Akademikin tale romanı və dövrün akademik salnaməsi  

 

Dünyada və Azərbaycanda elm tarixi anlayışı mənasında əsasən elmi fikri yaradanların tədqiqat sahəsindəki xidmətlərindən, meydana çıxmış elmi ideyalardan və araşdırmalardan bəhs olunur. Heç şübhəsiz, elm tarixi elmi nəzəriyyələrin, elmi məktəblərin və onların yaradıcısı olan görkəmli alimlərin fəaliyyətlərinin tarixidir. Fikrimcə, bura mütləq ayrı-ayrı elm xadimlərinin elmi-publisist əsərlərini və hətta varsa, alimlər tərəfindən yazılmış bədii əsərləri də əlavə etmək zəruridir. Çünki yaradıcı şəxsiyyət kimi elm adamları tədqiqat əsərlərində fundamental elmi problemləri araşdırıb həll edirlərsə, onların elmi-publisist və ya bədii əsərlərində cəmiyyətin və şəxsiyyətin ictimai-mənəvi inkişafı prosesləri, dövrün mühüm hadisələrinə və simalarına fərqli münasibət öz əksini tapır. Son nəticədə idealı təsvir və tərənnüm etmək vəzifəsini yerinə yetirən ədəbiyyatdan fərqli olaraq, alimlərin meydana qoyduqları elmi-publisist baxış daha çox reallıqları əks etdirir. Ədəbiyyat həyatı, cəmiyyəti və insanı dərk etmək, elm isə həm də bütün bunları şərh etmək vəzifələrini həyata keçirir. Bu baxımdan görkəmli elm adamlarının elmi-publisist əsərləri onların fundamental tədqiqatları qədər əhəmiyyətli olub, cəmiyyətin və şəxsiyyətin həm dərk olunmasına və həm də şərh edilməsinə uğurla xidmət edən qiymətli örnəklərdir. Təəssüf ki, əksər dünya ölkələrində olduğu kimi, Azərbaycanda da uzun illər ərzində elm xadimlərimizin elmi-publisist, yaxud bədii əsərləri ikinci dərəcəli hesab edildiyi üçün ya ümumiyyətlə unudularaq itib-batıb, ya da ən yaxşı halda onların vəfatından sonra bəzi nümunələr çap olunub ictimaiyyətə çatdırılmışdır. Halbuki fizika və lirika, yəni elm və ədəbiyyat yaradıcı şəxsiyyətin qoşa qanadlarıdır. Fizika və lirika baxımından hər iki qütbü yüksək səviyyədə təmsil edə bilmək bacarığı yaradıcı şəxsiyyətin xüsusi istedadının göstəricisidir. Cəmiyyəti və şəxsiyyəti alim-tədqiqatçı gözü ilə birlikdə həm də elmi-ədəbi və publisist sözü ilə dəyərləndirmək sözün əsl mənasında böyük mütəfəkkir səviyyəsinə yüksəlməyi bacarmaq deməkdir. Bu baxımdan yanaşdıqda 1950-1958-ci illərdə Azərbaycan Elmlər Akademiyasının prezidenti olmuş akademik Musa Əliyevin "Ömrüm" adlı memuarının bu günlərdə "Çaşıoğlu" nəşriyyatında çap olunub Azərbaycan ictimaiyyətinə çatdırılması həm elm tariximizin və həm də ictimai fikir dünyamızın əhəmiyyətli hadisəsidir.

Məlum olduğu kimi, akademik Musa Əliyev sovet cəmiyyətinin həyatında  xüsusi mərhələ olan İosif Stalin - Mir Cəfər Bağırov epoxasını yaşayıb keçmiş, həmin dövrdə yüksək vəzifələr daşımış, yəni çətin və şərəfli, keşməkeşli yol keçmişdir. O, Şura hakimiyyətindən qabaq ticarətlə məşğul olan bir ailənin, ticarət burjuaziyasının övladı kimi sovet dövründə bir çox ciddi maneələrlə üz-üzə qalsa da, taleyin hökmü və şəxsi iradəsi ilə nəinki mövqeyini qoruyub saxlaya bilmiş, hətta təkbaşına bir çox mühüm mövqeləri fəth edə bilmişdir. Akademik Musa Əliyev Azərbaycan Sənaye İnstitutunun rektorluğundan Azərbaycan SSR Nazirlər Sovetinin sədr müavini, Dövlət Plan Komitəsinin sədri, Azərbaycan KP MK-nın şöbə müdiri, Elmlər Akademiyasının prezidenti kimi məsul vəzifələrdə çalışaraq, işlədiyi bütün sahələrdə mühüm dəyişikliklərə və yeniliklərə nail olmağı bacarmışdır. Demək olar ki, inkişaf pillələrinin hər birində o, siyasi hakimiyyətlə müxalif olmasa da, fərqli baxış bucağına malik olduğu üçün inkişafa xidmət etsə də, həmişə qısqanclıq və paxıllığın əzablarını yaşamışdır. Bütün bunlara görə akademik Musa Əliyevin keşməkeşli həyatı sözün əsl mənasında təsirli bir romanın mövzusu ola bilər.

