HƏR NOVRUZDA
HÖKMƏN GƏLƏN
Bunlar sadəcə yadigarlar deyil, bunlar böyük
çaya qovuşan arxlardır, uzaqları yaxın edə bilən
körpülərdir. Heç birində hansısa mətləbdən
deyən bircə cümlə belə yoxsa da, hamısı
başdan-sonacan yalnız adlardan, soyadlardan ibarətsə də,
bunlar danışa, göstərə, yada sala, həmsöhbət
ola, duyğulandıra bilirlər. Bəzilərinin yaşı
artıq bir əsri keçib, bir parası elə
aşağı-yuxarı 100 yaşındadır,
hansılarısa nisbətən cavan - 80, 70, 50, 40
yaşında. Bunlardan vaxtca daha təzə olanları
artıq ayrı dövrə aiddir.
XX yüzil başlanırdı və Bakının mərkəzi
küçələrində, ayrı-ayrı
meydanlarındaafişa dirəkləri vardı. O dirəklərə
yapışdırılan afişalar qarşısında
dayananları sanki sehrləyərdi, uzun dəqiqələr
boyu cazibəsindən buraxmazdı. Əslində o
afişalarda xeyli müddət dayanıb baxılası nələrsə
yoxdu - onlarda nə fotolar olardı, nə rəsmlər. Sadəcə,
hansısa tamaşaların adları, onların haçan,
harada, hansı saatda göstəriləcəyi haqda soraq, bir də
rollar, rolları ifa edəcəklərin soyadları. Biri
camaatı "Müsibət-i Fəxrəddin"ə
çağırırdı, digəri "Leyli və Məcnun"a
baxmağa dəvət eləyirdi, bir ayrısı
"Hacı Qara"ya səsləyirdi, bir başqası
"Arşın mal alan"a. Hələ nə radio vardı,
nə televiziya. Teatr tamaşaları insanların ömrünə
rəng qatan, həyatı adilikdən çıxararaq
ayrı-ayrı axşamları möcüzəyə döndərə
bilən gözəllik idi. İnsanlar səhnəyə, orada
oynayanlara həyat qədər inanırdılar, ona görə
xoşbəxt idilər, çünki 2-3 saat ərzində
özgə həyatın axarında ola, gündəlik
qayğılarından aralana bilirdilər. Səhnədəkilərsə
bütün sıxıntılarına, əziyyətlərinə
rəğmən, onları seyr edənlərdən də bəxtiyar
idilər, çünki dünyada onlarçün bu heyran
baxışlardan, bu minnətdar alqışlardan ali mükafat
olmazdı. Tamaşaçılar vurğun qaldıqları bu
ifaçıları yalnız səhnədə izləmirdilər,
onları tamaşadan sonra da gözləyirdilər. O aktyorlar
bığlarını-saqqallarını
çıxarırdılar, üzlərinin qrimini silib-təmizləyirdilər,
səhnə paltarlarını dəyişib öz
libaslarını geyinir, küçəyə
çıxırdılar, teatr məftunlarıonlarıelə
səhnədə olduğu kimi, küçələrdə də
valehliklə seyr edərdilər.
O günlərdən kinolentlər qalmayıb, tək-tək
fotolar əldədir. İndi nə o tamaşaçılar həyatdadır,
nə o aktyorlar. Qəzetlərdə tamaşalardan sonra
isti-isti məqalələr yazılıb, aktyorlardan
hansılarısa bir vaxtlar xatirələrini qələmə
alıb, hansılarısa yaddaşda qalanları kameraya,
mikrofona söyləyib. Ancaq bütün bunlar bu gün
oçağkı bütöv mənzərəni görməyə
əsla bəs etməz. İndi əsas şahid, aktyorların
da, tamaşaçıların da əvəzinə dil
açıb olub-keçənləri bizə nağıl edə
bilən afişalar, proqramlardır. Baxırsan, quruca adlar,
soyadlar bir andaca canlanır, unudulmamalı dünənlər
haqda doyulmaz hekayətlərini başlayır (Və
özümü kədərli bir məqamda tuturam - axı o
quruca adlarla danışa bilənlər, onlarla söhbəti
doyulmaz sayanlar da elə həmin köhnə aktyorlar və
tamaşaçılar kimi asta-asta tükənməkdədir).
...1908-1909-cu illərin saxlancı, "Bəxtsiz
cavan"a,"Müsibəti-Fəxrəddin"ə
çağıran həmin afişaların, proqramların, dəvətnamələrin
bəzilərində bir ad da keçir. İlk baxışdan əksəriyyətə
tanış olan, amma tanımadığınız bir ad: A.Gəraybəyov.
Sözsüz, dərhal yada Ağasadıq Gəraybəyli
düşür. Ancaq 1908-də, 1909-da Ağasadıq vur-tut
11-12 yaşlı oğlandı. Bəs həmin proqramda əfsanəvi
Hüseyn Ərəblinski ilə yanaşı qeyd edilən Gəraybəyov
soyadlı, proqramda adının sadəcə baş hərfi
yazılmış aktyor kim idi? Elə beləcə də
yazılıb: "Tamaşanın rejissoru Hüseyn Ərəblinski.
