Ədəbi köşk: Nə var, nə yox?
Sən vurmadın, mən yıxılmadım..
Murad Köhnəqalanın Orxan Saffariyə verdiyi
müsahibə ədəbi mühitdə geniş müzakirələrə
səbəb oldu. O, müsahibədə əvvəlki
silahdaşlarından xeyli giley-güzar etməklə
yanaşı, keçmişə də ötəri nəzər
salıb.
Orxan sual verir ki, necə oldu Azərbaycan
Yazıçılar Birliyinə yenidən üzv oldunuz?
M.Köhnəqala hadisəni belə xatırlayıb:
"Elçin Hüseynbəyli mənə zəng elədi,
müsahibə üçün xoş sözlər dedi. Və
mənə "Bəlkə səni Anarla
görüşdürüm?" dedi. Düşündüm
ki, ola bilsin, bunu Anar istəyib, imtina etmək etik
çıxmaz. Vədələşdik, Elçinlə birgə
Anar müəllimlə görüşdük. Çox təsirli
bir görüş idi. Orda Anar müəllim mənə dedi,
bəlkə, ərizəni yazıb geri qayıdasan? Dedim, siz
istəyirsinizsə, məmnuniyyətlə qayıdaram..."
Müsahibəyə şərh yazanların
arasında E.Hüseynbəyli də var idi: "Yaxşı
müsahibədir. Maraqlı idi. Amma Anarla görüşmək
təklifi Muraddan gəlib, məndən yox. Nəsə, ciddi
bir şey deyil. Əsas odur ki, maraqlı etiraflar var və tarixə
bir ekskursdur!"
M.Köhnəqala: "Elçin,
qarışdırırsan, sən zəng elədin və
dedin, bəlkə səni Anarla görüşdürüm? Mən
də razılaşdım, belə olmuşdu. Çünki mənim
Anarla görüşmək fikrim olsaydı, bunu sənə
yox, sıx-sıx zəngləşib
görüşdüyüm Əsəd Cahangirə deyərdim".
E.Hüseynbəyli: "Dostum, o zaman sənin Əsədlə
elə isti münasibətin yox idi. Nəsə. Boş
ver..."
Əcəb dialoqdur... Hər iki tərəf söhbəti
elə dramatikləşdirib, lap şekspirsayağı bir sual
qoymaq istəyirsən: "Hüseynbəyli, yoxsa Köhnəqala?"
- budur məsələ!
***
Koroğlunu yuxuda görən şair: günə
üç "paçka" siqaret...
Aqşin Yenisey axır vaxtlar yaman düşüb
folklorun üstünə, Allah axırını xeyir eləsin.
O qədər danışdı, danışdı, nəhayət,
Koroğlu dözməyib Aqşinin yuxusuna girdi: "Gecə
yuxuda rəhmətlik Koroğlunu görmüşəm. Deyir,
ayə, qağa, mənə umud olub qloballaşan
dünyanın-zadın üstünə getməyin. Mən bu
atla (Qırat artıq ayağa qalxa bilmir), bu qılıncla
(Misri qılıncın da tiyəsini sapına cunayla
sarıyıb), bu sazla (bütün simləri
qırılıb) XVII əsrdə nə mümkün idisə
etdim, XXI əsrdə qonaq-qaranın qabağına bu viddə
çıxmaq olmaz, ayıbdı. Get o türk dünyasına
de ki, sizin bütün etnosun folklorunu bir yerə yığsan,
Çin folklorunun bir səhifəsi eləməz. Faydası
olsa, Çin öz folklorik kimliyi ilə gedər
dünyanın üstünə. Amma Çin neynir? Çin
elmi-texnoloji kimliyi ilə hədələyir altı qitəni.
Şair ola bilməyib, alim olanlar sizi məhv eləyəcək!
Belə deyib siqaret yandırdı. Deyir, elə gün olur
üç "paçka" çəkirəm".
