AMEA-nın Ədəbiyyat İnstitutunun 90 illik yubileyi
qeyd olunub
Martın 4-də Azərbaycan Milli Elmlər
Akademiyası (AMEA) Rəyasət Heyətinin böyük akt
zalında Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunun 90 illik yubileyinə həsr olunmuş “Ədəbiyyatşünaslıq
elminin baş qərargahı: ənənələr, mərhələlər
və çağırışlar” mövzusunda yubiley tədbiri
keçirilib.
Tədbirdə Milli Məclisin deputatları, ali təhsil
ocaqlarının, müxtəlif qurumların təmsilçiləri,
AMEA-nın əməkdaşları və media mənsubları
iştirak ediblər.
525.az xəbər verir ki, əvvəlcə tədbir
iştirakçıları Ədəbiyyat İnstitutunun nəşrlərindən
ibarət sərgiyə baxış keçiriblər.
Yubiley tədbirini AMEA-nın prezidenti, Ədəbiyyat
İnstitutunun direktoru akademik İsa Həbibbəyli
açaraq qeyd edib ki, Azərbaycanda ədəbiyyatşünaslıq
tədqiqatlarının qədim tarixi və böyük ənənələri
var və dövrünün tanınmış simalarından
olan Xətib Təbrizinin apardığı sistemli elmi tədqiqatlarla
ədəbiyyatşünaslıq elminin möhkəm
bünövrəsi yaradılıb. O, həmçinin bildirib
ki, orta əsrlərin ədəbiyyat təzkirələri
özünün forma və məzmununa görə
dövrün ədəbiyyat antologiyaları və ədəbiyyat
tarixi materialları rolunu oynayıb.
“Bununla belə, Azərbaycanda peşəkar ədəbiyyatşünaslıq
Mirzə Fətəli Axundzadə ilə başlayıb. Mirzə
Fətəli təkcə Azərbaycan dramaturgiyasının və
bədii nəsrin deyil, həm də professional ədəbiyyatşünaslığın
da banisidir. Lakin etiraf etmək lazımdır ki, Azərbaycanda ədəbiyyatşünaslıq
müstəqil və sistemli elm sahəsi kimi XX əsrin əvvəllərində
yaranıb. Görkəmli ədəbiyyatşünas və
böyük ictimai xadim Firudin bəy Köçərlinin bu
dövrdə yazdığı məşhur “Azərbaycan ədəbiyyatı
tarixi materiallları” adlı çoxcildlik əsəri Azərbaycanda
professional ədəbiyyatşünaslığın ən
mühüm nailiyyəti sayılmağa tamamilə layiqdir”, -
deyə akademik İsa Həbibbəyli diqqətə
çatdırıb.
Sovet hakimiyyətinin ilk illərində, 1923-cü ildə
yaradılmış Azərbaycanı Tədqiq və Tətəbbö
Cəmiyyəti ilə Azərbaycanda elmin digər sahələri
kimi, ədəbiyyatşünaslıq elmi sahəsində də
ilkin təşkilatlanma işinin başlanmasına start
verildiyini deyən AMEA rəhbəri 1929-cu ildən etibarən
fəaliyyətə başlayan Azərbaycan Elmi-Tədqiqat
İnstitutunun strukturunda da ədəbiyyatşünaslıq
üzrə ayrıca bir istiqamətin olduğunu
vurğulayıb. Bildirib ki, 22 mart 1933-cü ildə SSRİ
Elmlər Akademiyasının Zaqafqaziya filialının Azərbaycan
şöbəsində Ədəbiyyat sektoru təşkil
edilib. Dövrün tanınmış tənqidçi və ədəbiyyatşünası
Əli Nazimin rəhbərlik etdiyi Ədəbiyyat sektoru ilə
gələcək Ədəbiyyat İnstitutunun əsası
qoyulub, 1935-ci ildə bu elmi qurumun bazasında Ədəbiyyat
İnstitutu təşkil olunub.
Sovet hakimiyyəti illərində Ədəbiyyat
İnstitutunda ədəbiyyatşünaslıq sahəsində
bir sıra mühüm elmi nəticələrin əldə
olunduğunu deyən AMEA prezidenti 1957-1960-cı illərdə
institutda çapa hazırlanan 3 cildlik “Azərbaycan ədəbiyyatı
tarixi”nin uzun dövr ərzində ölkəmizdə ədəbiyyatşünaslıq
sahəsində ən mötəbər elmi mənbə kimi qəbul
edildiyini vurğulayıb.
