Ekoloji təhlükəsizlik
və sağlamlıq naminə: COP-un "yaşıl" səhiyyə
missiyası
"Yaşıl dünya naminə həmrəylik
ili" - 2024-cü ildə Birləşmiş Millətlər
Təşkilatının İqlim Dəyişikliyi üzrə
Çərçivə Konvensiyasının Tərəflər
Konfransının 29-cu sessiyası - COP29-un ("Conference of the
Parties") Azərbaycan Respublikasında keçirilməsi
olduqca əhəmiyyətli hadisədir. 1992-ci ildə
Braziliyanın Rio-de-Janeyro şəhərində Birləşmiş
Millətlər Təşkilatının (BMT) Ətraf
Mühit və İnkişaf Konfransında iştirak edən
dövlət və hökumət başçıları
atmosferə atılan tullantıların əhəmiyyətli dərəcədə
azaldılmasına yol açacaq "BMT-nin İqlim Dəyişikliyi
üzrə Çərçivə Konvensiyası"nı qəbul
etdilər. Bu, həqiqətən də tarixi qərar idi,
çünki dövlət və hökumət rəhbərlərinin
əksəriyyəti ilk dəfə olaraq bəşəriyyətin
təsərrüfat fəaliyyətinin dəyişdirilməsi
zərurətini dərk edərək, zərərli fəaliyyəti
məhdudlaşdırmağı nəzərdə tuturdu.
Nəhayət, 2015-ci ilin dekabrında Parisdə COP21-də
iştirakçı ölkələr demək olar ki,
yekdilliklə yeni İqlim Sazişini qəbul etdilər.
2016-cı ilin noyabrında Mərakeşdə keçirilən
COP22 iqlim dəyişikliyinin yumşaldılması və
antropogen təsirlərin azaldılması üçün bu
Sazişin həyata keçirilməsi qaydalarının
işlənib hazırlanması məqsədiləyol xəritəsini
qəbul etdi. 200 ölkə yekdilliklə qəbul etdiyi birgə
bəyannamə ilə İqlim Sazişinə sadiqliklərini
və öhdəliklərini yerinə yetirməyə hazır
olduqlarını bir daha təsdiqlədi.
Taleyin bir cilvəsidir ki, insan
sağlamlığını möhkəmləndirmək, xəstəlikləri
sağaltmaq və ya yüngülləşdirmək məqsədi
daşıyan səhiyyə iqlim dəyişikliyinə əhəmiyyətli
təsir göstərir. Belə ki, enerji istifadəsi səhiyyə
tullantılarının əsas hissəsini təşkil edir
(50 faizdən çoxu) və onların əksəriyyəti
qalıq yanacaqlardan ortaya çıxır. Mütəxəssislər
ümumi səhiyyə tullantılarını 3 qrupa
bölürlər: birbaşa tibb müəssisələrindən
atılan tullantılar - 17 faiz; isitmə/soyutma sistemlərindən,
elektrik enerjisinin alınması nəticəsində yaranan
dolayı tullantılar - 12 faiz; əksəriyyəti səhiyyə
təchizatı zənciri, yəni tibbi malların/xidmətlərin
istehsalı, daşınması, istifadəsi və
utilizasiyası ilə əlaqədar tullantılar - 71 faiz.
İqlim dəyişikliyi və insanların
sağlamlıq vəziyyətinin pisləşməsi
arasında əlaqə bir çox komponentdən ibarətdir.
Qalıq yanacaqların istifadəsi atmosferdə CO2 (həmçinin
CH4, N2O) miqdarını artırır. Bu da, öz növbəsində
temperaturun və dəniz səviyyəsinin yüksəlməsinə
gətirib çıxarır, nəticədə
daşqınlara və quraqlığa səbəb olur.
Bu cədvəl iqlim dəyişikliyi səbəbindən
bəşəriyyətin qarşısına çıxan
ciddi problemləri - şirin su mənbələrində
duzluluğun artdığını, kol və meşə
yanğınlarının geniş vüsət
aldığını, ozon qatının zədələnməsini,
içməli su qıtlığını, havanın
çirklənməsini, kənd təsərrüfatı və
əkinçilikdə məhsuldarlığın
azalmasını göstərir. Sadalananların insan
sağlamlığına vurduğu zərərlər və xəstəliklərin
yaranmasına zəmin yaradan nəticələri çoxdur. Bu
xəstəliklər qeyri-mütənasib olaraq həssas qrup
insanlara - uşaqlara, qocalara, hamilə qadınlara, əvvəldən
mövcud xəstəliyi olan insanlara daha çox təsir edir.
Yeni iqlim Sazişində qarşıya "qlobal orta
temperatur artımını sənayedən əvvəlki səviyyədən
2 dərəcədən xeyli aşağı saxlamaq və və
temperaturun yüksəlməsini 1,5 dərəcəyə qədər
məhdudlaşdırmaq üçün səy göstərmək"
məqsədi qoyulub.