"Ömrüm" memuarı akademik Musa Əliyev tərəfindən elmi-publisist üslubda yazılmış sənədli-avtobioqrafik romandır. Yazıçıların müəllif olduğu avtobioqrafik romanlarda yaşanmış həyatın ən mühüm detalları, yaxud zaman ilə səsləşən məqamları əsas götürülməklə, hadisələr yazıçı fantaziyası əsasında bədiiləşdirilir. Elm adamlarının qələmə aldıqları avtobioqrafik romanlar (memuarlar - İ.H.) isə tərcümeyi-halın demək olar ki, nəzərə çarpan bütün faktları və hadisələrini, müəllifin həyatının təkamül proseslərini əks etdirməklə bərabər, onu əhatə edən elmi-mədəni mühitin və ictimai-siyasi şəraitin də üzvi əlaqədə təsvir edilməsini tələb edir. Bu mənada akademik Musa Əliyevin "Ömrüm" memuarı bu, keşməkeşli və məsuliyyətli həyat yaşamış görkəmli şəxsiyyətin keçdiyi təkamül proseslərinin bütün məqamlarını diqqət mərkəzinə çəkməklə bərabər, həm də onun yaşadığı dövrün də tərcümeyi-halını meydana qoyur. Bu baxımdan "Ön söz əvəzi"nin müəllifi, ölkəmizdə yeni tipli müasir ali məktəbin qurucusu, professor Hafiz Paşayevin yazdığı kimi, təqdim olunan xatirələr oxucunu yalnız görkəmli elm xadiminin "öz ömrünün illərinə deyil, yaxın tariximizin də haqqında az bildiyimiz, yerli-dibli məlumatsız olduğumuz macəra dolu çox günlərinə aparmağa" bələdçilik edir. Ona görə də "Ömrüm" memuarı akademik Musa Əliyevin tale romanı, onun yaşadığı dövrün isə elmi-publisist salnaməsidir.    

 

"Ömrüm" memuarını ədəbiyyat baxımından "Tale yolları" romanı, elmi cəhətdən isə "Akademik Musa Əliyev: dövlətçilikdən - akademikliyədək" adlı monoqrafiya adlandırmaq olar. "Ömrüm" memuarına "Akademikin vida məktubu" adlı qiymətli bir sözardı yazmış akademik Rafael Hüseynovun Musa Əliyevin xatirələrini "zəmanənin pasportu" adlandırması da dəqiq elmi təyinatdır. Burası da çox əhəmiyyətlidir ki, Musa Əliyev "Ömrüm" memuarını yazarkən yazıçı-publisist üçün səciyyəvi olan detalları mənalandırmaqla bərabər, ictimai-siyasi hadisələri, tarixi şəxsiyyətləri elmi əsərlərdə olduğu kimi, obyektiv mövqedən, real şəkildə təqdim etmişdir. Beləliklə, "Ömrüm" memuarında elmiliklə bədiilik (publisistika - İ.H.) bir-birini üzvi surətdə tamamlamışdır. Bu mənada "Ömrüm" memuarı akademikin özünün yazdığı kimi, siyasətçi alim və elm təşkilatçısı olan Musa Əliyevin elmi publisistika, ədəbiyyat sahəsindəki istedadını da meydana qoyur. Bütün bunların hamısı isə bir yerdə akademik Musa Əliyevin obrazını hərtərəfli şəkildə görməyə və göstərməyə tam əsas verir.

Əlbəttə, "Ömrüm" memuarı bütün mənalarda akademik Musa Əliyevin tale yollarının əsəridir. Təsvir edilən faktlar və canlı hadisələr real olaraq müəllifin həyatında yaşanmış çətin və məşəqqətli ömür haqqında "danışan" xatirələrdir. Akademik Musa Əliyev "Ömrüm" memuarını sanki keçdiyi həyat yollarını və xidmətlərini dərindən araşdırıb öyrəndiyi bir şəxsiyyətə həsr etmişdir. O, əsər boyu həyatın çətin məqamlarını, gərgin anlarını təsvir edəndə də, uğurlardan danışanda da mümkün olduqca səmimi və gerçəkçi olmağı bacarmışdır. Bu səbəbdəndir ki, xatirələrdə akademik Musa Əliyevin keçdiyi bütün təkamül prosesləri və onu xarakterinin əsas, fərdi xüsusiyyətləri bütün gerçəklikləri və incəlikləri ilə öz əksini tapmışdır.

