UNEC-də "Elm
günləri"
Ədalət Muradov: "UNEC-də elmi fəaliyyətdə
ciddi uğurlar əldə olunub"
Xəbər verdiyimiz kimi, 27 mart - 4 aprel tarixləri Azərbaycan
Dövlət İqtisad Universitetində (UNEC) "Elm günləri"
kimi elan olunub. Elm günlərində universitetdə elmin
mövcud vəziyyəti, yeni dövr iqtisad elminin aktual
mövzuları, UNEC tədqiqat mərkəzlərinin
potensialının gücləndirilməsi və sifarişli
elmi tədqiqat işlərinin cəlb edilməsi, elmi
jurnalların, konfrans materiallarının beynəlxalq elmi
bazalarda indekslənməsi, Kitabxana-İnformasiya Mərkəzində
tədqiqatçıların rəqəmsal resurslardan istifadə
imkanlarının genişləndirilməsi müzakirə
olunacaq. Eyni zamanda UNEC laboratoriyalarının mövcud vəziyyəti
və akkreditasiya imkanları, dissertasiya şuraları və
elmi seminarların fəaliyyətinin təkmilləşdirilməsi,
magistr və doktorluq dissertasiya işlərinin keyfiyyətinin
artırılması yolları müzakirə ediləcək.
Həmçinin 2023-cü il iqtisadiyat üzrə Nobel
mükafatçıları haqqında təqdimatlar olacaq, beynəlxalq
qrant layihələrinə müraciət qaydaları və
onların idarə olunması üzrə təlim keçiriləcək.
UNEC ÖLKƏDƏ LİDERDİR
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC)
rektoru, professor Ədalət Muradovun sözlərinə görə,
son illərdə UNEC-də elmi fəaliyyətdə ciddi
uğurlar əldə olunub. "UNEC-də elmi fəaliyyətin
daha da genişləndirilməsi, elmi araşdırmaların, tədqiqatların
stimullaşdırılması, tədqiqat universitetinə
keçid istiqamətində son illərdə çox
mühüm işlər görülüb. "Scopus"da
çap olunan məqalələrin sayına görə
2014-cü illə müqayisədə 2023-cü ildə bu rəqəm
103 dəfə artaraq, 411-ə çatıb. "Scopus"
bazasında istinadların sayı 46 dəfə artaraq, 693-ə
yüksəlib. O qeyd edib ki, Q1 kvartilli jurnallarda çap olunan
məqalələrin sayına görə UNEC ölkədə
liderdir. UNEC alimləri 76 xarici ölkə alimləri ilə
birgə məqalələr yazıblar: "İstinadların
sayı 46 dəfə artıb. Q1-də çap olunan məqalələrin
sayı (Q1-də ilk UNEC məqaləsi 2017-ci ilə aiddir) 35 dəfə,
H indeksi 6 dəfə artıb. 76 xarici ölkə alimlərilə
birgə məqalələr çap olunub".
SCİMAGO REYTİNQİNDƏ AZƏRBAYCAN
BİRİNCİSİ
Ədalət Muradov deyib ki, "Web of Science"
bazasında 2014-cü illə müqayisədə məqalələrin
sayı 59 dəfə, məqalələrə olan
istinadların sayı isə 1673 dəfə artıb. UNEC
SCimago reytinqində Azərbaycan birincisi olub.
"İqtisadiyyat, ekonometrika və maliyyə" sahəsi üzrə
dünyada 691-ci, Şərqi Avropada isə 33-cü yerə
yüksəlib: "İstinadların sayı 1673 dəfə
artıb (İlk istinad 2018-ci ilə aiddir). Q1-də çap
olunan məqalələrin sayı 23 dəfə, H indeksi 5 dəfə
artıb. 80 xarici ölkə alimlərilə birgə məqalələr
çap olunub.