İnsanların rifahı və xalqların, səhiyyə
sistemlərinin və hökumətlərin sabitliyi onların dəyişən
qlobal iqlimlə qarşılıqlı əlaqəsindən
asılıdır.
İqlim Sazişinə uyğun olaraq təsis
edilmiş "Lanset" beynəlxalq multidisiplinar əməkdaşlığı
(The Lancet Countdown) iqlim dəyişikliyi nəticəsində dəyişən
sağlamlıq profillərini izləmək və bütün
dünyada hökumətlər tərəfindən
götürülmüş öhdəliklərin yerinə
yetirilməsinin müstəqil qiymətləndirilməsini təmin
etmək məqsədi daşıyır. "Lanset"ə
görə, iqlim dəyişikliyi insan sağlamlığı
üçün XXI əsrin ən böyük qlobal təhlükəsidir.
2021 və 2022-ci illərdə ekstremal iqlim hadisələri
bütün qitələrdə dağıntılara səbəb
oldu və COVID-19 pandemiyasının təsirləri ilə
mübarizə aparan səhiyyə xidmətlərini daha da gərginləşdirdi.
Belə ki, Avstraliya, Braziliya, Çin, Qərbi Avropa, Malayziya,
Pakistan, Cənubi Afrika və Cənubi Sudanda sel və
daşqınlar, Kanada, ABŞ, Yunanıstan, Əlcəzair,
İtaliya, İspaniya və Türkiyədə meşə
yanğınları, Avstraliya, Kanada, Hindistan, İtaliya, Oman,
Türkiyə, Pakistan və Böyük Britaniya da daxil olmaqla
bir çox ölkədə havanın temperaturunun rekord həddə
çatması dağıntılara, insan itkisinə, eləcə
də milyardlarla dollarlıq iqtisadi itkilərə səbəb
oldu.
Hesablamalara görə, 2021-ci ildə temperaturun sürətlə
artması səbəbindən həssas əhali qrupları (65
yaşdan yuxarı böyüklər və bir yaşdan
kiçik uşaqlar) 1986-2005-ci illəri əhatə edən
dövrdə hər il olduğundan 3,7 milyard daha çox isti
dalğasına məruz qaldılar. Eyni zamanda, iqlim dəyişikliyi
yoluxucu xəstəliklərin yayılmasına təsir edir, əhalini
yeni xəstəliklər və əlaqəli epidemiyalar riskinə
məruz qoyur.
"Lanset"in dövrü nəşrlərində
göründüyü kimi, iqlim dəyişikliyinin səhiyyəyə
və insan sağlamlığına təsirlərinin pisləşməsi
ilə əlaqədar qlobal cəmiyyətin üzləşdiyi
əlaqədar digər böhranlar daha da şiddətlənir.
Dünya əhalisi, isə ilk müdafiə xətti kimi daha
çox səhiyyə sistemlərinə və tibbi xidmətlərə
arxalanır.
Bununla belə, son illərdə tibbi yardıma ehtiyac
meyarının artması ilə yanaşı, bütün
dünyada səhiyyə sistemlərinin COVID-19
pandemiyasının, eləcə də iqtisadi xərclərin
artması və enerji böhranının təsirinə məruz
qaldı. Buna görə də, səhiyyə sistemlərinin
dayanıqlığını artırmaq və dəyişən
iqlim şəraitində ölüm və xəstəliklərin
artmasının qarşısını almaq üçün
təcili tədbirlər görülməsi barədə
qlobal çağırışlar edilir.
"Yaşıl" səhiyyə həllərinin
modelləşdirilməsi üçün "Yaşıl
missiya" çərçivə proqramı
Ümumdünya Səhiyyə Təşkilatı beynəlxalq
miqyasda İqlim Sazişinə daha yaxşı
uyğunlaşmaq məqsədilə səhiyyənin karbon
tullantılarından təmizlənməsi, ətraf aləmin
mühafizəsi üçün təqdim etdiyi yol xəritəsinə
görə, ölkələr, xalqlar və cəmiyyətlər
ən yaxşı təcrübələrini paylaşmalı
və səhiyyə tullantılarının azaldılması
üçün ideyalar yaratmalıdır.
Səhiyyədə "yaşıl" texnologiyalar
sahəsi daim inkişaf edən bir qrup metod və materialı əhatə
edir: enerji istehsalı üsullarından enerji istifadəsi,
birbaşa xəstə baxımı, laboratoriya xidmətləri
və təmizlik, yemək xidməti və zibilin təmizlənməsi
kimi dəstək fəaliyyətləri və sair. Məsələn,
"yaşıl" xəstəxanalar daha çox istilik,
soyutma və isti su üçün geotermal enerji kimi bərpa
olunan enerji mənbələrindən istifadə etməklə
layihələndirilir. Burada geotermal istilik nasosları yer tərəfindən
udulmuş günəş enerjisindən istifadə edir.