Akademik İsa Həbibbəyli qeyd edib ki, XX əsrin
50-80-ci illərində Ədəbiyyat İnstitutunda görkəmli
elm xadimləri akademiklər Məmməd Arif Dadaşzadə,
Məmməd Cəfər Cəfərov, Həmid Araslı,
Kamal Talıbzadə, müxbir üzvlər Əziz Mirəhmədov,
Yaşar Qarayev, professor Məmmədhüseyn Təhmasib tərəfindən
ədəbiyyatşünaslıq elminin ayrı-ayrı sahələri
üzrə elmi məktəblər yaradılıb və həmin
elmi məktəblərdən bir çoxu bu günə qədər
öz yolunu məhsuldar şəkildə davam etdirməkdədir.
Müstəqillik dövrünün Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutunun və Azərbaycan ədəbiyyatşünaslıq
elminin inkişafında xüsusi bir mərhələ kimi qiymətləndirilməli
olduğunu deyən natiq bildirib ki, bu dövrdən etibarən
bütövlükdə ölkəmizdə, o cümlədən
də Akademiya sistemində hakim olan müstəqil dövlətçilik
və azərbaycançılıq idealları Ədəbiyyat
İnstitutunun da elmi fəaliyyətinin əsaslarını təşkil
etməyə başlayıb.
AMEA rəhbəri Azərbaycan ədəbiyyatının
daha geniş və sistemli şəkildə, azərbaycançılıq
idealları və milli-mənəvi dəyərlər əsasında
araşdırılıb öyrənilməsini təmin etmək
məqsədilə 2013-cü ildən sonra Ədəbiyyat
İnstitutunda zəruri struktur islahatlarının
aparıldığını, Nizamişünaslıq,
Mühacirət ədəbiyyatı, Mətbuat tarixi və
publisistika, Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı
və digər şöbələrin,
Füzulişünaslıq sektorunun
yaradıldığını söyləyib.
“Müstəqillik dövründə Azərbaycan ədəbiyyatının
dövrləşdirmə konsepsiyası Ədəbiyyat
İnstitutunda müəyyənləşdirilib, Milli Elmlər
Akademiyası Humanitar və İctimai Elmlər Bölməsinin
və Rəyasət Heyətinin iclaslarında, Beynəlxalq
Türk Akademiyasında və Tatarıstan Elmlər
Akademiyasında keçirilmiş beynəlxalq elmi konfranslarda
geniş müzakirə edildikdən sonra qəbul olunub.
2014-2016-cı illərdə keçirilmiş geniş
müzakirələrdən sonra Ədəbiyyat İnstitutunda
Azərbaycan ədəbiyyatının ən qədim
zamanlardan başlayaraq bu günə qədər davam etməkdə
olan çoxəsrlik inkişaf yolunun mərhələsinin
elmi təsnifatı yaradılıb. Hazırda institutda
artıq 7 cildi nəşr olunmuş “Azərbaycan ədəbiyyatı
tarixi” oncildliyi məhz son illərdə hazırlanmış
dövrləşdirmə konsepsiyası və elmi cəhətdən
müəyyən edilmiş inkişaf mərhələləri
əsasında təqdim olunur. Bundan başqa, müstəqillik
dövrü Azərbaycan ədəbiyyatının
yaradıcılıq metodu məsələsi də Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutunda nəzəri cəhətdən
formalaşdırılıb və elmi dövriyyəyə
daxil edilib”, - deyə akademik İsa Həbibbəyli bildirib.
O, həmçinin Ədəbiyyat İnstitutunda
türk xalqları ilə geniş elmi-ədəbi əlaqələrin
yaradıldığını, müəssisədə fəaliyyət
göstərən Əlişir Nəvai Mərkəzi, Mehmet
Akif Ərsoy Mərkəzi və hazırda işləri
aparılan Məhtimqulu Fəraqi Mərkəzi və institutun
Türk xalqları ədəbiyyatı, Azərbaycan-Türkmənistan-Özbəkistan
ədəbi əlaqələri şöbələrinin səmərəli
fəaliyyəti nəticəsində Türk dünyası
haqqında sanballı elmi tədqiqatların meydana
qoyulduğunu söyləyib.
Bundan əlavə, institutda yeni nəsil kadrların
hazırlanması işinə xüsusi diqqət yetirildiyini,
hazırda Ədəbiyyat İnstitutunun elmlər doktorlarının
kəmiyyət və keyfiyyət göstəricilərinə
görə Milli Elmlər Akademiyasında, geniş mənada
ölkəmizin elm və ali təhsil sistemində ilk yerlərdə
dayandığını bildirib.