Suflyor A.Gəraybəyov". Bu, teatr aşiqi, səhnə
aludəsi Ağalar Gəraybəyov idi. Amma həmin adın
sonraların məşhur aktyoru Ağasadıq Gəraybəyliyə
də hər halda birbaşa aidiyyəti var. Ağalarla
Ağasadıq doğma qardaşlardı. Ağasadıq hələ
kiçik idi, məktəbdə oxuyurdu. Ancaq teatra
bağlı olan qardaşının vasitəsilə artıq
onun da ürəyinə səhnə həvəsi
düşmüşdü. Və Azərbaycanın həmin
Ağalar Gəraybəyova vəfa borcu var. Çünki 91
illik ömür yaşamış, bu qısa olmayan
ömrün 80 ilinə yaxınını Azərbaycan
teatrına həsr etmiş böyük aktyorumuz
Ağasadıq Gəraybəylinin səhnəyə gəlməsinin
ilk səbəbkarı məhz böyük qardaşı
Ağalar bəy olmuşdu.
Hüseyn Ərəblinski (1881-1919) də, Abbas Mirzə
Şərifzadə (1893-1938) də, Mirmahmud Kazımovski
(1882-1940) də, Sidqi Ruhulla (1886-1959) da və onların
neçə-neçə məsləkdaşı da sadəcə
aktyorlar deyildilər. Həqiqətdə onların hər biri
millət fədaisi idi. Onlarla bir yerdə olub teatra Məcnun kəsilməmək
mümkünsüzdü.
Ağasadıq Həbib
bəy Mahmudbəyovun (1864-1928) məktəbində oxuyurdu və
elə həmin əyyamlarda da ayağı teatra
açılır, balaca qəlbinə bu gözəlin ilk
qığılcımı qonur. Elə bir
qığılcım ki, Ağasadıq Gəraybəylinin
ürəyində alışdırdığı ocaq
yaşı doxsanı adlayanadək sönməyəcək.
...Ağasadıq Gəraybəyli teatr yolunu erkən
başladığından yaşından daha yaşlı idi.
Yetmişi-səksəni arxada qoyandan sonra da canı suluydu,
yaddaşı iti idi, səhnəyə
çıxırdı, cavanlarla yanaşı və onlardan
geri qalmayan bir şövqlə rollarını ifa edirdi. Ancaq
daha heyrətli olan Ağasadıq Gəraybəylinin hafizəsi
idi - xatirələrini söyləyirdi və o yaddaşlar elə
iraqlara aparırdı ki, zənn eləyirdin, bu adamın 75-80,
85-90 yox, 100, bəlkə yüzdən çox yaşı var.
Çünki tale ona qeyri-adi fürsət vermiş, yolunun
başlanğıcından, lap uşaq yaşlarından nəhənglərlə
eyni yolda və yanaşı addımlatmışdı.
1983-cü il idi. Radiodakı bir verilişimiz
üçün onunla növbəti
görüşümüzdən sonra rica etdim ki, xeyirxah və
gərəkli bir işi başlasın - xatirələrini qələmə
alsın. Söz də verdim ki, siz yadınızda qalanları
epizod-epizod yazın, sonra mən əl gəzdirib qaydaya salaram.
2 il sovuşdu. Moskvada yarım illik ezamiyyətdə idim, o
vaxtlar bəstəkar Müslüm Maqomayev (1885-1937) haqqında
kitab üzərində işlədiyimdən ara-sıra
suallarımla Ağasadıq müəllimə zəng vururdum.
Bir gün o özü zəng çaldı. Xəbər məni
sevindirdi. Dedi ki, tapşırdığın dəftəri
yazıb doldurdum. Oxu, desən yaxşıdır, ardını
da yazaram. Qayıtdım ki, "yaxşı"nı
oxumamış deyirəm, çünki hafizənizdən nəyi
qoparıb kağıza köçürsəniz, artıq qiymətlidir,
onları sizdən savayı bilən kim var ki!
Dəftərlərində də yazdığı, mənə
də daha təfərrüatlı söylədiyi o xatirələrin
içərisində Müslüm Maqomayev də vardı.
Müslüm bəy Qori Seminariyasını bitirəndən
sonra bir müddət məktəblərdə müəllimlik
eləmişdi. Elə Üzeyir bəy də o cür -
ayrı-ayrı məktəblərdə dərs demişdi.
Ağasadıq ustad danışırdı ki, Həbib bəy
Mahmudbəyovun məktəbində oxuduğu, Müslüm bəyin
onlara dərs dediyi çağlarda məktəbdə orkestr də
varmış. Həmin nəfəsli orkestri Müslüm
Maqomayev düzəldibmiş və Ağasadıq Gəraybəyli
də orada klarnet çalırmış. Özünün illər
sonra təvazökarlıqla söylədiyinə görə,
"heç pis də çalmırmış".
1908-1909-cu illərdə Müslüm bəy məktəbin nəfəsli
orkestrinə şagirdlərin sırasından ən qabiliyyətliləri
cəlb edirmiş. Məqsəd yalnız bu orkestri gücləndirmək
deyildi, Müslüm bəy gələcəyə
baxırdı, düşünürdü ki, bunların
arasından kimlərisə daha sonra opera teatrında istifadə
etmək olacaq. Şagirdlərinə o dövrdə artıq
hissə-hissə yazdığı "Şah
İsmayıl"dan parçaları əzbərlətdirirmiş.