"Yaşıl" nailiyyətlərin sayəsində
səhiyyə təminatçıları ekoloji məqsədlərə
doğru irəliləyiş əldə etmək və
"yaşıl" səhiyyə xidmətlərini artan
templə təmin etmək üçün digər texnologiya
mütəxəssisləri ilə tərəfdaşlıq və
əməkdaşlığı get-gedə daha çox
genişləndirirlər.
Son illərin müşahidələri göstərir
ki, COVİD-19 pandemiyası səhiyyə işlərinə sərmayə
artımını sürətləndirdi. Bu nöqteyi-nəzərdən
səhiyyə müəssisələrində məşğulluq
imkanları "yaşıl prinsiplər"in təşviqinə
və onların tətbiqinə diqqət yetirməklə
yaradılır. Bununla yanaşı, biz getdikcə daha
çox səhiyyə funksiyalarının tam spektrində
"yaşıl" və "davamlılıq" elementlərinin
qurulduğunu və inkişaf etdirildiyini görürük.
Azərbaycanda keçiriləcək COP29 və qlobal
"yaşıl" səhiyyə tendensiyaları
"Yaşıl" termini bərpa olunan resurslardan
istifadə, ətraf mühitin mühafizəsi və insan
hüquqları ilə bağlı təcrübələri təkmilləşdirmək
üçün istifadə olunur. Sirr deyil ki,
"yaşıl" iqtisadiyyata keçid üçün
qarşıda uzun yol var, lakin bir sıra ölkələr
milli "yaşıl" inkişaf və ya aşağı
karbonlu iqtisadi strategiyaları qəbul etməklə liderlik
nümayiş etdirirlər. Bu ölkələrin ilk
sıralarında ölkəmizin göstərdiyi aktiv fəaliyyət
danılmaz faktdır.
Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı
ilə təsdiq edilən "Azərbaycan 2030: sosial-iqtisadi
inkişafa dair Milli Prioritetlər" ekoloji təmiz
texnologiyaların tətbiqi, tullantıların təkrar
emalı və çirklənmiş ərazilərin bərpasının
təşviqi, "yaşıl" texnologiyaların tətbiqinin
genişləndirilməsi ilə bağlı konkret
tapşırıqları özündə ehtiva edir.
Azərbaycan bərpaolunan enerji mənbələri
üzrə yüksək potensiala malik ölkələrdən
biridir. Ölkəmiz qarşıdakı illər
üçün hədəfində 1990-cı illə
müqayisədə 2030-cu ilə qədər istixana
qazlarının miqdarının 35, 2050-ci ilə qədər
40 faiz azaldılmasına nail olmaqdır.
"Yaşıl enerji" vadisi Azərbaycanın
işğaldan azad olunmuş ərazilərində
"yaşıl enerji" zonasının yaradılması,
Prezident İlham Əliyevin 2024-cü ilin "Yaşıl
dünya naminə həmrəylik ili" elan etməsi və
digər nailiyyətlər BMT-nin İqlim Dəyişikliyi
üzrə Çərçivə Konvensiyasının Tərəflər
Konfransının 29-cu sessiyasının (COP29) ölkəmizdə
keçirilməsi barədə mötəbər beynəlxalq
qurumun qərarının məntiqli əsasıdır.
Qlobal "Yaşıl və Sağlam Xəstəxanalar"
Proqramı səhiyyə sektoruna daha çox davamlılıq
və ekoloji sağlamlıq gətirmək və bununla da
bütün dünyada səhiyyə sistemlərini gücləndirmək
üçün dünya üzrə mövcud səyləri dəstəkləmək
məqsədi daşıyır. Bu sənəd daha çox
dayanıqlığa nail olmaq, ətraf mühitin
yaxşılaşdırılmasına töhfə vermək
üçün bütün dünyada xəstəxanalar və
səhiyyə sistemləri üçün hərtərəfli
çərçivə təqdim edir.
"Yaşıl" Plan qarşıya ətraf
mühitə antropogen təsirləri azaltmaqla yanaşı, gələcək
nəsillərin ömür boyu möhkəm
sağlamlığın təmin edilməsinə kömək
edən davamlı səhiyyə xidmətləri göstərmək
öhdəliyini qoyur, həmçinin daha təmiz, daha
yaşıl, sağlam və ədalətli gələcəyə
aparan yol qurmağa zəmin yaradır.
Günel MƏMMƏDOVA
"Akademik Mustafa Topçubaşov adına Elmi Cərrahiyyə
Mərkəzi"nin şöbə müdiri
525-ci qəzet.- 2024.- 30
mart, №55.- S.23.