Bu İntibahı istəməyin
təkcə özü artıq böyük və cəsarətli
addımdır. Əgər siz də bunu istəyirsinizsə,
deməli, intibah sizdən başlayır!
QARAQAN
525-ci qəzet.- 2024.- 5
mart, №42.- S.10;11.