Milli yaddaşın böyük əsgəri
PROFESSOR ƏSGƏR RƏSULOVUN 70 YAŞINA
Hamının bu dünyada üç-beş
yaxşı adama umudu var. İnsan təhsil aldığı
ocaqda, işlədiyi müəssisədə, həmkarları
arasında, hətta öz qohum-əqrabası içində,
nəhayət, ailə içində çalışır
ki, xoş ünsiyyət, isti münasibət,
anlayışlı davranış görsün. Bu
sadaladıqlarımın hansısa şəxsdə cəmləndiyini
görəndə dünyanın bəxtəvərinə
çevrilirsən və yaşamaq xoş olur... Əsgər Rəsulovla
ünsiyyətdə olanda həyatda daha bir yaxşı adam da
qazandığına görə uca yaradana şükranlıq
ifadə edirsən və üzündə uzunmüddətli təbəssüm
yaranır.
Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin
rəisi, görkəmli şərqşünas-türkoloq,
filologiya elmləri doktoru, professor Əsgər Rəsulovun 70
yaşının tamam olması xəbərini eşidəndə
təəccübləndim. Sərrast nitqi, adekvat
reaksiyaları ilə müsahibini dərhal cəlb edən
Əsgər Rəsulova 70 yaş vermək çətin gəlir
adama. Onun enerjisi illərin hökmünü azaltmağı,
zamanın sürətini qabaqlamağı bacarır.
İnsanlar var, ömrünün heç bir mərhələsində
rəqəmlərdən asılı olmur. Əsgər müəllimin
nə elmi fəaliyyəti kəmiyyət göstəricilərinə
hesablanıb, nə də gördüyü işlər
hansısa planı doldurmağa xidmət edib. O, hər zaman
düz bildiyini reallaşdırıb, daha yararlı olmağa
çalışıb, günü bu gün -
inandırıcı gəlməyən 70 yaşında da belədir...
Bu mənada, Əsgər müəllimin həyatında təvəllüd
məsələsi, yaş amili çox da funksional deyil.
İllər yalnız rəqəmlərdən ibarət
göstəricidir, Əsgər müəllim yaşından
daha irəli işlər gördüyündən, bu
ömürə tutumundan artıq nəsnələr yerləşdirdiyindən
70 yaşa görə onu sadəcə ürəkdən təbrik
etmək olar. Hətta 10 il, 20 il sonra da, qismət olsa, Əsgər
müəllimi təkcə yeni yaşına görə yox,
bütün yaşadığı səmərəli,
faydalı, xeyirxah illərə görə təbrik etmək
mümkündür.
Əsgər müəllimlə barmaqsayı
görüşlərim olduğundan, demək olar ki,
bütün söhbətlərini xatırlayıram. İlk dəfə
imzamı eşidəndə yazılarımı oxuduğunu
dedi və sonradan məlum oldu ki, təkcə mən
yazmışam deyə yox, ümumiyyətlə, Əsgər
müəllim "525-ci qəzet"in bütün nömrələrini
oxuyur. Qəzetimizin sadiq oxucularından biri kimi, bu fakt ilk dəfə
ona qəlb isindirməyimə vəsilə oldu. Sonradan nəzərimdə
bir-birindən maraqlı xatirələrin, söhbətlərin
ünvanına çevrilən Əsgər müəllim
öz peşəsinin siması kimi yaddaşıma həkk
olundu. Arxiv bir ölkə üçün var olmanın istinad
nöqtəsi kimi ən əlahiddə bir sistemdir.
Bütün gizlin və aşkar mətləblərin ilk
işartısı arxivlərdə qorunur. Əsgər Rəsulov
öz vəzifəsini layiqincə yerinə yetirdiyindən,
peşəsinə ürək yandırdığından və
ən əsası, vicdanla bu xalqa, dövlətə xidmət
etdiyindən milli arxiv sistemimizin aydın, uğurlu simasına
çevrilib. Əsgər müəllim öz dostları,
tanışları, bir sözlə, onunla ünsiyyətdə
olan hər bir kəs üçün istinad nöqtəsidir,
bir çox mətləblərin dəqiq bilicisidir. Bu mənada,
onu nəfəs alan arxiv, milli yaddaşın insan halıda
adlandırmaq yerinə düşər...
