"Azərbaycan
xalçasını kitab kimi oxumaq olar"
Xalçaçı rəssam Minaxanım Hüseynova:
"Azərbaycan xalçası öz sirrini ilmələrdə
gizlədir"
Azərbaycan xalqının milli-mənəvi dəyərləri
sırasında xalçaçılıq sənətinin
özünəməxsus yeri var. Xalçaçılıq sənətinin
ənənə halını alması, müxtəlif
qollarının meydana gəlməsi çox qədim tarixə
malikdir. Tarixi mənbələrə görə, hələ
Tunc dövründən etibarən yerli əhali arasında
xalçaçılıq ənənələri təşəkkül
tapıb. Bu gün azərbaycanlı qadın toxucular tərəfindən
ərsəyə gələn biri-birindən gözəl
xalçalar və xalça məmulatları Sankt-Peterburqda
Ermitaj, Londonda Viktoriya və Albert, Vaşinqtonda Tekstil, Parisdə
Luvr və digər dünyanın böyük muzeylərini bəzəyir.
Bugünkü müsahibimiz də xalçaçı
rəssam, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının
(ADRA) müəllimi Minaxanım Hüseynovadır.
- Əvvəllər müxtəlif bölgələrdə
bütün ailə üzvlərinin adına
ayrı-ayrılıqda xalçalar toxunurdu. Hal-hazırda bu adəti
davam etdirən bölgələrimiz var?
- Elə ailələr var, müasir görünmək
niyyəti ilə elə düşünürlər ki, adət-ənənələr
yalnız keçmişə aiddir. Məncə, müasir
dövrə baxanda keçmişdəki adətlər daha
gözəl idi. Düşünürəm ki, hələ də
adət-ənənələri qoruyub saxlayan ailələr var.
Əvvəllər oğlan evi qız evinə nişanlı
vaxtında 100 kilo yun gətirirdi. Həmin qız o yunlardan
xalça və xalça məmulatları toxumalı idi.
Maraqlı adətlərimizdən biri də gəlin
köçən qızların nişanlı oğlanlara at
çuvalı toxumaları idi. Azərbaycan xanımı
örpəyi altında öz gözəlliyini gizlətdiyi
kimi, Azərbaycan xalçası ilmələrdə öz
sirrini gizlədir.
- Gənclərin xalçaçılıq sənətinə
maraq dairəsi qənaətbəxşdirmi?
- Bu sahə üzrə təhsil alan tələbələrimizi
nəzərə alsaq, gənclərin
xalçaçılığa maraqları həddindən
artıq böyükdür. ADRA-nın müəllimi olaraq tələbələrimdən
çox razıyam. Ana övladına bağlandığı
kimi, onlar da toxuduğu xalçaya bağlı olurlar. Bilirlər
ki, toxuyub bitirəndən sonra xalça onlara həm
başucalığı gətirəcək, həm də əl
işləri tarixdə qalacaq.
- Tələbələr təhsil alandan sonra iş
tapmaqda çətinlik çəkirlərmi?
- Hazırda xalçaçılıq inkişafa
doğru gedir. Ona görə də onların iş tapmaq
problemi ilə rastlaşmamışam. Bir çox məzun tələbəm
artıq burada müəllim işləyir. Bəzi tələbələr
də yeni açılan müəssisələrdə işləyirlər.
Qeyd edim ki, ölkəmizdə
xalçaçılığın inkişafı
üçün bir çox işlər görürlər və
bunun nəticəsidir ki, tələbələr rahatlıqla
işlə təmin olunurla.
- Həmçinin müəllifi olduğunuz dərs vəsaitləri
də mövcuddur...
- Akademiyada işlədiyim müddətdən kitab
yazmağa başladım. Dərslərimizi elə bu kitablardan
keçirik. "Xovsuz xalçalara məxsus
naxışların quruluşu", "Quba adlı
xalçaların tədqiqatı", "Xalça məmulatlarının
naxış və texniki üslublarının tədqiqatı"
kitablarımdan əlavə, 3 dərsliyi də ərsəyə
gətirmişəm.