Aqşin Yenisey xəbərsizdir ki, Koroğlu hələm-hələm
adamın yuxusuna girmir. Bir də görərik ki, ona göylərdən
aşiqlik - aşıqlıq vəhyi gəlib, iraq olsun...
***
Detektiv romanlara bəraət
Tez-tez yerli detektiv roman yazan müəlliflər ədəbi
mühit tərəfindən tənqid olunur. Əksər qisim
detektiv əsərləri əsl sənət nümunəsi
hesab etmir. Bu isə müxtəlif polemikalara yol açır.
Qismət Rüstəmov janr barədə maraqlı təhlil
qələmə alıb. Bunu "detektiv romanlar barədə
bəraət çıxışı" kimi qələmə
vermək olar: "...Ziqfrid Krakauer nadir düşüncə
adamlarındandır ki, hələ detektiv janrının
çox da hörmətli sayılmadığı vaxtlarda - XX
əsrin əvvəllərində "Detektiv roman: fəlsəfi
bir analiz" adlı kitab yazıb. Krakauer bu kitabda bu gün də
zaman-zaman səslənən, təhlildən, analizdən nəsibini
almamış, eləcə tutuquşu kimi təkrarlanan, tiftiklənən
bir fikrə ilk çıxdığı vaxtlarda reaksiya verib:
bütün detektiv əsərlər eləcə oxunub sonra
başqasına hədiyyə ediləsi boş
kitablardırmı? Bizim kitab sorğularında, anketlərdə
tez-tez təkrarlanan bu fikir janr məsələlərinə
XIX əsrin sonu - XX əsrin əvvəlindəki
yarımçıq yanaşmanın təzahürüdür.
Mən bu qənaətə COVİD pandemiyasından əvvəl
iştirak etdiyim İstanbul Kitab Yarmarkasındakı bir
neçə paneli və bir neçə əhəmiyyətli
nəşri görəndən sonra gəlmişəm.
Ümumiləşdirib deyəsi olsam, ədəbiyyatşünaslıqda
pis janr, pis növ anlayışı ola bilməz, bu, gülməlidir.
İstanbuldakı panelin başlığı indiyəcən
yadımdadır: "Yaxşı detektiv yaxşı ədəbiyyatdır!"
Detektiv janrını gözümüzdən salan bəzi
yerli yazıçılar olmadımı, Qismət əfəndi?!
***
"Yazıçı alimlə də, çobanla da
eyni pillədə..."
Hədiyyə Şəfaqətdən dili qısa
yazıçılara ismarış:
"Dili qıt yazıçı dünyanın istənilən
zəngin nitq qabiliyyətinə sahib obrazı qıt dildə
danışdıracaq;
çöllərdə ömür sürən bir
çobanın dilini isə gülünc vəziyyətə
qoyacaq.Yazıçı yaratmağa
çalışdığı obrazlarla - istər alim, istər
çoban - eyni pillədə
dayanmağı bacarmalıdır..."
***
Stalinizm şüarları ilə ədəbiyyat
düzəltmək
İradə Musayeva yazıçıları ideoloji
mesaj vermək məsuliyyətindən azad edir. Deyir, siz
yazın, qalan məsələləri tapıb
çıxartmaq, lazımlı yerə yozmaq bizlikdir:
"Ədəbiyyatşünaslıq alimlərinin
dilinə yeni bir cümlə düşüb: "Azərbaycan
ədəbiyyatı bütövlükdə azərbaycançılıq
ideologiyası zəminində inkişaf edir".
Bu tendensiya milli mənafe naminə deyilsə də, sənət
və konkret ədəbiyyat estetikası üçün zərəli
yalandır... Lap sosrealizm kimi... Tendensiyalı və
ideologiyalı ədəbiyyatdan qurtarmamaq stalinizm
şüarları ilə ədəbiyyat düzəltməyə
bərabərdir. Siz yaxşı əsər yazın, onun
milliyyətini və irqiyyətini özümüz
tapacayıq!"