Bununla belə, kitabın düşünülmüş strukturu həm fərdi mənada Musa Əliyevin tale yollarını və həm də zəmanənin gedişatını olduğu kimi təqdim etməyə imkan yaradır. "Əslim-nəslim" adlandırılan I bölmə giriş, proloq funksiyasını yerinə yetirdiyi üçün daha çox şəxsi xarakter daşıyan hadisələrin və simaların təqdimatı ilə səciyyələnir. Bu fəsil ilk növbədə Musa Əliyevin nəsil şəcərəsinin elmi-publisist pasportudur. "Ana", "Bəla", "Gülər nənə" hekayətləri real həyatdakı nəslin nümayəndələrinə həsr edilsə də, burada onun "yeniliklərə can atan, yeni meyllər mehi əsən bir ailədən olan" atası tacir Mirzə Mahmuddan, anası - "cəmi beş-altı il evlilik ərzində yazmağı-oxumağı öyrənmiş, cəmiyyətdə azad davranmağı bacaran "Şuşalı xanım"dan başqa nəslin digər tanınmış nümayəndələri, xüsusən, Sankt-Peterburq Petrovsko-Razumovski Akademiyasında təhsil almış, çar Rusiyası zamanı I Dövlət Dumasının deputatı olmuş əmisi Məmmədtağı Əlizadə və onun nadir kitablarla zəngin olan kitabxanası, Şamaxıda ermənilər tərəfindən öldürülməsi haqqında verilmiş məlumatlar onun əslini-nəslini aydınlaşdırmaqla bərabər, həm də formalaşdığı mühiti də əyani şəkildə təsəvvür etməyə qapı açır. Eyni zamanda, Musa Əliyevin ilk təhsili ilə əlaqədar dəqiq məlumatlar da "Əslim-nəslim" şəcərə kitabında real surətdə verilmişdir. Musa Əliyevin Aşqabad pansionunda Smirnov adlı "sərt, nəzakətli və ləyaqətli" ibtidai sinif müəllimindən dərs alması, "qeyri-xristian olması səbəbindən bu şəhərdəki gimnaziyaya daxil ola bilməməsi, nəhayət, kommersiya məktəbində oxuması, onun kimiləri "tatarcığaz" adlandıran Dedarida Qavrilovnaya cavab olaraq "kitablarını götürərək sinifdən qaçması, şahidlərə "səfər etdiyi ölkələrdə baş verən hadisələrdən söhbət açan" Sergey Sergeyeviç, Aşqabad yeddilik məktəbinin ədəbiyyat müəllimi, "ikinci ana" adlandırdığı Olqa Puşkaryovanın onun həyatını dəyişməsi, onda fantaziyalı bir dünya yaratması barəsindəki qeydlər gələcək alimin dünyagörüşünün formalaşmasındakı rolunu öyrənmək baxımından Musa Əliyevin gələcək bioqrafları üçün düşündürücü mənbələrdir. Eyni zamanda, Musa Əliyevin xatirələrində başçılıq etdiyi on doqquz nəfərlik ailənin 1918-ci ildə çar Rusiyasında və o cümlədən, Türkmənistanda yaranan mürəkkəb vəziyyət, atasının türklərlə əlaqə bəhanəsi ilə təqib olunduğu üçün Aşqabadı tərk edərək Bakıya köçməyə məcbur olmaları, daha çox isə Müsavat hökumətinin keçirdiyi parada dair mətləblərin təsviri ümumiyyətlə Azərbaycan tarixini yazanlar üçün qiymətli yeni və əhəmiyyətli faktlardır. Xüsusən, hələ "Ömrüm" memuarının qələmə alındığı ideoloji cəhətdən çətin 1978-1981-ci illərdə Müsavat hökumətinin fəaliyyəti haqqında aşağıdakıları yazmaq böyük cəsarət nümunəsi idi: "Müsavat hökuməti indiki Azneft Birliyinin binasında yerləşirdi. ...Heyrətli bir mənzərə. Müxtəlif ölkələrin səfirlərinin maşınları bu binaya yaxınlaşırdı. Bu, möhtəşəm bir parad idi. Suveren bir dövlət kimi Azərbaycanın rəsmən tanınması. Gördüklərim məndə silinməz təəssürat yaratdı, xüsusən də İngiltərənin səfiri... Mən onların qoşunlarının Bakı küçələrində atlı parad keçirdiklərini gördüm".