Həmin məşğələ saatlarını,
Müslüm bəyin söylədiklərini Ağasadıq
müəllim an-an xatırlayırdı. Amma onun ən məhrəm,
ən işıqlı xatirələri Hüseyn Ərəblinski
ilə bağlı idi. Ağasadıq müəllim o fədakarların
hər əsəri səhnəyə gətirməkçün
nə qədər əziyyətlər çəkməsinin hər
üzünü görmüşdü. Deyirdi ki,
zavallıların heç əməlli-başlı məşq
etməyə, tamaşaları göstərməyə irəlicədən
hazır yerləri də yox idi, gah onun, gah bunun mənzilində
toplaşırdılar, biz Vidadi küçəsində
yaşayırdıq, oradakı mənzilimizə tez-tez
Hüseyn Ərəblinski digər aktyorlarla gələrdi, məşq
eləyərdi, ancaq tamaşaları o vaxt daha çox
Tağıyev teatrında - camaat arasında "Morskoe
sobranie" - "Dənizçilər evi" adlanan yerdə
təşkil edərdilər.
Və bu, məktəbli Ağasadığı aktyor
Ağasadıq Gəraybəyli edən
qığılcımın hekayətidir ki, əhvalat 1908-ci
ildə vaqe olur. Ağasadıq 1897-ci ildən idi və həmin
il 10 yaşını tamamlayıbmış, 11-nin içindəymiş.
Axşamlardan birində qardaşı Ağalar ona deyir ki, sabah
dərsdən çıxanda evə tez gəl, səni bir yerə
aparacam, lazımsan. Artıq teatra isinişmiş, afişalarda
adı Hüseyn Ərəblinski ilə yanaşı
görünən Ağalar Gəraybəyova balaca
Ağasadıq nəyə görə lazım ola bilərdi
ki?
Dənizçilər evində göstərməkçün
yeni tamaşa hazırlayırlarmış, orada balaca qız
surəti də varmış. Ancaq elə dövr idi ki, səhnəyə
kişilərin gəlməsi müşkül idi, onda
qalmış qadınlar-qızlar ola. Növbəti məşq
bitir, aktyorlar iki bir-üç bir dağılışır,
qalır Ərəblinski ilə Ağalar. Hüseyn
başlayır Ağalarla dərdləşməyə ki, vaxt
lap daralıb, bir-iki günə Səriyyə rolunu oynamağa
münasib oğlan uşağı tapa bilməsək, vəziyyətimiz
ağır olacaq. Əgər 9-10 yaşlı qabiliyyətli
bir oğlan olsaydı, sözləri də öyrədərdik,
qız paltarı da geyindirərdik, bu yaşda səsi də zərif
olacaq, heç qız səsindən seçilməyəcək,
baxanlar da onu elə qız kimi qəbul edəcək.
Ağalar bir az fikrə
gedir və qayıdır ki, narahat olma, deyəsən,
tapmışam. Hüseyn maraqlanır ki, haradan tapmısan?
Ağalar "Mənim qardaşım fərasətli
uşaqdır, məktəblidir, onlara Müslüm bəy dərs
deyir. Arada uşaqlara yazdığı təzə operadan
parçaları da öyrədir. Mənə elə gəlir
ki, kiçik qardaşıma bu işi tapşırsaq,
yaxşı başa salsaq, öhdəsindən gələcək".
Hüseyn Ərəblinskinin gözləri
işıqlanır və Ağalar da ertəsi günü
balaca qardaşının əlindən tutub gətirir Dənizçilər
evinə ki, ona hansı iş üçün lazım
olduğunu başa salsın. Səhnəni göstərir, izah
edir ki, bax, Hüseyn əmi duracaq orada, ona bir kişi
yaxınlaşacaq, söhbət eləyəcəklər və
onlar söhbətlərini yekunlaşdıran əsnada sənə
işarə edəcəklər. Gedərsən onların
yanına, dayanarsan Hüseyn əminin böyründə,
onların söhbəti yenə davam edəcək və
Hüseyn əmi sənə deyəndə ki, "get",
oradan aralanarsan.
Ağasadıq Gəraybəyli həmin əhvalatın
üstündən 70 ildən artıq bir zaman ötəndən
sonra da sanki həmin günün, həmin dəqiqələrin
içərisindəymiş kimi olmuşları həyəcanla
yada salırdı. Deyirdi ki, məni geyindirib-kecindirmişdilər,
dayanmışdım pərdənin arxasında, Hüseyn əminin
pərdənin o üzündən söylədiklərini
eşidirdim və onun danışığına qulaq
asdıqca, cazibəli səsinin təsiri ilə kövrəlib
ağlamağa başlamışdım. Arada Ərəblinski
keçdi pərdə arxasına, məni ağlayan
görüncə başımı sığalladı, yenə
səhnəyə getdi, yenə danışırdı, mən
yenə özümü saxlaya bilməyib ağlayırdım.
Birdən işarə elədilər ki, ayıq ol, səhnəyə
çıxmaq vaxtıdır. Elə ağlaya-ağlaya səhnəyə
getdim, Hüseyn əminin yanında durdum, o, danışıb-danışıb
"Get!" deyəndə elə yenə ağlaya-ağlaya gəldim
pərdənin ardına.
Beləcə, Ağasadığın könlündə
hərarəti 80 ilə yaxın bir müddətdə səngiməyəcək
ocağa ilk qor Hüseyn Ərəblinskinin yüngül əli
ilə o axşam, o səhnədə
düşmüşdü.
Teatrla əsl vüsalının baş tutduğu o
saatı Ağasadıq Gəraybəyli bütün həyatının
ən bəxtəvər parçası sayırdı.
