Efir
işğalçıları
Qalmaqallı, sosial yönümlü televiziya
proqramlarının efirdən biryolluq
yığışdırılması, yaxud belə
verilişlərə senzuranın tətbiqi məsələsi
müxtəlif vaxtlarda dönə-dönə gündəmə
gəlsə də, problem hələ də çözülməyib.
Səbəb də budur ki, bu tipli teleproqramların daha
çox tamaşaçı gətirdiyini, yüksək reytinq
göstəricilərinə malik olduğunu düşünən
telekanal rəhbərləri özlərini əziyyətə
salıb başqa yollar axtarmağa maraq göstərmirlər.
Düzü, bu mövzuda dəfələrlə
yazdığımdan təkrarçılıq edib
oxucuları yormaq istəməzdim. Ancaq son bir ayda sosial mediada
"Elgizlə izlə", "Səni axtarıram",
"Bizimləsən", "Həmin Zaur", "Təsir
dairəsi", "Gəl, danış" kimi verilişlərin
ya bağlanması, ya da formatının dəyişdirilməsilə
bağlı fikirlər geniş yer aldığından
mövzuya yenidən qayıtmağı vacib sayıram.
Son günlər yayılan xəbərlərə
inansaq, əlaqədar qurumlar sosial layihələrə efirdə
uzaqbaşı 30 dəqiqə vaxt ayrılmasına qərar
verib. Hərçənd, rəsmi səviyyədə bu xəbər
təsdiqini tapmayıb. Kifayət qədər etibarlı
saydığım, amma adını açıqlaya bilməyəcəyim
mənbə də sosial proqramlara maksimum yarım saat efir
vaxtı veriləcəyi barədə deyilənlərin həqiqətdən
uzaq olduğunu bildirib. Sadəcə sosial proqramların
qeyri-etik məzmunu, əxlaqi-mənəvi prinsipləri
müntəzəm pozması səbəbindən rəsmi dairələr
tərəfindən özəl telekanalların rəhbərlərinə
xəbərdarlıq edilib və bundan sonra belə verilişlərin
həcmi müəyyən qədər qısaldılıb.
Sözə qüvvət, bir neçə gün öncə
ATV-nin "Bizimləsən" prqoramının efir müddətinin
bundan sonra iki saat yarım olması ilə bağlı mediada xəbərlər
əksini tapdı.
Sözün düzü, indiyəcən sosial
verilişlərin efir müddətinə xüsusi diqqət
yetirməmişəm. Amma doğrudan da həmin proqramlara
ayrılan efir vaxtı indiyədək normadan çox olub. Həftəiçi
beş gün yayımlanan "Səni axtarıram",
"Bizimləsən", "Təsir dairəsi", az qala,
4 saata qədər efiri zəbt edir, üstəlik də, rəqabət
ucbatından eyni vaxtda yayımlanır. Normalda isə hər
bir verilişin konkret, bəlli xronometrajı olmalıdır
ki, bütün yaş qruplarını əhatə edən digər
profilli proqramalar da efirdə yer alsın. Amma məsələn, gecə
saatlarında hər hansı verilişin 4-5 saatı əhatə
etməsi normal sayıla bilər. Haqqında
danışdığımız
proqramlar isə günün ikinci yarısından
başlayaraq efirin ən "bərkgedən"
vaxtını işğal edir. Ən azı üç kanalda
oxşar proqramın uzun müddət eyni vaxtda yayımda
olması tamaşaçının seçim
imkanlarını məhdudlaşdırır və onu istər-istəməz
bu kontentlərə baxmağa məcbur edir. Əslində
seçim imkanlarını azaltmaq tamaşaçını
psixoloji zorakılığa məruz qoymaqdır. Bir tərəfdən
baxanda, 4 saat canlı efirdə olmaq aparıcılar
üçün işgəncədir. Hansısa ailə-məişət
hadisəsinin həlledici məqamının anonsunu verərək
tamaşaçının intizarda saxlanılması, təkrar
kadr və mətnlərlə verilişin vaxtını uzadaraq
süni həyəcan yaradılması, aparıcının
acı bağırsaq kimi uzanan bu oyun-mərəkənin mərkəzində
dayanması onun özünün də istismar edilməsidir.
Diqqəti çəkən digər məsələ,
adları mediada, sosial şəbəkələrdə neqativ mənada
hallanan verilişlərin müəlliflərinin təşvişi,
narahatlığı və proqramlarının cəmiyyət
üçün mənəvi deqradasiya funksiyası
daşımadığını sübuta yetirmək cəhdləridir.
