İnsan olmağın tək yolu

 

İllər öncə Nizami Gəncəvinin milli kimliyi ilə bağlı bədnam qonşularımız tərəfindən əsassız söz-söhbətlər atılmışdı ortaya. İşin içində Azərbaycana siyasi təzyiq və təhdid də vardı - ərazisinin 20 faizini itirmiş xalqın mənəviyyatını təməlindən dağıtmağa hesablanmışdı bu təhdidlər. Dünya elminə və poeziyasına böyük töhfələr vermiş Nizami Gəncəvi fars şairi kimi təqdim edilirdi.

Bir dəfə Milli Elmlər Akademiyasında belə təhdidlərə qarşı təşkil edilmiş konfransda mərhum şairimiz, rəhmətlik Şahmar Əkbərzadə özünəməxsus şəkildə bir çıxış etdi: "Niyə özünüzü hələk eliyirsiniz? Yaxşı oğula bu canım qurban, əlbəttə, yaxşını hamı özünə tərəf çəkmək istəyir. Vecinizə də almayın, onların deməyilə Nizamimiz fars olası deyil, o, türk oğlu türkdü..."

Bu yazıya başlayarkən rəhmətlik Şahmar Əkbərzadənin sözlərini xatırladım və onun dediyi kimi, hər kəsin özünə tərəf çəkmək istədiyi, dost, qardaş, yoldaş olmaq istədiyi bir yaxşı oğuldan, millətinə sevdalı ziyalımızdan bəhs etmək istədim. Əgər insan olmanın, əsl ziyalı olmanın bir ölçüsü, meyarı olsaydı və onu pərgarla ölçmək mümkün olsaydı, mütləq pərgarın bir ucu Əlövsət Ağalarovdan başlayardı. Rüzgarın hansı tərəfə sürükləməsilə o tərəfə sovrulmayan insanın az qala gündüzün günorta çağı çıraqla axtarıldığı bu dünyada ən böyük məharət İNSAN ola bilmək, ədalətli və mərhəmətli ola bilməkdir. Uzun illər "Azərnəşr"in direktoru, Əlövsət Ağalarovun həm rəhbəri, həm də yaxın dostu olmuş rəhmətlik Azər Mustafazədə deyirdi ki, Əlövsət müəllimlə yola çıxılası deyil, qarşısına çıxanı saxlayıb cibinə pul qoyur, qaçqın-köçkün tələbə gördümü, son quruşunu da  paylayır.

Tanınmış naşir, Əməkdar jurnalist Əlövsət İbrahim oğlu Ağalarov 1954-cü il yanvarın 20-də Kəlbəcər rayonunda dünyaya gəlib. Kəlbəcərin gözəl təbiəti, dağların tərtəmiz havası ruhuna elə hopub ki, bir ömürdür o təmiz hava ilə nəfəs alıb, yaşayır. 1982-ci ildə Leninqrad (Sankt-Peterburq) Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib, təyinatla Azərbaycan Dövlətnəşrkoma göndərilib, 4 il orada Tərcümə ədəbiyyatı redaksiyasında redaktor işləyir. Sonra Azərbaycan Dövlət Nəşriyyatı "Azərnəşr"in Bədii Ədəbiyyat redaksiyasında şöbə müdiri, baş redaktor müavini vəzifələrində çalışıb, 1992-ci ildən isə "Azərnəşr"in baş redaktorudur.