UNEC-də 43 TƏDQİQAT MƏRKƏZİ
FƏALİYYƏT GÖSTƏRİR
Rektorun dediyinə görə, UNEC-də 43 Tədqiqat
Mərkəzi yaradılıb və hazırda fəaliyyət
göstərir. UNEC Tədqiqat Mərkəzlərində 120
xarici tədqiqatçı tədqiqat aparır. Ölkədə
və regionda ilk dəfə yaradılan Elmmetriya şöbəsi
uğurla çalışır: "UNEC-də Elmmetriya
şöbəsinin yaradılması vaxtında verilən ən
düzgün qərarlardan biridir. Bu şöbənin işi
bizim UNEC-də elmi fəaliyyətin nəticələrini hər
an görməyə imkan verir və biz də bu fürsətdən
istifadə edirik. Qeyd edim ki, SCOPUS və WEB of SCIENSE və
Google Scholarda bütün tədqiqatçıların profili
yaradılıb".
FƏXR EDİLƏSİ NƏTİCƏ
Ədalət Muradov bildirib ki. SCİMAGO İnstitutlar
Reytinginə görə UNEC Azərbaycanda 1-cidir.
İqtisadiyyat, ekonometrika və maliyyə sahəsində tədqiqatlar
üzrə UNEC Şərqi Avropada 49-cu, dünyada isə
825-cidir: "Fəxr ediləsi nəticədir. Qeyd edim ki,
SCİMAGO-nun bu qiymətləndirməsi SCOPUS bazasında
çap olunmuş elmi əsərlərin təhlilinə
söykənir. Aprel ayının 4-də "QS Dünya
Universitetlər Reytinqi (WORLD UNIVERSITY RANKINGS) sahələr
üzrə öz reytinqini açıqlayacaq. Son
açıqlamada UNEC dünyanın İqtisadiyyat və
Ekonometrika üzrə dünyada ən yaxşı 600
universitetləri sırasına daxil oldu. Tarixdə ilk dəfə.
Biz 10 il əvvəl bu haqda düşünə bilməzdik.
Dünyanın ilk 600-lüyünə düşən UNEC-in
aprel ayının 4-də dünyanın ən yaxşı 400
universitetləri sırasına daxil olmasını gözləyirik.
Düşünürəm ki, inşallah mən bu xəbəri
sizlərlə paylaşacam".
UNEC-də ELM SAHƏSİNDƏ ƏLDƏ
EDİLƏN UĞURLAR
Ədalət Muradovun sözlərinə əsasən,
UNEC-də elm sahəsində əldə edilən uğurlar
onları çox sevindirir, amma sakitləşdirmir: "UNEC-lə
bağlı müəyyən etdiyimiz strateji hədəflərə
nail olmaq üçün elmi fəaliyyətin əlavə
stimullaşdırılmasında ciddi fayda var. Yeni texnologiyalar
və innovasiyalar yeni tədqiqat problemləri ortaya
çıxarsa da, UNEC həmin yeni istiqamətlər üzrə
öz potensialını reallaşdıra bilməyib. Söhbət
süni intellekt və onun etik problemləri, kibertəhlükəsizlik
təhdidləri ilə mübarizə, iqlim dəyişikliyi,
inkişafın dayanıqlılğı, dezinformasiya problemləri,
texnologiyaya çıxış və rəqəmsal
uçurum, verilənlər, onların məxfiliyi və
qorunması kimi tədqiqatlardan gedir. Bu sahədə tədqiqatların
aparılması üçün əlavə
stimullaşdırıcı tədbirlərin görülməsinə
ehtiyac var. Prezident İlham Əliyevin rəhbərliyi ilə
Qarabağ işğaldan azad olundu. Azərbaycanda erməni
problemi kökündən həll edildi, tarix yazıldı. Təəssüf
ki, UNEC alimlərin tədqiqatlarında Qarabağın
işğaldan azad edilməsi, pandemiya ilə bağlı
baş vermiş köklü dəyişikliklər tədqiqat
predmetinə çevrilmədi. Qarabağın işğaldan
azad edilməsini, ölkəmizin ərazi
bütövlüyü və suverenliyinin bərpa edilməsini,
pandemiyanın ölkəmizdə yaratdığı yeni
normallıqları hələ də UNEC tədqiqatçılarının
əsas tədqiqat istiqamətinə çevirə bilmədik.
Noyabrın 29-da Azərbaycanda BMT-nin İqlim Dəyişmələri
üzrə Çərçivə Konvensiyasına Tərəf
Dövlətlərin 29-cu Konfransı -COP29 keçiriləcək.