Yeri gəlmişkən, deyək ki, "Ömrüm" memuarında indiyədək Azərbaycan tarixi kitablarında yazılmayan və ya haqqında ötəri söz deyilmiş, ilk dəfə səslənən faktlar və hadisələr kifayət qədərdir. Məsələn, 1918-ci ildə erməni cəlladı Andronikin başçılığı ilə Şuşa şəhərinə edilmiş basqın zamanı azərbaycanlıların evlərindəki gümüş qabların yığılaraq misgərlərin gümüş top düzəltmələri, general Xosrov bəy Sultanovun başçılığı ilə terrorçuların qovulması, keçən əsrin 20-ci illərində Qubadlıda komsomolçu olduğuna və çadranı atdığına, məktəbə getdiyinə görə on səkkiz yaşlı qızın atası və babası tərəfindən öldürülməsi, Talış meşələrində gizlənən quldurların törətdiyi sərt əhvalatlar, otuzuncu illərdəki dəhşətli aclıq İosif Stalindən xəbərsiz Moskvanın faşistlərə təslim edilməsi haqqında qərarın verilməsi, akademik Heydər Hüseynovun özünə iki dəfə qəsd etməsi və sair kimi hadisələrin quru rəqəmlərlə deyil, canlı hekayətlər əsasında çatdırılması tədqiqatçıların istinad etməsi və təhsilə cəlb olunmaq baxımından əvəzsiz materiallardır. Bundan başqa, həyatının sonrakı dövrlərində uzun illər Azərbaycana rəhbərlik etmiş Mir Cəfər Bağırovla, az sonra İman Daşdəmirovla olan münasibətlərin təqdimatı həmin tarixi mərhələlərin daha dərindən işıqlandırılmasına işıq sala bilər. Yaxud Mərkəzi Komitə bürosunun iclasında sadə bir qocaman kəndçinin Mir Cəfər Bağırovu sərt ifadələrlə ittiham etməsinin təsviri ən sərt dövrlərdə də xalq arasında ona qarşı müqavimət göstərmək ideyasının da olmasından xəbər verir. Akademik Musa Əliyev dövrünə görə qeyri-adi olan həmin hadisəni aşağıdakı kimi təsvir etmişdir: "Büronun bir iclasını xatırlayıram. Həmin iclasda Bağırov hiddətlə Stalinə yazılmış məktubu oxuyurdu: "Bağırov partiyanın bütün qanunlarını pozan bir padşah, zadəgandır" və s. Bu adam kimdir. Onu gətirdilər. Balaca, artıq bir qoca idi. Bağırov soruşdu: - Bu məktubu sən yazmısan?

- Bəli, mən yazmışam, - deyə qoca cavab verdi:

Bağırov hiddətlə bağırdı: - Sən necə belə bir məktub yazmısan?

Qoca dinməzcə durmuşdu, yəqin özünü ələ alırdı:

 

- Mən qocaman kommunistəm, 1917-ci ildən. Heç kəsdən də qorxmuram. Mir Cəfər, sən çoxdandır ki, katib deyilsən, insanlarla istədiyin kimi davranan padşahsan. İnsanların başına min oyun açırsan, çoxlarını da artıq məhv etmisən. Mən bu məktubu Stalinə yazmışdım. Beriya ələ keçirib sənə göndərib.

 

Bağırov astadan dedi:

- Bu ki, dəlidir.

Sonra üzünü Yemelyanova tutdu:

- Psixiatorların konsiliumunu yığın, qoy yoxlasınlar.

O gündən həmin qocanı görən olmadı".

 

Kitabın "İlk gəncliyim" bölməsi Musa Əliyevin Azərbaycan Dövlət Politexnik İnstitutunda keçən tələbəlik illərini və aspirantura dövrünü əhatə edir. Burada tələbə və aspirant Musa Əliyevin müstəsna dərəcədə çalışqanlığı, professor Boqaçov kimi sərt və tələbkar bir professorun etimadını qazanması onun taleyinin dönüş nöqtəsi kimi şərh edilmişdir. Eyni zamanda tələbə Musa Əliyevin ticarət burjuaziyasını təmsil etməsindən, "bəy-xan" sinfinə aid edilməsindən doğan təhlükələrin də onu izləməsi ilə əlaqədar verdiyi "imtahanlar" da diqqətə çatdırılmışdır. "Ekspedisiyalarım" bölməsində Musa Əliyevin təbii olaraq keçdiyi elm pillələrinin çətinlikləri və əhəmiyyəti, həm də dərin həyat dərsləri kimi təqdim olunur. Burada siyasi həyatın da ilk addımları: Mir Cəfər Bağırovla ilk görüş və İosif Stalinin "bir addımlığına" qədərki həyatın məsuliyyətli məqamları da öz əksini tapmışdır. "Həyəcanlı illər" fəsli Musa Əliyevin elmi tərcümeyi-halında xüsusi yer tutmuş "Qroznı epopeyası" və "Ufa Odisseyası"nın səfərnaməsidir. Stalinin mandatı ilə Bakıya ezamiyyət olunması hadisəsi zamanı baş vermiş hadisələr həm həyat materialı və həm də siyasi cəhətdən ibrətamiz məqamları əks etdirir.