O il, o gün, o Dənizçilər evində
tamaşanın davam etdiyi vaxt 2-3 saat, ya bir az çox
olmuşdu. Ancaq həmin bir neçə saatda
yaşadıqları haqda Ağasadıq müəllimin nəinki
saatlarla, günlərlə, aylarla danışılası, hətta
bir ömür boyu söylənib qurtara bilməyəcək qədər
xatirələri vardı. Hər dəfə də bu hekayəti
başlayanda sanki həmin rəvayəti ömründə ilk
dəfə söyləyirdi. Hər dəfə hafizənin dərinliyindən
elə incə xatirələr sıyrılıb
çıxırdı ki, gerçəkdən də həmin
günün büsbütün möcüzə ilə dolu
olmasına inanırdın. Deyirdi ki, Dənizçilər evinə
gələn kimi məni apardılar balaca bir otağa, əyləşdirdilər.
Bir gur saçlı, ucaboylu, gülümsər çöhrəli
kişi yaxınlaşdı mənə. Əvvəlcə mənə
qız paltarı geyindirdi, sonra başıma uzun saçlar
taxdı və başladı yanaqlarımı qızartmağa
ki, qıza daha çox oxşayım.
Balaca Ağasadıq o dəqiqələrdə bu
işi görənin kim olduğunu bilmirmiş. Onun nəzərində
bu, sadəcə, ucaboy, gur saçlı, gülümsər
çöhrəli bir əmi idi. Ancaq üstündən
çox keçməmiş öyrənmişdi ki, ona bəzək
vuran bu əmi Əbdürrəhim bəy Haqverdiyevmiş.
Beləcə, yolunun başlanğıcından təpədən-dırnağa
tarix olan adamlarla oturub durduğundandır ki, Ağasadıq Gəraybəyli
özü də hələ qocalmamışdan canlı tarixə
döndü.
Səhnəyə ilk gəlişindən sonra teatr onun
bütün varlığını doldurmuşdu.
Yollanırdı məktəbə, oxumağına
bütün dərslərini yaxşı oxuyurdu, ancaq onu daha
çox çəkən o fənlərin arasındakı nəğmə
dərsi idi. Bir baxın bu uşaqlara nəğmə dərsini
kimlər deyirmiş. O cür müəllimlərlə
ünsiyyətdən sonra teatra, sənətə, musiqiyə
vurulmamaq mümkün olardımı? Nəğmə müəllimləri
Müslüm Maqomayevlə Hənəfi Terequlovdu (1877-1942). Məktəbdə
müəllimləri teatr adamları, dərsdən
çıxıb evə qayıdırdı, qardaşı
Ağalar teatr adamı.
Və artıq ayağı teatra
açılmışdı, ona ara-sıra xırda rollar da
verirdilər. Öz etirafları, 1970-80-ci illərdə mənə
söylədikləridir - yatırdı, yuxusunda da teatr
görürdü, röyalarında bir-bir arzuladığı
rolları ifa edirdi. Deyirdi ki, Hüseyn Ərəblinskinin
öz truppası vardı, Abbas Mirzə Şərifzadənin
öz dəstəsi, ora da gedirdim, bura da. Orda da mənə
rollar verirdilər, burda da, sonra Hacıbəyov
qardaşlarının truppası yarandı, ayağım ora
da açıldı, Üzeyir bəylə Ceyhun bəy
musiqili teatr tamaşaları verməyə başladılar,
orda da məndən kiçik rolları əsirgəmirdilər.
...Rol sayına görə çətin ağlım kəsir
ki, haçansa Ağasadıq Gəraybəyliyə çatan
ikinci bir aktyorumuz ola. O, Azərbaycan teatrının tarixində
heç kəsin oynamadığı qədər rollar ifa
edib. Ancaq bununla bitmir ki! Ağasadıq Gəraybəylinin
başqa rekordları da var. Elə rekordlar ki, onlar da Azərbaycan
teatr tarixində heç kimə nəsib olmayıb, bundan sonra
da çətin qismət ola. Gəraybəylinin elə
rolları oldu ki, onları 60-70 il boyunca oynadı.
Uşaqlığında, yeniyetməliyində - 1910-cu illərdə
o rolları ona tapşırmışdılar,
cavanlığında - 1920-1930-cu illərdə yenə etibar
etdilər, ahıllığında -1940-1950-1960-cı illərdə
də həmin surətləri yaratdı, qocaman
çağlarında - 1970-1980-ci illərdə də yenə
o rolları ifa edirdi. Ancaq müxtəlif onillərdə
yaratdığı bu eyni surətlər heç də səhnədə
köhnəki sayaq görünmürdü, əvvəlki
cür səslənmirdi. Ağasadıq Gəraybəylinin
aktyor üstünlüklərindən biri də bu idi ki,
oynadığı rola həmişə içərisində
yaşadığı zamanın havasını da əlavə
edə bilirdi.
"Ölülər" Azərbaycan səhnəsinə
ilk dəfə 1916-cı ildə gəldi. Sonralar - ta XX əsrin
sonlarına, XXI əsrin əvvəllərinə qədər
həmin tamaşanın baş surətini - Kefli İsgəndəri
bir-birindən üstün sıra-sıra parlaq
aktyorlarımız yaratdı. Ancaq ilklərdən biri
Ağasadıq Gəraybəyli idi. Onun Kefli İsgəndəri
də Azərbaycan insanının teatr yaddaşında həmişə
yaşayır.