İradə xanım, Hüseyn Cavid haqqında
danosbazlar tərəfindən çap olunan ilk tənqidi məqalədə
onu "Sənət sənət üçündür!"
şüarına görə ittiham ediblər. Həmin məqalə
ilk çəkilən kibrit idi. Ehtiyatlı olun!
***
Mirzə Ələkbər Sabir bayağıdır?!
2017-ci ildə qədim "Kulis"çilərdən
olan Ayxan Ayvaz Mirzə Ələkbər Sabirin
yaradıcılığı barədə tənqidi yazı
yazmışdı. Sonra "Kulis"in gənc siması Mehdi
Dostəlizadə dostumuz da Sabiri hədəfə aldı.
Ümumiyyətlə, bizim yoldaşlarımızın ya Sabir,
ya da başqa klassiklərimiz barədə həmişə
"baqaj" mövzusu olub. Xub...
Elə bil, "Kulis"in ofisinin havasındandır.
Bir az içəridə oturan kimi birdən M.Ə.Sabiri tənqid
etmək istəyirsən. Bu dünyanın qəribə
işləri var...
Saytın baş redaktoru Ulucay Akif də ənənəyə
sadiq qaldı. O yazır: "Bu dünyada ən sevmədiyim
şey ironiyadı. Mənə çox bayağı, çox
düşük görünür ironiya, satira, sarkazm... Misal
üçün, Mirzə Ələkbər Sabirin şeirlərindəki
satira: "Millət necə tarac olur olsun, nə işim
var?", "Oxutmuram, əl çəkin". Çox
primitivdi belə şeylər. Ya da Cəlil Məmmədquluzadənin
əsərlərindəki ironiya. O da Sabirin şeirlərinin nəsr
versiyasıdır. Ona görə də bu tip
yazıçıları, şairləri ciddi qəbul edə
bilmirəm".
İlahə Səfərzadə də Ulucayın bu
fikirlərinə belə şərh yazıb: "Ulucay bəy,
əksinə, mən düşünürəm ki, siz
gülüşün bütün növlərinə bələdsiniz...
Bu mənada ki, yazılarınızın (status) çoxunda
müxtəlif gülüş növlərinə (sarkazm,
kinayə, yumor, satira) rast gəlmişəm həmişə.
Düzü, xoşuma da gəlib... Bu bir təsir etmə
üslubudur. Bunu boş lağ-lağı ilə eyniləşdirmək
məqsədəuyğun deyil".
Həəə, Sabir necə yazırdı?
"Niyə bəs boylə bərəldirsən, a
qare, gözünü?
Yoxsa bu ayinədə əyri görürsən
özünü?!"
***
Kifayətdir! Bütün eyiblərimizə don geyindirək...
Ömər Xəyyamın fikrincə, tənqidi realizm
heç bir işə yaramayıb: "Əsrlərdir
maarifçilər, yaxud özünü maarifçi hesab eləyən
publisistlər bizi nadanlıqda, naqislikdə
günahlandırıb, deyiblər ki, bu xalq cahildir, bu xalq
ağı qaradan seçə bilmir və günü-gündən
uçuruma, qaranlığa yaxınlaşır. Bu məqsədlə
qəzet buraxıblar, sayt düzəldiblər, jurnallar,
kitablar, filmlər... Gəl ki, heç nə dəyişməyib:
Cəlil bəyin də, şair Sabirin də obrazları
diridir, ağzımızın içində yaşayırlar.
Nə tənqid işə yaradı, nə də təhqir... Məncə,
bu köhnə, effektsiz ənənədən əl çəkməli,
valı çevirməliyik".
Məncə də, kifayətdir! Hər şeyi
ört-basdır edək...
Deyindik, deyindik, yorulduq...
Nə qədər olar havayı maarifçilik?!
