Dəyərlərin
tərəfi
Esse
Milli atributların sərgisinə çevrilən
Novruz bayramının dini kimliyimizin özülündə
dayanan Ramazan ayına təsadüf etməsi bir toplumun
xarakterik yaddaşının iki ideologiya arasında seçim
etməsinə zəmin yaradır. Məsələn, Türkiyədə
bu seçim edilib: Ramazan. Azərbaycanda da əslində daha qədim
dəyərlərin ehtişamını görürük:
Novruz. Bu iki seçim bir cəmiyyətin milli və dini kimliyi
arasındakı köklü əlaqələri və əlaqəsizlikləri
yadımıza salır. Bəs azərbaycanlılar
üçün Novruzla Ramazanın əsas fərqi varmı?
Varsa, bunu hansı dəyərlər müəyyənləşdirir?
1806-cı ildə Napoleon Almaniyanın Jena şəhərini
işğal etməyə gələndə Hegel "Mənliyin
fəlsəfəsi"ni, Höte isə "Faust"u
yazırdı. Hötenin Hegelə yazdığı məktublardan
hər iki dahinin almanların gələcəyi
üçün nə qədər düşüncəli
olduğunu oxuyuruq. Alman xalqının böyük mədəniyyəti
sual altında idi. Napoleon döyüşlərinin nə ilə
nəticələnəcəyi bilinmirdi. Xalqının genetik
fəlsəfəsini araşdıran Hegeldən fərqli olaraq
Höte pessimist idi. Bu pessimistlik "Faust"un bədii
üslubuna, ondan sonra başlayan soyuqqanlı alman ədəbiyyatının
gələcəyinə dair çox şey deyirdi. 1825-ci ildə
Hegel Höteyə məktubunda ona dindar kimi
tapındığını yazırdı. Amma nə
olur-olsun, xalqın fəlsəfi kodlarını "Faust"
kimi ağırtonnajlı kədərin içində
axtarmamağı da məsləhət görürdü. Tarix
və tarixin "ən qaraqabaq" filosofu Nitsşe Hegelin
dediklərinin həqiqətə çevrildiyini göstərdi.
Faciə və romantika arasında get-gəldə olan ədəbiyyat
ironiya və tragikomediya sütunlarını qururdu.
Günümüzün ədəbiyyatı Hötenin
idealları və Hegelin analizlərinin iki yüz illik nəticələridir.
Almaniyanın keşməkeşli tarixində bu
xalqı tərbiyə edəcək yazıçılarla
filosoflar arasında həmişə bir bağlılıq
olub. Alman ədəbiyyatı fəlsəfəyə, alman
filosofları isə birbaşa ədəbiyyata təsir edə
biliblər. Paris intibahı ilə alman metamorfozunun oxşar cəhəti
bu idi: Ya xalqa kim olduğunu izah edəcəksən, ya da kim
olduğuna inandıracaqsan.
Azərbaycanda bu missiya ədəbiyyat tarixinin
başlanğıcından bu günə kimi ədəbiyyatçıların
çiyninə düşür. Xalqın prinsipial
kodlarını araşdıran filosoflarımız varsa da,
onların adı, təəssüf ki, mənim qarşıma,
yəni yeni generasiyanın qarşısına
çıxmayıb. Deməli, əgər bizim də tinimiz
haqqında fikirlər varsa, əgər həqiqətən
"Dədə Qorqud" dastanı bizim kim olduğumuzu izah
edəcək yeganə mənbə deyilsə və bu mənbələrdən
heç kimin xəbəri yoxdursa, mənim "milli və dini
kimliyimizin yanında başqa bir "kimik?" sualına verəcəyimiz
cavab yoxdur" deməyim problem deyil.