Ağasadıq Gəraybəyli hansı surəti
yaradıb ki, yaddaşlara birdəfəlik həkk olunmasın?
Nəyi oynayıbsa, o surətə möhürünü
vurub.
...Ağasadıq Gəraybəyli ömrü boyu
şuxluğunu, nikbinliyini qeyb etməsə də, həyatı
heç də rahat, rəvan keçməmişdi.
Ömür boyu saysız çətinliklərlə də
üzləşmişdi. Onu soyumağa qoymayan, səhnənin
ecazkar cazibəsində daimilik saxlayan tükənməz sevgi
idi. Bir də ürəyində həmin sevgini oyatmış,
həyatının mənası səhnə olan misilsiz müəllimlərindən
aldığı dərslərə, nəsihətlərə,
vəsiyyətlərə sədaqət.
Ağasadıq Gəraybəylinin nəvəsi, tibb
elmləri doktoru, professor Gəray Gəraybəyli yada salır
ki, babam artıq 88-89 yaşında olanda ayda bir, bəzən
iki, hərdən də üç dəfə səhnə
ömründəki son tamaşada - "Xurşidbanu
Natavan" pyesində səhnəyə
çıxırdı. Adətən tamaşadan bir neçə
gün qabaq atama zəng vurub yadına salardı ki, mənim
filan vaxt tamaşam olacaq, işdən bir az tez icazə al, gələrsən
dalımca. Evdə də hamımız görürdük ki,
bu yaşında da hər tamaşaya necə
hazırlaşır. Hər bir hərəkətindən hiss
olunurdu ki, səhnəyə çıxmaq onunçün nə
dərəcədə böyük, vacib bir işdir.
Özünün danışıqsız riayət
etdiyi səhnə intizamı və teatr məsuliyyəti vərdişlərini
digərlərində, illah da cavanlarda görməyəndə
Ağasadıq müəllim daxilən çox incik olurdu. Yenə
nəvəsinin xatirəsidir ki, 1987-ci il idi, respublikanın
ictimai-siyasi həyatında gərgin, narahat günlər
yaşanırdı və babam bir axşam teatrdan əlində
çiçək dəstəsi ilə qayıtsa da, çox
dilxor görünürdü. Təbii ki, onu hamıdan
artıq duyan nənəm idi, babam içəri girən kimi
sifətindən, tərpənişindən qanıqara
olduğunu anlayaraq soruşdu ki, "Ağasadıq, nə
olub?" Cavab vermədi. Onda nənəm babamla birgə
teatrdan qayıtmış atamdan xəbər aldı ki, "nə
baş verib?" Atam da çiyinlərini çəkdi ki,
bilmirəm, elə maşına oturandan danışmır. Həmin
gün biz bir şey öyrənə bilmədik. Ertəsi
gün nənəm danışdı ki, bilirsən baban nəyə
görə qanıqara idi? Tamaşada iştirak edən
hansısa gənc aktyor teatra özünü zor-bəla
çatdırdığından tələsdiyindən əynindəki
cins şalvarını soyunmağa macal tapmamışdı,
XVIII əsrin hadisələrindən bəhs edən pyesdə
səhnəyə elə həmin görkəmdə
çıxaraq oynamışdı. Babamı hədsiz pərişan
edən müqəddəs saydığı səhnəyə
bəslənən belə münasibət idi.
Ağasadıq Gəraybəylini həyatı boyu
heç vaxt tərk etməmiş məsuliyyət duyğusu
haqqında Gəray müəllimbabasını hamıdan
yaxşı və müddətcə də hamıdan daha
çox tanımış nənəsinin dilindən bir
maraqlı hekayəti də söyləyir. Deyir ki, nənəm
Əməkdar müəllim idi, orta məktəbdə işləmişdi,
bizim - bütün nəvələrin ev
tapşırıqlarını necə yerinə yetirməsinə
həmişə özü nəzarət edərdi, daim də
bizə babamızı misal çəkərdi ki, səliqədə,
məsuliyyətdə ona bənzəyin.
Nənənin nəvələrə nağıl kimi
danışdığı ibrətli Ağasadıq əhvalatlarından
biri də bu imiş ki, cavanlıq illərində kasıb
şəraitdə, birotaqlı mənzildə
yaşayırmışlar, uşaqlar hələ körpəymiş,
üstəlik, onlara baxan dayə də varmış, ona
görə də gecələr həmin balaca otağın
ortasından pərdə çəkərmişlər, o tərəfdə
uşaqlarla dayə, bu tərəfdə Ağasadıqla həyat
yoldaşı yatarmış.
Sabah Ağasadığın premyerası
varmış. Gecə yarısı elə tuman-köynəkdə
durub keçibmiş mətbəxə, əsərdə
bilyard stolu arxasında gəzərək söyləyəcəyi
monoloqu indi əlində oxlov tutaraq yemək masasının
yanında var-gəl etməklə dönə-dönə təkrarlayırmış.
Səsə oyanan dayə ev sahibəsini təlaşla silkələyib
oyadır ki,"Xozyayka, xozyayka, vstavayte, xozyain s uma
soşyol" - "Xanım, xanım, qalxın, ağanın
başına hava gəlib".