Ümid edirəm ki, UNEC alimləri COP29-la bağlı problemləri
öz tədqiqat istiqamətləri kimi reallaşdıracaqlar".
"GƏLƏCƏK ƏSR DEYİL,
ƏSƏRDİR"
Ədalət Muradov qeyd edib ki, yanvar ayının 10-da
Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində
açıq və birmənalı dedi ki, yeni dövr
başlayır və yeni dövr üçün yeni ideyalara
ehtiyac var. Prezident müraciət etdi ziyalılara, siyasətçilərə,
politoloqlara ki, yeni ideyalar geniş ictimai müzakirələrə
çevrilsin: "Biz UNEC olaraq ölkə miqyası
üçün əhəmiyyət kəsb edə biləcək,
əhatə edə biləcək belə bir təşəbbüsə
start verdik. Bu təşəbbüsün
başlığını "Gələcək
özümü gələcək" qoyduq və gələcəyin
mədəni, elmi, ideoloji hədəflərinə həsr
olunmuş ilk müzakirənin "Gələcək əsr
deyil, əsərdir!" adlandırdıq. Bizim belə
müxtəlif sahələr üzrə silsilə tədbirlərimiz
olacaq. Mən istəyirəm ki, UNEC-in bütün fakültə
və kafedralarında yeni ideyalarla bağlı müzakirələrə
start verilsin".
ELMİN RƏQƏMSALLAŞDIRILMASI İLƏ
BAĞLI HƏDƏFLƏR
Rektorun söylədiyinə görə, UNEC-də
elmin rəqəmsallaşdırılması ilə
bağlı müəyyən etdilən hədəflərə
tam nail olunmayıb: "Biz UNEC-də elmin rəqəmsallaşdırılması
ilə bağlı müəyyən etdiyimiz hədəfləri
reallaşdıra bilmədik və bu istiqamətdə
hazırda yeni fəaliyyət planı
reallaşdırılmaqdadır. UNEC-də gənc alimlərin
elmi potensialının reallaşdırılması
üçün hələ də əlavə tədbirlərə
və yeni yanaşmalara zərurət var. Artıq UNEC-də
elmin rəqəmsallaşdırılması ilə
bağlı ciddi işlərə başlamışıq.
Elmi işlər üzrə prorektora bununla bağlı
tapşırıqlar verilib. Təhlillər artıq
yekunlaşır. Düşünürük ki, dərs ilinin
sonuna qədərelmin rəqəmsallaşdırılması
ilə bağlı UNEC-in rəqəmsal platformasının
işə salınması başa çatmalıdır. Elm
sahəsində söz sahibi böyük, güclü
iqtisadiyyata sahib olan ölkələrdir. Azərbaycan kimi
kiçik iqtisadiyyatlı ölkələr bu baxımdan hər
zaman ciddi cağırışlarla üz-üzədir. Bu
cağırış daimi olaraq qalacaq. Nə etməli? Beynəlxalq
təcrübənin bizə göstərdiyi yeganə
çıxış yolu ondan ibarətdir ki, həmin
inkişaf etmiş ölkələrin tədqiqatçıları
ilə əməkdaşlıq genişləndirilməlidir. Mən
çox istərdim ki, bizim tədqiqatçıların beynəlxalq
əməkdaşlıq şəbəkəsi daha da genişlənsin.
Gənc alimlərin potensialının reallaşması
üçün UNEC-də keçirdiyimiz tədbirlər hələlik
öz nəticəsini vermir. Biz bununla bağlı Gənc
Alimlər Şurasının rəhbərliyində dəyişiklik
etdik. Gənc tədqiqatçılarla mənim
görüşüm oldu və bizim onlarla həyata
keçirməli olduğumuz tədbirlər haqqında
açıq söhbətimiz baş tutdu.