Beləliklə, "Ömrüm" memuarı Azərbaycanın XX əsr tarixinin, ictimai-siyasi proseslərinin canlı hekayətləridir. Bu, akademik düşüncə ilə elmi-publisistik üslubda yazılmış real tarixdir. "Ömrüm" memuarı hadisələrin müşahidəçisinin yox, real iştirakçısının gözü və sözü ilə qələmə alınmış salnamədir. Xatirələr çar Rusiyası dövründən - xalq Cümhuriyyəti hökumətinə, bolşeviklərin hakimiyyətə gəlməsinə, kollektivləşdirmə, qanlı 37-ci il hadisələrinə,  II Dünya müharibəsi illərinə, Xruşşov mərhələsinə və ondan sonrakı tarixi məqamlara işıq salan ciddi və əhəmiyyətli yaddaş materiallarıdır. "Ömrüm" memuarında Sovetlər İttifaqı rəhbərlərindən İosif Stalin, Lavrenti Beriya, Sergey Malenkov, Mixail Kalinin, Voroşilov, Rozaliya Zemlyaçka, SSRİ Elmlər Akademiyasının prezidenti, akademik Nesmeyanov və başqaları ilə əlaqədar əhəmiyyətli faktlar, ibrətamiz həyat hekayələri, ictimai-siyasi qiymətləndirmələr öz əksini tapmışdır. Eyni zamanda, Musa Əliyev Azərbaycanda dövrün siyasi hakimiyyətini təmsil etmiş Mir Cəfər Bağırov, İman Daşdəmirov, Teymur Quliyev, Mir Teymur Yaqubov, Ağakişiyev, Yemelyanov, Markaryan, Qriqoryan, Çaplakov və başqaları kimi kölgəli siyasi fiqurların obyektiv portretini cızması Musa Əliyevin həyatının burulğanlarını təqdim etməsi ilə bərabər, o ağır illərdə dövləti təmsil edənlərin kimlərdən ibarət olduğunu, xalqın hansı məhrumiyyətlər yaşadığını yaddaşlara yazır. Belə məqamlarda Musa Əliyevin ayıq və cəsarətli siyasətçi olduğu da əyani şəkildə özünü göstərir. Azərbaycan kommunistlərinin XIX qurultayındakı onu ləkələmək istəyənlərə əvvəlcədən nəzərdə tutulmamış verdiyi cavab Musa Əliyev cəsarətinin və müdrikliyinin nümunəsidir: "Qurultay təntənəli şəkildə keçdi... Bağırov ölkədəki vəziyyətlə bağlı əsas məruzə ilə çıxış etdi. Tam bir səhifəsini mənə həsr etmişdi: "Əliyev daima Mərkəzi Komitənin əleyhinə gedir. Nazirlər Kabinetinin sədri Quliyevi (Teymur Quliyev nəzərdə tutulur - İ.H.) saymadan çox müstəqil işləyir. Öz kabinetini bəzəyir. O, kəmsavad geoloqdur..."

Elm haqqında, Akademiyanın nailiyyətləri, artan ümumittifaq nüfuzu haqqında bir kəlmə də olsun deyilmədi. ...Bu, utanmadan, həyasızcasına edilən dezinformasiya idi. ...Birdən aparıcının elanını eşidirəm. "Söz Elmlər Akademiyasının prezidenti Musa Əliyevə verilir".   

...Əvvəlcədən yazılmış mətn olmadan, yaddaş vərəqəsi olmadan hücuma keçərək, kəskin danışmağa başladım.

...Mən Akademiyanın böyük alimlər kollektivini təmsil etdiyimi dedim və həmin kollektivin nailiyyətləri barədə, eləcə də heç kimin məndən yaxşı bilmədiyi çatışmazlıqlar barədə qurultaya məlumat verməyi özümə borc bildiyimi söylədim... Mən çıxışımı bitirəndə zal alqış səslərindən partlayırdı.

...Amma qurultayın sonunda Mərkəzi Komitəyə tövsiyə olunan namizədlərin siyahısı açıqlananda Akademiyanın partiya ziyalılarından bir nəfərin də adı yox idi. ...Bizim adımız digər gizli bir siyahıya düşmüşdü.