O sadədil qadının bu sadəlövh sözlərini
qəribliyə də salmayaq. "Dəli" bizlərdə
ta qədimlərdən yalnız ağlını itirmiş
adamlara deyilməyib ki! Çənlibeldə Qoç
Koroğlunun çevrəsinə
yığışmış 7777 dəli bir qoşun
ağlını itirmiş adamlar deyildi, beyinlərinə
savaş havası dolmuş, dəli-dolu igidlərdi. Dəlilik
həm də eşqində, məsləkində
ölçülərə, hüdudlara sığmamaqdır.
Zəkası qəlibləri sındırıb yeni
üfüqlərə qanadlanan istedadlar da yolunu dəlicəsinə
gedənlərdir. Sərhədlər arasında
sıxılıb qala bilməyən istedadlı qafalar çəpərləri
qırmasaydılar, başlarını aşağı
salıb adi adamlar kimi saya ömür sürsəydilər,
dünyanı dəyişən kəşflər, ixtiralar da
doğulmazdı.
Allahın Ağasadığa bəxş etdiyi vergi
öz yerində, lakin dünyanı, sənəti dərk edəndən
yan-yörəsində əsl fanatikləri, vurğunları
görmüşdü, böyüklərini o cür görəndən
sonra başqa sayaq ola bilərdimi?! O, bir adam deyildi ki, ona elə
tək adamdan umulan ütülü keyfiyyətləri gözləyəsən.
Səkkiz onilə sığışan səhnə həyatı
ərzində iki yüzdən artıq rol oynadı. İki
yüzdən artıq rol elə bir o qədər fərqli
ömürlər deməkdir. Ağasadıq Gəraybəyli o
qədər ömrün hər birinin içərisinə
girmişdi, girincə də dönüb olmuşdu həmin
adam, Ağasadıqlığını yaddan çıxararaq
həmin ömrü yaşamağa başlamışdı.
Əlində oxlov gecə ailəni yuxuya verərək
məşq etmək dəlilik deyil ki! Əsl dəliliyin, əsl
Məcnunluğun təsdiqi Ağasadıq Gəraybəylinin
ömrün qürubunda etdiyi idi. Xalqına, sənətinə
verə biləcəyindən də artıq töhfələri
vardı. Yaş gəlib dirənmişdi doxsana. Daha heç bədən
də, səhhət də əvvəlki deyildi. Əsl dincələn,
xatirələrin şirinliyinə, keçmiş
uğurların xumarına dalmaq zamanı idi. Ancaq səhnəyə
can atırdı. Çünki eşq əvvəlki eşq
idi. Başındakı məhəbbətin havası elə
cavanlığında olan idi. Onu səhnəyə çəkən
də elə bu hava idi. Yenə nəvəsi Gəray Gəraybəyli
anır: "Babam 92 yaşında rəhmətə getdi. Təxminən
88-89 yaşlarına qədər "Xuşidbanu Natavan"
pyesində knyaz rolunu oynayırdı. Axırıncı bir ildə-il
yarımda görmə qabiliyyəti çox aşağı
düşmüşdü. Bir neçə dəfə əməliyyat
təklif olundu, ancaq yaşına görə atamgil buna razı
olmadı. Bir gözünün görmə qabiliyyəti, demək
olar ki, 10 faizə enmişdi. İkinci gözün görmə
qabiliyyəti haradasa 50 faiz, 60 faiz əhatəsində idi və
ona görə də o, çox pis seçirdi. Evi, təbii
ki, hər qarışı tanıyırdı, öz mənzilində
asudə hərəkət edirdi. Onda görmə
sıxıntısı yaranandan sonra atam da, nənəm də
məsləhət gördülər ki, daha bəsdir,
artıq ərizəni yaz, daha səhnəyə
çıxma. Qətiyyən razılaşmadı".
Necə razılaşa idi? Səhnə onun nəfəsi
idi, nəfəs almasa, necə yaşaya bilərdi?! Səhnə
onun ürəyi idi, ürəksiz necə qala bilərdi?!
Gedirdi teatra, çıxırdı səhnəyə,
yeni günləri, yeni həftələri, yeni ayları
yaşamaqçün əlavə güc alaraq
qayıdırdı evinə.
Doğmaları söyləyir ki, öz evinin
içində rahat idi - hər iki gözü aydınca
görən kimi. Amma o, səhnəni öz evindən də
yaxşı, məhəbbətin gözü ilə,
bütün aydınlığı ilə görürdü,
sevgisini də sonacan ondan ayrılmamaqla bir daha sübut etdi.
Onun əsl evi bura yox, ora idi. Ona görə də nəhayətdə
bu evdən - sənədlərində yaşayış
ünvanı göstərilən mənzilindən birdəfəlik
ayrılıb getdi son mənzilinə. Ancaq səhnədən
yenə ayrılmadı və heç vaxt da ayrılmayacaq. O,
səhnədə öz stixiyasında olurdu və həmişə
də həmin səhnədə qalacaq. Və bu səhnə də
yalnız Milli Dram Teatrının səhnəsi, hansısa
kinoteatrın ekranı, çeşidli televiziyaların
Ağasadıq Gəraybəylinin yadigar lentlərini göstərən
və göstərəcək aynası deyil.
O səhnə bütöv Azərbaycan mənəviyyatının
səhnəsidir ki, Ağasadıq Gəraybəyli oradan daha
heç vaxt ayrılmayacaq.