İlk kitabımda Azərbaycanın xovsuz
xalçalarını tədqiq etmişəm. Qeyd edim ki, Azərbaycanın
8 xovsuz xalça növü var. O xalçaların hər
biri ayrı-ayrı bölgələrimizi əhatə edir. Bu
klassik xalçaların həm sxemlərini, həm də
ornamentlərini tək-tək tədqiq etməklə tələbələrə
aşılamaq istəyirəm ki, Azərbaycan
xalçasını kitab kimi oxumaq mümkündür. Həndəsi
kimi görünən naxışlar bizə əcdadlarımızdan
ötürülüb. Tariximiz tələbələrə
daha aydın olsun deyə, bu kitablar üzərində işləmək
qərarına gəldim.
- Bu kitabların nəşr olunmasında hansısa
qurum yardım etdimi?
- Heç kəsə narahatlıq yaratmaq istəmədim,
əziyyətini özüm çəkmək istəyirəm.
Çünki hər çəkilən əziyyətin
enerjisi ayrı olur. Qeyd edim ki, kitablarımın təqdimatı
ADRA-da keçirilib. Kitabımın üz qabığına
baxsanız görərsiniz ki, məktub simvolu var. Mən
xalçaları məktuba bənzədirəm. Xalçalar əcdadlarımızdan
gələn bir məktubdur. Biz rəssamlar onları oxuyub gələcək
nəsillərə ötürürük
- Dünya ölkələrində keçirilən sərgilərdə
iştirak edirsiniz?
- Bəli, hətta deyərdim ki, dünyanın bir
çox ölkələrində şəxsi kolleksiyalarda mənim
xalçalarım var. Heydər Əliyev Fonduna minnətdaram
ki, xarici ölkələrdə xalça sənətimizi təmsil
etmək üçün məni də seçdi, onlarla səfərdə
iştirak etdim. Fransa, İsveçrə, İngiltərə,
Çin və s. ölkələrdə Azərbaycan
xalçaçılığını təmsil etmişəm.
Bu, mənim üçün çox qürurvericidir.
- Bəs nə vaxtsa fərdi sərgi açmaq kimi
fikriniz var?
- 2009-2013-cü illərdə İçərişəhərdə
"Əcdadların izi ilə" incəsənət salonum
fəaliyyət göstərirdi. Əgər əlinə
fırça alırsansa, rəssamlığın
bütün sahələrində işləyə bilərsən.
Ona görə də bu salonda tək xalça sənətinə
aid nümunələr yox, tətbiqi sənətin bir çox
sahələrinə aid əsərlər nümayiş
edilirdi.
- Niyə həmin salon indi fəaliyyət göstərmir?
- Artıq xalça haqqında kitab yazandan sonra incəsənət
salonunun fəaliyyətinə fasilə verdim. Orada maddi
qazancım da var idi, amma elə bir vaxt olur ki, seçim
qarşınında qalırsan. Mən də Vətənimə
xidmət edib xalqımızın tarixi sərvəti olan
xalçalarımız haqqında kitablar yazmaqla daha çox
faydalı olmağı üstün tutdum.
- Bəs bu sahə ilə bağlı gələcək
planınızda nə var?
- Azərbaycan tacirləri haqqında kitablar yazıram.
Artıq bir kitabı bitirmişəm. Bu günlərdə
onun təqdimatı keçirilməlidir. Digər bir tərəfdən
özümün xalça və xalça məmulatları
kolleksiyam var. Gələcəkdə
xalçaçılığı yaşatmaq
üçün şəxsi xalça muzeyi açmaq istəyərdim.
Biz 2015-ci ildən ARDA-da tələbələrdən
ibarət kiçik bir cəmiyyət yaratmışıq.
Əslində, müəllim kimi borcumuz tələbələri
tək sənət baxımından yetişdirmək yox, onlara
həm də mərhəmətli olmağı öyrətməkdir.
Ayda bir dəfə tələbələrlə uşaqlar evinə
ziyarətə gedirik. Bu ənənələri daim davam etdirmək
arzusundayıq.
Havar ŞƏFİYEVA
525-ci qəzet.- 2024.- 30
mart, №55.- S.22.