Əsgər Rəsulov 1954-cü il martın 3-də
Naxçıvan şəhərində anadan olub. 1960-1970-ci
illərdə Naxçıvan şəhərində Əkbər
Ağayev adına 1 nömrəli orta internat məktəbdə
oxuyub. 1971-ci ildə Azərbaycan Dövlət Universitetinin
şərqşünaslıq fakültəsinə qəbul
olunub və 1971-1976-cı illərdə BDU-nun Şərqşünaslıq
fakültəsinin türk şöbəsində təhsil
alıb, universiteti fərqlənmə diplomu ilə bitirib.
Universiteti bitirdikdən sonra dörd il SSRİ Xarici İqtisadi
Əlaqələr Komitəsinin xətti ilə Türkiyə
Cümhuriyyətində tərcüməçi, 1989-1992-ci
illərdə SSRİ-nin Ankaradakı səfirliyində mütərcim-referent
vəzifəsində işləyib. 1983-cü ildə
"Türk ədəbiyyatında oçerk janrı"
mövzusunda filologiya üzrə fəlsəfə doktoru,
2005-ci ildə isə "Türk ədəbiyyatında bədii-publisistik
janrların yaranması və inkişaf yolları"
mövzusunda filologiya üzrə elmlər doktoru
dissertasiyasını müvəffəqiyyətlə müdafiə
edib. Əsgər Rəsulov respublikamızda ilk dəfə
1989-cu ildə nəşr olunmuş və bu günə qədər
hər dəfə yenidən işlənib təkmilləşdirilərək
müxtəlif illərdə dörd dəfə nəşr
edilən ilk "Türk dili" dərsliyinin (prof. R.Rüstəmovla
birgə), eləcə də "Türk sənədli-bədii
nəsri", "Tərcümə nəzəriyyəsi
müstəvisində Türkiyə türkcəsi və Azərbaycan
dili", "Türkcə-rusca-azərbaycanca dilçilik
terminləri lüğəti", "Dilmanc" kimi 10-a
yaxın kitabın, 15 fənn proqramının, Azərbaycanda
və xaricdə nəşr edilmiş 100-dən artıq elmi və
ədəbi-tənqidi məqalənin müəllifidir. 20-yə
qədər kitabın ixtisas və tərcümə redaktoru
olub. Bir çox beynəlxalq seminar, simpozium və konfranslarda
iştirak edib. 1980-ci ildən bu günə qədər BDU-da
baş laborant, müəllim (1981), baş müəllim (1985),
dosent (1987) və professor (2007) kimi çalışıb və
elmi-pedaqoji fəaliyyətini indi də davam etdirir.
Əsgər Rəsulovu tanıyanlar Əsgər Rəsulu
da tanımalıdır... Əsgər Rəsulovun nizamlı fəaliyyətinin,
yaşam tərzinin bədii inikası Əsgər Rəsulun,
Füzuli demiş, "nəzmi-nazik"lərində
obrazlı şəkildə özünü büruzə
verir. Əsgər müəllimin şeirlərində də o
ruhu, həssaslığı, düşüncə dərinliyini
duymaq olur. Əsgər Rəsul imzası ilə ara-sıra
şeirləri mətbu orqanlarda çap olunan görkəmli
alim sözü sanbaldan salmır, sehrini itirmir, qələmindən
çıxanların təəssübünü çəkir,
qiymətini bilir.
Şərqşünaslıqla bağlı fikirlərini
bölüşəndə də Əsgər müəllim əsla
"şparkalqa"lı çıxış etmir,
orijinallığını qoruyub saxlayır. Elmi mülahizələrində
nə qədər orijinaldırsa, bədii
yaradıcılığında da bir o qədər təbiidir.
Bu təbiilik onun xarakterindən irəli gəlir.
Azərbaycan Respublikası Prezidentinin 2 mart 2024-cü
il tarixli Sərəncamı ilə 2-ci dərəcəli
"Vətənə xidmətə görə" ordeni ilə
təltif edilməsi Əsgər Rəsulovun zəhmətinə
verilən böyük qiymət kimi hər birimizi sevindirdi.
"525-ci qəzet"in əziz dostu,
tanınmış fikir və söz adamı, öz parlaq zəkası
ilə çox qaranlıqları aydınlandıra bilən
Əsgər Rəsulovu yubileyi münasibətilə
kollektivimiz adından təbrik edir, ona
cansağlığı, fəaliyyətində yeni-yeni nailiyyətlər
arzulayırıq!
Yalçın Nadir
525-ci qəzet.- 2024.- 5 mart, №42.- S.8.