Könüllü məğlubiyyət  

Esse

 

 

Elə bir dövrə gəlib çıxmışıq ki, sosial şəbəkələrin müsbət, yaxud mənfi cəhətləri artıq müzakirə mövzusu deyil. Fakt odur ki, sosial şəbəkə istifadəçilərinin sayı gündən-günə artır. Proses qlobal səviyyədə getdiyindən lokal prinsiplərə əsaslanan hər hansı fəaliyyət növü effektiv olmaya bilər. Əlqərəz, virtual dünyanın həyatımızdakı rolunu qəbul edərək yanaşmamızı buna əsasən tənzimləməyə məcburuq.

Keçək əsas məsələyə. Sosial şəbəkələrin təsirinə ən çox məruz qalan sahələrdən biri də mediadır. Hazırda bu təsir elə bir həddə gəlib çatıb ki, ənənəvi medianın funksionallığı müzakirə predmetinə çevrilib. Mövcud təsir danılmazdır, fəqət ənənəvi medianın könüllü məğlubiyyəti də gözdən qaçmır.

Məsələn, sürət məsələsində televiziyanın hər hansı platformaya uduzması başadüşüləndir. Kanal rəhbərliyi hadisə yerinə operator, müxbir göndərənə qədər yoldan keçən bir kəsin sosial şəbəkə hesabında açdığı canlı yayım daha effektiv nəticə verir. Təbii ki, naşı adamla peşəkarın informasiya təqdimatı müqayisə oluna bilməz. Peşəkar yanaşma istənilən situasiyada öz sözünü deyir. Burada isə əsas götürülən meyar xəbərin canı olan operativlikdir.

Tutaq ki, hazırkı texnoloji imkanlardan dolayı televiziya operativlik mövzusunda sosial şəbəkələrə uduzur. Bəs soyuq xəbərə münasibətdə tutarlı arqument nə ola bilər? Sosial şəbəkələrdə məşhurlaşan şəxslər haqqında hazırlanan süjetləri televiziya kanallarında tez-tez görürük. İnternetdə gördüyümüz adamı tapıb, üç-beş rakursdan çəkirlər, beş-altı kəlmə də danışdırırlar, olur süjet. Hələ bunun aşağı yeri süjetdir ha, bütöv bir proqramı bu tip mövzulara həsr edənlər də var. Əgər mənə internetdə gördüyümün orasını-burasını bəzəyib göstərəcəksənsə, sənə niyə baxım axı? Yox, əgər fərqli bir rakursdan məsələyə baxa biləcəksənsə, bu, başqa məsələ. Ola bilər, internetdə biz sadəcə nəticəni görmüş olaq, ancaq televiziyanın səbəbləri göstərmək, məsələni peşəkarcasına şərh etmək imkanı var. Bir şəxsin, yaxud hadisənin timsalında hər hansı sosial problemin qabardılmasını görə bilərik. Problemin qoyuluşundan çox şey asılıdır. İnternetdə "Qaragöz" mahnısı ilə məşhurlaşan gənci televiziyaya çıxarıb eyni mahnını oxutmağa nə lüzum var? Barı "Alagözlüm" oxusa, dərd yarı.

Problemin kökündə dayanan təməl səbəblərdən biri də mövzuların daha çox sosial şəbəkələrdə toplanmasıdır. On beş il qabaq Kələntər dayının üçayaqlı inəyini biz ancaq xəbərlərdə görə bilərdik. Bu gün isə Kələntər dayı özünü hansısa kanallarla yormaq istəmir, buzovun şəklini çəkib sosial şəbəkədə paylaşır. Artıq televiziya burada xəbəri itirir, özü də təkcə televiziya yox, elə yazılı mətbuat da. Beləcə ənənəvi media oyuna sıfır-bir geridə başlayır. Bu tendensiyanın qarşısını almaq mümkün deyil. Ən optimal variant başqa kanallarla işləmək, mövzuları yalnız sosial şəbəkədən ummamaqdır.

Statistikaya görə, 2024-cü ilin yanvar ayında Azərbaycanda 6,1 milyon nəfər aktiv sosial media istifadəçisi olub. 2024-cü ilin əvvəlində Azərbaycanda sosial media istifadəçilərinin sayı ümumi əhalinin 58,4 faizinə bərabərdir. Ən təəccüblü statistika isə Tik-Tok-la bağlıdır. Tik-Tok platformasının Azərbaycanda 18 və yuxarı yaşda olan 6,1 milyon istifadəçisi var. Bu o deməkdir ki, əhalinin yarıdan çoxu "Tik-tok"dadır. Bəs yaxşı bu gün televiziyaya 6 milyon adam baxırmı?

Araşdırmalara görə, yerli televiziya kanallarına baxanların sayı 5-6 il öncəki tamaşaçıların sayı ilə müqayisədə kəskin şəkildə azalıb. Bu gün sosial şəbəkə fenomenlərinin televiziya verilişlərinə dəvət edilməsi həmin verilişin baxış sayına müsbət mənada təsir göstərir. Çünki o qonaq öz izləyicilərini də arxasınca apara bilir.

Bir sözlə, televiziya kanalları təkcə mövzu baxımından yox, həm də obraz baxımından sosial şəbəkələrin resurslarından yararlanmaq imkanına malikdir

Prosesə təsir göstərən başlıca məqamlardan biri də yaş faktorudur. Bu gün televiziya kanallarına baxanların əksəriyyəti orta və yaşlı nəslin nümayəndələridir. Gənc nəsil informasiya tələbatını əsasən internet vasitəsilə ödəməyə meyillidir. Beləcə, hər iki qütbün nümayəndələri öz mövzularını fərqli resurslarda axtarır.

Televiziya əvvəlki nüfuzunu itirsə də, funksionallığını bu gün də qorumaqdadır. Ortada keyfiyyətli iş varsa, mexanizm tərsinə işləyəcək, yəni televiziya mövzunu sosial şəbəkələrə diktə edəcək. Məsələn, İctimai TV-də yayımlanan "Gündəlik" serialı ilə bağlı yayılan səhnələr bu günlərdə sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Əvvəlcə qeyd edim ki, müəyyən qüsurları olsa da, ümumilikdə serial pis deyil. Ən əsası isə verdiyi sosial mesajlarla insanları müəyyən mövzularda daha dərindən düşünməyə vadar edir. Son dövrlərdə internetdə gördüklərimizi sonradan televiziyada görməyə vərdiş etdiyimiz üçün belə nümunələr bizi təəccübləndirir. Digər tərəfdən sosial şəbəkədə üç, ya beş dəfə bir serialdan fraqment görən istifadəçinin tamaşaçıya çevrilmə ehtimalı da artır. Deməli, düzgün  istifadə olunarsa, prosesi müsbət istiqamətə yönləndirmək mümkündür. Bütün neqativ hallara baxmayaraq, işini peşəkarca görən jurnalistlər, eksklüziv mövzular təqdim edən televiziya verilişlərimiz də var. Sayları az olsa da, onlar çoxluğun səbəb kimi təqdim etdiyi bəhanələrə kölgə sala bilirlər. Müxtəsəri, peşəkarlıq hər dövrdə və hər sahədə öz sözünü deyir.

 

Aytac SAHƏD

525-ci qəzet.-  2024.- 30 mart, №55.- S.12.