"Səni axtarıram"da
aparıcı tamaşaçılara məsləhət
görür ki, "ailənizi bizim verilişdən yox,
TikTok-dan qoruyun" və haqlı olduğunu isbatlamaq məqsədilə
nümunə gətirir: "TikTok-dan qoruyun ailənizi,
uşaqlarınızı, evinizi! Daxil olun TikTok-a, görün
nə biabırçılıqlar var! Psixoloji problemi olan, xəstəxanada
yatan qız Xoşqədəmin efirinə baxaraq yox, TikTok
üzərindən Türkiyədə oğlanla tanış
olub, onlayn biletlə İstanbula gedir və Xoşqədəm
gedir, onu axtarır, Antalyadan 15 yaşlı oğlanın əlindən
alıb gətirir. TikTokdan tanış olub! TikTok-dan!
Bildiz?"
"Space" kanalında "Gəl,
danış" verilişinin aparıcısı Amil Xəlil
ona ünvanlanmış tənqidlərlə bağlı
sözün əsl mənasında üsyan edir və bu
cür proqramların populyarlaşmasında məhz
tamaşaçıları qınayır: "İki həftə
ard-arda Zəfər günündə qaziləri topladım
bura! Niyə baxmadınız? İndi mən tələb edirəm
sizdən! Ağızdolusu orda danışırsız. Getdiniz
Xoşqədəmə baxdınız, Lalə Azərtaşa
baxdınız, Zaura baxdınız. Onlar birinci oldular. Mən
boşluqda qaldım. Arvadını başqa kişiylə
tutanı efirə çıxarmadım. Dörd kişiylə
qaçan qadını efirə çıxarmadım, aylarla
studiyada oturtmadım. Axı, bunların heç birini eləməmişəm".
Yutub kanalında Amil Xəlilin bu
hayqırtısının ardınca qarşıma "Gəl
danış"ın bir anonsu çıxdı. Həmin
fraqmentdə müzakirə olunacaq növbəti hadisənin məzmunu
beləydi: "Arvadını evdə başqa kişiylə
tutan Məzahir daha bir görüntü gətirdi. Həqiqətənmi
uşaqlar könüllü olaraq atada qalmaq istəyirlər?"
və ya verilişdə müzakirə olunan digər məsələlərə
diqqət yetirək: "Arvadı TikTokda ulduzdur, ərin xəbəri
yox", "Rizvanın arvadı baş götürüb
qaçdı", "Arvadı başqa cavan oğlana
qoşulub qaçan Samir: Mənə vəkil verin!",
"İki ekspert əlbəyaxa oldu" və s.
Yaxud TikTok-u "biabırçılıq" kimi dəyərləndirən
aparıcının özünün apardığı
veriliş rəzalət saçır. Müzakirəyə
çıxarılan hadisələrə baxaq: "Ər 16
yaşlı qızla qaçıb", "Evli qadını başqa
kşi qaçırıb", "Qayınana evdən
qaçmış gəlinini axtarır", "Aytac
Gülxanımın evini dağıdır", "Tural
öz ailəsindən niyə intiqam almaq istəyir?" və
s.
Əlbəttə ki, aparıcıların
narahatlığını, bütün məsuliyyəti sosial
şəbəkələrin üzərinə yıxmaq cəhdini
anlayıram. Amma bütün hallarda sosial şəbəkə
və televiziya iki fərqli formatdır. Sosial şəbəkələrdən
əsasən mobil telefon vasitəsilə böyüklər
istifadə edir, əlçatan olması üçün
qeydiyyatdan keçirsən, hesab açırsan, hansısa səhifələrə
abunə olursan və s. Sözügedən proqramlar isə ailələrin
evinə - intim əraziyə birbaşa girir, özü də
gecə və ya sübh saatlarında yox, məhz ailələrin
uşaqlı-böyüklü bir arada olduğu vaxtda
yayımlanır, qadının xəyanət elədiyi, ərin
azyaşlı qızı qaçırması kimi məsələlər etik
çərçivələr gözlənilmədən
bütün çılpaqlığı ilə müzakirə
olunur.