...Bir var aktyora heyranlığını kütlələr
dilə gətirsin, bir də var həmin məftunluğu təcrübəlidən-təcrübəli,
sanballı rejissor söyləsin. Əlbəttə ki, ikincinin
qiyməti daha üstündür. Səhnə həyatının
müxtəlif illərində Ağasadıq Gəraybəyliyə
tamaşaçılar həmişə valeh oldu. Ancaq onun
müxtəlif illərdə işlədiyi rejissorlar da sanki
Ağasadıq Gəraybəylini hər dəfə yenidən
kəşf etdilər, hər dəfə hansısa məşq,
hansısa tamaşa bitəndən sonra o məşqin, o
tamaşanın gedişində indiyəcən gözəlcə
tanıdıqları Ağasadıq Gəraybəylinin ogünəcən
müşahidə etmədikləri hansısa
üstünlüklərini görərək mat qaldılar, təəccübləndilər
və bu hisslərini gizlətmədilər də. Bu,
Ağasadığın səhnədə olduğu
bütün onillərdə görüldü. Gəncliyində
də, ixtiyarlığında da!
1924-cü ildə böyük rejissor Aleksandr
Aleksandroviç Tuqanov (1871-1960) işləməkçün
Gürcüstandan Azərbaycana köçdü. Burada Tuqanova
sevərək San Sanıç deyərdilər. Onun gəlişi
ilə Azərbaycan teatrı çox qazandı. Milli
teatrımızın 1920-1930-cu illərdəki yüksəlişlərinin,
bir silsilə zəfərlərinin altında onun imzası
dayanır. San Sanıç Tiflisdən Bakıya əliboş
gəlməmişdi, özü ilə Gürcüstandan bir
bölük azərbaycanlı aktyoru da gətirmişdi. Həm
də necə aktyorları?! Ülvi Rəcəbi (1903-1938),
Əli Qurbanovu (1898-1962) və o biçimli neçə mahir
sənətkarı ki, gəlişləriylə Azərbaycan
teatrının həyatında yeni tərəqqi dalğası
coşdu. Və Tuqanov gəlişindən az sonra hadisəyə
çevrilən bir tamaşa hazırladı - Maksim Qorkinin
(1868-1936) "Na dne" - "Həyatın dibində" əsərini
səhnəyə çıxartdı. Həsən Səbrinin
(1878-1938) tərcüməsində bu pyes "Yurdsuz
insanlar" adlanırdı. Təbii, 1924-cü ildə
artıq Azərbaycan teatrı yetərincə qüvvətli
idi, səhnəmizdə xeyli bişkin aktyorlar
çalışırdı, Tuqanov özü ilə gətirdiklərini
də bura əlavə edəndə sıranın necə
sıx və qüdrətli olmasını təsəvvür
etmək çətin olmaz. Ancaq Ağasadıq Gəraybəyli
bu parlaqlar qatarında ən seçilənlərdən idi ki,
Tuqanovun gözü onu tutmuşdu və Satin rolunu
tapşırmışdı ona. Ağasadıq Gəraybəylinin
Satin olduğu tamaşada Nastyanı Mərziyə Davudova
(1901-1962) oynayırdı. Və
iş elə gətirmişdi ki, həmin pyesin repertuarda
olduğu dönəmdə Maksim Qorki yenə Azərbaycana səfər
edibmiş. Görkəmli yazıçını dəvət
edirlər ki, "Yurdsuz insanlar"ın yeni quruluşunu seyr
etsin. Əsər Azərbaycan dilində gedirdi, Qorki isə Azərbaycan
dilini bilmirdi. Ancaq o əsərdəki hər kəlmə, hər
cümlə ona bəlli idi və səhnədəki hiss-həyəcandan,
ifanın tərzindən hər şeyi duyurdu. Tamaşadan
sonra Qorki San Sanıçla təəssüratlarını
bölüşmüşdü və nə yaxşı ki,
Tuqanov yazıçının söylədiklərini
yalnız dost-tanışla bölüşməklə kifayətlənməyərək
bunları qələmə də alıb. Qorki söyləmişdi
ki, bütövlükdə tamaşa çox gözəldir,
aktyorların hamısı rollarının öhdəsindən
layiqincə gəldi, amma Satinlə Nastyadan olmaz, onların
ifasına heyran qalmamaq mümkün deyil.
Və Aleksandr Aleksandroviç Tuqanovun - o böyük
rejissorun da artıq səhnəyə çıxmış
tamaşa haqqında yox, pyesin bu səhnəyə çatana qədərki
keçirilmiş onlarca məşqindən sonra gəldiyi diqqətə
layiq bir qənaət də vardı ki, onu da qeyd edib - həmin
tamaşada iştirak edən o qədər (və
hamısı da adlı-sanlı) aktyorun arasından təkcə
Gəraybəylini seçir, onun üzərində dayanaraq
yazırdı: "Ağasadıq Gəraybəyli elə məşq
edirdi ki, bu, hər bir aktyora necə məşq eləməyin
bir nümunəsi ola bilər".