Məlum olduğu kimi, Sovetlər İttifaqının həyatında əsas dönüş məqamı Nikita Xruşşovun partiyasının 14 fevral 1956-cı ildə keçirilmiş, şəxsiyyətə pərəstişin aradan qaldırılmasına həsr olunmuş XX qurultayda başlamışdır. Çətin və xoşbəxt tale akademik Musa Əliyevin cəmiyyətin XX qurultayda verdiyi imtahanı bundan əvvəl XIX qurultayda yaşamalı olmuşdu. Mir Cəfər Bağırovun öz yerinə namizəd ola biləcəyindən xoflandığı üçün Musa Əliyevin ətrafında törətdiyi iblisanə vəzifə oyunları, təhlükəli əməliyyatlar və qalmaqallar təkcə akademik Musa Əliyevin deyil, bütövlükdə Stalin dövründə Azərbaycan cəmiyyətinin ağır imtahanları idi. "Ömrüm" memuarındakı "Vətəndən - Vətənə" fəsli Musa Əliyevin taleyinin yüksəliş dövrünün təqdimatı, "Zamanın ələyi" fəsli isə onun üzləşdiyi məhrumiyyətlərin kulminasiya nöqtəsidir.

Beləliklə, sovet hakimiyyəti illərində ən müxtəlif məsul vəzifələrdə çalışan Musa Əliyevin adı Azərbaycanın inkişafı və mürəkkəb ritmləri ilə əlaqədar bir çox tarixi hadisələrlə bağlıdır. Belə ki, Musa Əliyevin rektorluğu dövründə Azərbaycan Dövlət Sənaye İnstitutu Sovetlər İttifaqının ən yaxşı ali məktəbləri sırasına qaldırılmışdır. Musa Əliyev Azərbaycanın iqtisadiyyatının inkişafında indi də mühüm rol oynayan əfsanəvi Neft daşlarının əsas müəllifidir, dənizdə neft kəşfiyyatı işinin ilk təşəbbüskarıdır. O, Dövlət Plan Komitəsinin sədri kimi Akademiya şəhərciyi kompleksinin, Azərbaycan Dövlət Dram Teatrının, Astrofizika Rəsədxanasının, Bakı metrosunun, Gəncə Alüminium zavodunun, Sumqayıt Kauçuk zavodunun tikintiləri üçün İttifaq rəhbərliyi səviyyəsində rəsmi icazə almağa nail olmuşdur. "Ömrüm" memuarında bütün bu möhtəşəm hadisələrin görünən və görünməyən tərəfləri xatirələr işığında canlandırılmışdır.

Akademik Musa Əliyevin Azərbaycan Elmlər Akademiyasının prezidenti kimi fəaliyyəti də "Ömrüm" memuarının əhəmiyyətli səhifələrini təşkil edir. Xatirələrdə bu böyük elm təşkilatçısının çətin şəraitdə Azərbaycan Elmlər Akademiyasını yaşatmaq və inkişaf etdirmək yollarındakı cəfakeş fəaliyyətinə dair ibrətamiz faktlar öz əksini tapmışdır. Əvvəla, akademik Musa Əliyev Azərbaycan SSR Elmlər Akademiyası əməkdaşlarının kəmiyyət və keyfiyyət göstəricilərini artırmağı, xüsusən, Akademiya əməkdaşları arasında azərbaycanlıların daha çox təmsil olunmalarını təmin etmişdir. O, Akademiyada neft geologiyası elmini ən yüksək səviyyəyə qaldırmağa nail olmuşdur. Humanitar və ictimai elmlərlə yanaşı, dəqiq və təbiət elmləri sahəsində də çoxcildlik nəşrlərin hazırlanıb ictimaiyyətə çatdırılması, azərbaycanlı gənclərin geniş şəkildə elmi işə cəlb edilməsi, aspirantların Moskva və Leninqrad alimlərinin yanında stajirovka keçməyə göndərilməsi, geoloji və torpaq xəritələrinin nəşr edilməsi və sair kimi addımlar Azərbaycan Elmlər Akademiyasının inkişafı tarixində akademik Musa Əliyev mərhələsinin xüsusi yer tutduğunu göstərir. Bundan başqa, Azərbaycan Elmlər Akademiyasının prezidenti kimi Mir Cəfər Bağırovun ədalətsizcəsinə Mir Əsədulla Mirqasımovu, Səməd Vurğunu və Mirzə İbrahimovu akademiklikdən xaric etmək barədəki təklifini yerinə yetirməkdən imtina etməsi də Azərbaycan elm tarixinin ibrətamiz hadisələrindəndir. "Ömrüm" memuarında öz əksini tapmış bu hadisələrin təfərrüatlarından başqa, həm də layiq olmadıqları halda "akademik" adı almış bəzi alimlərin şəxsi ambisiyaları, yaratdıqları gərginliklər də göz önünə gətirilmiş, bu böyük elm ocağında gedən proseslərin də real mənzərəsi canlandırılmışdır.

Qeyd etməliyəm ki, Azərbaycan Elmlər Akademiyasının prezidenti, akademik Musa Əliyevin adı və fəaliyyəti ilə əlaqədar olan ənənələr sonrakı mərhələlərdə də akademik elm üçün prioritet olmuşdur və indi də özünün aktuallığını qoruyub saxlayır. Hazırda Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik bir dövrünün qeyd edilməsinə hazırlaşdığımız indiki günlərdə də akademik Musa Əliyevin bu ali dövlət elmi təşkilatına rəhbərlik etdiyi dövrün ənənələri və hadisələri akademik elmin ibrətamiz dərsləri kimi qəbul edilir, yaradıcı şəkildə yaşadılır və yüksək qiymətləndirilir.