Cəlil Məmmədquluzadə fenomeni xalqın müəyyən
mənada "kim olduğunu" göstərirdi. Təkcə
hekayələri, yazıları yox, həm də "Molla Nəsrəddin"
bumunun özü buna xidmət edirdi. Hətta bəzi məsələlərdə
"Molla Nəsrəddin"in millət üçün
tutduğu güzgü, məncə, "Dədə
Qorqud"un güzgüsündən daha dəyərlidir. Bu
gün yaşadıqlarımız və mətbuatın gündəmindən
düşməyən məişət manşetləri də
iddiamı təsdiq edir. "Dədə Qorqud" metafizik təsir
gücünə malikdirsə, "Molla Nəsrəddin"
milli fəlsəfə yaratmaq yolunda daha konstruktivdir.
Sual yaranır ki, bu, doğrudan da vacibdirmi? Xalqın fəlsəfəsini
tapmaq nəyi dəyişəcək? Bu sualın da
cavabını Hegeldən Nitsşeyə qədər zaman
intervalında almanların fikirlərinin deformasiyası
aydınlaşdırır. Nitsşedən sonrakı alman
xalqı isə fəlsəfi traktatların sayəsində hələ
də ayaqda dura bilirdi.
Hegelin yaratdığı mütləq həqiqət
anlayışını Nitsşe yerləbir etmişdi. O,
Hegeli fanatik bir teoloq kimi görürdü. Ona görə də,
düşünürdü ki, Hegelin mütləq həqiqəti
ilə kilsə həqiqətləri arasındakı bağ
milli iradəni zəiflədir. Kilsənin təsiri
altındakı zəif iradə inanclı Hötenin Hegelə təsiri
idi və Nitsşe bu təsirə düşməmişdi. O,
həqiqəti nəsnələrin üzərindən
götürüb fərdlərin üzərinə atdı.
Kamil insan anlayışı da buradan yarand.
Qayıdaq özümüzə. Zəif iradə tərzi
bizə Füzulinin geniş poeziya qübbəsi altında
yaranan şeirdən yadigar qaldı. Hələ də poetik
düşüncə tərzi həyata və onun
ideallarına uduzmaqla məşğulkən nəsr təfəkkürü
əcdadı Axundzadə kimi modern dünyanı daha
yaxşı qavramağa kömək edir. Nitsşe ilə Hegel
arasındakı anlaşılmazlıqla Füzuli-Axundzadə
tərs qütbləri arasındakı mənəvi savaş
eyni mahiyyəti daşıyır, əslində.
Bu mənada "Allah, Allah" deyib düşmənlə
davaya gedən oğuzlarla poçtun qabağında dayanan
nökərin eyni genetikanı daşıdığını
aydınlaşdırmaq lazımdır. Fəlsəfəmizin
birinci problemi "Azərbaycanlı kimdir?" sualına cavab
axtarmamaqdır. Bu sualın cavabı ilə başlayır
bütün xalqların intibahı. Bu sualın cavabı ədəbiyyatı
da, mətbuatı da, ictimai dünyagörüşünü
də, sosial axını da pessimist ideallardan təmizləyir.
Fəlsəfə ilə ədəbiyyat
arasındakı fərq təsvir və izah fərqidir. Milli
kimliklərin təsviri ilə yanaşı, onların
izahı mütləqdir. Bu izah inkişaf və mədəni
dirçəlişə kömək edir. Ola bilər, fəlsəfə
bir elm deyil və funksionallığı sənət qədər
kütləviləşmir, amma kütləviləşə
bilən hər şeyə təsir edəcək gücdədir.
Fəlsəfənin iqtidarı sənətin daha ciddi problemlərlə
məşğul olmasına səbəb yaradır. Mirzə Cəlilin
filosofu özü idi, elə Axundzadənin də. Füzulinin
filosofu Allah idi, Nizaminin filosofu insan və bütün bəşəri
dəyərlər. Dədə Qorqudun filosofu yox idi. Sovet
dövrü ədəbiyyatının filosofu Marks idi. Ondan
sonrakı ədəbiyyatın filosofu isə sosrealizmin pafoslu
iddiaları. Ədəbiyyatımıza yön verəcək
bir filosofun adını çəkməkdə çətinlik
çəkiriksə, bizim üçün fəlsəfi və
ədəbi intibah hələ görünən deyil.
Rəvan CAVİD
525-ci qəzet.- 2024.- 30
mart, №55.- S.17.