Ona görə də aparıcıların sosial şəbəkələri
günahkar çıxarmaq cəhdləri əbəsdir, onlar
məsələn, TikTok-dan daha zərərli şeyi təbliğ
edir: uğursuz, hörmətin, sevginin olmadığı, mənəvi
prinsiplər üzərində dayanmayan ailə modellərini
tirajlayır. Belə təsəvür yaranır ki, Azərbaycanda
mənəvi dəyərlərə söykənən ailə
yoxdur, evlərdə ancaq
riyakarlıq hökm sürür, hər kəs bir-birinə xəyanət
edir. Yəni alınan nəticə budur. Onu da deyim ki, izlədiyim
buraxılışlarda şikayətə gələn
adamların əksərinin psixi baxımdan problemli olduğu
sezilir.
Sağlam ailə institutu özlüyündə bir
milli ideya olmalıdır. Məsələn, uğursuz,
qeyri-sağlam ailələrin tirajlanması ölkənin hərbi
müdafiə qabiliyyətinə ziyan vurur. Çünki
ordunun əsas gücü əsgərdir. Möhkəm,
sağlam ailə mühiti olmadan yaxşı əsgərin
yetişməsi çətindir. Şəxsi
toxunulmazlığa təcavüz edən, onu virus kimi yayan, ailə
institutuna zərbə vuran oxşar verilişlər istər-istəməz
təqlid mənbəyinə çevrilir, cəmiyyətin əsgər
yetişdirən kiçik vahidi məhv olur.
Bundan başqa, sosial proqramlar ailə dəyərləri
ilə bağlı yanlış təsəvvürlər
formalaşdırır; azadlıq
və abırsızlıq səhv salınır, bu
anlayışlar təhrif olunur, ailə üzvləri
arasında qırmızı xətlər keçilir. Nəticədə
bir qisim insan düşünür ki,
ailə dəyərləri özlüyündə ancaq
mühafizəkar, patriarxal baxışları ehtiva edir,
qadın və uşaq haqlarının, fərdin
azadlığının pozulması anlamına gəlir və
s.
Halbuki sağlam ailə universal dəyərləri
daşıyır: sevgi, qarşılıqlı hörmət,
sədaqət, qayğı, inam, güvən, səmimiyyət,
bir-birinin seçim və
prinsiplərinə hörmət, məsuliyyət və s.
Bunların olmadığı ailədə cəmiyyətə
yararlı şəxsiyyət böyümür.
Sosial verilişlərin yüksək reytinqli
olmasına gəlincə... Ola bilsin ki, reytinqlər həqiqəti
əks etdirir. Lakin ortada olan yalnız rəqəmlər,
statistikadır. Daha vacibi rəqəmlərin görünməyən
tərəflərini aşkara çıxarmaqdır. Reytinqlərlə
bağlı xarici mediada çoxdan bir araşdırma
oxumuşdum. Mütəxəssisləri peşəkarlıq
baxımdan aşağı olan xəbərlər
proqramının daha çox baxılması təəccübləndirmişdi.
Araşdırma nəticəsində məlum olmuşdu ki, həmin
keyfiyyətsiz informasiya proqramından sonra populyar bir serial
yayımlanırmış və tamaşaçı
serialın vaxtını qaçırmamaqdan ötrü, həmin
kanalı izləməsə də, açıq
saxlayırmış. Belə faktorlar reytinqin nəticələrinə
təbii ki, təsir göstərir və onların çox
izlənməsi təsəvvürünü
formalaşdırır. Güman ki, bizdə də oxşar məsələlər
olmamış deyil.
"Tamaşaçılar məhz belə verilişləri
izləyir" iddiası ilə bağlı başqa bir məqamı
da deyim. Bu kimi verilişlərə tələbatı məhz kanallar
özləri yaradıb, təklif onlardan gəlib. İctimai qınaq, efir
vaxtının azaldılması həmin verilişlərin məzmununa,
üslubuna təsir göstərəcəkmi? Aparıcılar
özlərinə çəki-düzən verib, cəmiyyət
qarşısında məsuliyyət hiss edəcəklərmi?
Düzü, buna inamım azdır və daha təsirli
addımlar atılmalıdır. Kinorejissor Əli İsa
Cabbarovun sosial şəbəkə hesabında
paylaşdığı fikir daha ağlabatandır:
"Yollayın bu verilişləri həmin kanalların rəsmi
yutub kanallarına. Ordan yayımlansınlar, vergi ödəyicilərinin
formalaşdırdığı efir məkanında yox. Kim bu
verilişlərin aludəçisidir, yutub üzərindən
baxsın, veriliş sahibləri də pullarını oradan
qazansınlar".
Sevda SULTANOVA
525-ci qəzet.- 2024.- 30
mart, ¹55.- S.11.