Bir neçə kəlmə də akademik Musa Əliyevin ədəbiyyat haqqında baxışları barədə yazmaq istəyirəm. "Ömrüm" memuarından məlum olur ki, o, hələ Aşqabadda məktəbli olduğu illərdən Azərbaycan və dünya ədəbiyyatını böyük maraqla oxuyub öyrənmişdir. Ədəbiyyat müəlliməsi Olqa İlyiniçna Puşkaryovanın oyatdığı bədii əsərləri mütaliə həvəsi Musa Əliyevi bütün ömrü boyu müşayiət etmişdir. O, dünya ədəbiyyatından Aligyeri Dante, Mayn Rid, Jül Vern, Cek London, Uilyam Lokka, Viktor Marqerit, rus ədəbiyyatından Aleksandr Puşkinin əsərlərini böyük həvəslə oxumuş və onlardan əsaslı nəticələr çıxarmışdır. Dünya ədəbiyyatından mütaliə etdiyi əsərlər göstərir ki, Musa Əliyev macəra ədəbiyyatına, səyahətnamələrə, insanın mənəvi azadlığına həsr edilmiş ədəbiyyata üstünlük vermişdir. "Ömrüm" memuarında təsvir edilən hadisələr akademik Musa Əliyevin özünün də həyat yolunun acılı-şirinli macəralarla dolu olduğunu, tərcümeyi-halının bir neçə ölkə ilə: Azərbaycandan başqa, Rusiya, Türkmənistan, Əlcəzairlə əhatə edildiyini nəzərə çarpdırır. Rəğbət bəslədiyi yazıçıların əsərlərinin əsas qəhrəmanları kimi Musa Əliyev də mənəvi cəhətdən azad və müstəqil bir şəxsiyyət idi. "Ömrüm" kitabına "Musa Əliyevin yeddi sirri" adlı giriş məqaləsi yazmış Əməkdar jurnalist Nadejda İsmayılova da onun portretini müəyyən edən xüsusiyyətləri göstərərkən müstəqillik və aşkarlığı, xeyirxahlıq və ruhi sakitliyi ön mövqeyə çəkmişdir. Sədaqətli bir ailə həyatı yaşamış vəfalı övladı Rəna Əliyeva - Paşayevanın xatirələrində də Musa Əliyev daxili azadlığa malik müstəqil şəxsiyyət kimi səciyyələndirilir: "Atam daxilən azad bir insan idi və başqalarının da ruhi azadlığına hörmətlə yanaşırdı". Hesab edirəm ki, "Ömrüm" kitabından göründüyü kimi, Musa Əliyevin həyatda qazandığı böyük nailiyyətlərin sırasında onun müstəqilliyi və daxili-mənəvi azadlığı və iradəsi xüsusi rol oynamışdır. Daha doğrusu, akademik Musa Əliyev zəmanəmizin şəxsiyyət olmağı sərt sınağa çəkdiyi dövrdə müstəqil, daxili-mənəvi cəhətdən azad və iradəli insan olmağın nümunəsini göstərmişdir. Belə şəxsiyyətlərin ən çətin məqamlardakı özünüifadəsi yalnız onun özünü təsdiqini deyil, dövranın dəyişməsindəki rolunu da ifadə edir. Akademik Musa Əliyevin şəxsiyyətə pərəstiş dövründəki özünüifadəsi nəticə etibarilə həmin mürəkkəb dövrün dəyişməsinə təsir göstərən faktorlardan birinə çevrilmişdir.