Ağasadıq Gəraybəyli o vaxt 27 yaşında
idi. Çağın ölçüləriylə ona
artıq gənc aktyor demək düz olmazdı. Baxmayaraq ki, 27
yaşında insana elə "cavan" deyərlər. 27-sində
Ağasadıq artıq yetişmiş, özünü təsdiqləmiş,
şöhrəti ondan xeyli yaşlılardan az olmayan püxtə
sənətkar idi. Hələ başlanğıcdakı
addımları bir tərəfə qoysaq, artıq 15 ildən
çox idi ki, peşəkar səhnədə idi, fəqət
yenə usanmadan elə məşq edirdi ki, sanki yolunu yeni
başlayan bir sütül aktyordur. Və həmin məsuliyyət
hissi ömrünün sonuna qədər Ağasadıq Gəraybəylini
tərk etmədi. O qədər usta, o qədər kamil sənətkardı
ki, məşqsiz də səhnəyə çıxardı,
çoxdan bəri işlənib cilalanmış kimi
görünən improvizələrini də edərdi, səhnəyə
məşqsiz çıxdığını kimsə sezməzdi.
Ancaq sürəkli səhnə ömrünün heç bir mərhələsində
heç vaxt bunu özünə rəva bilmədi. Ona görə
də böyük idi, ona görə də təkrarsız
idi. Allahın verdiyi istedad hələ azdır.
Böyüklüyə yetməkçün, təkrarsızlıq
qazanmaqçün gərək məsuliyyət hissi də hər
qırpımda, hər nəfəs gedib-gələndə səninlə
ola.
Qədim yunan müdriki söyləyirdi ki, axan
çaya bir dəfə ayaq basmaq olar. Fəlsəfəsinə
dalınca, bu, labüd bir həqiqətdir. Hər şey
axır, hər şey dəyişir. Zaman çayı
keçib gedir və özü ilə çox şeyləri
aparır. Ağasadıq Gəraybəyli ömrü boyu Azərbaycanın
dörd bucağındakı ən darkolxoz klublarından
tutmuş ölkənin ən mötəbər teatrlarına qədər
neçə səhnədə sayını itirdiyi qədər
hədsiz çıxışlar etdi, bir-birindən bəyənimli,
biri digərindən yapışıqlı surətlər
yaratdı. O adamlar ki, 1920-ci illərdə onu kənd-kəsəkdə,
elə açıq havada, yerdə oturub seyr edirdilər, o
adamlar ki, onu rayonlara etdiyi səfərlərdə, kənd
klublarında, mədəniyyət evlərində səhnədə
görürdülər, o adamlar ki, artıq məşhur
teatrlarımızın səhnələrində
Ağasadıq Gəraybəyliyə heyran qalırdılar,
onların hamısını vaxtın suları alıb
aparıb, coşqun təəssüratları da onlarla birgə
gedib, həmin tamaşalarla əlaqədar ayrı-ayrı qəzetlərdə,
jurnallarda, kitablarda əksini xəsis cümlələrdə
tapan rəylər heç vəchlə o insanların köksəsığmaz
duyğularının yüzdə birini də çatdıra
bilməz. Amma nə yaxşı ki, kino var. Sənət
tariximizdə və millətin yaddaşında həmişə
yaşayan və sevilən neçə bədii filmdə
Ağasadıq Gəraybəyli var. 30 il, 40 il, 50 il, 60 il əvvəl
ilk dəfə həmin filmləri görənlər necə
riqqətə gəlmişlərsə, yeni günün
insanları da həmin hissləri yaşayır. Teatrın
kinodan əsas üstünlüyü odur ki, eyni əsər hər
təzə təqdimatında yenidir, qətiyyən əvvəlki
deyil və aktyorun hər dəfə ifasını daha çəkici,
daha mükəmməl etmək fürsəti var. Kinodasa bir dəfə
çəkilirsən, nə var odur, həmişəlik o
cür qalır. Ağasadıq Gəraybəylinin yüz dəfələrlə
baxdığımız tanış kino surətlərini hər
dəfə yenidən görəndə elə zənn edirsən
ki, birinci baxmağımdır, Gəraybəyli bu dəfə
keçən səfərkindən də yaxşı
oynayır. Həmin lentlərdə o, həmişə
cavandır, daim şuxdur, əbədidiridir. Ağasadıq Gəraybəylinin
çəkildiyi filmlərin ən məşhuru "O
olmasın, bu olsun"dur. "Məşədi İbad"ı
keçmişlərdə, hələ Azərbaycanın yeganə
televiziyasının olduğu çağlardan həmişə
Novruzda insanlara bayram hədiyyəsi kimi göstərərdilər,
elə indi də həmin xoş ənənə davam edir.
Ağasadıq Gəraybəyli bu millət üçün
bayram payı olmaq missiyasını yenə davam etdirməkdədir.
Hər şeyin axdığı, hər nəsnənin
dəyişdiyi bu dünyada dəyişməyən, həmişə
sabit qalan, qüdrətlidən-qüdrətli Zamana da təslim
olmayan möhtəşəm bir güc də var - Pərvərdigarın
yaratmaq istedadı bağışladığı
insanların ömürlərinin davamı olan irsləri. O
ölməz mirasın sayəsində Ağasadıq Gəraybəyli
də hər şey axıb, hər şey dəyişdiyi aləmdə
dünən necə sağ idisə, bu gün də həmin təhərdir,
bu gün də elə dünənki qədər bizimlədir
və üstəlik, bizləri də arxada qoyub sabahlara
çatacaq. Bu, ömürləri və işıqları
bahasına insanlara əbədi bayram
bağışlamağı bacarmışların hər
birinin alınyazısıdır!
27 mart, 2024
Rafael HÜSEYNOV
Akademik
525-ci qəzet.- 2024.- 30
mart, №55.- S.18-19.