İşinin peşəkarı olan Əlövsət Ağalarov respublikamızda jurnalistika və kitab nəşri sahəsində uzunmüddətli səmərəli fəaliyyətə və müstəsna xidmətlərə malikdir. "Azərnəşr" onun rəhbərliyi ilə ərazilərimizin 30 illik işğalı dövründə 20 Yanvar faciəsi, qondarma "erməni soyqırımı", işğal altında olan torpaqlarımızın tarixi və taleyi ilə bağlı yüzlərlə kitab nəşr edib. Bu kitabların əksəriyyətinin təşəbbüskarı və redaktoru özüdür.  İşğala məruz qalmış yurdumuzun tarixi abidələri, təbii sərvətləri, meşəsi, suyu, havası, qaçqın və köçkünlərin yaşadığı acınacaqlı taleyi barədə yüzlərlə məqalənin müəllifidir. Yeri gəlmişkən, indi böyük Qələbəmizi ifadə edən əsərlər gözləyir gənc yazarlardan. Bu mövzuda söz düşəndə: "Bizim qələbəmiz "Hərb və sülh", "Troya müharibəsi" kimi əsərlərin yazılmasını haqq etmiş Zəfərdir, inanıram ki, bir gün yazılacaq" deyir.

1990-cı ilin Qanlı Yanvar hadisələri xalqımızı acı bir şəkildə qarsdı. Nə dünyadan xəbər ala, nə də başımıza gələnləri dünyaya çatdıra bilirdik. Fövqəladə vəziyyətin, komendant saatının başımıza bəla kəsdiyi o vaxtlar "Azərnəşr"də şöbə müdiri işləyən Əlövsət Ağalarov kollektivlə birlikdə ilk dəfə 20 Yanvar faciəsindən bəhs edən rus dilində "Qara Yanvar" kitabının nəşrinə nail oldu. Çoxlarınızın xatırladığı həmin kitab böyük fədakarlıq və zəhmətlə başa gəldi, xalqımızın dərdinə, yarasına bir nəbzə məlhəm oldu. 

1995-2000-ci illərdə 71 saylı Kəlbəcər-Tərtər-Xocalı-Laçın seçki dairəsindən I çağırış Azərbaycan Respublikasının Milli Məclisinə üzv seçilib. Millət vəkili olduğu dönəmdə bütün fəaliyyətini ağır güzəranda yaşayan xalqın vəziyyətinə həsr edib.

Müqəddəs kitabımız "Qurani-Kərim"in 1991-ci ildə Azərbaycan dilində ilk dəfə işıq üzü görməsi  Əlövsət Ağalarovun ağır zəhməti hesabına başa gəlmişdi. Mən o vaxt Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini yenicə bitirib təyinatla "Azərnəşr"ə gəlmişdim. Biz kitabın korrekturasını edirdik. Ölkəmizdə kağız qıtlığı, yüksək tərtibatda və keyfiyyətdə kitabların nəşr olunmaması, həmçinin poliqrafik məhsulların təxminən yüz faizinin kənardan alınması belə bir kitabın öz mətbəələrimizdə nəşr olunmasına uyğun deyildi. Ölkəmizdə böhranlı vəziyyət, nəşriyyatın maliyyə imkanlarının az olmasına baxmayaraq, Əlövsət Ağalarov qonşu respublikalarda Quranı nəfis tərtibatda çap edə biləcək mətbəə axtardı və nəhayət, Ukrayna ilə razılıq əldə olundu. O, bütün çap ləvazimatlarını Bakı-Kiyev qatarının 2 kupesinə yükləyərək yola düşdü. Aylarla orada qalıb minbir əziyyətlə Quran kitabının yüksək poliqrafik keyfiyyətdə 100 minlik tirajla çap etdirib həmin qatarla Azərbaycana gətirdi.