Akademik Musa Əliyev Azərbaycanın görkəmli Xalq şairi, akademik Səməd Vurğunla çox yaxın dostlar olmuşlar. O, Səməd Vurğunun şəxsiyyətinə və yaradıcılığına yüksək qiymət vermiş və xüsusi ehtiramla yanaşmışdır. Musa Əliyevin Səməd Vurğunu "Azərbaycanın Puşkini" kimi qiymətləndirməsi böyük sənətkarın xidmətlərinə verdiyi yüksək qiymətin ifadəsidir. Azərbaycan Elmlər Akademiyasında prezident - vitse-prezident kimi birgə çalışdıqları illərdə də o, Səməd Vurğunun şəxsiyyət kimi müstəqilliyini, sənətkar olaraq daxili mənəvi azadlığını sınaqdan çıxarmışdır. Biz Xalq şairi, akademik Səməd Vurğun Vəkilovun Azərbaycan SSR Elmlər Akademiyasının vitse-prezidenti kimi fəaliyyətini araşdırarkən Musa Əliyevlə onların arasında olan etibarlı münasibətləri təsdiq edən qiymətli faktlara və sənədlərə rast gəlmişdik. Sənədlər əyani şəkildə göstərir ki, Azərbaycan EA-nın prezidenti, akademik Musa Əliyev məzuniyyətə və ya ezamiyyətə gedərkən onu bu vəzifədə əvəz etməyi Elmlər Akademiyasının vitse-prezidenti içərisində yalnız Səməd Vurğuna etibar etmişdir. Səməd Vurğunun bir neçə dəfə Akademiyanın Rəyasət Heyətinə sədrlik etməsi də onların arasındakı etibarın göstəricisi idi. Bundan başqa, akademik Səməd Vurğun Elmlər Akademiyasının akademik Musa Əliyevin ikinci dəfə Akademiyanın prezidenti vəzifəsinə seçilməsinə həsr olunmuş və Azərbaycan rəhbərliyinin təzyiqləri altında keçirilən 22 iyun 1955-ci ildə təşkil olunmuş Ümumi yığıncağına sədrlik etmişdir. O, Respublika rəhbərliyinin tapşırığının əksinə olaraq Akademiyanın Ümumi yığıncağında akademik Musa Əliyevin bu quruma rəhbərliyini namizəd kimi irəli sürmüşdür. Səməd Vurğun nə üçün akademik Musa Əliyevin yenidən Akademiyanın prezidenti seçilməsini aşağıdakı kimi əsaslandırmışdır: "Onun (akademik Musa Əliyevin - İ.H.) rəhbərliyi dövründə Akademiya respublikanın güclü elmi mərkəzi kimi inkişaf etmişdir. Akademiyanın elmi müəssisələrinin tematikası elmin bir çox sahələrinin aktual problemlərini əhatə edir. Yoldaş Əliyev tərəfindən elmi kadrların - elmlər doktorları və elmlər namizədlərinin hazırlanması üçün də böyük iş aparılmışdır".

Akademik Musa Əliyevin "Ömrüm" kitabında da həmin gərgin Ümumi yığıncaq haqqında məlumat verilmiş, əleyhinə cəmi 5 nəfər olmaqla yenidən tutduğu vəzifəyə seçilməsi, partiya rəhbərliyinin oyununun baş tutmaması qeyd olunmuşdur.

Fikrimcə, akademik Musa Əliyevin "Ömrüm" memuarı kimi qiymətli tale romanı görkəmli alim və tanınmış dövlət xadiminin yaşadığı dövrün konyukturalarından uzaq olan müstəqil bir akademik baxışın, daxilən, mənəvi cəhətdən azad olan obyektiv düşüncənin təbii əks-sədası olaraq yazılmışdır. Bizə görə, "Ömrüm" memuarının bir şəxsiyyətin tale romanı olmaqla, həm də geniş mənada böyük bir tarixi epoxanın salnaməsi kimi ümumiləşməsinin əsas səbəblərindən biri, bəlkə də ən birincisi onun müəllifinin şəxsiyyətə dəyər verərkən yaşadığı cəmiyyətin azad və müstəqil baxışının aparıcı siması meyarı ilə qiymətləndirməsi ilə əlaqədardır. "Ömrüm" memuarına təqdim olunan dövr və haqqında danışılan şəxsiyyətlər məhz həmin meyar əsasında işığı və ya qaranlığı təmsil edənlər kimi səciyyələndirilir. Azərbaycan Respublikasının dövlət müstəqilliyi dövründə, ölkəmizin tam ərazi bütövlüyü və suverenlik qazandığı tarixi bir mərhələdə "Ömrüm" memuarının Azərbaycan dilinə tərcümə edilməsi və kitab halında yüksək poliqrafik səviyyədə nəşr olunması da tamamilə qanunauyğun olub, hazırkı azad və demokratik bir cəmiyyətdə şəxsiyyətin müstəqil düşüncəsinin ölkəsinin müstəqilliyi ilə üzvi vəhdət təşkil etməsinin təntənəsini əks etdirir. Akademik Musa Əliyevin və "Ömrüm" kitabında onun əqidə və əməl dostları olaraq təqdim edilən görkəmli işıqlı simaların ağrısı da və ən böyük arzuları da məhz bundan ibarət idi.

Akademik Musa Əliyevin "Ömrüm" memuarı Azərbaycan Milli Elmlər Akademiyasının qarşıdan gələn 80 illiyinə qiymətli elmi töhfədir.

 

20-22 mart 2024-cü il

Qalaaltı

 

İsa HƏBİBBƏYLİ

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, Milli Məclisin deputatı, akademik,

 525-ci qəzet.-  2024.- 30 mart, ¹55.- S.14-15.