Akademik İsa Həbibbəyli Ədəbiyyat
İnstitutunun ölkə ilə yanaşı, beynəlxalq aləmdə
də bir sıra ədəbiyyatşünaslıq layihələrinin
həyata keçirilməsində yaxından iştirak
etdiyini, bu yaxınlarda Ədəbiyyat İnstitutu, Şota
Rustaveli adına Gürcü Ədəbiyyatı İnstitutu və
Kembric Universitetinin ortaq elmi layihəsi olan “Nizami Gəncəvi
və Şota Rustaveli” adlı monoqrafik tədqiqatın Kembric
Universiteti tərəfindən ingilis dilində kitab halında
nəşr edilməsinin bunun əyani isbatı olduğunu
deyib.
AMEA rəhbəri çıxışının
sonunda qeyd edib ki, Ədəbiyyat İnstitutu Azərbaycanda ədəbiyyatşünaslıq
elminin baş qərargahıdır və bu münasibətilə
institutun kollektivini təbrik edərək onlara uğurlar
arzulayıb.
Yubiley tədbirində Azərbaycan
Yazıçılar Birliyinin sədri Xalq
yazıçısı Anar böyük tarixi yol
keçmiş Ədəbiyyat İnstitutunun Azərbaycan ədəbiyyatşünaslıq
elminin inkişafında mühüm rol
oynadığını, institutun ədəbiyyatımızın
çoxəsrlik tarixinin dərin və əhatəli öyrənilməsi,
çağdaş ədəbi proseslərin, dünya ədəbiyyatına,
ədəbi əlaqələrə dair aktual məsələlərin
müntəzəm izlənilməsi və
araşdırılması kimi vacib istiqamətlərdə son
dərəcə əhəmiyyətli nəticələr əldə
etdiyini bildirib.
TÜRKSOY Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının
Baş katibi Sultan Raev isə Ədəbiyyat İnstitutunun
böyük tədqiqat ənənələri, görkəmli
alimləri və çoxsaylı yetirmələri ilə
Türk dünyasının mühüm elm mərkəzlərindən
biri hesab olunduğunu deyib. Bildirib ki, institut ötən 90 ildə
Azərbaycanda ədəbiyyatşünaslığın mərkəzi
funksiyasını yerinə yetirir və Türk dünyası
ilə elmi-mədəni əlaqələrin inkişaf etdirilməsində
müstəsna xidmətlər göstərməkdədir.
Daha sonra Baş katib Sultan Raev dahi Azərbaycan şairi
Nizami Gəncəvinin portretini və TÜRKSOY-un “Şərəf”
nişanını akademik İsa Həbibbəyliyə təqdim
edib.
Daşkənd Özbək Dili və Ədəbiyyatı
Universitetinin rektoru akademik Şuxrat Siracəddinov isə
çıxışında bildirib ki, bu gün Ədəbiyyat
İnstitutu iki ölkə alimlərinin əməkdaşlığını
daha da canlandırır, Türk dünyasında elmin,
innovasiyanın və yeni kəşflərin təməli
“Özbəkistan-Azərbaycan – 2030” strategiyası çərçivəsində
elmi və innovativ fəaliyyətə dəstək verir.
Tədbirdə, o cümlədən Azərbaycan
Respublikası Ağsaqqallar Şurasının sədri, Milli Məclisin
deputatı Eldar Quliyev, Milli Məclisin deputatı Xalq şairi
Sabir Rüstəmxanlı, Azərbaycan Mətbuat
Şurasının sədri Rəşad Məcid, Azərbaycan
Həmkarlar Təşkilatları Konfederasiyasının sədrinin
müavini Aqil Dadaşov, Avrasiya Yazıçılar Birliyinin
sədri Yaqub Öməroğlu və filologiya üzrə fəlsəfə
doktoru Aysel Qurbanova çıxışları zamanı
Ədəbiyyat İnstitutunun tarixi xidmətlərindən və
qarşıda duran vəzifələrdən söz
açıb, müəssisənin kollektivini təbrik ediblər.
Sonda yubileylə əlaqədar Ədəbiyyat
İnstitutunun əməkdaşları müxtəlif
nominasiyar üzrə təltif olunublar.
525-ci qəzet.- 2024.- 5
mart, ¹42.- S.9.