Ermənilər "böyük Ermənistan" xülyası uğrunda apardıqları mübarizəni planlı şəkildə həyata keçirməyə başlamışdılar. Bunun üçün bir "Dörd T" təşkilatı yaradılmışdı - Tanıtma, Tanınma, Təzminat, Torpaq. Bütün fəaliyyətləri Türkiyə və Azərbaycanı məhv etməyə hesablanmışdı. Azərbaycan Dövlət Nəşriyyatının baş redaktoru Əlövsət Ağalarovun təşəbbüsü və rəhbərliyi ilə kollektiv mühüm bir iş - qondarma erməni soyqırımını ifşa edən kitablar seriyası üzərində işə başladı. Yenə də Əlövsət Ağalarov aylarla Rusiya, Gürcüstan, Ukrayna və başqa ölkələrin arxivlərində çalışıb, xarici tədqiqatçıların araşdırmalarını əldə edərək ölkəyə gətirdi. İllərlə davam edən axtarışlar qondarma soyqırımı iddialarının 100-cü ilində - 2015-ci ildə tamamlandı və 4 dildə, 17 adda nəfis şəkildə çox qiymətli kitablar "Azərnəşr" tərəfindən çap olunaraq təkcə Azərbaycan deyil, dünya oxucusuna təqdim edildi. Alman, ingilis, rus və fransız dillərində yüksək tərtibatda nəşr olunmuş kitabların heç birinin müəllifi nə türk, nə də azərbaycanlı deyil - rus, ingilis, alman, gürcü, fransız və əsasən də erməni tədqiqatçı və tarixçilərinin araşdırmalarından ibarətdir. 17 adda seriya Türk dünyası tərəfindən böyük rəğbətlə qarşılandı. 2018-ci ildə İstanbul Universitetində məhz bu mövzuda keçirilən konfransa mən həmin kitablardan bir neçə nüsxə aparmışdım. Konfransda iştirak edən alman tədqiqatçı erməni soyqırımı iddialarının yalan olduğundan bəhs edən kitabı qarşısında alman dilində görəndə təəccübünü gizlədə bilmədi. Əlövsət Ağalarov dəfələrlə beynəlxalq kitab sərgilərində 17 seriyanın təqdimatını keçirib, mətbuat konfransında dünyaya erməni soyqırımının yalan olduğunu bəyan etmiş, gerçək fakt və sübutları onlara öz tarixçi və tədqiqatçılarının dilindən təqdim edib. Dəfələrlə Almaniya, Rusiya və Ukraynada keçirilən kitab yarmarkalarında təqdimat zamanı ermənilərin hücumuna məruz qalıb.

Kitablardan bir-ikisinin adını çəkə bilərəm. "Arməne protiv  törkov" (rus dilində), A.B.Karinjan "Le parti dachnak na pluş rien a faire" (fransız dilində). A.A.Lalayan "Die kontererevolutionare rolle der daschnakzutjun patei (1914-1924" (fransız dilində), Muradyan "Erməni komandirlərinin etirafı" (ingilis və rus dillərində). Damadyan "Erməni komandirlərinin gizli məktubları" (ingilis və rus dillərində, L.Gunfer "1915-ci il erməni məsələsi" (alman dilində)...

Zəmanəmizin böyük ictimai-siyasi xadimi, müdrik rəhbər Heydər Əliyevin 1993-cü ilin iyunundan sonrakı 10 illik siyasi fəaliyyətinin salnaməsi olan "Müstəqilliyimiz əbədidir" 46 cildliyi baş redaktor Əlövsət Ağalarovun rəhbərliyi ilə "Azərnəşr" tərəfindən ən yüksək tərtibatda nəşr olunub.

Hazırda "Azərnəşr"in kollektivi baş redaktor Əlövsət Ağalarovun rəhbərliyi ilə 2008-ci ildən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət başçısı kimi işə başladığı gündən bütün siyasi və dövlətçilik fəaliyyəti - çıxış, nitq, məruzə, görüş və məktublarını "İnkişaf - Məqsədimizdir" adlı çoxcildlikdə yüksək poliqrafik keyfiyyətdə nəşr edir. Bu günlərdə 135-ci cild işıq üzü görəcək.

"Liçnosti" vaxtilə Ukraynada nəşr olunan ən nüfuzlu dərgilərdən biri idi. Redaksiya heyətinin üzvü Əlövsət Ağalarovun təşəbbüsü ilə dərginin 2013-cü ildə bir nömrəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasi və dövlətçilik fəaliyyətinə həsr olunmuşdu.