Düşünürəm ki, gənc alimlərin
potensialının reallaşdırılması
üçün əlavə tədbirlərə ehtiyac var:
"Elmin maliyyələşdirilməsində də ciddi
problem mövcuddur. Elmi tədqiqatlarda, elmi fəaliyyətdə
UNEC-in əldə etdiyi bütün nəaliyyətlər
istinasız olaraq universitetin vəsaiti hesabına maliyyələşdirilib"
UNEC ÖZ LİDERLİYİNİ QORUYACAQ
Ədalət Muradov hesab edir ki, bu gün elmin maliyyələşdirilməsinə
yanaşmaya aydınlıq gətirilməlidir. Dünya təcrübəsi
göstərir ki, bütün hallarda söz sahibi dövlət
olaraq qalır. Dövlət onu maraqlandıran tədqiqat
istiqamətləri üzrə sifariş verir və bu
sifariş əsasında maliyyələşdirir. Ya da tədqiqatlara
təşəbbüslə çıxış etmək
imkanı yaradılır. Yenə də tədqiqatçıların
təşəbbüsünü dövlət qiymətləndirir
və müsbət qiymətləndirildiyi halda maliyyələşdirilir.
Azərbaycanda elmin maliyyələşdirilməsi deyiləndə
AMEA-nın maliyyələşdirilməsi nəzərdə
tutulur. Bu yanlış yanaşmanın dəyişdirilməsinin
vaxtıdır. Elmin maliyyələşdirilməsi
üçün mütərəqqi bir modelin, sistemin
formalaşdırılması vacibdir: "Biz belə modelin
hazırlanmasında iştirak etməyə hazırıq və
bizim bununla bağlı baxışımız var. Amma yeni
maliyyələşmə modelini tətbiq etməmişdən
öncə ölkədə bugünə qədər
mövcud olan elmin təşkilində sovet modelindən kənarlaşmaq
qaçılmazıdır, zəruridir. Sovet modelli elmə
maliyyə yatırmağın mənası yoxdur. Bununla da bağlı UNEC-in öz təklifləri,
modeli var. Düşünürük ki, elmi dərəcə
adların verilməsindən başlayaraq islahatı qısa
vaxt ərzində tamamlana biləcək, əlavə vəsait
tələb etməyən islahat mümkündür. UNEC belə
islahat modelini keçirməyə hazırdır. Bizim elə
modelimiz var. Ölkədaxili tədqiqat qurumları arasında əməkdaşlığın
qurulması həyati əhəmiyyət kəsb edir. Bu gün
Azərbaycanda biz bu rəqabəti görə bilmirik.
Verilmiş bəzi yanlış qərarlar bu əməkdaşlığa
mənfi təsir göstərir. Bəzi hallarda verilmiş qərarlar
ali təhsil müəssisələrində elmi tədqiqatların
güclənməsinə fayda yox, zərər verir. Digər tədqiqat
institutunun uğurları sadəcə bu və ya digər
universitetin uğurları kimi göstərilir. Nəticədə
universitet elmin inkişafı baxımından əhəmiyyət
kəsb edən qərarlar vermək əvəzinə ehtimal
olunan ziyanın minimallaşdırılması
üçün qərarlar vermək məcburiyyətində
qalır. Bu, yanlış mühitdir. Bu mühitin qısa vaxt ərzində
ciddi dəyişdirilməsinə ehtiyac var. UNEC artıq
ölkənin ən yaxşı universitetidir. Bu, UNEC rektorunun
istəyi, arzusu, qiymətləndirməsi yox, beynəlxalq
reytinq agentliyi olan QS-nin qiymətləndirməsidir. Etiraf etməliyik
ki, UNEC-də atılan hər bir addım kənardan çox
ciddi izlənilir. Bu yenilikləri həyata keçirməklə
universitetimiz həm də ölkəmizdə elmin
inkişafına sanki bir motivasiya verir. UNEC öz liderliyini
qoruyacaq. Artıq UNEC sübut etdi ki, potensialın
reallaşdırılması üçün münbit şərait
olduğu halda UNEC də yetərli potensial var.
Düşünürəm ki, bu potensialın daha səmərəli
istifadə edilməsi UNEC rəhbərliyinin əlavə tədbirlər
görməsini tələb edir. Biz bu tədbirləri görəcəyik
və sizi bir daha əmin etmək istəyirəm ki, UNEC məni
rektor təyin edərkən Prezident tərəfindən mənim
qarşımda qoyulmuş vəzifəni icra etmək
iqtidarındadır. Biz dünya səviyyəli universitet
olacağıq və o gün çox yaxın gələcəkdədir".
Sevinc QARAYEVA
525-ci qəzet.- 2024.- 30
mart, №55.- S.21.