***
Təzə nə var?
Həmid Piriyev Müsyö Bəbə ilə bizi
tanış edir: "Raymon Radiqe XX əsr Fransa mədəniyyətinin
"dəli"lərindən biridi. 15 yaşında təhsilini
yarım qoyub özünü ədəbiyyata və
jurnalistikaya həsr edir... 16 yaşında yazdığı,
qismən avtobioqrafik "İçimizdəki şeytan" romanı
onu məşhurlaşdırır. 21 yaşında tif xəstəliyindən
ölür. Ədəbi irsi iki romandan, bir pyesdən və iki
şeir toplusundan ibarətdir".
Onların Raymon Radiqesi varsa, bizim də Müsyö Bəbəmiz
Vüqar Vandı. Vüqar 21 yaşına qədər 2 roman
yazmışdı. İndi də 3-cünü yazmağa
başlayıb...
***
Orxan Cuvarlı Saday Budaqlının mətnlərindəki
yazıçı rahatlığından bəhs edib:
"Neçə vaxtdır Saday Budaqlının hekayələrini
oxuyuram. Tanış müəllif olsa da, dərindən oxumaq
qismət olmamışdı. Gözəl
yazıçıdır. "Yağmursuz havalar", "Aralı
qapı", "Şübhə", "Uduş" və
"Sulu qar" hekayələrini xüsusilə bəyəndim.
Bizdə belə hekayələr barmaqsayıdır.
Yazıçının təmkinli üslubu, havasız hekayələri
ürəyimə yatdı... Hekayələrində ən
çox təəccübləndiyim mətnlərindəki
yazıçı rahatlığı oldu. Hərdən mətnlərdə
yazıçının özünü
sıxdığı, hıqqandığı yerləri hiss
edirsən. Saday Budaqlı mətnlərində çox asudədir,
aşağı-yuxarı var-gəl edir, ağayanadır,
oxucuya hiss etdirir ki, mətnin hakimi mənəm..."
***
Orxa Saffarinin yeni hekayələr kitabı çap
olunub: "XX sahə". Uğurlar arzu edirik!
***
El Roman haqq yoluna gəlib: "Keçmişə
şans vermək gələcəyə ən yaxşı
investisiyadı".
***
Eminquey Akif qayğılarından bəhs edir:
"...Keçirəm kompüterin arxasına. Beynimdə bir
mövzu hərlənir yazmaq üçün. Birinci cümləni
yazıb ikinci cümləyə keçəndə beynimdəki
qırışlardan hansısa dingildəyir:
- Kitabının çap pulundan qalıb.
Aldığın vaxtı da keçmisən.
Ümummilli problemimiz...
***
Rəbiqə Nazimqızı yenə əsəbiləşib:
"Otuz bəndlik sicilləmə yazıb, soruşsan,
mövzu nədi, biz anlamadıq, cəhənnəm,
özün sadə cümlə ilə de, nə yazmaq istəmisən,
gözünü döyəcək, amma şeirin altına yekə-yekə
imza qoyub".
Yekə görünürük biz,
Səhv düşəndə yerimiz...
***
Babək Məmmədli yeni qələmə
aldığı "Sevgi şəhəri" hekayəsi ilə
hamını təəccübləndirdi. Bu hekayə son
zamanlar haqqında ən çox xoş sözlər deyilən
nəsr nümunələrindən oldu. Ardını gözləyirik...
***
Cavid Qədir nəzmdən nəsrə keçən
şairlərdən söhbət açıb: "Müasir
Azərbaycan şairi özünü oğlan doğub yerini bərkidən
gəlin kimi aparır. Hekayə yazıbsa, artıq ciddi ədəbi
çevrələrdə adı çəkilir. Roman da yaza
bildisə, vəssalam. Daha ona zaval yoxdur".
Hazırladı: Nadir YALÇIN
525-ci qəzet. - 2024.- 30
mart, №55.- S.13.