1988-ci ildən başlayaraq ölkəmizin zorla cəlb edildiyi ədalətsiz müharibədə Əlövsət Ağalarov həm ziyalı, həm də bir vətən sevdalısı kimi çiyinlərini ağır yükün altına verdi. Kəlbəcərin mərd oğullarını ətrafına toplayıb yurdu uğrunda mübarizəyə qalxdı.

1993-cü il aprelin 2-də Kəlbəcər işğal olundu. Əlövsət müəllimin qardaşı, baş leytenant Mahir Quliyev Kəlbəcərin geri alınması üçün bütün döyüşçüləri ilə geri çəkilməyib vuruşurdu. Bir neçə gün sonra - aprelin 8-də Mahir Murovdağın ətəyində döyüşərək, qəhrəmancasına şəhid oldu. Vətən itkisilə, qardaş itkisinin ağır dərdi yükləndi çiyinlərinə. Mahirindən az sonra isə Əlövsət müəllimin bacısı oğlu Vüqar da şəhid oldu. O məşum illərdə ailəsindən, nəslindən 30 nəfər şəhid verdi.          

 

Vətən müharibəsinin ilk günündə müqəddəs savaşa yardım kimi Əlövsət Ağalarovun təşəbbüsü ilə "Azərnəşr" Silahlı Qüvvələrin Yardım Fonduna 10000, YAŞAT Fonduna 5000 manat yardım göstərir və təşəbbüslə çıxış edir. Onun xalq arasındakı nüfuzu, ziyalılıq çəkisi, səmimi davranışı bütün insanları bu təşəbbüsə inandırdı. Minlərlə idarə-müəssisə və təşkilatlar, ayrı-ayrı vətəndaşlar Müzəffər Ordumuza dəstək verdi. Savaş başa çatdıqdan sonra da Əlövsət Ağalarov bu missiyanı dayandırmadı. Nəşriyyat Mingəçevirdən olan 2 şəhid qardaşlardan biri Musa Həsənovun iki körpəsinə hər ay 500 manat, bir atasız tələbəyə isə hər ay 100 manat həcmində yardım edir. Pandemiya dövründə COVID-19-la Mübarizəyə Dəstək Fonduna 5000 manat vəsit köçürdü. 6 fevral 2023-cü ildə qardaş Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkən bir ailəyə aylarla yardım etdi və ətfarını, dost-tanışlarını yardıma təşviq edirdi.

Əlövsət Ağalarov yanvarın 20-də dünyaya gəlib. 1990-cı ildən indiyədək heç vaxt ad gününü qeyd etməyib. Şanlı Qələbəmizdən sonra özünü nə qədər xoşbəxt hiss etsə də,  bundan sonra da ad gününü qeyd etməyəcək. Deyir ki, o faciədə günahsız insanlar, körpələr şəhid olub, bu ay xalqımızın tarixinə qara yanvar kimi daxil olub.

Çox qiymətli bir fikir var: "Güclü ola bilməyin bir çox yolu var, insan ola bilməyin bir yolu". Əlövsət Ağalarov bircə yolu seçib - insan olmaq yolunu.

Əlövsət Ağalarovun 70 yaşı tamam oldu. O, cəmiyyətimizdə görkəmli naşir kimi, işıqlı insan, dəyərli ziyalı kimi, ən önəmlisi insan kimi tanınır. Bunu hər kəs yaxşı bilir. Rəhbəri olduğu kollektivin hər bir üzvünə ata-qardaş qayğısı ilə yanaşır. Yaşımızdan asılı olmayaraq, hamımız Əlövsət müəllimə rəhbər kimi deyil, ata, qardaş kimi yanaşır, güvənirik. Yaxşı cəmiyyətimizdə onun kimi insanlar var, varsa, demək, gələcəyə ümid də var.

 

Rəsmiyyə RZALI-QARAYEVA,

"Azərnəşr"in redaktoru

525-ci qəzet.-  2024.- 29 mart, ¹54.- S.15.